Rəhim QAZIYEV: Milli Şuranı yaradanları əsla dövlət, millət, xalq maraqlandırmır

 

Bu adamların öz maraqları var

 Milli Şura  yaranan gündən müxalifət düşərgəsində qarşıdurma, bir - birilərinin ünvanına kəskin ittihamlar daha geniş vüsət alıb. Son vaxtlar isə prezidentliyə vahid namizəd məsələsi münaqişəni daha da kəskinləşdirib. Milli Şura yaranana qədər özünü müxalifətin vahid namizədi kimi aparan Müsavat Partiyasının başqanı İsa Qəmbərin də necə deyərlər, “sındı qol -  qanadı yanına düşdü”. Ona elə gəlirdi ki, Milli Şura yaranan kimi Rüstəm İbrahimbəyov  ayağa durub deyəcək ki, bizim  prezidentliyə vahid namizədimiz İsa Qəmbər olsun.  Bu həvəsdə və ümiddə olan İsa Qəmbər də Milli Şuranın təsis yığıncağına  şəxsən qatılmışdı.

Ancaq sən saydığını say, gör Rüstəm İbrahimbəyovu ortalığa atan antiazərbaycan dairələr nə sayır. Milli Şuranı yaradan və onun maliyyə vəsaitini verən ermənipərəst dairələr özlərinin namizədinin olması barədə açıqlama verdikdən sonra radikal müxalifətin bütün ümidləri puç oldu.

Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində bir qrup xəyanətkarın ortalığa atılaraq özlərini prezidentliyə namizəd göstərməsi əhali tərəfindən istehza ilə qarşılanıb. Çünki artıq xalq kimin kim olduğunu çox yaxşı bilir. Ona görə də belə xəyanətkarların seçki öncəsi canfəşanlıqları ikrah hissi doğurur. Artıq xalq bu seçkidə də öz seçimini müəyyənləşdirib. Son vaxtlar ayrı - ayrı təbəqələr keçirdikləri yığıncaqlarında prezident seçkilərində ölkə başçısı İlham Əliyevin namizədliyini dəstəklədiklərini birmənalı olaraq bildirirlər. Hətta dünya azərbaycanlıları  və xarici ölkələrdə fəaliyyət göstərən tanınmış iş adamlarının da İlham Əliyevin namizədliyini dəstəkləmələri barədə səsləndirdikləri bəyanatlar radikal müxalifətin bütün ümidlərini alt - üst etdi. Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı iş adamı, “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərovun  prezident seçkiləri ilə əlaqədar gəldiyi qərar müxalifət nümayəndələrinə güclü zərbə oldu. O deyib:“Mən şəxsən Azərbaycan Prezidenti, həm də bütün azərbaycanlıların Prezidenti İlham Əliyevi dəstəkləyirəm. Mən də onun növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsinin tərəfdarıyam və bu yöndə olan təşəbbüslərin hamısını dəstəkləyirəm. Bu yaxınlarda mütləq Bakıya gedib, bütün azərbaycanlıların Prezidenti İlham Əliyevə dəstək verdiyimi orda da bildirəcəyəm".

Milli Şuranın vahid namizədlik məsələsi bundan sonra çətin gündəmə gələr. Artıq bu qurumun namizədinin kimliyindən asılı olmayaraq xalq qarşısına çıxmağa mənəvi haqqı olmayacaq. İlk növbədə ona görə ki, əksər müxalifət nümayəndələri bu quruma toplaşanların vəzifə iddiasında olduqlarını çox yaxşı bilirlər. Digər tərəfdən isə Milli Şuranın antiazərbaycan dairələr tərəfindən yaradıldığı özünü açıq şəkildə büruzə verir. Əksər müxalifət nümayəndələri Milli Şura üzvlərinin xalqın taleyüklü problemlərindən daha çox öz şəxsi maraqları barədə düşünmələrini açıq şəkildə bəyan edirlər. Məsələn, keçmiş  müdafiə naziri  Rəhim Qazıyev  Milli Şuranı və orada təmsil olunanları riyakarlıqda ittiham edib. O, hətta  Milli Şuranın rəhbərliyini “axmaq” adlandırıb.

 R.Qazıyev vurğulayıb ki,  Milli Şurada təmsil olunan heyətlə tanışam və inanmıram ki, bu cür heyətlə nəsə uğur əldə olunsun. R.Qazıyev deyib: “Milli Şurada təmsil olunanların əksəriyyətinin adamlığı yoxdur. Bu qurumda adamlığı olmayan insanlar çoxdur. Allaha and içərəm ki, Milli Şuranı yaradanları əsla dövlət, millət, xalq maraqlandırmır. Bu adamların öz maraqları var. Peyğəmbərimizin gözəl kəlamı var: ”Kim məni bir dəfə aldatsa, Allah ona, ikinci dəfə aldatsa, Allah mənə lənət etsin!". Ona görə də mən özümü aldadıb gedib Milli Şurada heç zaman təmsil olunmaram. Mən Milli Şurada təmsil olunmağı özümə axmaqlıq hesab edirəm. Hətta, Milli Şuradan mənə dəvət gəlsəydi belə, mən ona razılıq verməzdim. Əgər bu Milli Şuranın başında Eldar Namazov dayanırsa, mənim bu qurumda təmsil olunmağım axmaqlıq olardı. Çünki Eldar Namazov da kimlərinsə adamıdır. Ona inanmaq və etibar etmək olmaz. Eldar Namazovun kimliyi hamıya bəllidir".

Göründüyü kimi, nə Milli Şuraya, nə də onun üzvlərinə inanan yoxdur. Çünki Milli Şuraya toplaşanların əksəriyyəti İctimai Palatanın üzvləridir. Bu qondarma qurum “fəaliyyətdə” olduğu iki il müddətində heç nə əldə edə bilmədi. Hətta  yetərincə savadı, dünyagörüşü olmayan bir qrup gənci aldadaraq qanunsuz  aksiyalara təhrik etsə də, istəyinə nail ola bilmədi. İndi həmin xəyanətkarlar bu dəfə Milli Şura adı ilə peyda olublar. Necə deyərlər, simalar köhnə, təşkilat isə təzədir. Özləri də düşünürlər ki, “təzə bardağın suyu sərin olar”. Bütün günü fikirləşirlər ki, görək hansı yolla bu quruma ayrılan qrantdan beş - on manat  çırpışdıra bilsinlər. Hərçənd reneqat Eldar Namazov,  Rüstəm İbrahimbəyovun “qulağını kəsərək” 100 min dollar çırpışdırdı. İndi isə İsa Qəmbər, Əli Kərimli və Lalə Şövkət Hacıyeva Milli Şuraya ayrılmış çirkli pullardan mənimsəmək üçün fürsət axtarırlar. Onlar iki il İctimai Palatada  “ideyalar” püskürsələr də, Azərbaycana demokratiya, xalqa isə xoşbəxt gələcək  vəd etsələr də, səslərinə səs verən olmadı, arxalarınca kimsə getmədi və meydanlarda tək qaldılar. Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin təbirincə desək, “boş çəllək kimi dambadurum salsalar da, heç nə  alınmadı”.

Vəzifə hərisləri  sonra “Ziyalılar Forumu” adlı qondarma qurumda peyda oldular. Siyasi riyakar Eldar Namazovun dəstəsi hesab edilən bu qurum da əslində İctimai Palatanın görünməyən tərəfi idi. Məqsəd və məramı da  eyni: qeyri -qanuni aksiyalar keçirmək və ölkəmizdə insan hüquq və azadlıqlarının “kobud şəkildə pozulmasını” “sübut etmək” məqsədilə beynəlxalq təşkilatların diqqətini Azərbaycana cəlb etmək. Xalqını, millətini və Vətənini sevən ziyalı  təbii ki, bu düşüncədə, bu əqidədə olmaz. Əsl ziyalı xalqının, Vətəninin gələcəyini düşünməli, respublikamızın beynəlxalq aləmdə reytinqinin artması istiqamətində əlindən gələni əsirgəməməlidir. Reneqat Eldar Namazovun dəstəsi isə ziyalı adına ləkə gətirdi. Bu “ziyalılar” ölkəmizin inkişafını gözü götürməyən antiazərbaycan dairələrin çirkli pulları hesabına özlərini alçaltdılar, düşmən  qarşısında əyildilər, xəyanətkar mövqedə olduqlarını ört - basdır edə bilmədilər. Sonra isə daha pullu qurum - Milli Şuranı gördükdən sonra Ziyalılar Forumu da, ziyalılıq da  yaddan çıxdı. Dünənə qədər özlərini İctimai Palatanın, Ziyalılar Forumunun və “El” hərəkatının sədaqətli üzvü kimi təqdim edənlər birdən - birə dönüb oldular Milli Şuranın üzvü. Belə üzüdönüklər hansı qurumun üzvü olsalar da, öz simalarını gizlədə bilmirlər. Çünki satqınçılıq və xəyanətkarlıq onların köhnə vərdişləridir. Bu vərdişlərindən isə hələ də əl çəkə bilmirlər.

Milli Şura adlı qurumda cəmləşənlər - adlarını siyasətçi, ziyalı, hüquq müdafiəçisi daha nələr qoyanlar  elə İctimai Palatada, Ziyalılar Forumunda, “El”də  və digər qurumlarda  gəzən simalardır. Onların kimin ətrafında toplaşmaları bir o qədər də önəmli deyil. Əsas odur ki, pul olsun. Fikir verin, özlərini çoxbilmiş hesab edən belələri bu dəfə kinorejissor Rüstəm İbrahimbəyovun ətrafına toplaşıblar. R.İbrahimbəyov özü də təsdiqləyir ki, o, siyasətçi deyil və bu sahə ilə məşğul olmaq həvəsində də deyil. Ona görə də vahid namizəd olmaq barədə qəti qərara gələ bilmir. Çünki özü - özünü hamıdan yaxşı tanıyır. Yaxşı bilir ki, siyasət onluq deyil. Onunku rəhbərlik etdiyi qurumun əmlakını talan etmək, mənimsəmək, özəlləşdirmək, sonra isə erməni dostları ilə yeyib - içməkdir. Özü də uşaq kimi qorxaqdır. BBC - nin Rusiya xidmətinə verdiyi müsahibəsində deyib ki, normal insan kimi həm həbsdən, həm də öldürülməkdən qorxur. Onun haqqında vergi cinayətinin başlanması barədə artıq məlumat verilib. Ancaq bu qoca kişi kimin nəyinə lazımdır ki, onu öldürsünlər də? Görünür bu yolla da pul qazanmaq istəyir. O, beynəlxalq təşkilatlar qarşısında hay - həşir salmaqla “təhlükəsizliyinin təmin olunması” məqsədilə qrant almaq istəyir. Həm də  Milli Şuranın yaradılması məqsədilə xarici düşmənlərimizdən aldığı qrantı mənimsəmək istəyir. Axı, o, buna öyrəncəlidir. Bir vaxtlar rəhbərlik etdiyi Kinemotoqrafiyaçılar İttifaqının vəsaitini mənimsəmiş, əmlakını talan etmiş, vergidən yayınmışdır. Bu cinayət əməlinin üstü açılan kimi beynəlxalq təşkilatlar qarşısında hay - həşir salaraq  Azərbaycanda ona normal iş şəraiti və yaşamaq üçün imkan verilmədiyini bildirmişdir. Törətdiyi cinayət əməllərinə görə ölkəyə gələ bilməyən R.İbrahimbəyov günahı başqalarında yox, özündə axtarmalıdır.

Milli Şuranın antiazərbaycan dairələrin ideyası və maliyyə vəsaiti hesabına yaradılması barədə deyilənlər artıq öz təsdiqini tapır. Bir vaxlar Milli Şuranı tərifləyən Müsavat Partiyasının başqanı İsa Qəmbər də bu qurumun xarici ölkələrin ideyası əsasında yarndığını təsdiqləyib. Yəni, doğrudanmı, hamının gördüyü və bildiyi bu faktı İsa Qəmbər indiyə qədər görmürdü? O da bunu görür və bilirdi. Ancaq bu vaxta qədər gözləmə mövqeyində dayanmasının əsas səbəbi Milli Şura tərəfindən onun vahid namizədliyinin müdafiəsinə inanması  idi. Lakin Rüstəm İbrahimbəyov, daha dəqiq desək, onu ortalığa atanların vahid namizədlik məsələsində öz namizədlərinin olması barədə açıqlamaları İsa Qəmbərin bu qurum haqqındakı mövqeyini birdən - birə 180 dərəcə dəyişdi. O, “Vahid namizəd Azərbaycanda olmalıdır” - deməklə Rüstəm İbrahimbəyovun qaçıb xarici ölkələrdə gizlənməsinə işarə vurub.

İsa Qəmbər  Milli Şuranın xarici ölkələrin layihəsi olduğunu da dolayısı ilə təsdiqləyərək deyib:"Bu qurum haqqında  müxtəlif söz-söhbətlər var. Milli Şurada təmsil olunanlar onun Azərbaycanın layihəsi olmasını təmin etməlidirlər. İlk növbədə  Milli Şuranın məhz Azərbaycanın proyekti olması və Azərbaycanın maraqlarına xidmət etməsi təmin olunmalıdır".

Artıq radikal müxalifət nümayəndələri də Milli Şuranın nizamnaməsinin və məramnaməsinin Azərbaycandan kənarda hazırlanmasını təsdiqləyirlər. Ona görə də belə bir qurumun ölkəmizin maraqlarını təmin edə bilməməsi qənaətinə gəliblər.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında