Beynəlxalq terrorizmdə Ermənistan aktorluğu

 

 

 

Monte Melkonyan 1980-ci ildə ASALA-ya üzv olmuşdur. Sonradan ASALA-nın rəhbərlərindən birinə çevrilən Monte ASALA-P adlı müstəqil terror təşkilatını yaratmış və dəfələrlə türk diplomatlarına və müxtəlif dövlətlərin vətəndaşlarına qarşı qətllər və partlayışlar həyata keçirmişdir. Roma, Afina və digər şəhərlərdə keçirilən əməliyyatlarda fəal iştirak etmişdir. 1981-ci ildə Parisdə Türkiyə səfirliyinin binasının tutulması əməliyyatının planlanması və həyata keçirilməsinə yardım etdiyi üçün həbs edilmiş, lakin həmin il azadlığa buraxılmışdır.

1985-ci ildə terrorçuluq fəaliyyətinə və qanunsuz silah saxlanılmasına görə Parisdə 6 il həbs cəzasına məhkum edilmiş, 1989-cu ildən həbsdən azad edilmişdir. 1990-cı ildə Ermənistana gəlmiş və təntənə ilə qarşılanmışdır.Qarabağ müharibəsində Ermənistan ordusunun silahlı birliklərindən birinə komandanlıq etmişdir. Dinc Azərbaycan sakinlərinə qarşı qəddarlığı ilə fərqlənən M.Melkonyan 1996-cı ildə Ermənistanın Milli Qəhrəmanı adına layiq görülmüş, ölkənin müxtəlif şəhərlərində onun abidələri qoyulmuş, təhsil müəssisələrinə adı verilmişdir.

Vazgen Sislyan - 1981-ci ildə Parisdəki Türkiyə səfirliyinə qarşı “Van əməliyyatı” adlı terror aktının təşkilatçısı, Budapeştdə 60 nəfəri girov götürməsi və Türkiyə səfiri Bədrəddin Günabaşaya qəsd planında iştirak etməsi ilə tanınmışdır. Tezliklə o həbs olunmuş, lakin 1986-cı ildə onunla hücumda iştirak edən digər 2 erməni terrorçu Akop Culfayan, Qevorq Gözəlyan ilə birlikdə həbsdən azad olunmuşdur. Hər üçü əvvəlcə Livana, sonra daimi yaşayış üçün Ermənistana köçmüşdür. Bu barədə 15 mart 1992-ci il tarixli “Moskovskiye novosti” qəzetində müxbir İosif Verdiyan öz həmsöhbətinin – iki il bundan öncə “turist” kimi Livandan gəldiyi fikrini nümunə gətirir. Vazgen Sislyan və Qevorq Gözəlyan 1992-ci ildən Qarabağ müharibəsində Ermənistan ordusu tərkibində vuruşmuşlar. Gevorq Gözəlyan “Metsn Murad” dəstəsinin komandiri olmuşdur. Vazgen Sislyan “Qarabağ müharibəsi qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Hazırda Vazgen Sislyan və Akop Culfayan keçmiş ASALA terrorçularından ibarət “Uxt Ararati” təşkilatının üzvüdürlər.

Samvel Babayan 13 avqust 1991-ci il tarixində dinc azərbaycanlı əhaliyə qarşı terrorçuluq aksiyaları keçirməkdə ittiham olunaraq həbs edilmiş, 29 noyabr 1991-ci il tarixində Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməmək şərtilə girov götürülmüş azərəbaycanlı əsirlə dəyişdirilmişdir. Lakin Qarabağ müharibəsində hərbi hissə komandiri qismində Azərbaycan ordusuna qarşı döyüşmüş, Şuşa əməliyyatının hazırlanmasında iştirak etmiş, qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri olmuşdur.

Azərbaycan təhlükəsizlik orqanları tərəfindən həyata keçirilən əks-kəşfiyyat və anti-terror tədbirləri nəticəsində erməni terror təşkilatlarının ölkəmizin ərazisində fəaliyyətinin qarşısı alınsa da, terrorçuluğu dövlət siyasətinə çevirən Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı fəaliyyəti hərbi vasitələrlə davam etdirilir. Belə ki, 1994-cü ildən Ermənistanla atəşkəs əldə olunmasına baxmayaraq, bu ölkənin silahlı qüvvələri tərəfindən müntəzəm olaraq atəşkəs rejimi pozulur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə yanaşı, cəbhə bölgəsində yaşayan dinc əhali əsas hədəfə çevrilir. Bundan əlavə, atəşkəs müqaviləsindən uzun müddət keçməsinə baxmayaraq, dinc Azərbaycan vətəndaşları məhz erməni hərbiçilərin bu müqaviləyə əməl etməmələri ucbatından hələ də həyatlarını itirirlər. Təkcə, son beş il ərzində (2007 - 2012-ci illər) cəbhəboyu ərazilərdə 11 dinc sakin həlak olmuş, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bir azərbaycanlı zabitin öz şərəf və ləyaqətinin, xalqının, bayrağının təhqir olunduğuna görə bir erməni zabiti öldürməsinə hay-küy qaldıran Ermənistan, bundan əlavə, Macarıstan və Azərbaycan hökumətini ekstradisiyada və zabitimizin azad edilməsində ittiham edən bəzi Qərb dövlətləri ermənilərin bu ləkəli keçmişini və bu gününü nə üçün görmək istəmir? Onu da qeyd edək ki,  Azərbaycan Respublikasının vətəndaşı Ramil Səfərovun ekstradisiya olunması və əfv edilməsi beynəlxalq hüququn tələblərinə müvafiq şəkildə icra edilmiş, “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasının tələb olunan prinsiplərinə riayət edilmişdir. Təəsüf ki, terrora qarşı koalisiyalar yaradıldığı, anti-terror əməliyyatlarının keçirildiyi bir zamanda kütləvi insan qırğınları ilə nəticələnən erməni cinayətlərinə göz yumulur, onlardan kimsə ittiham olunmur, ittiham olunanlar isə sərbəst buraxılır.

Ermənistan-PKK əməkdaşlığı

 Ermənistanın terror əməlləri bununla bitmir. Bildiyimiz kimi, dünyada əsas terror təşkilatlarından biri sayılan və Türkiyə əhalisini və dövlətçilik maraqlarını özünə başlıca hədəf seçən PKK terror təşkilatı ilə Ermənistan xüsusi xidmət orqanlarının isti münasibətlərin mövcudluğu çoxdan təsdiqlənib. Kürd separatçıları ilə erməni separatçıların iş birliyi PKK-ASALA, PKK-Daşnaksütyun, PKK-Ermənistan kimi xarakterizə edilməlidir. 1980-ci illərin sonu,1990-cı illərin əvvəllərində ASALA terror təşkilatının başda Akop Akopyan olmaqla əsas üzvləri Türkiyə xüsusi xidmət orqanları əməkdaşları tərəfindən məhv edildikdən sonra, bu təşkilat müxtəlif adlarla fəaliyyət göstərir və əsasən PKK-nın  tərkibində iştirak edir. Bunu Türkiyə rəsmiləri də dəfələrlə təsdiqləmişdir ki, öldürülən PKK-çıların arasında xeyli sünnətsiz terrorçular vardır. Türkiyə hərbi kəşfiyyatı da müəyyən etmişdir ki, Ermənistan hazırda PKK-nın əsas logistik mərkəzlərindən birinə çevrilib. PKK ilə Ermənistan arasında gizli müqavilələr mövcuddur. Ermənistan PKK-ya hər ay istifadə olunmaq şərtilə müəyyən sayda viza haqqı verib. Yəni terrorçular hər ay ayrılmış viza sayına uyğun olaraq pasportu işğalçı dövlətin Parisdəki səfirliyinə təqdim edir və oradan viza alıb istədikləri ölkəyə gedirlər. Həmçinin Ermənistan PKK-ya silah, pul və digər yardımlar edir. Yaralanan və xəstələnən terrorçular da sərbəst şəkildə Ermənistan xəstəxanalarında müalicə olunur. Göründüyü kimi, ermənilər ideoloji ortaq nöqtələri bir o qədər uzlaşmayan, əksinə, bir çox məsələlərdə onlara qarşı hədəfləri ilə seçilən PKK-ilə də dialoqa getməyə hazırdırlar və bunu həyata keçirirlər (çünki PKK və erməni terror təşkilatları Türkiyə ərazisinin qərb hissəsində özlərinə aid dövlət qurmaq istəyirlər. PKK Kürdüstan, ASALA və Daşnaksütyun isə böyük Ermənistan qurmaq planlaşdırır. Burada maraqlar toqquşsa da Ermənistan PKK-nın bu sahədə neytrallaşdırmağı hələ ki bacarmışdır).

PKK üzvlərinə Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin və polisinin yardım göstərməsinə dair kifayət qədər informasiya verilmişdir. PKK-çılara Ermənistan ordusunun zabitləri və ya Qarabağ müharibəsinin veteranları hərbi təlimlər keçir və onları silahlandırır. Məqsəd yalnız anti-türk fəaliyyət və Azərbaycan və Türkiyə işbirliyini pozmaq, regionda Ermənistanın təhlükəsizliyini təmin etmək və siyasi hədəflərə nail olmaqdır.

Həqiqət

Qərbin hələ də Azərbaycana ikilistandart siyasət sərgiləməsinə baxmayaraq, fakt odur ki, Ermənistan terrorun və eyni zamanda, qaçaqmalçılığın əsas mərkəzlərindən biridir. Bu dövlət narkotik biznesinin əsas idxalatçısı və etibarlı tranzitinə çevrilmişdir. Bu yaxınlarda  WikiLeaksin narko-ticarətlə bağlı yaydığı məlumatlarda işğal altında olan Azərbaycan torpaqları daxil olmaqla Ermənistan ərazisinin narkotik maddələrin daşınmasının əsas platformasına çevrildiyi qeyd olundu. Saytın ABŞ diplomatlarının Dövlət Departamentinə göndərdiyi hesabatlarına əsaslanan məlumatında o da vurğulanırdı ki, həmin narkotik alverindən Ermənistanın hazırkı hakimiyyətində təmsil olunan məmurlarla yanaşı, müxalifətdə dayanan eks-prezident Levon Ter-Petrosyanın  da payı var. Ermənistanın güc strukturlarının da birbaşa narkobizneslə məşğul olduğu və qazancın xeyli hissəsinin silah-sursat alqısında istifadə olunduğu inkarolunmaz həqiqətdir.

Ermənistanın özü barədə qaçaqmalçılıq üçün münasib dövlət imici formalaşdırması tək bununla bitmir. Hətta İran İslam Resublikasında hazırlanan nüvə texnologiyalarına gərəkli olan uranın da məhz Ermənistan vasitəsilə keçirilə biləcəyi ehtimalı artıq bütün dünyada qəbul edilmiş fikirdir. Amerika hətta bu məsələyə aid narahatçılığını bir neçə dəfə dolayısıyla səsləndirmişdir. Bir sözlə, beynəlxalq terrorizm və qaçaqmalçılıq Ermənistan siyasətinin əsas devizidir.

Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi üçün Qərbin bu məsələdə susması və qəti tədbirlər görməməsi bir yana, üstəlik, qondarma erməni soyqırımı iddialarının qəbul edilməsinə cəhd terrorçu xristian ölkənin təəsübünü çəkmək və erməni lobbisinin maliyyə gücü qarşısında həqiqətin “qulaqardına” vurulmasından başqa bir şey deyil.  Hazırda erməni terrorçuların və onlara əsas mənəvi dəstəyini əsirgəməyən Ermənistan Respublikasının əsas təbliğat sahəsi ictimai fikir və informasiya vasitələri olmuşdur. Erməni diaspor və lobbi təşkilatları bu sahəyə külli miqdarda vəsait xərcləyərək hadisələri təhrif edir, Azərbaycanı ümumilikdə Türk dünyasını heç bir səbəb olmadan ittiham edir və ağlasığmaz tələblər irəli sürürlər. İstər ötən əsrin əvvəllərində istərsə də sonlarında Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı kütləvi terror hadisələri həyata keçirmiş ermənilər lobbilərinin maliyyə dəstəyi sayəsində Qərbdəki konqresmenlərə, lordlara, senatorların bəzilərinə təsir edir, bu siyasi xadimlər tərəfindən “məzlum erməni” imicini formalaşdırmağa nail olurlar. Onlar bu əməlləri ilə Azərbaycan ətrafında informasiya blokadası yaratmağa müvəffəq olmuş və dünya ictimaiyyətinin bir qismini çaşdırmışlar. Bu da tam hüquqi dövlət olmaqla, dünya anti-terror hərəkatına əsas dəstək verən Azərbaycan Respublikasına qarşı ikili standartların yaranması baxımından bəhanə olmuşdur. Lakin müstəqil Azərbaycan həmişə olduğu kimi, bundan sonra da vətəndaşlarının pozulmuş hüquqlarını müdafiə edəcək və hadisələrin necə cərəyan edəcəyindən asılı olmayaraq hər zaman ədalətin tərəfində olacaqdır. Azərbaycan dövləti qanunun aliliyinə hər zaman hörmətlə yanaşmış və bu yüksək dəyərləri təcavüzkar Ermənistan kimi heç bir milli təəsübkeşliyə dəyişməmişdir.

 

Anar TURAN,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında