Tarixin ironiyası: “erməni soyqırımı”

 

 

Sivas hadisələri

Sivas da digər üsyan mərkəzləri kimi ermənilər üçün önəmli şəhərlərdən biri idi. Daniel Çavuş və Murad kimi qaniçən quldur təşkilat rəhbərləri bu şəhərdə yetişmişdi. “Hnçak” təşkilatının üzvləri Sivasda kənd-kənd dolaşaraq bildirirdilər: “Türklərin məşrutədən, hürriyyətdən məqsədləri erməniləri yox etməkdir. Dostluq, qardaşlıq sözlərinə aldanmayın. Ermənilər azadlıqlarını silah gücünə alacaqlar. Öküzünüzü satın, silah alın”.

Keşiş Mkrtıç dəri ticarəti bəhanəsi ilə kəndləri gəzib-dolaşır və erməniləri üsyana çağırırdı. Ermənilər ən qısa zamanda bütün gözlənilən uğurlara imza atacaqlarına əmin idilər. Lakin bu zəfərli gün gecikirdi. Bu günü gözləməyə səbri çatmayan Suşehrin Pürək kəndinin muxtarı Akop “ Bu silahları hansı gün üçün saxlayırıq” deyə bağıraraq Zara bölgəsinin məmuru Nurunu tapanca ilə yaraladı. Beləcə əvvəlcədən hazırlanan təxribat hadisəsi gerçəkləşdi. Lakin tezliklə ermənilərin evlərində axtarışlar aparıldı və 150 tüfəng, 10000-ə qədər güllə ələ keçdi. Digər erməni kəndlərində də külli miqdarda silah aşkara çıxarıldı.

Səfərbərlikdən əvvəl Zara bölgəsində erməni komitə rəislərindən Gəmişli Tanil və dəstəsi Sakar dağında 12 türkü, Qarahissar savcısı Camal ilə 2 polisi və başqalarını qətlə yetirdilər. Axtarışlar nəticəsində təkcə Zara qəzasında 30 ədəd bomba, 45 parça dinamit və müxtəlif silahlar tapıldı.

Kolordu komandanlığından Ordu komandanlığına göndərilən 27 may 1915-ci il tarixli məktubda belə deyilir:

“Tokatda bir erməninin evində silah və cəbhəxana tapılmışdır;

Sivasın Qanqal qəzasının Ulaş nahiyyəsində ermənilərdən silah ələ keçirilmişdir;

Suşehrinin Pürək kəndində yaşayan ermənilər fevralın 25-də ordan keçən könüllülərdən ibarət silahsız Osmanlı əskərlərinə hücum etmiş və atəş açmışlar. Bu kənddə aparılan axtarışlarda xeyli silah- mərmi ələ keçirilmiş, 95 qaçaq əskər və 25 şübhəli erməni yaxalanmışdır”.

Sivas Valiliyinin Daxili İşlər Nazirliyinə göndərdiyi 22-23 aprel 1915-ci il tarixli məktubda isə deyilir:

“ Vilayətdə ermənilərin toplu olaraq yaşadığı yerlər, Şəbinqarahissar, Suşehri, Hafik, Divriyi, Gürün, Gemerek, Amasya, Tokat və Merzifondur. İndiyə qədər Suşehrinin türk kəndlərinin civarında mərkəzlə bağlı Olataş nahiyyəsində axtarışlar nəticəsində külli miqdarda silah-sursat və dinamit tapılmışdır. Erməilərin bu vilayətdən 30 min nəfəri silahlandırdıqları, bunlardan 15 min nəfərin rus ordusuna qatıldığı və digər 15 mininin isə türk ordusunun uğursuzluğu şəraitində ordumuzu arxadan təhdid edəcəyi yaxalanan müttəhimlərin ifadələriylə dəqiqləşdirilmişdir. Daşnak Komitəsi erməni çətə rəisi Muradın sığındığı Tuzhisar kəndinə göndərilən asayiş qüvvələrilə ermənilər arasında çarpışmalar olmuş, hazırda qaçanlar qovulmaqdadır” (Azmi Süslü, Ermənilər və 1915 təhcir olayı. Ankara,1990 s, 88).

Trabzon hadisələri

O dövrdə Türkiyənin əsas ticarət limanlarından biri də Samsun və Trabzon şəhərləri idi. Burada ermənilərin ölkəyə silah keçirmələri üçün əlverişli şərait olduğundan onlar bu fürsətdən kifayət qədər istifadə edirdilər. Bu səbəbdən limanlarda planlı bir komitə təşkilatı qurulmuşdu. Xaricdən xəbər alma və digər ölkələrə də məlumat göndərmək limanlardan asan həyata keçirilirdi. Giresunda ticarətlə məşğul olan Vahan Badilyan və Kel Artin adlı iki daşnak , silahların erməni terrorçularına çatdırlmasını təmin edirdilər. Osmanlı güc məmurlarının axtarış əməliyyatları zamanı bir samanlıqdan xeyli sayda tüfəng, mərmi aşkara çıxardılaraq müsadirə edildi.

Bu bölgədə iqtisadi cəhətdən üstün olan ermənilər özləri hərbi səfərbərlikdən boyun qaçırdıqları kimi, müsəlman əhalini dövlətin çağırışlarına məhəl qoymamağa məcbur edirdilər. Giresun limanı rus torpedosu tərəfindən bombalananda ermənilər sevinclərindən hətta bayram keçirirdilər.

Yozqat hadisələri

 Trabzon hadisələrində olduğu kimi, Yozqat şəhərində də erməni təxribatçılığı davam edirdi və silahlanmanı qarşıya məqsəd qoymuşdular. Birinci Dünya müharibəsində Yozqatda baş verən erməni hadisələri aranı qarışdırmışdı. Türk əskərləri tərəfindən Orih, Menteşe və İğdeli bölgələrində axtarışlar aparılmış, xeyli sayda silah-sursat və partlayıcı maddə və komitələrin təbliğat bildirişləri tapılmışdır. Orduya əskər toplamaq üçün kəndlərə gələn jandarma rəislərinə və jandarmalara silahlı hücum təşkil etmişdilər. Çatkebir kəndi yaxınlığındakı meşəliyə sığınan yüzdən çox erməni qulduru əskərlərə və yoldan keçən dinc türklərə atəş açmışdılar. Akdağ mədəni qəza mərkəzində isə ermənilər bir neçə dəfə bomba partlatmış və iğtişaş yaradacaq hadisələr törətmişdilər. Buradakı terrorçular digər yerlərdən xəbər almaqla yanaşı, həm də onlarla şifrəli danışıqlar aparırdılar.

İkinci Van üsyanı

Ermənilərin Birinci Dünya müharibəsi sırasında müxtəlif bölgələrdə kütləvi insan tələfatı ilə nəticələnən üsyanlarından biri də Van üsyanıdır. Erməni xalqını ideoloji və hərbi cəhətdən silahlandırmış terrorçu partiya və təşkilatlar həm gizli, həm də aşkar şəkildə fəaliyyət göstərirdilər. Erməni din xadimləri də bu işdə xüsusi canfəşanlıq edirdi. 1908-ci ildə başlayan bu cür təşkilatlanmanın arxasında çar Rusiyasının dayanmasını Avstriya-Macarıstan imperiyasının Trabzondakı konsulunun raportundan da aydın görmək mümkündür. Trabzondakı konsul Moriksin 1914-cü il yanvarın 30-da göndərdiyi raportda deyilir: “Ruslar erməniləri üsyana qaldıracaqlar. Bu məqsədlə çoxlu maliyyə sərf edirlər, iğtişaşçıları gizli şəkildə silahlandırır və onları üsyana sövq edirlər”.

Hadisələrin kəskinləşməyə doğru getdiyi bir məqamda Van valisinin vəkili Cövdət bəy erməni rəhbərlərini toplayıb türklərlə ermənilərin tarixən birlikdə yaşaması və gələcək yeni qarşıdurmaların dövlətə, cəmiyyətə vuracağı yaralar barədə müzakirələr aparsa da, bunun heç bir nəticəsi olmadı. Ermənilər bundan nəticə çıxartmaq əvəzinə, daha amansız qətllər törətmiş, xüsusilə Mahmudiyyə bölgəsində sakinləri kütləvi halda qətlə yetirərək, məsçidləri yandırmışdılar.

Bundan əlavə, 17 apreldə Şatak, Bitlis və Vanın mərkəzində silahlı ermənilər böyük qırğın törətmiş, məmur və polislər öldürülmüş, dinc türklərin evləri, rəsmi binalar yandırılmışdır. Van jandarma tüməninin bir qismı ilə əhalinin silahlı hissəsi bir müddət ermənilərlə vuruşsalar da, üsyanı yatırmaq mümkün olmamışdı. Nəticədə Van rus və ermənilərin əlinə keçmişdi.

Van hadisələri barədə Almaniyanın Osmanlıdakı səfiri Vangenhem tərəfindən Almaniya Xarici İşlər Nazirliyinə göndərilən 10.5. 1915- ci il tarixli teleqrafda bildirilir: “Van vilayətindəki ermənilər üsyana qalxıblar və müsəlman kəndlərə və qalalara hücuma keçiblər. Qaladakı türk qarnizonu 300 nəfər itki vermişdir. Günlərlə davam edən küçə döyüşləri nəticəsində şəhər üsyançıların və rusların əlinə keçmişdir. Ermənilər rusların tərəfinə keçmiş və şəhər müsəlmanlarını qətlə başlamışlar...”

Diqqət çəkən məqamlardan biri də ermənilərin üsyana qalxması və Vanın ruslar tərəfindən işğalının Avropanın bəzi mətbuatında sevinclə qarşılanmasıdır. Belə ki, Parisdə çıxan “Le Temps” qəzetinin 1915-ci il 13 avqust nömrəsində Van valisi təyin edilən Aram Manukyan barədə yazılır: “Aram bu savaşa rəhbərlik etmək üçün bir daha silaha sarıldı və Vanda üsyançıların başına keçdi. İndi bu vilayəti əlində saxlayan Rusiya Türkiyəyə qarşı müharibədə parlaq şəkildə iştirak edən erməniləri məmnun etmək üçün Aramı həmin şəhərə vali təyin etdi.”

Ermənilərin bu xəyanəti ucbatından Osmanlı ordusunun yükdaşıma yolları kəsilmiş, əskərlərə qida və silah daşıyan keçidlər isə partladılmışdır. Bu baxımdan Türk ordusu geri çəkilmək məcburiyyəti qarşısında qalmış və Ərzurum, Bitlis və Trabzonu ruslar çətinlik çəkmədən işğal etmişdilər. Qətledilənlər müsəlmanlar olmasına baxmayaraq, erməni patriarxı məhz ermənilərin təcavüzə məruz qaldıqlarını iddia etmişdir. Türk hökuməti Qərb dövlətlərinin təzyiqinə məruz qalmamaq üçün araşdırma komissiyası təşkil etmiş və nəticədə Sivas, Van, Ərzincan və Ərzurum nahiyyələrində patriarxın öldürüldüyü iddia edilən ermənilərin sağ olduğu təsdiqlənmişdir. Komissiya, eyni zamanda, üsyanın Vanda və Sivasda hələ də davam etdiyini və bu üsyana qarşı hərəkət edəcək nə polis qüvvələrinin, nə də ki, silahlı türklərin olmadığı dəqiqləşdirilmişdir.

Şebinkarahissar hadisəsi

1915-ci ildə ermənilərin Osmanlı dövlətinə qarşı silahlı üsyan qaldırmaq üçün əsas bəhanələrindən biri də təxribat və iğtişaşlar idi ki, bunlardan biri 5 iyun 1915-ci il tarixli Şebinkarahissar hadisəsidir. Sivaslı Murad (Hamparsum Boyacıyan) adında bir erməni 500 nəfərlik dəstəsi ilə Şebinkarahissara basqın etdi. Türk ordusu şərq cəbhəsinin təminat yolu buradan keçdiyi üçün bölgənin strateji önəmi var idi. Üsyançı ermənilər bu bölgəni ələ keçirdikləri təqdirdə Osmanlı ordusunun təminat xidmətləri axsayacaq, rus ordusunun irəli hərəkəti daha da asan olacaqdı. Erməni quldurları Şebinkarahissarın müsəlman məhəlləsini yandırdılar. Qarşılarına çıxan bütün insanları işgəncə verərək öldürdülər. Əskərlərə və ictimai asayişi təmin etməyə gələn dəstələrə hücum etdilər. Belə olan təqdirdə digər yerlərdən bölgəyə əlavə güc yeridilmiş və Şebinkarahissarda erməni üsyançılar qovulmuşdur.

Sivasdakı 10-cu cəbhə komandanlığından başkomandanlığa göndərilən 15 iyun 1915-ci il tarixli məktubda hadisə belə təsvir edilir:

“ Ordan-burdan toplanan 500 -ə qədər erməni silahlılarının Şebinkarahissarda qədim qalaya sığınaraq üsyan etdikləri öyrənilmişdir. Asayiş qüvvələri ilə silahlı quldurlar arasında çarpışmalar olduğu Sivas Valiliyindən bildirilmişdir.”

Sivas Valiliyinin 3-cü kolordu komandanlığına göndərdiyi 18-19 iyun 1915-ci il tarixli mesajda isə belə deyilmişdir: “Şebinkarahissar üsyanının yatırıldığı, ermənilərdən 800-ə qədər qadın, kişi və uşağın qalaya sığındığı, üsyançılardan 200-ə qədərinin silahlı olduğu bildirilmişdir”.

Adapazarı və İzmit hadisələri

Həmin illərdə erməni üsyanları Adapazarı və İzmitdə də davam etmişdir. Bu şəhərlərdə ermənilərdən Osmanlı asayiş keşikçiləri tərəfindən çoxlu sayda silah və sursat ələ keçirildiyini eşidən Çengilər, Soloz, Orxanqazi, Gəmilik, Bilecik bölgələrində çoxdan hazırlanmış erməni terror təşkilatlarının üzvləri yerli əhaliyə hücum etməyə başladı. Ən son model silahlarla silahlanmış erməni təşkilatları İzmit və Adapazardan qaçan quldurlarla birləşərək, 60-70 nəfərlik qruplar halında daha iç regionların əhalisi üzərinə hücuma keçmişdilər. Bu hücumlarda baş keşiş vəkil Barkef adlı erməni, onun köməkçisi Sokpas, Bursa erməni məktəb müdiri, kilsənin tərkibi və digər din xadimlərinin iştirakı dəqiqləşdirilmişdir.

Adana hadisələri

Adana vaxtılə erməni quldurlarının ən çox təxribat hazırladıqları və həyata keçirdikləri Türkiyə bölgələrindən biridir. Bu bölgə Aralıq dənizinə, Suriyaya, həm də İraq cəbhələrinə çox yaxın olduğundan ermənilərin burada hazırladıqları üsyan və təxribat planları digər bölgələrdəki üsyanlara çox təsir göstərirdi.

1915-ci il fevralın 1-də iki erməni İskəndərun körfəzində bir düşmən gəmisinə sığınaraq özlərinə verilən nümayəndəlik vəzifəsindən istifadə etdilər. Fevralın 2-də Dördyol ermənilərindən Abraham Salcıyan, Artin və Bedros adlarında üç erməni də limandakı düşmən gəmilərinə sığınaraq türk ordusunun bəzi məxfi planları barədə məlumatları çatdırdılar. Fevralın 24-də Köşgər Torosoğlu və Akop müəllim adı ilə tanınan şəxslər də düşmən tərəfindən Kiprdən gətirilərək İskəndəruna çıxarıldılar. Bu şəxslər düşmən qərargahından aldıqları təlimatlarla bilikdə sahildə yaxalandılar. Düşmən gəmilərinə sığınan bir çox erməni də yaxalanaraq məhkəməyə verildi.

Bununla erməni quldurlarının Osmanlının ən strateji nöqtələrinə necə yayıldıqları aydın oldu. Eyni zamanda, Saimbəyli, Dördyol, Kozan və digər qəzalarda saysız-hesabsız silah, bomba, dinamit, xəritə və bayraqlar aşkar edilərək müsadirə olundu. Saimbəyli qəsəbəsində qayalıqlar üstündə yerləşən erməni monastrından 200 kq barıt tapılaraq götürüldü.

(ardı var)

 

 Anar TURAN,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında