Azərbaycan müstəqil siyasət yeridir və Avropa İttifaqı ilə yalnız bərabərhüquqlu tərəfdaş kimi əlaqələri inkişaf etdirməyə hazırdır

 

 

 Heç bir qüvvə bizi təzyiq  yolu ilə mövqeyimizdən çəkindirə bilməz

Azərbaycanda həyata keçirilən xarici siyasətin əsas prioritetlərindən biri beynəlxalq təşkiatlarla ikitərəfli əlaqələri və  bərabərhüquqlu münasibətləri möhkəmləndirmək, bu  münasibətləri qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurmaqdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan strategiya ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını getdikcə sürətləndirdi. Müstəqil dövlətimiz bir -  birinin ardınca beynəlxalq təşkilatlara üzv oldu və illər keçdikcə həmin təşkilatların layiqli üzvlərindən birinə çevrildi.

Azərbaycanın Avropaya inteqrasiyası  ümummili lider Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərliyə qayıdışından sonra başlamışdır.  Müstəqil dövlətimizlə  Avropa İttifaqı  arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi qoymuşdur. Bu sənəd 1996-cı il aprel ayının 22-də Lüksemburq şəhərində imzalanmış və sazişi  imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra    1 iyul 1999-cu il tarixində qüvvəyə minmişdir.  Saziş əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə yeni təkan vermişdir. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən birini Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir.

2000-ci ildən etibarən Azərbaycan Respublikasının Avropa İttifaqı  yanında Daimi Nümayəndəliyinin yaradılması və  Brüsseldə fəaliyyət göstərməsi bu nüfuzlu qurumla ölkəmiz arasında əlaqələri getdikcə möhkəmləndirdi. Biz bu gün də bu qurumla ikitərəfli əməkdaşlığın şahidiyik.

Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev beynəlxalq təşkilatlarla ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə böyük önəm verir. Dövlətimizin  başçısı xarici siyasətin prioritet sahələrindən söhbət açarkən demişdir: “Biz ikitərəfli formatı gücləndirməliyik. İkitərəfli format bizə böyük uğurlar gətirir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan ilə daha da sıx münasibətlər qurmaq istəyən ölkələrin sayı artır, bizim xarici diplomatiyamız çox fəaldır. Mənim çoxsaylı xarici səfərlərim bu gözəl bazanı möhkəmləndirir və ölkəmizə mənim həmkarlarımın səfərləri və aparılan danışıqlar ikitərəfli formatı gücləndirir. Yəni, bizim xarici siyasətdəki əsas istiqamətimiz ikitərəfli əlaqələrdir. Deyə bilərəm ki, ikitərəfli əlaqələrdə tərəfdaş ölkələrin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, biz bərabərhüquqlu münasibətlər formalaşdıra bilmişik. Bu, çox vacibdir. Bu, belə də olmalıdır. Çünki ikitərəfli formatda bərabərhüquqlu münasibətlər yeganə mümkün olan münasibətlərdir. Bizim yanaşmamız ondan ibarətdir ki, siyasətimiz xoşniyyətlidir, əməkdaşlığa, bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə yönəldilibdir. Əlbəttə ki, bu münasibətlər qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulmalıdır”.

Azərbaycan Prezidentinin beynəlxalq təşkilatlra, xüsusilə Avropa İttifaqı ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verməsi  2004 - cü il iyunun 14 - də Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə daxil etmək haqqında Avropa İttifaqı Şurasının qərarında da özünü büruzə verdi. Bu, həmin təşkilatla  ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olmuşdur. Avropa İttifaqı ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən Avropa Qonşuluq Siyasəti ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olmuşdur.   Avropa Qonşuluq Siyasəti ölkəmiz üçün  siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Avropa İttifaqınin daxili bazarında müəyyən paya sahib olma imkanı, vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində iştirak, Avropa İttifaqına  üzv ölkələr ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi və digər imkanlar yaratmışdır.  Azərbaycanla  Avropa İttifaqı  arasında əməkdaşlıq getdikcə möhkəmlənmiş və bu əməkdaşlığın əsas istiqamətlərindən birini enerji dialoqu təşkil etmişdir. Bu çərçivədə Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il noyabrın 7 - də  Brüsselə səfəri zamanı imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaratmışdır. Bu Memorandumun əsas məqsədləri Avropa İttifaqının  enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir. Məhz bunun nəticəsi olaraq bu gün Azərbaycan Avropanın enerji təminatında əsas rol oynayan ölkələrdən birinə çevrilib.

 Ölkəmizin  Avropa İttifaqının nəqliyyat və enerji sahələrində təşəbbüslərində iştirakı beynəlxalq miqyasda  yüksək dəyərləndirilir. Avropa İttifaqının TRASECA proqramının dəstəyi ilə “Tarixi İpək Yolunun bərpası” adlı Beynəlxalq Konfransın məhz Bakıda keçirilməsi ölkəmizə göstərilən etimadın bariz nümunəsi idi. 32 ölkə və 12 beynəlxalq təşkilat nümayəndələri bu konfransda iştirak etmişlər. Konfransda əldə edilmiş ən mühüm nailiyyət Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Ukrayna, Moldova, Rumıniya və Bolqarıstanın imzaladığı “Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş” (Əsas Saziş) və onun Texniki Əlavələri olmuşdur. 

“Yeni İpək Yolu” adlandırılan TRASECA proqramı Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini inkişaf etdirən bir proqramdır. Proqramın məqsədi qeyd edilən dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların alternativ nəqliyyat yolları vasitəsilə Avropa və dünya bazarlarına çıxış imkanlarını yüksəltmək və Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir.

 Azərbaycanın iqtisadi qüdrəti artıqca beynəlxalq aləmdəki əlaqələri də möhkəmlənmişdir. Bu da dünya birliyinin diqqətindən yayınmamışdır. Artıq müstəqil dövlətimiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınırdı. Respublikamız  hər hansı xarici tərəflə əlaqələr qurarkən, bu əlaqələrin inkişafını əməkdaşlıq görüntüsü yaratmaq üçün həyata keçirmir, Avropa institutları və Avropa ölkələri ilə münasibətlərə gəldikdə isə onlar Azərbaycan  Prezidenti  İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyaya əsaslanır. Bu strategiyaya uyğun olaraq  ilk növbədə münasibətlər  bərabərhüquqlu olmalı və əməkdaşlıq edən tərəflərin konkret maraqlarından irəli gəlməlidir. Ölkəmizin regionda gündən-günə artan siyasi və iqtisadi çəkisi, sürətli inkişaf yoluna qədəm qoyması və davamlı ictimai - siyasi sabitliyin təmin olunması Avropa İttifaqının Azərbaycana olan marağını keyfiyyətcə yeni səviyyəyə yüksəltmişdir. İkitərəfli görüşlər,  geniş formatlı danışıqlar, məsləhətləşmələr Avropa İttifaqı kuluarlarında gedən fikir mübadilələri zamanı da bunun şahidi oluruq. Artıq  2008-ci ilin fevralından  etibarən Avropa Komissiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi Bakıda fəaliyyət göstərir. Bundan sonra Azərbaycan - Avropa İttifaqının əməkdaşlığı yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi beynəlxalq ekspertlər tərəfindən də yüksək dəyərləndirilir.

Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığın yüksələn xətt üzrə inkişafı təbii ki, erməni lobbisini, bəzi ermənipərəst mövqedə olan siyasi riyakarları və hələ də ikili mövqe nümayiş etdirməkdən əl çəkə bilməyən bir sıra beynəlxalq qurumları çox ciddi narahat edir. Onlar qərəzli, qeyri - obyektiv bəyanatlar səsləndirməklə ölkəmizə təzyiq etmək istəyirlər və  bu yolu seçməklə  Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyini və bu problemin nizamlanmasında  qurumun fəaliyyətini zəiflətmək istəyirlər. Məlum olduğu kimi, qanunverici qurum olan Avropa Parlamenti  bu günədək qəbul etdiyi çoxsaylı qətnamələrdə (misal üçün, 2010-cu ildə Cənubi Qafqaz bölgəsi ilə bağlı, 2012-ci ildə Azərbaycan və Ermənistanla aparılan assosiasiya sazişi üzrə danışıqlarla bağlı) Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu bəyan edərək işğalçı qüvvələrin Dağlıq Qarabağ bölgəsi daxil olmaqla bütün işğal olunmuş ərazilərdən dərhal çıxmasını tələb etmişdir. Avropa Parlamentinin  prezidenti  Martin Şultz  müsahibələrinin birində  mövqeyini açıq şəkildə səsləndirərək demişdir: “Bizim mövqeyimiz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyünə hörmətə əsaslanır. Bunun üçün də Avropa Parlamenti dəfələrlə BMT TŞ qətnamələrinə uyğun olaraq işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxmasını tələb etmişdir”.

Bütün bunlara baxmayaraq, Avropa parlamentinin bəzi nümayəndələri ikili standart nümayiş etdirərək ölkəmizdəki inkişafı görməməzliyə vurur, işğalçı Ermənistana açıq şəkildə dəstək verirlər. Ötən günlərdə Avropa parlamentinin bir qrup deputatının Azərbaycan hökuməti ilə razılaşdırılmadan Dağlıq Qarabağ bölgəsinə səfər etmələri və ermənilərə “Biz sizin nökərlərinizik. Hər bir sifarişinizi yerinə yetirməyə hazırıq deməklə” - bu qurumun nüfuzuna böyük zərbə vurmuşlar. Azərbaycana birinci dəfə gələn  və Azərbaycan haqqında ümumiyyətlə heç bir məlumatı olmayan Avropa Komissiyasının elektron məsələləri üzrə vitse-prezidenti xanım  Neelie Kroesin ölkəmizdə  internet azadlığı barədə qərəzli bəyanat verməsi onun ermənipərəst mövqeyindən irəli gəlmişdir. Çünki bu gün Azərbaycanda internet azadlığı olması barədə beynəlxalq aləmdə yüksək fikirlər səsləndiyi bir vaxtda xanım Neeli Kroes təmsil olunduğu qurumun şərəfinə ləkə gətirən qərəzli bəyanat vermişdir. Xanım Neelie Kroes Azərbaycanda BMT-nin təşkilatçılığı ilə keçirilən VII İnternet İdarəçiliyi Forumunun açılış sessiyasına və mərasiminə dəvətli olsa da,  nədənsə bu mühüm tədbirlərə gəlmədi. Görünür belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi Neelie Kroesin qısqanclığına səbəb olub.

Onu da qeyd edək ki, VII Beynəlxalq İnternet İdarəçiliyi Forumu BMT-nin təşkilatçılığı ilə keçirilmişdi. Bu Foruma 1500-dən artıq internet idarəçiliyi ilə məşğul olan xarici mütəxəssis, rəhbər gəlmişdi və 20-dən artıq ölkənin nazirləri iştirak edirdi. Bu nümayəndələrin arasında BMT-nin Baş katibinin müavini, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi cənab Ture, İnternet İdarəçilik Korporasiyasının prezidenti cənab Fadi Şehad, ABŞ Beynəlxalq İnternet Cəmiyyətinin prezidenti xanım Lin St. Amur, ABŞ Dövlət Departamentindən İnformasiya və Kommunikasiya üzrə baş koordinatoru cənab Vervyer, “Google” şirkətinin vitse-prezidenti cənab Vinton Serf və İnternet İdarəçiliyi sahəsində onlarla belə yüksək mənsəb sahibləri vardı. Yuxarıda adlarını sadaladığım rəhbər nümayəndələr, eyni zamanda, Böyük Britaniyanın, Sloveniyanın, Misirin nazirləri, eləcə də digər natiqlərin əsas mövqeyi ondan ibarət idi ki, Azərbaycan İnternet İdarəçiliyi sahəsində, həqiqətən də, böyük uğurlar qazanıb. Azərbaycanda internet azadlığı var. Dünya ictimaiyyəti İnternet İdarəçiliyi sahəsində, ifadə azadlığının təmin edilməsində Azərbaycan hökumətinin fəaliyyətinə yüksək qiymət verərək Azərbaycanı regionun lideri hesab etdiyi bir vaxtda , Avropa Komissiyasının nümayəndəsi  xanım Neelie Kroes isə qarayaxmalarla məşğul olur.

Almaniyalı deputat Kartin Verner ölkəmizə qarşı belə böhtan və qərəzli fikirlər səsləndirənlərə cavab olaraq demişdir ki, 2012 - ci ildən Qoşulmamaq Hərəkatının üzvü olan Azərbaycan iqtisadi qüdrətinin artması fonunda suveren, tarazlaşdırılmış siyasət yeridir. Avropa İttifaqı isə əksinə, özünün uğursuz böhran menecmenti ucbatından, başqa ölkələr üçün cəlbediciliyini xeyli itirmişdir. Azərbaycanın Avropa İttifaqına daxil olmaq perspektivi görünmür, enerji  təhlükəsizliyi məsələsinə gəldikdə isə, Azərbaycan Avropa İttifaqından yox, əksinə, məhz Avropa İttifaqı Azərbaycandan neft və qaz idxal edir. Azərbaycanı nöqsanlara görə tənqid etmək yox, demokratiya zəminində qazandığı uğurlara görə tərifləmək lazımdır. Əslində indi Azərbaycan iqtisadiyyatı çox dinamik inkişaf edir. Yoxsulluq səviyyəsi xeyli azalmış, əhalinin gəlirləri isə nəzərəçarpacaq dərəcədə artmışdır. Belə faktları istənilən qədər sadalamaq olar. Beynəlxalq qurumların, xüsusilə Avropa Parlamentinin bəzi üzvlərinin ölkəmiz haqqında səsləndirdikləri qərəzli, böhran xarakterli fikirləri isə Azərbaycana təzyiq kimi dəyərləndirilməlidir. Bu gün ölkəmiz müstəqil siyasət yeritdiyindən heç bir dövlətin və ya beynəlxalq təşkilatın bizimlə təzyiq yolu ilə danışmağa haqqı çatmır. Ölkə başçısı İlham Əliyev də öz çıxışlarında bunu qəti şəkildə bildirərək demişdir: “Azərbaycana təzyiq və şantaj etmək mümkün deyil. Qara yaxmaq, böhtan yaymaq olar, ancaq bunlar bizə yapışmır. Çünki reallıq, həqiqət tam başqadır. Reallıq ondan ibarətdir ki, Azərbaycan müstəqil, müasir, dünyəvi, dinamik inkişaf edən sosial dövlətdir... Biz müstəqil siyasət aparmağa qadirik, bunu edirik. Hətta ən çətin dövrdə, iqtisadiyyatımız ağır vəziyyətdə olan dövrdə biz yolumuzdan dönməmişik, qaldı ki, indi. Azərbaycan regionda lider ölkədir. Cənubu Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycan iqtisadiyyatıdır”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında