Milli-mənəvi dəyərlərə sadiq olan Azərbaycan dünyaya tolerantlıq nümunəsi göstərir

 

Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan Respublikasının şərəfli bir tarixi vardır. Bu tarixin böyük mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqad azadlığının təminatında, dini mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətlər göstərmişdir. Qüdrətli şəxsiyyət bu sahədə özündən sonra böyük siyasi və dövlətçilik təcrübəsini miras qoymuşdur.

Ümummilli liderin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bu gün Azərbaycanın iqtisadi qüdrətinin, mədəni intibahının və beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi üçün böyük işlər görür. Eyni zamanda, tarixi-mədəniyyət abidələrinin, xristian, yəhudi və digər dinlərə məxsus məbədlərin bərpası və təmiri, dilindən və dinindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının etiqad azadlığının qorunması və dini ehtiyaclarının təmin olunması – bütün bunlar Azərbaycanın dini mənəvi mühitini əks etdirən real göstəricilərdir.

Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Biz hər zaman qloballaşma adı altında digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir.

 Milli-mənəvi dəyərlərimizin yaşadılmasında, onun təbliğində genişmiqyaslı fəaliyyəti ilə ictimaiyyətimizin rəğbətini qazanan Heydər Əliyev Fondu da bu sahədə böyük uğurlara imza atır. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Biz bu yaxınlarda bir daha bunun şahidi olduq. Ötən ayın 17-də bütövlükdə müsəlman aləminin ən müqəddəs ibadətgahlarından olan Şamaxı Cümə məscidi milli mənəvi dəyərlərimizin təbliğində böyük əmək sərf edən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verilmişdir. Onu da qeyd edək ki, tolerantlıq ənənələrinin təblığində, irsimizin tanıdılmasında, həmçinin dünyanın müxtəlif guşələrində əyani şəkildə nümayişində Heydər Əliyev Fondunun məxsusi xidmətləri vardır. Fondun maliyyə dəstəyi ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işləri aparılmış, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verilmişdir. Strasburq Kafedral kilsəsinin şüşələrinin təmirinə ayırdığı maliyyə yardımı səxavətli bir jest və Azərbaycanın Avropaya, onun mədəni irsinə verdiyi layiqli töhfədir. Göründüyü kimi, Heydər Əliyev Fondu təkcə İslam dininə aid tarixi-dini abidələrin bərpasına deyil, eləcə də hətta Azərbaycandan kənarda olan digər dinlərə məxsus abidələrin də bərpasına qayğı ilə yanaşır ki, bu da bizim tolerant və sülhpərvər xalq olduğumuzun əyani sübutudur.

Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxı Cümə məscidində aparılan əsaslı bərpa və yenidənqurma işlərini dövlətimizin başçısı daim diqqətdə saxlamışdır. Prezident İlham Əliyev 2009-cu ilin noyabrında Şamaxıya səfəri çərçivəsində məsciddə olmuş, böyük tarixi dəyəri və xalqımızın mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına qərar vermişdir. Bununla əlaqədar Azərbaycan Prezidentinin 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla müvafiq maliyyə vəsaiti ayrılmışdır. Bundan sonra məsciddə əsaslı bərpa və yenidənqurma işlərinə başlanılmış, Azərbaycan tarixinin mühüm mərhələsini təşkil edən Şirvanşahlar paytaxtının şanlı memarlıq nümunəsinin yenidən xalqımızın mənəvi dünyasına qaytarılması istiqamətində yüksək təəssübkeşlik missiyası həyata keçirilmişdir.

Xatırladaq ki, bundan əvvəl dövlətimizin qayğısı və diqqəti nəticəsində Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri yenidən bərpa edildikdən sonra istifadəyə verilmişdir. Məhz dövlət başçımızın göstərişi və maliyyə dəstəyi ilə Gəncə şəhərindəki İmamzadə, Mir Möhsüm ağa və Əshabu-Kəhf ziyarətgahları, həmçinin digər dini etiqad mərkəzləri əsaslı təmir olunaraq yenidən qurulmuşdur. Ümumilikdə, son 10 il ərzində Azərbaycanda minədək məscid tikilmişdir, 80-dən çox məscid isə təmir edilmişdir. Azərbaycanın din xadimləri və ibadət əhli Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun bu nəcib və xeyirxah əməlini yüksək dəyərləndirərək böyük yaradandan ona cansağlığı diləyirlər. Dövlət başçımızın bəyan etdiyi kimi, bu, əslində Azərbaycanda bütövlükdə gedən müsbətyönümlü işlərin təzahürüdür. Biz bütün işləri möhkəm təməl üzərində, dəyərlər üzərində qururuq. Çünki milli mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dini və milli ənənələrimizə sadiqik. Bu möhkəm təməl üzərində müasir dövlət, müasir Azərbaycan qururuq. Müstəqil, azad Azərbaycan dövləti bu böyük işin öhdəsindən layiqincə gələ bilmişdir. Respublikamız, həmçinin dünya birliyində də müsəlman dünyasının ümumi mənafeyini əks etdirən tarixi işlər görür. Ölkə rəhbəri bu barədə demişdir: “İslam mərhəmət dinidir. Çalışmalıyıq ki, əməli addımlarla dünyaya İslam dini haqqında dolğun və ədalətli məlumatları çatdıraq. Deyə bilərəm ki, Azərbaycan bu istiqamətdə kompleks tədbirlər görür. Keçən ilin sentyabr ayında dünyanın ən böyük muzeyi olan Parisdəki Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılışı olmuşdur. Azərbaycan bu bölmənin yaradılması üçün öz dəstəyini vermişdir. Bu, əslində bizim bütün İslam mədəniyyətinə olan töhfəmizdir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Vatikanda ilk dəfə olaraq müsəlman ölkəsinin sərgisi keçirilmişdir. Bu da Azərbaycan sərgisi idi. Yəni, biz çalışırıq və birgə səylərlə çalışmalıyıq ki, İslam mədəniyyəti, dəyərləri haqqında dünyaya dolğun məlumat çatdıraq”.

Bu gün öz tarixinin silinməz və möhtəşəm səhifələrindən birini yazan müstəqil Azərbaycan Respublikası hər zaman müxtəlif xalqların, millətlərin və din xadimlərinin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olmuşdur. Məhz bunun nəticəsidir ki, müxtəlif dinlərin rəhbərləri və təmsilçiləri əldə etdiyimiz böyük nailiyyətləri – tolerantlığımızı, din-dövlət münasibətlərində qazanılmış dəyərləri öyrənmək və qlobal problemlərin həlli yollarında bizimlə birgə əməkdaşlıq nümayiş etdirmək üçün Bakıda keçirilən beynəlxalq miqyaslı mötəbər tədbirlərdə yaxından iştirak edirlər. Belə nüfuzlu tədbirlər bəşəriyyətin ümumi maraqlarının həllinə və qlobal problemlərin – terrorizmin, dini fanatizmin, ekstremizmin və separatizmin aradan qaldırılması naminə dinlərərarası və mədəniyyətlərarası münasibətlərin inkişafına güclü təkan verən bir amildir. Bu məsələ barədə ölkəmizin Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanda multikulturalizm sahəsində əldə edilmiş təcrübə hesab edirəm ki, hamımız üçün çox maraqlıdır... Mulltikulturalizmin müsbət gələcəyi haqqında fikirlər çox vacibdir və lazımdır. Azərbaycanın təcrübəsi hesab edirəm ki, əslində, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli və qiymətlidir. Çünki bir daha demək istəyirəm ki, multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar. Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaqdır”.

Bütün bunları nəzərə alan beynəlxalq ekspertlər Bakının, Azərbaycanın dinlərarası dialoqun mərkəzinə çevrilməsinə böyük ümidlərlə baxırlar. Təbii ki, bunu Azərbaycanda dini və milli zəmində vəziyyətin çox yaxşı olmasının təzahürü kimi qiymətləndirirlər. Bu, bizim üçün böyük şərəfdir. Digər tərəfdən, dinlərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə Azərbaycan öz töhfəsini verir. Ölkəmiz bütün dünyanı humanizm dəyərlərinə sədaqətli olmağa səsləyir. Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin məqsədi də budur. Çoxsaylı beynəlxalq tədbirlərdən biri də bu il mayın 29-dan iyunun 1-dək paytaxtımızda baş tutdu. Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” şüarı altında reallaşan forumda əsas tərəfdaşlar qismində YUNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış etdilər. Konfrans çərçivəsində “Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?”, “Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm” sessiyaları oldu. İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak etdilər. Bu isə bir daha göstərir ki, Azərbaycan Qafqazın işıq saçan mayakıdır və onun nuru dünyanın hər bir tərəfinə yayılır, insanlığa yol göstərir.

Rauf KƏNGƏRLİ,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında