Azərbaycanın işğal altında olan əraziləri bütün dünyada sülhə və sabitliyə böyük təhlükə mənbəyinə çevrilməkdədir

 

Proseslərin gedişi bir daha  təsdiqləyir ki, Dağlıq Qarabağda Ermənistan Respublikasının hərbi birləşmələrinin işğalı nəticəsində yaradılan separatçı hərbi quldur rejimi artıq beynəlxalq terrorçu təşkilatlarla və beynəlxalq narkomafiya ilə  sıx işbirliyi qurub. Bu gün Dağlıq Qarabağda terrorçuların hərbi düşərgələrinin, onlara məxsus xəstəxanaların və narkotik bitkilərin plantasiyalarının olması, narkotika və silah ticarətinin mövcudluğu da bunu təsdiq edir.

Operativ məlumatlar və sübuta yetirilmiş faktlar göstərir ki, Dağlıq Qarabağ ərazisi, o cümlədən Azərbaycan — İran sərhədinin faktiki olaraq Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik hissəsi aktiv şəkildə narkotik maddələrin istehsalı, tranziti və ticarəti, silah və insan alveri, qeyri-leqal miqrasiya, terrorçular üçün sığınacaq, çirkli pulların yuyulması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə olunur. Sonuncu belə bir fakt Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin apardığı növbəti uğurlu əməliyyat nəticəsində aşkara çıxarılmışdır.

Məlum olduğu kimi, son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfərdən ibarət cinayətkar qrup ifşa edilmiş, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkarlanaraq götürülmüşdür. Qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanmasının Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində təşkil edilməsi və sonradan həmin narkotik vasitələrin İrana, oradan isə Azərbaycana gətirildiyi müəyyən edilmişdir. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları — Babək Bağırov, Ramil Məhərrəmov və İran İslam Respublikasının vətəndaşı Əsgər İbrahimi yaxalanmışlar.

Cinayətkarların istintaqa verdiyi ifadələr isə bir daha Serj Sarkisyan hakimiyyətinin iç üzünü açmış, Dağlıq Qarabağdakı separatçı rejimin beynəlxalq terrorçular və nakomafiya ilə işbirliyi ifşa olunmuşdur. Məsələn, həbs olunanlardan Əsgər İbrahimi ifadəsində göstərmişdir ki, Ərsalam Həlim Azərbaycan Respublikasına aparmaq üçün İranda ona verdiyi qurudulmuş marixuananın ermənilər tərəfindən işğal olunmuş Qarabağ ərazilərində yetişdirildiyini bildirmişdir. Ərsalam Həlim həmin narkotik vasitələrin İran ərazisində də əkilməsinə baxmayaraq, müştərilərin əsasən Qarabağda yetişdirilmiş daha keyfiyyətli marixuanaya üstünlük verdiklərini vurğulamışdır. O, həmçinin işğal olunmuş Qarabağ ərazilərində ermənilər tərəfindən yetişdirilmiş narkotik vasitələrin İran vasitəsilə Azərbaycana və başqa ölkələrə daşınaraq satıldığını demişdir. Qrupun digər üzvü Babək Bağırov da analoji ifadələr verərək bildirmişdir ki, Ərsalam Həlim ona həmin marixuananın Azərbaycanın işğal olunmuş Qarabağ ərazilərində erməni zabitləri və əsgərləri tərəfindən yetişdirildiyini və sifarişlər əsasında erməni hərbçilərinin bu narkotik vasitələri İrana və oradan başqa ölkələrə göndərdiklərini demişdir. Ərsalam Həlim erməni hərbçilərinə sifariş etdiyi marixuananın növbəti hissəsinin keyfiyyətini yoxlamaq məqsədilə Babək Bağırova İrana gəlməsini təklif etmiş və sonuncu bununla razılaşmışdır.

Bəzi nüfuzlu beynəlxalq təşkilatların və dünyanın müxtəlif aparıcı dövlətlərinin əlaqədar qurumlarının beynəlxalq narkotranzitlə bağlı hesabatlarında da qeyd olunur ki, Dağlıq Qarabağda və erməni silahlı qüvvələrinin işğalı altında olan digər rayonlarda becərilən narkotik bitki planatsiyalarının həcmi çox böyükdür. Türkiyənin İranla sərhədə nəzarəti gücləndirməsi də narkotacirləri Azərbaycanın işğal altındakı ərazilərinə yönəldib. Onlar Əfqanıstandan gətirdikləri narkotik maddələri Dağlıq Qarabağdan keçərək İrəvana aparır, buradan isə müxtəlif yollarla Rusiyaya, Avropaya çatdırırlar.  

BMT-nin hesabatında Dağlıq Qarabağ və ona bitişik ərazilərdən əfqan mənşəli heroinin daşınması faktı təsdiqlənmişdir. Hazırda BMT-yə narkotik maddələrin Azərbaycanın işğal altında olan əraziləri vasitəsilə tranzitinin üç marşrutu məlumdur: Əfqanıstan-İran-Dağlıq Qarabağ, Əfqanıstan - Pakistan - İran - Dağlıq Qarabağ, Əfqanıstan - Orta Asiya - Dağlıq Qarabağ. Dağlıq Qarabağ Azərbaycanın, eləcə də dünya ictimaiyyətinin nəzarətində olmayan ərazi kimi narkotrafik marşrutunda xüsusi yer tutur. Çünki işğal olunmuş ərazilərimizdə narkotik vasitələr becərilir, silahlı dəstələr və terror qruplaşmalarının hazırlığı üçün düşərgələr yerləşir. Azərbaycan dəfələrlə beynəlxalq təşkilatları mövcud vəziyyətə reaksiya verməyə çağırsa da, hələlik qənaətbəxş reaksiya yoxdur. 

 

Bu məqamda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik  Ramiz Mehdiyevin hələ 2010-cu il oktyabrın 5-6-da təhlükəsizlik məsələlərinə məsul yüksək vəzifəli şəxslərin Soçidə keçirilmiş Birinci Beynəlxalq Görüşündəki çıxışı yada düşür. Həmin tədbirdə akademik beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır ki, Azərbaycanın erməni  işğalı altında olan əraziləri təkcə region üçün deyil, ümumilikdə, dünya üçün böyük təhlükədir. Bura ciddi beynəlxalq təhdidlər doğurur.  Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev demişdir: “Bu zona milli və beynəlxalq hüququn təsir dairəsindən kənarda olduğuna görə qeyd olunan təhlükələrə qarşı vaxtında və adekvat reaksiya vermək mümkünsüzdür. Buna görə də biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərə milli və regional təhlükəsizliyin təminatı, terrorçu fəaliyyət və digər təhlükələrin aradan qaldırılması işinin bir hissəsi kimi baxırıq”. Həmin günlərdə Rusiya mətbuatı da diqqəti bu məsələyə yönəldərək yazmışdı ki, forumda iştirak edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan akademik Ramiz Mehdiyevin bu çıxışı qarşısında susmaq məcburiyyətində qalıb. Təbii ki, onun susması gətirilən  faktların reallığa söykənməsi ilə bağlı idi. Azərbaycan ictimaiyyəti inanır ki,  gec və ya tez bu reallığı dünya birliyi də görəcək və konkret addımlar atacaqdır.

Həqiqətən də BMT, Avropa İttifaqı, NATO, ATƏT kimi beynəlxalq qurumlar, başda ABŞ olmaqla Qərb dövlətləri terrorçuluq və narkotiklər kimi qlobal təhlükəsizlik problemlərini əsas gündəm məsələsi saydıqları bir vaxtda Azərbaycanın işğal edilmiş ərazilərində dünya üçün yaranmış təhlükəyə laqeyd qalması başadüşülən deyil. Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə  bu təhlükə ilə bağlı xəbərdarlıq  edib. Ölkəmiz dəfələrlə dünya birliyinin diqqətinə çatdırıb ki, Azərbaycanın işğal altındakı ərazilərinin dərhal işğaldan azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə icra edilməzsə, regionda daha böyük problemlər meydana gələ, zəbt edilmiş ərazilərdə formalaşan “boz zona”dan irəli gələn beynəlxalq miqyaslı təhdidlər bir çox inkişaf etmiş Qərb dövlətləri üçün təhlükə mənbəyinə çevrilə bilər.

Azərbaycan Prezidenti İlham Əliyev də vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamənin yerinə yetirilməsi təmin edilməlidir. Həmin qətnamələr isə Ermənistanın işğalçı qüvvələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Avropa Şurasının, Avropa Parlamentinin qətnamələri, ATƏT-in qərarları, İslam Əməkdaşlıq Təşkilatının, digər təşkilatların qətnamələrində də bu, öz əksini tapmışdır. Onların hamısı eyni şeyi tələb edir – Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq məsələni sülh yolu ilə həll etməyə üstünlük verir.

Cənubi Qafqazın lider dövləti olan  Azərbaycan Respublikası bölgədə sülhün və təhlükəsizliyin təminatçısı kimi çıxış edir. Rəsmi Bakı Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli məqsədilə real təkliflər irəli sürür, Cənubi Qafqazda sabitliyə nail olmaq üçün böyük səylər göstərir. Buna baxmayaraq, ərazimizin 20 faizini işğal edən Ermənistan daim qeyri-konstruktivlik nümayiş etdirir, danışıqlar prosesini pozmaq üçün əsassız iddialar ortaya qoyur, təxribatlara əl atır. Ermənilərin danışıqlar zamanı əvvəllər razılaşdırılmış məsələləri yenidən gündəmə gətirmək cəhdləri, Xankəndində hava limanının inşası, keçən il Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın ərazisində keçirilən seçki şousu sülh prosesinə zərbə vurmaq niyyətlərindən irəli gəlirdi. Əgər məqsəd danışıqlar prosesini pozmaqdırsa, onda Ermənistan bunun acı nəticələrinə də qatlaşmalı olacaqdır. Gec-tez ya qüdrətli Azərbaycan Ordusu, ya da bizim xeyrimizə işləyən zaman dilənçi kökünə düşmüş bu ölkəyə yerini göstərəcəkdir.   

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında