İbrahimbəyovun Milli Şurası istehsal prosesində çat verən detala çevrildi

 

Amma özləri bu detalın üç-dörd ay sonra çatlamasını gözləyirdilər

 Ermənilərin 1993-cü ildə edə bilmədiklərini ermənipərəstlər 2013-cü ildə etmək istəyirlər. O zaman da belə idi.  Göstəriş və tapşırıq xaricdən gəlirdi.

 Fərq ondadır ki, o zaman emissarlar göndərilirdi, indi  elektron poçtlarla məktublar göndərilir. O zaman xaricdə hazırlanmış ssenarilər əsasında Azərbaycandakı müxalifətin qarşısına  konkret məqsəd, aydın vəzifə  qoyulmuşdu:  Ölkədə xaos və anarxiya vəziyyəti yaradılmalı, iqtisadiyyat çökdürülməli, siyasi qüvvələr kosmopolitləşdirilməli, ölkə ərazisi  parçalanmalı, ordu zəiflədilməli, milli dövlətçilik məhv edilməlidir. İndi də həmin tapşırıqlar və ssenarilərin bir qismi təkrar olunur. Fərq ondadır ki, 90-cı illərdə Azərbaycana qarşı istifadə etmək üçün  özünü  cəmiyyətə  siyasətçi kimi təqdim etmiş adamlar seçilirdi - Əlikram Hümbətov, Surət Hüseynov,  Leyla Yunus, Arzu Abdullayeva, Yunus Arif və sair. İndi isə  keçmiş ssenari müəlliflərindən adi oyunçu kimi istifadə olunur. Onlarla ssenari yazıb  yüzlərlə aktyorun oyununa şərait yaradan Rüstəm İbrahimbəyovu oyuna  sıravi oyunçu, şahmatçıların ifadəsi ilə desək, piyada kimi qatan xarici qüvvələr 1993-cü ildəki məğlubiyyəti növbəti dəfə yaşamamaq üçün bu “orijinal” variantlardan istifadə etməyə çalışırlar. Amma növbəti məğlubiyyət onların alnına yazılıb.

2013-cü il prezident seçkiləri ərəfəsində xaricdə düşünülüb Azərbaycana göndərilən  “Ziyalılar Forumu”, (orada ziyalıdan başqa hansı zümrənin adamını desən, tapa bilərsən),  “El” hərəkatı (Novruz çərşənbələri dövründə - Yel çərşənbəsində elan olunmuş bu qurum hardansa yel gedən kimi ötüb getdi və yox oldu) , “Milyarderlər İttifaqı” (orada təmsil olunanların  milyardlarının hansı yolla toplandığı hamıya bəlli olduğuna görə  ətraflarına heç olmazsa özlərinin sayı qədər - səkkiz-on nəfər toplaya bilmədilər) və nəhayət, Milli Şura adlı  mövsümi qurumlar bir-birinin ardınca  elə əriyib gedir ki, adam bu ərimələri qlobal istiləşmənin adına yazmaqdan başqa yol tapa bilmir. Əvvəlkilərin hamısı artıq tarixin arxivində olduğuna görə ancaq Milli Şura kimi təmtəraqlı ad verilmiş qurumun vəziyyətinə baxaq.

Bu qurumun yaradılması barədə söz-söhbətin ortaya çıxmasından, xüsusən, onun təsis edildiyi barədə  məlumat yayılandan bu yana “Milli Şura” adı ətrafında gedən söz - söhbət dönə-dönə sübut edir ki, Rüstəm İbrahimbəyovun bu təşkilatının ərzi-halı heç də yaxşı deyil. Müsavat funksioneri Arif Hacılının “Milli Şurada yaşanan proseslərlə bağlı nikbin düşünə bilmirəm” deməsi Müsavatın mövqeyi idi. Sabir Rüstəmxanlının həmin qurumdan çıxmaq barədə qərarı isə Vətəndaş Həmrəyliyi Partiyasının Rüstəm İbrahimbəyovun özünün dilə gətirdiyi “40 nəfər tanınmış ziyalının Milli Şuradan getməsi bizi ciddi düşündürməlidir” - ifadəsi isə ümumilikdə bu quruma olan ictimai münasibətin göstəricisi idi. Yəni, “bizə Rüstəm İbrahimbəyovun siyasəti yox, pulu lazımdır” -deyən cəbhəçilərdən fərqli olaraq heç kəs bu quruma ümidlə baxmır və ya baxa bilmir.

Son zamanlar isə ölkə mətbuatında  İbrahimbəyovun Milli Şurası  ilə bağlı  maraqlı və düşündürücü suallar ortaya çıxır:

- “Azərbaycanın problemlərini həll etmək üçün yaradılan” bu qurumun nizamnaməsi və məramnaməsi  nə üçün Moskvada hazırlanır? 

Cavab verilir:

 -Həmin Şura Azərbaycan və Azərbaycançılıq naminə yaradılmış olsaydı nizamnaməsi də, məramnaməsi də, o biri sənədləri də Azərbaycanda yaradılardı. 

Sual olunur:

-Nə üçün bu qurumun Azərbaycanda heç bir saytı olmadığı halda Moskvada belə bir sayt var və həmin sayt Rusiyanın serverində fəaliyyət göstərir?

Cavab:

-İbrahimbəyovkimilərin qrantverənləri Azərbaycandan kənarda yaşayırlar. 

Sual olunur: 

-Seçki ilində formalaşdırılmış bu qurumun rəhbəri Rüstəm İbrahimbəyov  nə üçün öz şurasının başına gəlmək əvəzinə qapı-qapı düşüb dünya ölkələrini gəzir? 

 Cavab sualın özündən də maraqlıdır:

-Gəlib Azərbaycanda otursa, başını aldadıb ətrafına topladığı adamların hamısı  öz “zəhməthaqqı”nı istəyəcək.

Sual olunur : 

-Nə üçün Milli Şuranın icra aparatının rəhbəri bu qurumun rəhbərliyində olanlar tərəfindən seçilmir, bilavasitə Rüstəm İbrahimbəyovun məktubu əsasında  təyin olunur?

Cavab:

-Qurumun rəhbərliyində  təmsil olunanların hamısı birinci adam adı uğrunda ölüm-dirim mübarizəsinə çıxıblarsa, onlar necə aparat rəhbəri seçə bilərlər?

Müsavatçılar soruşurlar:

- Rüstəm İbrahimbəyov   nə üçün xalqla görüşməkdən qaçır?

 İbrahimbəyovçular cavab verirlər:

- O, hələ  İrəvanda götürdüyü öhdəlikləri yerinə yetirməklə  məşğuldur.

Vətəndaş soruşur:

- Ölkəmiz üçün önəmli olan bir ildə yaradılmış Milli Şuranın rəhbəri  adıçəkilən quruma rəhbərlik etmək üçün xaricdən göndərdiyi məktubları bir şəhərdə deyil, Vaşinqton, London, Paris, Moskva və başqa şəhərlərdə imzaladığını göstərməklə bizə nəyi sübut etmək istəyir?

Cavab:

-O, bizə yox, erməni lobbisinə sübut etmək istəyir ki, siz hardasınızsa, mən də ordayam.  Bakıda erməni varmı ki, İbrahimbəyov Bakıya gələ?

Bax, belə. Bu çoxsaylı suallar və cavablar müəmmalı şəkildə ermənilər tərəfə keçmiş Rüstəm İbrahimbəyovun müəmmalı və başıbəlalı Milli Şurasının qara günlərə doğru getdiyini sübut edir. Sənayedə keyfiyyət mütəxəssislərinin işlətdiyi bir ifadə var: detalın istehsal prosesində çat verməsi.  İbrahimbəyovun Milli Şurası da həmin aqibəti yaşadı. Amma sənayedə o qəbildən olan istehsal nümunəsinə zay məhsul deyirlər.  Nə yaxşı ki, bunların Milli Şurası sənayedə deyil, dəfələrlə rüsvay- çılığa düçar olmuş uğursuz müxalifət düşərgəsində  formalaşdırılıb.

P.S. Bədnam Milli Şuranın ilk iclaslarından birində “məsullardan” hansısa deyib ki, işimiz çoxdur, əlavə kömək ayrılsın. Eldar Namazov ona cavab verərkən bizim yuxarıda söylədiyimiz arqumenti dilə gətirib:

 - Bizim işimiz cəmi üç-dörd ay olacaq. O da olsa... 

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında