Avropa Parlamentinin bəzi deputatlarının beynəlxalq hüququn norma və prinsiplərinə ikili standartlar mövqeyindən yanaşması ictimaiyyət nümayəndələrinin ciddi etirazına səbəb olub

 

 

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi  dövlət  quruculuğu və vətəndaş cəmiyyətinin bütün sahələrinin inkişafı  beynəlxalq aləmin diqqət mərkəzindədir. Ölkəmiz özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayır. Bu da respublikamızın dünya birliyindəki rolunu getdikcə artırır. Artıq Azərbaycan dünyanın dinamik inkişaf etmiş ölkələrindən birinə çevrilməkdədir.

Ölkəmizin bu inkişafı, demokratik ənənələrə sadiqliyi dünya miqyasında da dəyərləndirilir. Latviyanın Prezidenti Andres Berzinış respublikamıza səfəri zamanı bu inkişafı yüksək qiymətləndirərək demişdir: “Müstəqillik illəri ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər, həqiqətən də heyrətamizdir.Bu gün Azərbaycanda hər yerdə  və hər şeydə keyfiyyətə nəzər yetirilir. Bütün bunları tətbiq etmək  və həyata keçirmək çox çətindir, insanların psixologiyası dəyişməlidir. Prezident İlham Əliyev də bunu düşünür və uğurla həyata keçirir. Bu isə öz növbəsində ehtiram yaratmaya bilməz”.

Göründüyü kimi, respublikamızın sürətli tərəqqisi, demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi və dünya birliyinə inteqrasiyası digər ölkələrin rəhbərləri tərəfindən də yüksək qiymətləndirilir.

Azərbaycan dövləti gücləndikcə, beynəlxalq aləmdəki reytinqi artdıqca erməni lobbisi və bəzi ermənipərəst təşkilatlar ciddi təşviş keçirirlər. İkili srandart nümayiş etdirən bir sıra beynəlxalq qurumlar tərəfkeşlik meyillərindən hələ də əl çəkmir və bununla da beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edirlər. Avropa İttifaqının ikili standart və islamofobiya meyilləri də artıq özünü büruzə verir. Yaxın günlərdə Avropa Parlamentinin bir qrup deputatının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfəri də qurumun Azərbaycanla bağlı siyasətində ikili srandartlardan xəbər verir. Dünyada özünü  haqq  - ədalətin və  demokratiyanın tərəfdarı kimi tanıdan bir təşkilatın beynəlxalq hüququn norma və prinsiplərinə laqeyd münasibəti, həmçinin  ölkəmizin ərazi bütövlüyünə hörmətsizliyi ictimaiyyət nümayəndələrinin ciddi etirazına səbəb olub.

Çingiz Qənizadə, Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri:

- Bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili mövqedə olması birinci dəfə deyil. Biz əvvəllər də belə hallarla qarşılaşmışıq. Ancaq Avropa Parlamentinin təmsilçisinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfəri və bu səfər zamanı ermənilərə “biz sizin nökərinizik, sizdən hər hansı bir tapşırıq gözləyirik” kimi bəyanatlar verməsi həmin deputatın səviyyəsini göstərir. Millət vəkili hansısa bir millətin, hansısa bir dövlətin nökəri ola bilməz. Həmin millət vəkili öz xalqının nökəri olsaydı, bu, ona daha çox başucalığı gətirərdi. Bu cür parlamentarilər Avropa ölkələrindən olsalar da, həmişə də demokratiyadan, insan haqlarından və beynəlxalq hüquq normalarından danışsalar da, öz əməlləri ilə bunun əleyhinə gedirlər. Beynəlxalq hüququn norma və prinsiplərinə görə Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və hər hansı bir dövlətin və ya beynəlxalq təşkilatın Azərbaycanın daxili işlərinə qarışmağa hüququ çatmır. Bu gün heç bir dövlət Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı Azərbaycandan ayrı tanımayıb. Bu baxımdan  da Avropa Parlamentinin deputatları Dağlıq Qarabağa Azərbaycanın ərazisindən keçib getməli idilər. Onlar Azərbaycan hökumətindən xəbərsiz Dağlıq Qarabağa səfər etməklə beynəlxalq hüquq normalarına əməl etməyiblər. Ermənistan dövlətinin işğalçılıq siyasəti nəticəsində bu gün bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır.  Avropa Parlamentinin deputatları isə işğalçı dövlətə nökərçilik etdiklərini deyirlər və vədlər verirlər ki, gələcəkdə də onun sifarişlərini yerinə yetirəcəklər.

Milli Məclisin iclasında bu məsələ müzakirə obyektinə çevriləndə  Dağlıq Qarabağa səfər etmiş deputatların təmsil olunduqları ölkələrlə əlaqələrin birdəfəlik kəsilməsi barədə  fikirlər səsləndi. Ancaq mən bu fikirlərlə razılaşmıram. Biz Xarici İşlər Nazirliyi vasitəsilə bəyanatlar verməli və həmin ölkələrə öz etirazlarımızı bildirməliyik. Təbii ki, həmin dövlətlərin rəsmiləri bildirəcəklər ki, Dağlıq Qarabağa səfər etmiş deputatlar təmsil olunduqları dövlətlərin adından yox, öz adlarından çıxış ediblər. Bu məsələlərə parlament rəhbərliyi səviyyəsində etiraz olunmalıdır. Bizim parlamentin sədri Oqtay Əsədov da  bəyan etdi ki, artıq Avropa Parlamentinə etiraz məktubu hazırlanıb və belə halların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu və hörmətsizlik edildiyi  həmin etiraz məktubunda öz əksini tapıb.Gələcəkdə belə halların qarşısını almaq üçün həmin parlamentlərin reqlamentlərinə, yəni daxili qaydalarına  uyğun cəzalar tətbiq edilməsinə nail olmaq lazımdır. Keçmişdə də bəzi parlamentarilərin Azərbaycan hökumətindən xəbərsiz Dağlıq Qarabağa səfərlərinin şahidi olmuşuq. Əslinə qalsa, həmin parlamentarilər Dağlıq Qarabağa səfərlər etməklə heç nəyə nail ola bilməyəcəklər. Onlar öz ölkələrində beşinci, onuncu dərəcəli adamlardır və gəlib burda məddahlıq edirlər. Mənə elə gəlir ki, onların damarlarında erməni qanı var. Birinin əri, digərinin arvadı, qayınatası, qayınanası ermənidir. Onlar qarışıq millətin nümayəndələridir. Ona görə də belə hərəkət edirlər. Avropa Parlamentinin deputatlarının beynəlxalq hüququn norma və prinsiplərinə belə hörmətsizliyi təkcə öz ölkələrinin deyil, həm də təmsil olunduqları qurumun adına ləkədir. Hesab edirəm ki, gələcəkdə də belə hallar baş verə bilər və biz buna hazır olmalıyıq. Təbii ki, ilk növbədə Azərbaycanın Xarici İşlər Nazirliyi vasitəsi ilə ciddi etiraz bildirilməlidir. Mən hüquq müdafiəçisi olaraq Avropa Parlamenti deputatlarının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə  Azərbaycan hökumətinin xəbəri olmadan səfər etmələrini kəskin pisləyirəm və onların təmsil olunduqları parlament rəhbərliyindən bu deputatların cəzalandırılmasını tələb edirəm.

Fərəc Quliyev, Milli Məclisin deputatı, Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri:

– Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşmaq hər bir dövlətin və hər bir beynəlxalq təşkilatın borcudur. Əgər hansısa dövlət bizim suveren hüquqlarımıza laqeyd yanaşırsa, onlarla münasibətlərə yenidən baxılmalıdır. Azərbaycanın dövlət rəsmilərinin xəbəri olmadan, birbaşa Ermənistan ərazisindən Dağlıq Qarabağa səfət etmək ölkəmizin ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətsizlikdir. Hesab edirəm ki, bu cür halların qarşısını almaq üçün adekvat addımlar atılmalıdır. Mənim fikrimcə, ilk növbədə belə dövlətlərə nota verilməli və həmin dövlətlərlə iqtisadi münasibətlər dayandırılmalıdır. Avropa Parlamenti deputatlarının beynəlxalq hüquqa zidd hərəkətləri barədə Avronest Parlament Assambleyasının iclasında məsələ qaldıracağam. Beynəlxalq təşkilatlar beynəlxalq hüququn normalarına ciddi əməl etməlidir. Bu qurumların müəyyən öhdəlikləri də var. Bunlarla yanaşı Azərbaycanın hüquqlarına da hörmətlə yanaşılmalıdır. Heç bir beynəlxalq təşkilat Azərbaycana Ermənistanla əməkdaşlıq etməyə təzyiq göstərə bilməz. Bunlar hamısı təzyiq vasitələridir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü  və beynəlxalq hüququn normaları çərçivəsində həll olunmayana qədər Ermənistanla hər hansı bir əməkdaşlıq etmək qeyri-mümkündür. Ölkə başçısı da dəfələrlə bu məsələni vurğulayıb. Avropa Parlamenti kimi nüfuzlu bir qurumun deputlarının işğalçı bir dövlətə açıq şəkildə dəstək verməsi heç bir prinsipə uyğun deyil. Əksinə,  Avropa Parlamenti özünü beynəlxalq aləmdə gözdən salır. Mən bunu partiyamız adından qətiyyətlə pisləyirəm və bütün insanları bu etiraza qoşulmağa çağırıram. Avropa Birliyi yeri gəldikcə bizim resurslarımızdan istifadə edir. Hamıya məlumdur ki, Azərbaycan Avropanın enerji təminatında böyük rol oynayan ölkədir. Bu gün Azərbaycan Avropa üçün çox gərəkli bir ölkədir. Digər tərəfdən isə ölkəmizin suveren hüquqlarına hörmətsizlik göstərilir. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən qəbul edilib.Heç bir dövlətin ölkəmizin daxili işlərinə qarışmaq hüququ yoxdur.

Bünyamin Qəmbərli, BAXCP-nin təşkilat məsələləri üzrə katibi:

– Bəzi beynəlxalq təşkilatlar Ermənistanı dəstəkləməklə işğalçı dövləti daha da azğınlaşdırır. Bizim partiyamız Avropa Parlamenti deputatlarının Dağlıq Qarabağa səfərini kəskin pisləyən bəyanat qəbul edib. Belə bir nüfuzlu qurumun üzvlərinin beynəlxalq hüququn normalarına saymamazlıq göstərmələri həmin təşkilata qarşı inamsızlq yaradıb. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgəyə səfər edənlər ilk növbədə Azərbaycanın dövlət rəsmiləri ilə razılaşmalıdırlar. İşğalçı dövlətə dəstək vermək hər hansı bir beynəlxalq təşkilata xas olmayan xüsusiyyətdir. Ermənistan beynəlxalq aləmdə  artıq işğalçı dövlət kimi tanınıb. Bu ölkənin işğal altında saxladığı əraziyə səfər etmək ikrah doğuran bir hadisədir. Ermənistan silahlı qüvvələrinin törətdikləri dəhşətli soyqırımı aktları dünyanın əksər ölkələrinə məlumdur. Hətta bir sıra ölkələrin parlamentləri bu soyqırımını pisləyən qətnamə də qəbul ediblər. Belə bir qətnamə Avropa İttifaqı tərəfindən də qəbul edilib. Bunun üstündən Avropa Parlamentinin bir qrup deputatının Ermənistanın işğal etdikləri ərazilərə səfər etmələri onlara dəstək vermələri kimi dəyərləndirilməlidir. Bu da beynəlxalq təşkilata yaraşmayan cəhətdir. Həmin deputatlar heç olmasa, Ermənistan silahlı qüvvələri tərəfindən dünyada analoqu olmayan Xocalı soqırımını gözləri önündə canlandırmalı idilər. Biz Avropa Parlamentini beynəlxalq hüquqa hörmətlə yanaşmağa çağırır və qurumun deputatlarının Azərbaycan hökumətindən xəbərsiz Dağlıq Qarabağ bölgəsinə səfərini kəskin pisləyirik.

Taleh Əliyev, Ümid Partiyası sədrinin seçki və təbliğat məsələləri üzrə müavini:

– Avropa Parlamenti deputatlarının Dağlıq Qarabağa səfərini bu qurumun Azərbaycanın suveren hüquqlarına hörmətsizliyi kimi dəyərləndiririk. Partiyamız beynəlxalq təşkilatların ikili siyasət yeritmələrini qətiyyətlə pisləyir və rədd edir. Azərbaycan Avroatlantik məkana inteqrasiya olunan bir ölkə kimi daha çox Avropanın demokratik dəyərlərinə yiyələnir və bu istiqamətdə əməkdaşlığını davam etdirir. Çox təəssüf edirik ki, biz Avropa Birliyinin demokratiyaya zidd əməlləri ilə rastlaşırıq. Avropa Parlamenti üzvlərinin Dağlıq Qarabağa səfəri və işğalçı dövlətə nökərçilik etmələri bu qurumun nüfuzuna ciddi zərbə vurdu. Partiyamızın üzvləri özünü beynəlxalq aləmdə demokratik bir qurum kimi göstərən bəzi Avropa ölkələrinin ikili siyasətindən ciddi narahatlığını bidirmiş və belə halların yolverilməz olduğunu bəyan etmişdir. Beynəlxalq təşkilatlar, o cümlədən dünya birliyi münaqişələrin beynəlxalq hüququn normaları çərçivəsində tənzimlənməsinə çalışdıqları bir vaxtda Avropa Parlamenti deputatlarının işğalçı dövlətə dəstək vermələri münaqişənin nizamlanmasına əngəl törədir və işğalçı dövləti daha da quduzlaşdırır.Biz belə halları qətiyyətlə pisləyirik və Avropa Parlamentini beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət etməyə çağırırıq.

Qələmə aldı:  Əliqismət BƏDƏLOV,
  “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında