Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının təbliği və inkişafına böyük qayğı göstərir

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının  inkişafına, klassik və müasir ədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bütün dünyada yetərincə təbliğ olunmasına  böyük önəm verir.  Dövlət başçımızın mədəniyyətimizin aparıcı sahəsi olan ədəbiyyata, bütövlükdə, söz  sənətinə yüksək qayğı və məhəbbəti insanda qürur hissləri doğurur.

 Məlumdur ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə olduğu kimi, müstəqillik dövründə də xalqımızın milli-mənəvi inkişafına xüsusi qayğı göstərmişdir. Elm və təhsil, mədəniyyət, ədəbiyyat sahəsində yeni böyük uğurlar əldə edilmişdir. Dahi siyasətçi bazar iqtisadiyyatına keçidin elm və təhsil, mədəniyyət və ədəbiyyat sahəsində yaratdığı problemlərin həllinə xüsusi diqqət yetirmişdir.

 Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu azərbaycançılıq  ideologiyası milli-mənəvi inkişafımızın etibarlı bünövrəsini təşkil edir. Ulu öndər bu barədə demişdir: “Azərbaycan dövlətinin milli ideologiyasının əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər-bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir...”.  Azərbaycançılıq ideologiyasının əsas istiqamətləri, deyərdim ki, ruhu özünü ədəbiyyat və mədəniyyətdə daha parlaq şəkildə göstərir.

 Heydər Əliyev siyasətinin ən layiqli davamçısı möhtərəm dövlət başçımız İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk günlərdən ədəbiyyata diqqət və qayğısını bir an belə azaltmamışdır.

 2008-ci ildə Prezident XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mikayıl Müşfiqin 100 illik yubileyi haqqında sərəncam imzalamışdır. Sənəddə diqqət Mikayıl Müşfiqin “yenilikçi şair” olmasına, yaradıcılığının “romantik ruhuna”, “dərin ictimai məzmununa” yönəldilir. Mühacirət həyatı yaşamış, represiyaya uğramış görkəmli Azərbaycan şairi Almas İldırımın yubileyinin ilk dəfə keçirilməsi barədə Prezidentin 16 aprel 2007-ci il sərəncamı da çox dəyərlidir. Almas İldırımın şəxsiyyəti və yaradıcılığı bu sərəncamda belə səciyyələndirilir: “2007-ci ildə müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, istiqlal şairi Almas İldırımın (İldırım Əbdülməhəmməd oğlu Almaszadə) anadan olmasının 100 illiyi tamam olur. Almas İldırımın yaradıcılığı Azərbaycan mühacirət poeziyasının bənzərsiz səhifələrindən birini təşkil edir. Şairin milli azadlıq və müstəqillik uğrunda mübarizəyə həsr olunmuş əsərlərində xalqımızın ağrılı tarixi taleyi, Vətən məhəbbəti və qəriblik mövzusu dolğun bədii əksini tapmışdır.”

XX əsr Azərbaycan ədəbiyyatının nəhənglərindən biri olan Hüseyn Cavidin anadan olmasının 125 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 17 aprel 2007-ci il tarixdə imzaladığı sərəncam ulu öndər Heydər Əliyev ənənələrinin ləyaqətli davamıdır. Sərəncamda deyilir: “2007-ci ilin oktyabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 125 illiyi tamam olur. Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynamış qüdrətli sənətkarlardandır. Öz qaynağını milli mədəniyyətin ən dərin qatlarından alan Hüseyn Cavid yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olmuşdur”. 

Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanları ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmuş və latın qrafikalı Azərbaycan əlifbasına keçidi, bütövlükdə, təmin etmişdir. Beləliklə,  latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımızın, təhsilimizin, mətbuatımızın bütün sahələrində tam yerini tutmuşdur.

Bununla yanaşı, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalırdı. Kiril əlifbasını bilməyən gənc nəsil klassik ədəbiyyatımızın nümunələrini, dünya ədəbiyyatının incilərini, folklor ədəbiyyatını oxumaq imkanlarından məhrum idi. Bu boşluğu doldurmağa mühüm ehtiyac günün ən vacib məsələlərindən ibarət idi.

Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətə çevrilmişdi.   Bütün bunları nəzərə alan möhtərəm Prezidentimiz İlham Əliyev bu sərəncamı verməklə yeni nəsil azərbaycanlılara böyük bir mənəvi-ədəbi sərvət bəxş etmiş oldu.

Biz cənab Prezidentimizin imzaladığı bütün sərəncamların – sənət, elm və ədəbiyyat adamlarının, mədəniyyət işçilərinin yubileylərinin keçirilməsi, onlara fəxri adların və dövlət mükafatlarının verilməsi, orden və medallarla təltif, Prezident təqaüdlərinin təyinatı, gənc istedadlarla əlaqədar təyinatlar və s. sərəncamların üzərində dayansaq, böyük bir əsər alınar. Və yəqin ki, belə bir vacib, əhəmiyyətli əsərin yaxın gələcəkdə yazılmasına nail olacağıq.

Prezident İlham Əliyevin son dövrdə qəbul etdiyi bu sərəncamlardan irəli gələn, həyata keçirilən bir sıra tədbirləri xatırlatmaq da yerinə düşərdi. Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, M.F.Axundovun, Xurşidbanu Natəvanın, M.Ə.Sabirin, H.Cavidin, olan Rəsul Rzanın və İlyas Əfəndiyevin yubileyləri barəsində verilən sərəncamları və bu mühüm sənədlərlə bağlı həyata keçirilən möhtəşəm yubiley tədbirlərini unutmaq qeyri-mümkündür.

 İlham Əliyev Azərbaycan mədəniyyəti və ədəbiyyatının milli-mənəvi həyatımızdakı yerini və rolunu olduqca dərindən bilir və onu yüksək dərəcədə qiymətləndirir, Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına böyük hörmət və məhəbbət bəsləyir. Kiçik bir nümunəyə nəzər salaq. 2005-ci il  aprelin 26-da Şamaxıda böyük klassikimiz İmadəddin Nəsiminin heykəlinin açılış mərasimində iştirak edən hörmətli Prezidentimiz İlham Əliyev dərin məzmunlu nitqində klassik irsə münasibətin əhəmiyyətini dərindən təhlil edərək belə açıqlayir: “Mənim üçün bu gün xüsusilə əzizdir, ona görə ki, bu gün Azərbaycan xalqının dahi şairi İmadəddin Nəsiminin heykəlinin açılışında iştirak edirəm. Hesab edirəm ki, bu, bizim həyatımızda çox əhəmiyyətli bir hadisədir. Otuz ildir ki, heykəlin ucaldılması haqqında qərar qəbul edilmişdir. Amma müəyyən səbəblərə görə biz buna nail ola bilməmişdik. Amma indi, bu gözəl gündə dahi Nəsiminin Vətənində, gözəl Şamaxıda Nəsiminin heykəli ucaldılır və biz bunu qeyd edirik. Bu, çox əlamətdar hadisədir, onu göstərir ki, biz öz tariximizə, öz mədəniyyətimizə, öz ədəbiyyatımıza böyük hörmətlə yanaşırıq. Başqa cür ola da bilməz”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı barədə xüsusilə geniş danışmaq istəyirəm.  Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi-tənqidi mətni hazırlanmışdır.

 Qeyd edək ki, bu proseslərin intensiv şəkil almağa başlaması əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilmiş, lakin İkinci Dünya müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci ildə keçirilməsi mümkün olmuşdur. O illərdən etibarən Nizaminin dövrü, həyatı və yaradıcılığı ilə bağlı yeni-yeni araşdırmalar aparılmışdır. Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir.

 Lakin Nizami Gəncəvi irsinin 1970-ci illərdən öyrənilməsi baxımından tamamilə yeni mərhələ başlayır. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır. Onu da qeyd edək ki, Nizami Gəncəvi ilə bağlı son yubiley tədbirləri ustad sənətkarın 850 illiyi ilə əlaqədar 1991-ci ildə keçirilməli idi. Lakin ölkədəki dərin siyasi, iqtisadi və sosial böhran buna imkan verməmişdir.

Bütün bunları nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şərq poeziyasının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə 23 dekabr 2011-ci il tarixli sərəncam imzalayır. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanır.

 Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliği işində bu sərəncamın misilsiz rolu vardır.  Belə bir deyim var: “Nizami Gəncədən doğdu, Azərbaycan göylərinə qalxdı və bütün dünyaya işıq saçdı.” Nizami Gəncəvinin Azərbaycan, o cümlədən dünya mədəniyyət və ədəbiyyat tarixində tutduğu yeri hörmətli Prezidentimiz İlham Əliyev həmişə yüksək qiymətləndirmiş, qədrşünaslıqla, böyük məhəbbət və ehtiramla, fəxarətlə qeyd etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Moldovaya rəsmi səfəri çərçivəsində Kişinyovda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin 21 aprel 2005-ci il tarixində Moldova Prezidenti Vladimir Voroninin iştitrakı ilə keçən açılış mərasimində iştirak etmiş və demişdir:

“Nizami təkcə şair, müdrik söz ustadı deyildi, həm də gözəl filosof idi. Onun əsərləri dünyanın azad fikir xəzinəsini layiqincə zənginləşdirmiş və bütün Şərq xalqlarını bəşəriyyətin firavanlığı naminə yaxşı, xeyirxah işlərə ruhlandırmışdır. Heç bir şübhə yoxdur ki, Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya mədəniyyətinin “Qızıl fondu”nun ən parlaq nümunələrini təşkil edir və bəşəriyyətin böyük nümayəndələrinin yaratdıqları əbədiyaşar abidələr sırasında fəxri yer tutur”.

Azərbaycan Prezidenti çıxışında daha sonra vurğulamışdır ki, Nizaminin bütün fəlsəfəsinin mərkəzində varlığın ali dəyəri, mənəvi zənginliyin və biliklərin tükənməz mənbəyi kimi insan durur. Nizami insanın cəmiyyətdə roluna öz baxışı prizmasından nəzər salaraq, antik irsi, Şərq fəlsəfəsini və Şərq poeziyasının çoxəsrlik poetik ənənələrini yaradıcılığında məharətlə əks etdirə bilmişdir. Böyük sənətkarların yaratdıqlarının ümumbəşəri əhəmiyyətinin xüsusiyyətlərindən biri budur ki, onlar həyati əhəmiyyətlidir, əbədiyaşardır, çünki onların mənası gözəllik və əzəmətdədir. Bu əsərlərdə əks olunmuş ümdə arzu – insanları xoşbəxt etmək istəyi ümumbəşəri mədəniyyət inkişaf tapdıqca, dünya miqyasında sivilizasiyanın səviyyəsi yüksəldikcə açıqlanır. Nizaminin yaradıcılığı bunun aşkar təsdiqidir. Onun bəşər sivilizasiyasının inkişafındakı rolunu bütün zəmanələrin bədii və fəlsəfi təfəkkürünün katalizatorları olmuş Aristotel, İbn Sina, Dante, Şekspir və Puşkin kimi dühalarla müqayisə etmək olar.

Diqqəti cəlb edən mühüm faktlardan biri də, Nizami Gəncəvinin 870 illik yubleyi münasibətilə YUNESKO-nun yaydığı bəyanatdır. Bu bəyanatda Nizami Gəncəvi irsinin və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müstəqil Azərbaycan dövlətinin  səyləri alqışlanır. Bəyanatda deyilir: “Dahi şair və mütəfəkkir Nizami Gəncəvi ümumbəşəri dəyərə malik bir sənətkardır. Bu il onun 870 illik yubileyinin keçirilməsi mədəniyyətlərarası dialoqa bir çağırışdır və YUNESKO bu yubileydə iştirakdan  böyük şərəf hissi duyur”. 

Bu bəyanatın məzmunundan da göründüyü kimi, Prezident İlham Əliyevin Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi barədə sərəncamının çox mühüm nəticələri olmuş, dünya mədəniyyəti miqyasında rezonans doğurmuşdur. Yubiley ilinin ən mühüm, fərəh doğuran xəbərlərindən biri də Pekindən gəldi. Belə ki, Çin Xalq Respublikasının paytaxtı Pekinin Çaoyan parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü qoyuldu. 28 oktyabr 2012-ci ildə uzaq Meksikanın Akapulko şəhərində isə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəlinin təntənəli təməlqoyma mərasimi keçirilib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında 23 dekabr 2011-ci il tarixli sərancamı ilə başlanan böyük, dünya miqyaslı tədbirlər silsiləsi 1 oktyabr 2012-ci ildə Bakıda, Heydər Əliyev Sarayında yekunlaşdı. Bu möhtəşəm tədbir qədirbilən xalqımızın dahi Nizami irsinə dərin və sonsuz məbəbətini bir daha təcəssüm etdirdi.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri, şeir və düşüncə dünyası haqqında qardaş Türkiyə Respublikasında da çox dəyərli elmi tədqiqatlar aparılır. Nizaminin 870 illik yubileyi ilə əlaqədar olaraq bütün türk dünyasında “Nizami Gəncəvi ili” elan edilmiş, Nizami Gəncəvinin yubileyi TÜRKSOY daxilində və beynəlxalq səviyyədə qeyd olunmuşdur. Böyük şairin əsərlərinin müxtəlif dillərə tərcüməsi təşkil olunmuş, dünyanın 25-dən çox ölkəsindən mədəniyyətşünaslar, ölməz Nizami poeziyasının araşdırıcıları, ədəbiyyatçılar, şairlər tədbirlərimizə dəvət olunmuş, həvəslə iştirak etmişlər. Yubiley tədbirləri TÜRKSOY xətti ilə türkdilli ölkələrdə, eləcə də Rusiya və Hindistanda, Çində, Meksikada, Moldovada, Fransada, Amerikada, dünyanın bir çox başqa ölkələrində xüsusi şəkildə qeyd edilmişdir, müsamirələr keçirilmiş, heykəllər, büstlər ucaldılmış, kitablar nəşr edilmişdir. 

Nəzərdən keçirdiyimiz bu möhtəşəm tədbirlərin hamısı Nizami Gəncəvi irsinin dünyada tanınmasına və dünya xalqları arasında yayılmasına, beləliklə də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və bütövlükdə, Azərbaycan xalqının dünyada daha da tanınmasına xidmət etmişdir. Və bu möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının böyük səyləri nəticəsində mümkün olmuşdur.

 Göründüyü kimi, böyük və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinin belə təntənəli surətdə keçirilməsi onu və Azərbaycanı dünya mədəniyyəti miqyasında bir daha tanıtdırmış, xalqımıza, dövlətimizə böyük başuğcalığı gətirmişdir. Yeri gəlmişkən xatırladım ki, Nizami Gəncəvi adına Ədəbiyyat Tarixi Muzeyinin yenidən qurulması və bərpası işi də məhz hörmətli Prezidentimiz İlham Əliyevin nəzərindən qaçmamışdır. Muzey ən yüksək səviyyədə təmir edilmiş, burada dahi şairin zəngin irsinin qorunması, öyrənilməsi və təbliği üçün gözəl şərait yaradılmışdır. Bu faktın özü də böyük Nizamiyə, ədəbiyyat tariximizə qayğı və məhəbbətin ifadəsidir.

Ulu öndər Heydər Əliyevin ədəbiyyata, mədəniyyətə göstərdiyi böyük qayğının onun ləyaqətli  davamçısı Azərbycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi Azərbaycan ədəbiyyatının yeni intibahı üçün geniş imkanlar açmışdır. Fikrimcə, Prezident İlham Əliyevin ədəbiyyatımıza və mədəniyyətimizə böyük məhəbbəti, hörmət və sevgisi möhtərəm dövlət başçımızın, bütövlükdə, Azərbaycan xalqına və milli dövlətçiliyimizə sonsuz sevgi və sədaqətindən qaynaqlanır.

 

Tərlan NOVRUZOV, filologiya elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında