Radikal müxalifət düşərgəsində qarşıdurma şiddətlənir

 

 

 

 

Azərbaycanın hazırda inkişaf və tərəqqi dövrünü yaşaması beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Getdikcə dünya birliyinin layiqli üzvlərindən birinə çevrilən ölkəmizlə əməkdaşlıq etmək marağında olan dövlətlərin sayı durmadan artır. Bunun əsas səbəblərindən biri respublikamızda davamlı ictimai - siyasi sabitliyin yaradılması, xalqla dövlət başçısının sarsılmaz vəhdəti və iqtisadi qüdrətimizin artmasıdır.

Artıq bir sıra  müxalifət nümayəndələri də ölkədəki inkişafı dəyərləndirərək Prezident İlham Əliyevin siyasi xəttini dəstəklədiklərini bəyan etmişlər. Vəhdət Partiyasının sədri Tahir Kərimlinin kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə bu obyektiv münasibət öz əksini tapıb. T.Kərimli deyib: “İqtidar müstəqil milli inkişaf siyasəti yürüdür, ölkəmiz sosial - iqtisadi tərəqqi dövrünü yaşayır, qlobal layihələr reallaşdırılır. Azərbaycan beynəlxalq  tədbirlərin keçirildiyi dünya mərkəzlərindən birinə çevrilib. Müxalifət  bunların heç birini görmür və ya görmək istəmir. Müxalifət dövlətə deyil, hakimiyyətə müxalifətlik etməlidir”.

Göründüyü kimi, konstruktiv müxalifətin təmsilçiləri ölkəmizin inkişafını, xarici siyasətdə qazandığı uğurları obyektiv qiymətləndirməyə başlayıb. Lakin radikal-dağıdıcı müxalifət nümayəndələri hələ də bu uğurları görməməzliyə vurur, xarici düşmənlərimizin tapşırıqlarını yerinə yetirərək ölkədə qarşıdurma yaratmağa can atırlar. Tez - tez xarici ölkələrə səfərlər edən və orada əhəmiyyətsiz adamlarla görüşüb ölkəyə qayıdan bir sıra radikal müxalifət nümayəndələrinin öz səfərlərini şişirtmələri, guya çoxlu sayda “zəruri görüşlər” keçirmələri haqqında yalanları artıq onların öz həmfikirləri tərəfindən də ifşa olunur. Müsavat  Partiyasının başqanı İsa Qəmbərin Türkiyəyə, qondarma “El” hərəkatının dəstəbaşısı, buqələmun Eldar Namazovun Gürcüstana, Rüstəm İbrahimbəyovun Rusiyaya səfərlərinin arxasında nə gizləndiyi müxalifət düşərgəsinə də bəllidir.

“Azadlıq” qəzetinin ötən saylarının birində dağıdıcı müxalifət nümayəndələrinin  xarici ölkələrə, xüsusilə İsa Qəmbərin Türkiyəyə  səfərinə aydınlıq gətirən bir məqalədən bəzi məqqamları diqqətə çatdırmaqla bu səfərlərin əsl mahiyyətinin nədən ibarət olduğunu diqqətə çatdırmaq istərdik. Məqalədə deyilir:“Xarici ölkələrə səfər edərək 5 - ci, 10 - cu dərəcəli  adamlarla görüşən, əsasən də xarici antiazərbaycan  dairələrlə öz maliyyə və dəstək məsələlərini həll edən dağıdıcı müxalfət başçıları  və funksionerlərinin qayıtdıqdan sonra irəli sürdükləri iddialar ictimai rəyi çaşdırmaq  və özləri haqqında  layiq olmadıqları yüksək təsəvvür formalaşdırmaq məqsədi daşıyır”. Qəzetin belə açıqlama verməsinin digər səbəbi isə müsavatçıların guya İsa Qəmbərin hansısa bir bəyanatının Türkiyənin Baş nazirinin internet səhifəsinə yerləşdirilməsi barədə şayiə yaymaları olmuşdur. Sonradan Türkiyə mətbuatının verdiyi açıqlamalardan aydın oldu ki, İsa Qəmbərin hər hansı bir bəyanatı nəinki Baş nazirin internet səhifəsində, heç  qardaş ölkənin kütləvi informasiya vasitələtrində də yer almayıb. Müsavatçılar belə yalanlarla İsa Qəmbərin reytinqinin “yüksək” olması barədə rəy formalaşdırmağa çalışırlar . Bu da onların siyasətdə piyada olmalarından xəbər verir. Çünki onlar hələ də bilmirlər ki,  yalan üzərində qurulan siyasət hava doldurulmuş şara bənzəyir. Yüngülcə toxunan kimi  partlayır.

Özlərini prezidentliyə namizəd kimi təqdim edən radikal müxalifət nümayəndələrinin   son 15 ildə  ölkədə keçirilən bütün seçkilərdə rüsvayçılıqla məğlub olmaları nədənsə  belələri üçün ibrət dərsi olmadı. Onların builki  prezident seçkiləri kampaniyası başlamamış özlərini namizəd kimi meydana atmaları öz həmfikirləri tərəfindən də ikrahla qarşılanıb. Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə  namizədliyinin gülünc olduğunu vurğulayan  ALP sədri Əvəz Teymurxan onun ölkədə heç bir nüfuzunun olmadığını bildirib. ALP sədri İ.Qəmbəri nəzərdə tutaraq deyib: “Əgər bu adam bir dairədən deputat seçilə bilmirsə, o, 125 dairədən necə prezident seçiləcək? Müxalifətdən kim belə bir şəraitdə öz namizədliyini irəli sürürsə, o, xalqın maraqlarına xidmət etmir. Vaxtilə reytinqi yüksək olmuş, indi isə nüfuzu yetərli dərəcədə olmayanlar ortaya düşüb namizədliklərini açıqlayırlar. Müxalifətin bir araya gəlməsini əngəlləyənlər israrlı şəkildə  öz namizədlikləri üzərində dayananlardır. Onlar seçilməyə yox, kimlərinsə qabağında kötük olmağa hazırlaşırlar”.

Azərbaycanda ictimai - siyasi sabitliyi pozmaqda maraqlı olan qrupların əlində alətə çevrilmiş dağıdıcı müxalifətin hər dəfə seçki ərəfəsində qeyri - qanuni vasitələrlə diqqəti özünə cəlb etməsi artıq vərdiş halını alıb. Yaddaşlardan birdəfəlik silinmək qorxusu onları bu cür çirkin yollara əl atmağa vadar edib. Buna görə də müxalifət sosial baza formalaşdıra bilmir. Onların ətrafına toplaşanların hamısı eyni simalardır. Siyasi riyakar Eldar Namazov qondarma “El” hərəkatını təqdim edərkən bu tədbirə  müsavatçılar, cəbhəçilər və digər müxalifət nümayəndələri də qatılmışdılar. Radikal müxalifət tərəfindən qəbul edilməyən, lakin görüntü xatirinə tədbirdə iştirak edənlər yaxşı bilirdiər ki, Eldar Namazovun ətrafına toplaşan olmayacaq. Bunu reneqat Eldar Namazovun özü də yaxşı bilirdi. Ona görə də ilk gündən  “sosial baza” axtarışına başladı. Onun “ovu” müsavatçılar tərəfindən ciddi narazılıqla qarşılandı. “Yeni Müsavat” qəzetində Müsavat funksioneri İkram İsrafilovun dərc etdirdiyi məqalədə də Eldar Namazovun riyakarlığından bəhs olunur. İ.İsrafilov yazır: “El” rəhbərliyində təmsil olunanlar demişdilər ki, bu günədək siyasi proseslərdən kənarda qalan  insanları siyasi proseslərə cəlb edəcəklər. Amma bu hərəkat Müsavat  və digər partiyaların bölgələrdəki üzvlərindən  istifadə edərək təşkilatlanır. Nə Eldar Namazovu,  nə də onun “El”ini tanıyan yoxdur. Eldar Namazovun dəstəsinin üzvləri rayonlara gedərək müsavatçıları aldadır və  onları öz sıralarına qəbul edirlər”.

Qondarma “El” hərəkatının dəstəbaşçısı reneqat Eldar Namazov da Müsavat Partiyasının rəhbəri İsa Qəmbər kimi heç bir təşkilatın razılığı olmadan özünü prezidentliyə namizəd kimi sırımaq istəyir. Eldar Namazovun cəmiyyətdə heç bir nüfuzu və reytinqinin olmaması hamıya məlumdur. Bunu onun həmfikirləri də təsdiqləyir. Reneqat Eldar Namazovun  düşmən  qüvvələr tərəfindən maliyyələşdirilməsi də hamıya bəllidir. Bunu onun düşərgədaşları da etiraf edirlər. Politoloq  Cümşüd Nuriyev  deyib: “ Eldar Namazov müəyyən qüvvələrin (həmin qüvvələr məlumdur-C.N) proqramı əsasında eyni günahı təkrar edir. Namazov Qərbi Azərbaycandan olan adamları bir yerə yığıb təşkilat yaratmaqla yenə də Azərbayacanda parçalanma işləri aparır”. Cümşüd Nuriyevin sözlərinə görə, vaxtilə Azərbaycanın başına min bir oyun açan adamları qondarma “El”ə cəlb etmək üçün reneqat Namazov dəridən-qabıqdan çıxır: “El” hərəkatında təmsil olunan qocaların hamısı keçmiş kommunistlərdir, kommunist ideologiyasının ən böyük carçılarıdır. Onların hamısı Azərbaycanın müstəqilliyinin əleyhinədirlər. Eldar Namazovun arxasında müəyyən qüvvələr var ki, həmin adamlar müxalifətdə təmsil olunmurlar. Məsələni ciddi araşdırmaq lazımdır. “El” hərəkatı həmin qüvvələrin Eldar Namazovun əli ilə Prezident İlham Əliyevin əleyhinə hazırladığı təşkilatdır. Məqsəd tamamilə aydındır ki, onlar yenidən hakimiyyətə gəlmək niyyəti güdürlər”.

Bu gün müxalifət düşərgəsində ciddi qarşıdurma yaranıb. İsa Qəmbərin heç bir təşkilat tərəfindən razılaşdırılmayan prezidentliyə namizədliyi müxalifət daxilində bir neçə qruplaşma yaradıb. Bu qruplaşma ötən günlərdə İctimai Palata adlı qondarma qurumun “ sessiyasında” da əsas müzakirə obyekti olub. AXCP funksionerləri həmin tədbirdə müsavatçıları, xüsusilə partiyanın rəhbəri İsa Qəmbəri müxalifətin rəyi olmadan prezidentliyə namizədliyini irəli sürdüyünə görə kəskin tənqid ediblər. Müsavatçılar isə tələb ediblər ki, İctimai Palata bu dəqiqə İsa Qəmbərin prezidentliyə namizədliyini təsdiq etməlidir.

Təsis olunduğu gündən bu vaxta qədər heç bir qərar qəbul edə bilməyən İctimai Palata,  həmişə olduğu kimi, bu dəfə də ümumi rəyə gələ bilməyib. Ona görə də müsavatçılarla cəbhəçilər arasında namizədlik üstündə qarşıdurma yaranıb.

 Hələ seçkilərə xeyli vaxt qalıb. Buna baxmayaraq, radikal müxalifət nümayəndələri bir - birilərinin iç üzlərini açmağa başlayıblar. Buna heç kimin ehtiyacı yoxdur. Çünki xalq kimin kim olduğunu çox yaxşı bilir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında