“Milli Şura” nın vahid namizədi AXCP – Müsavat qarşıdurmasını daha da gücləndirdi

 

Rüstəm İbrahimbəyov  “Kavkazskaya politika”da erməniləri dost, İsa Qəmbəri isə uşaq adlandırdı

İctimai Palata təsis olunan vaxtdan AXCP və Müsavat Partiyası birlik görüntüsü yaratmaq naminə gah bu qondarma qurumun “sessiyası”nı keçirir, gah da müxtəlif tədbirlər adı ilə bir - iki saat bir yerə toplaşırdılar. AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbərin bütün oyunlarına baxmayaraq, müxalifət düşərgəsinə artıq məlum idi ki, hər iki partiya sədri bununla növbəti hiylələrini həyata keçirmək istəyirlər. Əslində hər iki partiya üzvlərinə çox yaxşı məlum idi ki, Əli Kərimli ilə İsa Qəmbər heç vaxt birlikdə ola bilməzlər. Çünki onlar  hər hansı məsələdə biri-birinə heç vaxt güzəştə getməzlər.

AXC - Müsavat cütlüyü hakimiyyətdə olan vaxtdan başlayan bu mübarizə heç vaxt səngimək bilməyib. Əksinə, mübarizə getdikcə daha da kəskinləşib. 2013 - cü ilin prezident seçkiləri ərəfəsində AXCP - Müsavat qarşıdurması açıq müstəviyə keçdi.

Hər şey  qondarma Milli Şuranın prezidentliyə vahid namizədliyinin müəyyənləşdirilməsindən  sonra başlandı. Bu vaxta qədər İctimai Palatada davam edən vahid namizədlik məsələsinə birdəfəlik son qoyuldu. Qondarma İctimai Palatanın üzvləri  bu ilin payızında keçiriləcək prezident seçkilərinə müxalifətin namizədinin kim olacağının guya bu qurumun qərarından sonra bəlli olacağını deyirdilər. Ancaq qəflətən Müsavat Partiyasının başqanı İsa Qəmbər özünü prezidentliyə namizəd elan etdi. Hətta, gələcək “komandasında”  cəbhəçilərə də yer ayıracağını deməklə onları ələ saldı.  Onun bu sözləri Əli Kərimli üçün ciddi zərbə oldu. Hətta AXCP üzvləri dəfələrlə bildirdilər ki, İsa Qəmbərin özünü prezidentliyə namizəd göstərməsi demokratiyaya ziddir. Birincisi ona görə ki, hələ prezident seçkilərinə xeyli vaxt qalıb. İndidən prezidentliyə namizəd irəli sürmək gülüncdür. Digər tərəfdən, İctimai Palatada müzakirələr aparmadan bu məsələyə baxmaq olmaz. Ancaq AXCP üzvlərindən biri deyib ki, onsuz da İsa Qəmbərin bütün hərəkətləri demokratiyaya ziddir. Bu partiyanın üzvləri nə qədər çalışsalar da, qurultay keçirə bilmədilər. İsa Qəmbər və partiyadakı əlaltıları bütün vasitələrlə qurultayın keçirilməsinə mane oldular. Çünki yaxşı bilirdilər ki, əgər qurultay keçirsələr partiya daxilindəki müəyyən qüvvələr İsa Qəmbərin başqan seçilməsinə mane olacaqlar. Bütün bunlar İ.Qəmbərin bu ilin payızında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək üçün qabaqcadan hazırlanmış plan idi.

Müsavatçılar saydıqlarını saysınlar, görün AXCP üzvləri nə sayırlar. Həmin vaxtdan bu iki partiya üzvləri arasında münaqişə geniş vüsət aldı. Müsavatçılar cəbhəçiləri, cəbhəçilər isə müsavatçıları pullu, imkanlı adamların tapşırıqlarını yerinə yetirməkdə ittiham etdilər. Hətta AXCP sədri Əli Kərimli Müsavat Partiyası icra aparatının katibi Arif Hacılının uşaqlarının xaricdə hansı vəsait hesabına təhsil aldığını gündəmə gətirmişdi. A.Hacılı da Əli Kərimlini cavabsız qoymadı. O, açıqlamalarının birində demişdir: “ Əli Kərimli təhrikedici  adamdır. O, özünü arxaya verib partiya üzvlərini bizim haqqımızda məlumatlar yaymağa təhrik edir. Bu təhrikedicinin övladları xaricdə şirkət sahibi olmaqla günlərini kef məclislərində keçirirlər”. O, AXCP - ni  dəli və avara yığnağı adlandırıb.

Müsavat Partiyasının başqanı İsa Qəmbərin müşaviri Səxavət Əlisoy  da cəbhəçilərin ünvanına  sərt ittihamlar səsləndirib. O, AXCP rəhbərliyini  hərşeyşünas, özünəvurğun  adlandırıb. AXCP üzvlərini sərt şəkildə tənqid edən S.Əlisoy deyib ki, “mənim üçün qarşımdakı yaltaq deyilsə, təlxək deyilsə, təkəbbürü yoxsa, adamdır. O fikirdəyəm ki, bu nəsnələrin cəmiyyət üçün ən təhlükəlisi təkəbbürdür. Bu partiyada  təkəbbürü dombalaq aşan zatlar çoxdur. Məsələn, onlar arasında biri var, adam kəndinə o qədər vurulub ki, hərdən özündən belə sitatlar gətirir”. İ.Qəmbərin müşavirinin son sözləri təbii ki, AXCP sədrinin ünvanına səsləndirilib. O, Ə.Kərimlinin  özündən həddindən çox razı qalmasına işarə edərək deyib ki, özünəvurğunluq çox böyük bir dərddir. Lap belə dərinə getsək, onu şizofreniyanın əlaməti də saymaq olar. Normal cəmiyyət o cəmiyyət hesab olunur ki, zehnində problemi olanları layiq olduğu yerdə oturdurlar. Ancaq “Milli Şura” da isə belələrini  yuxarı başa keçirib.

AXCP üzvləri də müsavatçıların ünvanına sərt ittihamlar səsləndirməkdə davam edirlər. Əli Kərimlinin müavini Nurəddin Məmmədli  müsavatçıları satqın, onların himayəsində olan “Yeni Müsavat” qəzetini isə hakimiyyətin bir strukturu kimi fəaliyyət göstərməkdə, həm də müstəqilliyini tam itirməkdə  ittiham edib. O, buna görə də uzun müddətdir “Yeni Müsavat” qəzetinə hər-hansı bir açıqlama verməkdən imtina etdiklərini bildirib. AXCP sədrinin bu ittihamları dərhal müsavatçılar tərəfindən “qiymətləndirilib”. Müsavat Partiyasının üzvü, “Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxanın AXCP sədri Əli Kərimli və onun müavininə  qarşı sərt sözləri iki partiya arasında  yeni qalmaqala səbəb olub.  “Yeni Müsavat”ın redaktoru deyib ki, Nurəddin Məmmədli kimi bir adamın müxalifətçilikdən, əqidədən, haqqdan, ədalətdən danışmağa haqqı yoxdur. Onun sözlərinə görə, Nurəddin Məmmədli öz liderini, partiya sədrini 500 dollarlıq maaşa satıb aradan çıxanın birisidir: “2003-cü ildə Sərdar Cəlaloğlu türmədə ola-ola Nurəddin Məmmədli bütün mənəvi hədləri aşaraq, ADP-dən  istefa verərək AXCP-yə gəldi. Bunun da bircə səbəbi var idi: seçkidən sonra Rəsul Quliyev buna verdiyi aylıq məvacibi dayandırmışdı. Bu, 500 dollarlıq siyasətmuzdur da ilk fürsətdəcə aradan çıxdı”. Bu cür əxlaq sahibi indi gəlib, onlara mənəviyyat dərsi keçmək istəyir".

“Yeni Müsavat”ın redaktoru bildirib ki,  sabah Əli Kərimli bunun maaşını kəssin, görün nə biabırçılıqlar edir. Bildiyim qədər, bu adama heç AXCP-də də hörmət qoymurlar. Nurəddin Məmmədli partiyada  lağ-lağı, “prikol” hədəfidir. Kim kefini durultmaq istəsə onu ələ salıb əylənir. Azər Ayxan AXCP sədrinin  müavininə xitabən “Ayıbına kor ol, barı sən danışma, ay 500 dollarlıq...” deyib.

AXCP sədri Əli Kərimli uzun müddət bir yerdə “əməkdaşlıq etdiyi” Müsavat Partiyasının başqanı İsa Qəmbəri  siyasətdən tamamilə uzaq olan kinorejissora dəyişməsi də təsadüfi deyil. Ə.Kərimli çox yaxşı bilir ki, R.İbrahimbəyov siyasət adamı deyil və xaricdə yaxşı əlaqələri, biznesi və pulu var. Onu çox asanlıqla aldadıb yaxşı pul qazanacaq. Arif Hacılının dediyi kimi xarici ölkələrdə övladlarına məxsus biznes şəbəkələrini inkişaf etdirəcək. Ona görə də  “Milli Şura” söhbəti ortalığa çıxan gündən R.İbrahimbəyovun Azərbaycandakı muzdlu nökəri reneqat Eldar Namazovla əlaqələrini möhkəmləndirdi. Hətta “Yeni Müsavat” qəzeti ötən saylarının birində reneqat Eldar Namazovun AXCP ilə əməkdaşlığını kəskin tənqid edən məqalə dərc etmişdir. Həmin məqalədə deyilirdi ki, “EL” hərəkatının rəhbəri Eldar Namazov Müsavat və AXCP - ni onlara yaxınlığı ilə seçilən qurumları “müttəfiq” adı altında öz ətrafında birləşdirəcəyini düşünürdü. Onun mülahizələri Azərbaycandakı mövcud ictimai - siyasi vəziyyəti, cəmiyyətin inkişaf meyillərini düzgün qiymətləndirə bilməyən, ölkənin tarixi keçmişi ilə hazırkı durumu arasında uğursuz və savadsız paralellər aparan, öz imkan və bacarığından qeyri - adekvat şəkildə şişirdilən subyektin avantürist spekulyasiyalarından başqa bir şey deyildir. Ancaq Eldar Namazovun bu spekulyasiyası Əli Kərimli ilə baş tutdu. AXCP sədrinin qondarma Milli Şuranın prezidentliyə vahid namizədlik məsələsində Rüstəm İbrahimbəyova dəstək verməsi və bütün cəbhəçilərin onun bu dəstəyinə qoşulmasını təklif etməsi müsavatçılarla mübarizəsini kuliminasiya nöqtəsinə çatdırdı.

Əslində, AXC sədri çox yaxşı bilir ki, “Milli Şura” da prezident  seçkilərində heç nəyə nail ola bilməyəcək. Çünki xalq belə qurumlara əhəmiyyət vermir, onların çağırışlarına səs vermir. Üstəlik bu quruma Rüstəm İbrahimbəyov kimi satqın və ermənipərəst, antimilli mövqeli  birisi rəhbərlik edir. Məhz buna görə də Əli Kərimli dolayısı ilə “Milli Şura”nın  qələbəsinə inanmadığıni bildirib. O, “Azadlıq” qəzetinə verdiyi müsahibələrinin birində deyib:"Müxalifət illüziyalara qapılır, hər hansı bir qurumun yaradılması ilə hakimiyyət dəyişikliyinə nail olacağını zənn edir. Biz nə qədər çalışsaq da, öz aramızda arzu olunan birliyi yaratsaq da, xalqın aktiv iştirakı və dəstəyi  olmadan dəyişikliklərə nail ola bilmərik". Məhz bu baxımdan  “Milli Şura” heç nəyə qadir ola bilməyəcək.

  R.İbrahimbəyov  isə bu qurumun ünvanına təriflər yağdırır, “Milli Şura”nı müxtəlif düşüncəli insanların birləşməsi hesab edir. Xəyanətkar kinorejissor bu günlərdə  “Kavkazskaya politika”ya verdiyi müsahibəsində deyib: “Burada Xalq Cəbhəsi və Müsavat Partiyası var. Onlar hələ 1980-ci illərin sonu 1990-ci illərin əvvəllərində mövcud idilər. Mübarizələrinin ilk dövründən etibarən bu ictimai fəallar hakimiyyət tərəfindən təqiblərə məruz qalırdılar”... Sonra isə R.İbrahimbəyov həmin müsahibəsində AXC - Müsavat hakimiyyətini  “qiymətləndirərək” onları dövləti idarə edə bilməməkdə ittiham edib və İsa Qəmbəri uşaq adlandıraraq deyib:"Mən o zaman müxalifət liderləri ilə Bağırov istisna olmaqla, Kommunist Partiyası rəhbərlərinin görüşünü təşkil etdim. Bu görüşdə İsa Qəmbər də iştirak edirdi. Əli Kərimli onda çox gənc idi və o görüşdə iştirak etmirdi. Mən hakimiyyəti ictimai fəallarla dialoqa çağırdım. Daha sonra bu uşaqlar hakimiyyətə gəldilər. Ancaq onlar ölkəni yaxşı idarə edə bilmədilər".

 R.İbrahimbəyov həmin müsahibəsində ermənipərəstliyini, bu “zavallı xalqın” dostu olduğunu bir daha vurğulayaraq deyib: "Mən deyirdim ki, erməni xalqı bizim düşmənimiz deyil".

Rüstəm İbrahimbəyov Azərbaycanın ərazi bütövlüyünə də şübhə ilə yanaşır, ermənilərin əzmkar xalq olduğunu deyir. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da ermənilərin mənafeyini güdür. R.İbrahimbəyov münaqişənin nizamlanmasında Azərbaycan tərəfini günahlandıraraq buna  guya ölkəmizdəki daxili problemin mane olduğunu iddia edir. O, problemin aradan qaldırılmasında ilk növbədə ermənilərin taleyinin nəzərə alınmasını istəyir və iddia edir ki, ermənilərə demokratiya, korrupsiyanın olmaması, azərbaycanlılarla bərabərlik barədə zəmanət verməliyik. Görəsən, R.İbrahimbəyov ermənilərin öz ata - baba torpaqlarından didərgin saldıqları bir milyondan artıq azərbaycanlının taleyi ilə niyə bir dəfə də olsun maraqlanmayıb.

Ermənilərin bacarıqlı və anlayan xalq olduğunu iddia edən Rüstəm İbrahimbəyovun vicdanı onu narahat etmirmi? Anlayan xalq  qonşu ölkənin ərazisini zəbt edərmi, insanlara qarşı bu qədər qəddar olarmı, günahsız uçaqları, ağsaqqalları, ağbirçəkləri vəhşicəsinə qətlə yetirərmi? Bəli, ermənilər bu sahədə “bacarıqlı” xalqdır. Demək, Rüstəm İbrahimbəyovun seçki platformasının yarıdan çoxu “zavallı ermənilərin” müdafiəsinə həsr olunacaq. O, prezidentliyə namizəd olarsa, ermənilərin “pozulmuş hüquqlarının” bərpası ilə məşğul olacaq. O, demokratiyanı işğalçı, qəddar, qaniçən ermənilərə haqq qazandırmaqda görür.

Ana dilində danışa bilməyən, millilikdən uzaq bir adamın onun haqqında həqiqəti yazan jurnalistlərin ağzını - burnunu əzməklə hədələyən belə ünsürlərin azərbaycanlı adını daşıması böyük qəbahətdir. Təəssüf edirik ki, adını ziyalı qoyan bəziləri belə xəyanətkarlara haqq qazandırır. Hətta Cəmil Həsənli belə xəyanətkarı “millətimizin mənəvi siması adlandırır. Əslində isə ermənilərin mənəvi siması adlandırmalı idi. O, Rüstəm İbrahimbəyovun Azərbaycan dilində danışa bilməmısinə də haqq qazandırmaq istəyir, xəyanətkar rejissoru ana dilini bilmədiyinə görə qınayanları təhqir edir, onları, “tör - töküntü”, “həşərat sürüsü” adlandırır. Bu da  C. Həsənlinin həqiqəti deyən insanlara verdiyi qiymət.

“Milli Şura”nı və onun sədrini tərifləyənlər görünür, erməni lobbisinin bu quruma ayırdığı çirkli pullardan dadıblar. əksər müxalifət nümayəndələri isə bu qondarma  təşkilatın satqınlardan və xəyanətkarlardan ibarət olduğu qənaətindədir. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin  dedikləri R.İbrahimbəyovun təriflərinə tutarlı cavabdır. “Milli Şura”nı  “Satqınlar Şurası” adlandıran H.Hacıyev deyib ki, bu şurada hakimiyyətin hesabına var-dövlət qazanmış, milyonlara sahib olmuş ikiüzlü insanlar toplaşıb ki, onların nəinki hakimiyyətə gəlmək, heç seçkiyə qatılmaq imkanları belə yoxdur.

Onun sözlərinə görə, “Milli Şura”da təmsil olunan partiya sədrləri bilirlər ki, hakimiyyətə gələ bilməyəcəklər və qoca bir adamı qabağa verməklə, ikiüzlü satqınların cibinə girmək istəyirlər. H.Hacıyev deyib ki, bu adamlar həya hissini itirmiş, öz şəxsi mənafeləri naminə erməni dəyirmanına su tökməyə belə hazır simasızlardır.

Müxalifət düşərgəsində hamıya məlumdur ki, xalq ötən illərdə olduğu kimi, builki prezident seçkilərində də Azərbaycanda Heyər Əliyev siyasi xəttinin alternativi olmadığını sübut edərək ulu öndərin layiqli varisi İlham Əliyevə səs verəcək və onun ətrafında sıx birləşdiyini nümayiş etdirəcəkdir.

Əliqismət BƏDƏLOV,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında