Almaniyada insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması BMT-də kəskin pislənildi

 

 

Almaniyalı hüquq müdafiəçiləri öz ölkələrində insan haqlarının pozulmasına və irqçilik  təzahürlərinə görə üzr istəməyə məcbur oldular

Azərbaycanın sürətli inkişaf yolunda inamla irəliləməsi ikili mövqe nümayiş etdirən bəzi hüquq müdafiəçilərinin qısqanclığına səbəb olur. Bu, artıq özünü açıq şəkildə büruzə verir. Həmin üzdəniraq hüquq müdafiəçiləri öz ölkələrindəki  rüsvayçı halları görməməzliyə vuraraq digər ölkələrə demokratiya dərsi keçmək istəyirlər.

Aprelin 25-də Cenevrədə BMT-nin İnsan Haqları Şurasının iclasında Almaniyada insan haqlarına necə hörmət və riayət olunmasının kəskin tənqid edilməsi məsələsi ilə mətbuat vasitəsilə tanış olanda gözlərim önündə Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Almaniya parlamentinin üzvü Kristofer Ştrasserin Azərbaycandakı  “siyasi məhbuslarla” bağlı “hesabatı” canlandı. Bax, belə yerdə deyiblər ki, “hüquq müdafiəçisi”  öz gözlərində tiri qoyub başqalarının gözündə tük axtarır. Onu da qeyd edək ki, BMT-nin İnsan Haqları Şurasının iclasında Almaniya hökumətinin insan haqları üzrə müvəkkili Markus Löninq başda olmaqla bu ölkənin nümayəndə heyəti  də iştirak edirdi.  Onlar BMT-nin üzvü olan 100-ə yaxın ölkə qarşısında  bu ölkədə insan hüquq və azadlıqlarının kobud şəkildə  pozulması ilə əlaqədar deyilən faktlar qarşısında mat qaldılar və deməyə söz tapmadılar. Almaniyada insan haqlarına necə hörmət və riayət olunması beynəlxalq birlik tərəfindən kəskin tənqid olundu.

 Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Şurasının BMT-nin üzvü olan 193 dövlətin hər birində insan haqlarına necə riayət edilməsinin yoxlanılması, bu haqlara riayət məsələsində vəziyyətin real yaxşılaşdırılmasına yönəlmiş yeni və nadir mexanizm hazırlayıb. Universal dövri icmal adlanan bu mexanizmə uyğun olaraq, hər 4 - 5 ildə bir dəfə BMT-nin üzvü olan bütün dövlətlərdə insan haqlarına riayət edilməsinin vəziyyəti nəzərdən keçirilir.  Hər icmalın nəticəsi xüsusi məruzə və ya “yekun sənəd” şəklində tərtib edilir və həmin sənəddə sessiyada müzakirə olunan dövlətə verilmiş, o cümlədən qəbul edilmiş tövsiyələr öz əksini tapır.

BMT-nin İnsan Haqları Şurasının iclasında 97 dövlətin nümayəndələri Almaniya nümayəndə heyətinin üzvlərini  sözün həqiqi mənasında nokdauna salmışlar.  Çıxış edənlər bu ölkədə insan hüquq və azadlıqlarının kəskin şəkildə pozulduğunu tutarlı  faktlarla əsaslandıraraq Almaniyadan    olan nümayəndə heyətinə layiqli “sürpriz” təqdim etmişlər. Faktlar qarşısında aciz qalan Almaniya hökumətinin insan haqları üzrə müvəkkili Markus Löninq əvvəlcə  öz ölkəsinə haqq qazandımağa çalışaraq söylənilən fakların nasistlər tərəfindən təşkil edildiyini bildirmişdir. Lakin sonradan çıxış yolu tapa bilməyən  Almaniyanın bir nömrəli hüquq müdafiəçisi alman müstəntiqlərinin yol verdiyi məşum səhvləri etiraf etməli və öz ölkəsi adından Türkiyədən və BMT-dən dönə-dönə üzr istəməli olmuşdur. Hətta  Almaniyaya  dost ölkələr  hesab olunan Böyük Britaniya və Fransa da Almaniya hökumətindən tələb etmişlər ki, bu ölkədə irqçilik və əcnəbilərə münasibətdə düşmənçilik təzahürlərinə qarşı səmərəli mübarizəyə başlasınlar. 

Almaniyanın “bir nömrəli hüquq müdafiəçisi” kimi tanınan Markus Löninqin öz ölkələrində insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, həmçinin  bu ölkədə irqçilik və əcnəbilərə münasibətdə düşmənçilik təzahürlərinin təsdiqlənməsinə görə  BMT-nin İnsan Haqları Şurasının iclasında dönə-dönə üzr istəməsi, yuxarıda qeyd etdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Almaniya parlamentinin üzvü Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı “hesabatı” bir anlığa gözlərim önündə canlandırdı. Öz ölkəsindəki rüsvayçı halları görməzliyə vuraraq digər ölkələrdə haqq-ədalət axtaran, daha doğrusu, “insanların pozulmuş hüquqlarının bərpasına çalışan”  Kristofer Ştrasser də hazırladığı hesabata görə rüsvay oldu. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında bir-birinin ardınca rüsvay olan almaniyalı hüquq müdafiəçilərinə olan inam  artıq tamamilə itib. Dünyada demokratik ölkə imici yaratmaq  və digər ölkələrə “demokratiya dərsi” keçmək istəyən Almaniyanın hüquq müdafiəçiləri beynəlxalq aləmdə yalançı, böhtançı, qərəzli kimi tanınırlar. Elə Almaniya parlamentinin üzvü Kristofer Ştrasserin Avropa Şurası Parlament Assambleyasının son sessiyasında  Azərbaycanda “siyasi məhbus”larla bağlı “hesabatı” da onun qərəzli mövqeyindən və ikili standart nümayiş etdirməsindən xəbər verirdi. Kristofer Ştrasserin hesabatı 125 deputatın bu sənədə qarşı səs verməsi ilə rədd edildi. 2009-cu ilin mart ayında məruzəçi təyin olunmuş almaniyalı deputat son 3 ildə mövcud problemləri müzakirə etmək əvəzinə Azərbaycana qarşı qərəzli və  ikili standartlı bəyanatlar verməyə başladı. Hətta Azərbaycan hökumətini onu ölkəyə buraxmamaqda ittiham etdi.

Həmişə müxalifət mövqeli olan  hüquq müdafiəçilərimiz də  hətta K.Ştrasserin yalanlarına dözə bilmədi. Çünki onun təqdim etdiyi “siyasi məhbus”lar arasında elələri var idi ki, onlar çoxdan Prezidentin sərəncamı ilə əfv olunmuş, bəziləri isə  dünyalarını dəyişmişlər. Ən təəccüblüsü isə o idi ki,  K.Ştrasserin siyahısındakı bəzi  “siyasi məhbus”lar Azərbaycanda yaşamırdılar. Almaniyalı hüquq müdafiəçisi siyahını artırmaq naminə özündən qondarma adlar uydurmuşdu.  Kimlərinsə sifarişini yerinə yetirən Ştrasser hətta üzv olduğu Avropa Şurasından dəfələrlə tələb edirdi ki,  Azərbaycan hökumətinə təzyiq göstərin. Üzdəniraq hüquq müdafiəçisi  deyirdi ki, bu təzyiqi görməyəndə məyus oluram: “Mən bütün Avropa Şurasının üzv ölkələrinə deyirəm ki, hadisələrə nəzər salsınlar və Azərbaycandakı siyasi məhbuslarla həmrəylik bildirsinlər”. Belə bir saxtakar və qərəzli hüquq müdafiəçisinin öz ölkəsində baş verən insan hüquq və azdlıqların kobud şəkildə pozulması artıq BMT-də müzakirəyə çıxarılmışdır.  Avropa Şurası Parlament Assambleyasında siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin bütün cəhdlərinə baxmayaraq, onun Azərbaycanda siyasi məhbuslara dair hazırladığı qətnamə layihəsi qəbul olunmadı. AŞPA - nın sessiyasında rüsvay olan  Kristofer Ştrasser etiraf  etdi ki, o, Azərbaycana gəlmədən, məhbuslarla görüşmədən belə bir  siyahı hazırlayıb. “Faktları” isə Azərbaycan müxalifətinin nümayəndələri vasitəsi ilə əldə etdiyini bildirdi. Təbii ki, həmin “faktların” ötürülməsində radikal müxalifətin böyük canfəşanlığı olub. Axı, belə xəyanətkarlar və satqınlar ölkəmizin beynəlxalq aləmdə sürətlə artan reytinqinə xələl gətirmək üçün düşmən dairələrin sifarişlərini yerinə yetirirlər. K.Ştrasserin yalan və qərəzli hesabatından sonra üzr istəməkdən başqa ayrı yolu yox idi. Sonra mətbuat konfransı keçirən Ştrasser öz çıxışında missiyasının başa çatdığını bildirərək demişdir: “Mənim missiyam başa çatdı. Mən məğlub oldum”.

Göründüyü kimi, Almaniyanın hüquq müdafiəçiləri bir - birinin ardınca üzr istəməyə başlayıblar. Ancaq bu, vəziyyətdən çıxış yolu deyil. Əsl reallıq isə hadisələrə obyektiv və düzgün qiymət verməkdir. Necə olur ki, öz ölkəndə insanların və əcnəbilərin hüquqlarının kobud şəkildə pozulduğunu ört - basdır edirsən, digər ölkələrdən isə haqq - ədalət tələb edirsən.  

Cenevredə BMT-nin İnsan Haqları Şurasının iclasında Rusiya Federasiyasının nümayəndələrinin kəskin bəyanatı bundan xəbər verirdi. Məlum olduğu kimi, Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Qoltyayev AFR-in hakimiyyət orqanlarını açıq-aşkar irqçilikdə ittiham etmişdir. O, Almaniya polisi tərəfindən güc tətbiq edilməsində ifrata varmaq yolu ilə hakimiyyətdən sui-istifadə olunduğuna diqqəti cəlb etmişdir. Rusiya nümayəndəsi onu da vurğulamışdır ki, Almaniyada yaşayan milli azlıqların vəziyyəti Moskvanı narahat edir, bu insanlar dövlət səviyyəsində ayrı-seçkiliyin qurbanları olurlar. Nikaraqua, Şimali Koreya, Kuba, Belorus, Ərəbistan və Pakistan nümayəndələri də Almaniyada vəziyyəti tənqid etmişlər. 

Hüquq müdafiəçilərinin Kristofer  Ştrasserin vətəni Almaniyada insan haqlarının pozulmasını, polisin vətəndaşlara təzyiqini və digər halları monitorinq etməsi həmin ölkənin rəsmiləri tərəfindən etirazla qarşılanıb. Çünki monitorinqin nəticələri onların istədikləri kimi olmayıb.  Belə çıxır ki, Qərb dövlətlərini tənqid etmək olmaz və onlar toxunulmazdır. Başqa ölkələrdə insan haqlarını təftiş edən almaniyalı hüquq müdafiəçiləri onların ölkəsində  monitorinqin aparılmasının əleyhinədirlər. Bu, demokratiya ilə bir araya sığırmı? Bütün bunları BMT-nin işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı konvensiyasının kobudcasına pozulması kimi qiymətləndirmək olar.

BMT-nin İnsan Haqları Şurası iclasda qeyri-hökumət hüquq-müdafiə təşkilatları tərəfindən söylənilmiş və dinlənilmiş bütün etirazlar əsasında növbəti həftəyə qədər Almaniya üçün öz tövsiyələrini hazırlayacaqdır. Merkel hökuməti isə mürəkkəb seçim qarşısındadır - BMT-nin İnsan Haqları Şurasının tövsiyələrinə riayət etmək, yoxsa əvvəlki mövqeyində qalmaq?

Ümid etmək olar ki, BMT-nin İnsan Haqları Şurasının  iclasında  Almaniyada insan hüquq və azadlıqlarının pozulmasının, insanlar arasında  dövlət səviyyəsində ayrı-seçkiliyə yol verilməsinin  kəskin tənqid olunması,  bu ölkədə irqçilik və əcnəbilərə münasibətdə düşmənçilik təzahürlərinə ciddi etiraz öz bəhrəsini verəcək. Yəqin ki, bundan sonra almaniyalı hüquq müdafiəçiləri bir daha  başqalarının gözündə tük axtarmayacaqlar. Nəhayət, onlar öz gözlərindəki tiri də görmək barədə düşünməlidirlər.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında