Avropa Parlamentinin 754 deputatından 30-nun iştirakı ilə qəbul edilmiş sənəd həqiqəti əks etdirə bilərmi?

 

Azərbaycan Respublikası 1993-cü ilin yayından etibarən demokratiya, insan hüquq və azadlıqları kimi universal dəyərləri özünün daxili siyasətinin prioritetləri şəklində qəbul etmiş, bu istiqamətdə lazımi islahatlar həyata keçirərək beynəlxalq ictimaiyyət tərəfindən alqışlanan konkret addımlar atmışdır. Demokratik cəmiyyətin atributlarından olan  vətəndaş cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsini ifadə edən,  demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən qanunvericilik bazasının olması müstəqil dövlətimizin tarixi nailiyyəti kimi qiymətləndirilməklə yanaşı, onun Avropanın ixtisaslaşmış qurumları ilə əməkdaşlığının inkişafına da müsbət təsir göstərmişdir.

 Bu mənada, xarici siyasətdə çoxtərəfli, bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin qurulmasına üstünlük verən Azərbaycanın Avropa İttifaqı ilə inteqrasiya siyasətini davam etdirməsi mühüm əhəmiyyət kəsb edir.

Bütün bunlarla yanaşı, Avropanın bəzi dairələri hələ də hüquqi dövlət olan Azərbaycana qarşı ikili standartlardan çıxış edirlər.  Avropa Parlamentində bir qrup deputatın iştirakı ilə “Azərbaycan: İlqar Məmmədov məsələsi” mövzusunda müzakirələrin aparılması və qətnamə adlandırılan sənədin qəbul edilməsi də bunun bariz nümunəsidir. Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimizə xidmət etməyən bu addımla bağlı öncə onu qeyd etmək istərdik ki, sənəddə ölkəmizə qarşı irəli sürülən heç bir iddia həqiqəti əks etdirmir. Bunu sübut etməyə ehtiyac yoxdur. Çünki vətəndaşların etirazlarının yalnız qanunun müəyyən etdiyi çərçivədə ifadə edilməsi bütün Avropa ölkələrində qəbul edilmiş prinsipdir. Ölkədə ixtişaş yaratmaq, vətəndaş itaətsizliyinə çağırış cəhdləri kimi hallara qarşı adekvat tədbir görülməsi mütərəqqi cəmiyyətlərdə hüquq prinsipləri ilə ziddiyyət təşkil etmir.

Araşdırmalar nəticəsində sübuta yetirilmişdir ki, 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin və 4 ədəd müxtəlif markalı avtomobilin yandırılması ilə nəticələnən kütləvi münaqişə daxilimizdəki antimilli qüvvələrin qızışdırıcılıq fəaliyyətindən meydana gəlmişdir. Dağıdıcı müxalifət təmsilçiləri xaricdəki erməni ideoloqları tərəfindən verilən göstərişlər əsasında, bu kimi hadisələrdən istifadə etməklə emosiyalara qapılmış insanlardan dövlətimizə və dövlətçiliyimizə qarşı istifadə edərək, qarışıqlıq yaratmışdılar. İnsanları öz etirazlarını qanun çərçivəsində bildirməyə çağırmaq əvəzinə baş verən zorakılıq hallarının artmasına çalışanlar cəmiyyətimiz və onun gələcəyi üçün olduqca təhlükəli bir mövqe sərgiləmişlər. Təbii ki, belə olan halda həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ancaq və ancaq qanunun tələbidir. Çünki bu cür zorakılıq halları Azərbaycanda demokratik vətəndaş cəmiyyəti quruculuğu prosesinə, sivil birgəyaşayış prinsiplərinə ciddi zərbə vura bilərdi. Hüquqa zidd və zorakı davranışlarla nə bu gün, nə də gələcəkdə Azərbaycanda demokratik proseslərin inkişafına töhfə vermək olar. Əksinə, bu qəbildən olan düşüncə və davranışlar Azərbaycan xalqının demokratik, sivil cəmiyyət qurmaq potensialını şübhə altına ala, ölkəmizin Avropanın hüquqi və demokratik dəyərlər sisteminə inteqrasiya olunmasına ciddi maneə yarada bilər.

Azərbaycan Xarici İşlər Nazirliyinin bu günlərdə yaydığı bəyanatda qeyd edildiyi kimi, həmin reallıqları  bir tərəfə qoyan Avropa Parlamentinin bir qrup deputatı tez-tez qərəzli mövqeyi ilə seçilənləri toplayaraq, Azərbaycanla bağlı müxtəlif məsələləri müzakirəyə çıxarır, reallığı əks etdirməyən fikirlər səsləndirirlər. Demokratik dəyərlərin başlıca prinsip hesab edildiyi Avropada 754 üzvdən 20-30 nəfərinin mövqeyinin rəsmi sənəd kimi təqdim edilməsi demokratiya prinsiplərinə ziddir. Bu, ən azı Avropa Parlamentinin mütləq çoxluğunun hüquqlarının mənimsənilməsidir. Avropa Parlamentinin adından Azərbaycana belə qərəzli münasibət göstərilməsi ilk dəfə deyildir. Bənzər mövqelər əvvəllər də bildirilib. Bu deputatlar əksər hallarda müzakirə olunan məsələləri lazımi şəkildə dərindən araşdırmır, qarşı tərəfin rəyini öyrənmir, ayrı-ayrı qərəzli münasibətlərə üstünlük verirlər.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avroatlantik məkana inteqrasiya edir. Biz 2000-ci ildən AŞPA, ATƏT PA, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlarla faydalı əməkdaşlıq edirik. Bu gün Azərbaycan 155 ölkənin səsini qazanmaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi mötəbər qurumun tribunasından çıxış edir. Bütün bunlar güclü, qüdrətli, müstəqil Azərbaycanı sevməyənləri narahat edir. Bundan narahat olan erməni lobbisi və Qərbdə islamafobiya xəstəliyinə düçar olmuş anti-Azərbaycan dairələri  daim  insan hüquqlarını əldə əsas tutub Azərbaycana təzyiq göstərməyə çalışırlar. Məsələn, ötən il “Eurovision-2012” mahnı müsabiqəsi Azəbaycanda çox möhtəşəm bir şəkildə baş tutdu. Bu gün də Avropada ölkəmizin yüksək təşkilatçılığı və Azərbaycan xalqının qonaqpərvərliyi xüsusi qeyd edilir. Ancaq möhtəşəm musiqi yarışmasından sonra Azərbaycanın dünya miqyasında nüfuzunun daha da artdığını görən erməni lobbisi və onların havadarları Avropa Parlamentində ölkəmizin əleyhinə növbəti qətnamə qəbul edilməsinə nail oldular. Qətnamədə qeyd olunurdu ki, guya Azərbaycanda cinsi azlıqlara qarşı haqsızlıqlar edilir.  Avropa Parlamentinin qənaətinə görə, guya Azərbaycanda onların hüquqları pozulur. Ancaq anlamırlar ki, belə əxlaqsız, mənəviyyatsız insanların paradını keçirmək adət - ənənəmizə, milli-mənəvi dəyərlərimizə uyğun deyil. Mitinqlər, küçə yürüşləri və digər aksiyaların keçirilməsi ilə bağlı da Avropa Parlamenti ölkəmizə qarşı daim ədalətsiz mövqe nümayiş etdirir. Halbuki, məlum olduğu kimi, bu gün də Azərbaycanda mitinqlərin keçirilməsi ilə əlaqədar müvafiq yerlər ayrılıb. Qanunla müəyyənləşdirilmiş həmin ərazilərdə səliqə - sahman yaradılmışdır, hətta aksiya iştirakçılarının təhlükəsizliyi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən də qorunur.

2001-ci ildə biz Avropa Şurasının tam səlahiyyətli üzvü olmuşuq. Həmin dövrdə də işğala məruz qalmağımıza baxmayaraq, işğalçı və insan haqlarının pozulduğu bir dövlət kimi göstərildik. Demokratiya, ədalət və insan hüquqlarını mühüm universal dəyərlər kimi qəbul edən Avropa Parlamenti nə Azərbaycanın 20 ildən artıq müddətdə işğal altında qalan əraziləri ilə bağlı, nə də bütün hüquqları pozulmuş 1 milyona yaxın qaçqın və məcburi köçkünlər barədə bir dəfə də olsun beynəlxalq hüquqa uyğun, ədalətli mövqe bildirmədi, bəyanat vermədi. Avropa Parlamentinin son sənədinə səs verənlər isə o şəxslərdir ki, onlar hər zaman Azərbaycanın ərazi bütövlüyünün əleyhinə tutduqları mövqeləri ilə tanınıblar. Heç vaxt Azərbaycan torpaqlarının işğalı, Ermənistan tərəfindən zəbt olunması məsələsini dilə gətirməyiblər, işğal nəticəsində qaçqın, didərgin düşmüş insanların taleyindən danışmayıblar.

Bir daha qeyd edirik ki, Avropa Parlamentinin belə bir sənəd qəbul etməsinin arxasında Azərbaycanın güclənməsini, inkişafını, onun Avropaya inteqrasiyasını istəməyən güclər dayanır. O güclər istəmirlər ki, Azərbaycan bütün parametrlər üzrə Avropanın, Avropa ailəsinin, Avrasiya məkanının bərabərhüquqlu üzvünə çevrilsin. Onlar güclü, inkişaf etmiş, insan hüquqları və dəyərlərinə qiymət verən bir Azərbaycanın olmasında maraqlı deyillər.  Bu məqamda Almaniyalı deputat Katrin Vernerin bəyanatı yada düşür. O,  ölkəmizə qarşı belə böhtan və qərəzli fikirlər səsləndirənlərə cavab olaraq demişdir ki, 2012 - ci ildən Qoşulmamaq Hərəkatının üzvü olan Azərbaycan iqtisadi qüdrətinin artması fonunda suveren, tarazlaşdırılmış siyasət yeridir. Avropa İttifaqı isə əksinə, özünün uğursuz böhran menecmenti ucbatından, başqa ölkələr üçün cəlbediciliyini xeyli itirmişdir. Azərbaycanın Avropa İttifaqına daxil olmaq perspektivi görünmür, enerji  təhlükəsizliyi məsələsinə gəldikdə isə, Azərbaycan Avropa İttifaqından yox, əksinə, məhz Avropa İttifaqı Azərbaycandan neft və qaz idxal edir. Azərbaycanı nöqsanlara görə tənqid etmək yox, demokratiya zəminində qazandığı uğurlara görə tərifləmək lazımdır.

Belə münasibət Aİ ilə hərtərəfli əməkdaşlığa kömək etmir. Azərbaycan-Aİ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksələ biləcəyi bir zamanda belə addımların atılması bu kimi halların siyasiləşdirilərək müxtəlif maraqlara xidmət etdiyini göstərir. Halbuki Avropa Parlamenti elə Avropanın özündə baş verən hadisələrə və Cənubi Qafqaz regionunda gedən siyasi-hərbi proseslərə göz yumur.

Sənədin tonu da ikitərəfli münasibətlərimizin ruhuna uyğun deyildir və beynəlxalq hüququn suveren subyekti olan Azərbaycan üçün qəbuledilməzdir.

Azərbaycan iqtisadiyyatı çox dinamik inkişaf edir. Yoxsulluq səviyyəsi xeyli azalmış, əhalinin gəlirləri isə nəzərəçarpacaq dərəcədə artmışdır. Belə faktları istənilən qədər sadalamaq olar. Beynəlxalq qurumların, xüsusilə Avropa Parlamentinin bəzi üzvlərinin ölkəmiz haqqında səsləndirdikləri qərəzli, böhran xarakterli fikirləri isə Azərbaycana təzyiq kimi dəyərləndirilməlidir. Bu gün ölkəmiz müstəqil siyasət yeritdiyindən heç bir dövlətin və ya beynəlxalq təşkilatın bizimlə təzyiq yolu ilə danışmağa haqqı çatmır. Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışlarında bunu qəti şəkildə bildirərək demişdir: “Azərbaycana təzyiq və şantaj etmək mümkün deyil. Qara yaxmaq, böhtan yaymaq olar, ancaq bunlar bizə yapışmır. Çünki reallıq, həqiqət tam başqadır. Reallıq ondan ibarətdir ki, Azərbaycan müstəqil, müasir, dünyəvi, dinamik inkişaf edən sosial dövlətdir... Biz müstəqil siyasət aparmağa qadirik, bunu edirik. Hətta ən çətin dövrdə, iqtisadiyyatımız ağır vəziyyətdə olan dövrdə biz yolumuzdan dönməmişik, qaldı ki, indi. Azərbaycan regionda lider ölkədir. Cənubu Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycan iqtisadiyyatıdır”.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında