Rüstəm İbrahimbəyovun başına Yusif Sərrac torbasını kim keçirir?

 

 

Görəsən, Azərbaycan müxalifətinin son 20 ildə anlaya bilmədiyi nələrdir?

 “El” hərəkatının  siyasi meydana “atılmasi”ndan sonra  onun mövcudluğu və özünü tanıtmaq cəhdləri barədə  kütləvi informasiya vasitələrində bir çox məlumatlara rast gəlmişdik. Ancaq belə ifadəni hələ eşitməmişdik.  Daha doğrusu, belə ifadələri Kəşmir problemi, Fələstin münaqişəsi barədə çox eşitmişdik. Ancaq Azərbaycan kimi ərazicə kiçik bir ölkədə iki siyasi partiyanın təzəcə doğulmuş - yavru bir hərəkatla apardığı danışıqlar barədə belə ifadənin işlədilməsi qətiyyən ağlabatan görünmürdü.  Söhbət mətbuatda  işlədilən bir ifadədən gedir: “El” hərəkatının Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə apardığı danışıqlar çox ağır gedir”.

Allah bu ağır yükü heç düşmənə də göstərməsin. Hərəsində yüz - yüz əlli adam olan iki partiya ilə üç nəfərlik hərəkatın danışıqları nədən belə dalana dirənib?  Sən demə, bu sualın cavabı da elə həmin materialda imiş: “Son 20 ildə müxalifət liderlərinin xasiyyətinə ambisiyalar elə hopub ki, bu xasiyyətdən uzaqlaşmaq onlar üçün çox çətindir”. Necə deyərlər, hamı biz deyəni deyir. Biz dönə-dönə vurğulamışıq ki, Azərbaycan müxalifətini məhv eləsə ancaq öz ambisiyası, düşərgə rəhbərlərinin müştəbehliyi məhv edəcək. Görünən yol bu adamları elə oraya aparır.

Doğrudur, bu adamların hamısı özündənrazıdır. Ancaq insafən, bu məsələdə AXCP sədri Əli Kərimli bir az öndədir. Elə ona görə də reneqat Eldarın “El” hərəkatından gələn həmin ittihamları qəbul eləmir. Özü də necə?   Soruşur: “Onlar müxalifət liderlərinin ambisiyasından danışanda mən anlamıram ki, söhbət nədən gedir”.  Yəni,  bu adam konkret olaraq bu ifadəsiylə sübut edir ki, mən istənilən məsələni özümün bildiyim kimi həll edəcəm və kiminsə çağırışı mənim üçün əhəmiyyətsiz bir şeydir. “El”in həmin çağırışı və Əli Kərimlinin bu cavabı sübut edir ki, politoloq Ərəstun Oruclu “Hər hansı bir birlikdən danışmaq , ümumiyyətlə, absurddur” - deyəndə tamamilə haqlı imiş. Halbuki, reneqatlar öz hərəkatlarını yaradanda çox böyük vəd vermişdilər ki, biz tezliklə müxalifət düşərgəsini birləşdirəcəyik. Ay birləşdirdilər ha! Ölmüşdü AXCP ilə Müsavat.

Yeri gəlmişkən,  reneqat Eldar Namazovla  ermənipərəst Rüstəm İbrahimbəyovun ölkənin bütün müxalifətini birləşdirmək üçün göstərdiyi təşəbbüslər  artıq əks-nəticələr  verməyə başlayıb. Belə ki, onların təklif etdiyi birlik formatı – Milli Şuraya dair ölkənin 3 siyasi  qurumu arasında gedən danışıqlar artıq bu təşkilatları düşmən etmək  üzrədir.  “El” hərəkatı, AXCP və Müsavat Partiyasının rəhbərləri arasında ambisiyadan əl çəkmək barədəki danışıqlar  müxalifət düşərgəsinin iç üzünü açıb ortaya qoyur.  Kimin kim olduğu və hərənin iddiasının nə qədər artdığı ortaya çıxanda isə sifarişverənlər  İsa Qəmbər və Əli Kərimli üçün gözlənilməz olan bir təkliflə çıxış edirlər. Kütləvi informasiya vasitələri xəbər verirlər ki, Azərbaycandakı hərtərəfli inkişafdan  ciddi şəkildə narahat olan “dostlarımız” İsa Qəmbərə və Əli Kərimliyə olan inamın itdiyini əsas götürərək onların geri çəkilməsini məqsədəuyğun hesab edirlər. Kütləvi informasiya vasitələri yazırlar ki, adı çəkilən  hər üç tərəfə kifayət qədər mötəbər instansiyalardan, hətta bəzi qaynaqlara görə, “Milyarderlər İttifaqı”nın bir neçə təsirli üzvlərinin adından təklif və xahiş olunub ki, Milli Şuranın prezident  seçkisində vahid namizədi kimi Rüstəm İbrahimbəyovun adı qəbul edilsin. Təklif olunan layihəyə görə, Milli Şura Rüstəm İbrahimbəyovun adının ətrafında bütün müxalif qüvvələri toplayır, seçkiyə girir, ciddi maliyyə və həm də Azərbaycana qonşu olan 3 dövlətin yaxından dəstəyi ilə qalib gəlir. Öncədən anlaşmaya görə, iki illik keçid dövrü müəyyənləşdirilir. Rüstəm İbrahimbəyov həmin keçid dövrünün rəhbəri olur –  Mili Şura üzvləri hakimiyyətə transfer olunurlar. İki illik çalışmalardan sonra isə Azərbaycanda növbədənkənar prezident  seçkiləri keçirilir. Keçid dövrünün komandası, başda keçici prezident olmaqla, həmin seçkilərin ideal demokratik keçirilməsini təmin edir. Bununla da Azərbaycanda “yeni dönəm” başlayır... Yeni, müxalifətin “xəyalplov” arzuları dilə gətirilir.

Bu zaman ortaya sual çıxır: – Rüstəm İbrahimbəyovun Kinematoqrafçılar İttifaqını soyub talan etməsi nə tez unuduldu? Yaxud xaricdəki “dostlarımız” bircə dəfə başla işləyib düşünə bilməzlərmi ki, Azərbaycan xalqı hansısa ermənipərəstin və ya erməninin çağırışı ilə oğrunun birinin siyasi hakimiyyətə gəlməsinə əsla imkan verməz. Bundan başqa, Rüstəm İbrahimbəyov “biz siyasi proseslərdə iştirak etməyəcəyik, həmin prosesləri dəstəkləyəcəyik” deməklə bu sahədə nə qədər irəli getdiyini sübut edir. Siyasi prosesləri dəstəkləmək elə həmin proseslərdə iştirak etmək deyilmi? Məgər İbrahimbəyovu nə Namazovu qızışdırıb ortaya atan xarici qüvvələr bu addımlarıyla Azərbaycanda gedən siyasi proseslərin iştirakçısı kimi çıxış etmirlərmi?

Başqa bir məqam. Verilən məlumatda qeyd olunur ki, İbrahimbəyov  xaricdən yığılan maliyyə və Azərbaycana qonşu olan üç dövlətin dəstəyi ilə hakimiyyətə gətirilir. Bu layihənin müəllifi nə qədər yaddaşsız olmalıdır ki, 8 xarici ölkənin dəstəyi ilə hakimiyyətə gəlmiş AXC - Müsavat iqtidarının uğursuz taleyindən dərs almamış olsun. Onlar görmədilərmi ki, Azərbaycan xalqı  səkkiz ölkənin dəstəyi ilə hakimiyyətə gələnləri hansı şəkildə silib arxivə tulladı? Məgər İbrahimbəyovu tarixin arxivinə tullamağa o qədər tələsirlərmi?  Tələsməsəydilər onun başına Yusif Sərrac torbası geyindirməyə hazırlaşmazdılar.

Hər halda öyrəndiyimiz məlumatda qeyd olunmur ki, qonşu ölkənin sıcaq baxdığı (bəlkə də birbaşa hazırladığı) bu layihənin finalına ölkəmizdəki müxalif  düşərgəni təmsil edən AXCP və Müsavat rəhbərləri axıradək etimad göstəriblərmi?  Şəxsən mən uzun illər Azərbaycanı təmsil etmiş bir yazıçının – hətta, onun açıq şəkildə ermənipərəst mövqedən çıxış etdiyini və dönüklüyünü görə-görə başına torba keçirilməsini qətiyyən arzulamazdım.

 

İttifaq MİRZƏBƏYLİ,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında