Eldar Namazov müxalifətin azsaylı sosial bazasını parçaladı

 

 

Reneqat Namazov Gürcüstana ermənilərlə əməkdaşlıq

əlaqələrini genişləndirmək məqsədilə gedibmiş

 Bu qəbildən olan insanlar barədə son günlər eşitdiyimiz xəbərlərin böyük əksəriyyəti  oxucu, dinləyici  və tamaşaçıları təkcə bezdirmir, həm də iyrəndirir. 

“Bəşər Əsəd Türkiyə rəsmilərinin ünvanına təhqiramiz ifadələr işlətdi” , “İki Koreyadan biri o birini yer üzündən silmək istəyir” , “Rüstəm İbrahimbəyov Dağlıq Qarabağın hansı ölkəyə mənsub olduğunu  indi öyrənməyə çalışır” , “Söyün Sadıqov Eldar Namazovun  Gürcüstanda ermənilərlə görüşməsinə vasitəçilıik edib”, “Eldar Namazov prezidentliyə namizədliyini elan etdi” və digər bu kimi xəbərlər sözün həqiqi mənasında oxucuda ikrah yaradır. Bir tərəfdən də kütləvi informasiya vasitələrinin bu xəbərləri böyük şadyanalıqla qələmə alması  və manşetə çıxarması adamın əsəblərinə toxunur. İsa Qəmbər ölkədə siyasi hakimiyyətə gəlmək üçün dövri olaraq ermənilərlə görüşüb nəyə nail olmuşdu ki, adi bir xəyanətkar kimi qəbul edilən Eldar Namazov nəyə nail ola?

Beynəlxalq aləmdə istənilən xalqı ölkə iqtidarındakı siyasi qüvvənin uğurları, sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, siyasi-diplomatik addımları ilə tanısalar da, müxalifətin sərgilədiyi prinsipiallıq və qətiyyət də nəzərə alınır. Bugünkü Azərbaycan müxalifətini isə elə adamlar təmsil edir ki, onların  siyasi fəaliyyəti nəinki özlərinin olan-qalan nüfuzlarına zərbə vurur, eləcə də xalqımızın imicinə xələl gətirir. Reneqat Eldar Namazov həmin ünsürlərdən biridir. Bu adamın istənilən addımı xalq tərəfindən rədd edilir. Çünki reneqat Namazov vəzifədə olarkən  iqtidara xəyanət etmişdi və həmin xəyanətə görə də tutduğu vəzifədən qovuldu. İndi isə regionun ən zəif siyasi müxalifətinin sırasında ola -ola həmin düşərgənin təmsilçilərinə xəyanət edir. İctimai Palatanın və ya yaratmaq istədikləri Milli Şuranın qərarını gözləmədən özünü prezidentliyə namizəd elan edir.  Bunun isə bir adı var: reneqatlıq. Namazov bu addımla da müxalifətin payızda qazanacağı beş-on faiz səsi indidən parçalamış oldu. Hər halda düşərgə rəhbərlərinin özləri bilərlər.

Doğrudur, bu qəbildən olan addımları əvvəllər İsa Qəmbər də atıb. Özü də dəfələrlə. Amma İsa Qəmbər heç olmazsa, Müsavatın divanındakıların razılığını alırdı. Eldar Namazova isə heç kəsin razılığı lazım olmur.  İsa Qəmbər  namizədliyini irəli sürəndə  verdiyi ilk bəyanatdaca özünün və partiyasının uğursuzluğunu sığortalayırdı: “Xalq bizə dəstək versə qalib gələcəyik”. Təbii ki, xalq onlara dəstək vermirdi. Eldar Namazov isə xalq dəstək verməsə də qalib gələcəyini söyləyir. Bu da səbəbsiz deyil. Çünki, qrant verənləri aldadıb daha çox qrant qoparmaq istəyir. Moskvada oturub Azərbaycandakı ictimai-siyasi proseslərlə məşğul olmaq iddiasında bulunan bəzi qüvvələr Eldar Namazovun əlini hətta ermənilərin cibinə də istiqamətləndiriblər.

Yeri gəlmişkən, biz öz müasirimiz olan reneqat Eldar Namazovun  Gürcüstanda fəaliyyət göstərən  ermənilərin yaratdığı qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə  görüşməsinin və onlarla  bir masa arxasında əyləşərək bəzi siyasi məsələləri müzakirə etməsinin də şahidi olduq. Doğrudur, bəzi ekspertlər deyirlər ki, Eldarı Gürcüstana Rüstəm İbrahimbəyov  çağırmışdı.  Guya, Rüstəm İbrahimbəyov üzə çıxa bilmədiyinə görə Bakıya gələ bilməyib və Eldarı Gürcüstana çağırıb ki, gəl, görək neyləyirik. Ancaq ssenarist özü üzə çıxa bilməsə də törətdiyi əməllərin hamısı üzə çıxır. Ona görə də həm “Ziyalılar Forumunda” , həm də “EL” hərəkatında antimilli, ünsürlər at oynadırlar. Qərəz , Eldar Namazov Gürcüstanda Rüstəm İbrahimbəyovla yanaşı, həmin ölkədə fəaliyyət göstərən və ermənilər tərəfindən  təsis edilmiş, üstəlik, tamamilə  siyasiləşmiş QHT rəhbərləri ilə də bir masa arxasında oturub.  Kütləvi informasiya vasitələrinin məlumatına görə, Eldar Namazov ermənilərlə apardığı  müzakirələrdə maliyyə dəstəyi axtardığını Gürcüstandakı erməni lobbisinin diqqətinə çatdırıb.  Verilən başqa bir məlumatda isə bildirilir ki, həmin görüşlərin təşəbbüskarı bilavasitə Söyün Sadıqov olub və iz azdırmaq məqsədiylə görüşlərə “maliyyə dəstəyi axtarmaq” adı veriblər. O da məlumdur ki, Rüstəm İbrahimbəyov həmin görüşlərin təşkili üçün Rusiyadakı erməni lobbisi ilə məsləhətləşmələr aparıb. Təşkilatçılar Eldar Namazovun ermənilərlə  məxfi və müəmmalı görüşməsini ciddcəhdlə gizlətməyə çalışsalar da,  xəbəri erməni tərəfi ictimailəşdirib.

Hətta, bəzi erməni ekspertlər lovğalanaraq fəxrlə yazıblar ki, azərbaycanlı milyarderlərin  siyasi namizədini bizimkilər maliyyələşdirdi və o, özünün yaratdığı “EL” hərəkatını məhz Gürcüstandan qayıtdıqdan sonra elan etməyə cəsarət tapdı. Bu, o deməkdir ki, bizim yuxarıda qeyd etdiyimiz tezis – Eldar Namazovun təmsil etdiyi istənilən düşərgəyə üz qaralığı gətirməsi tamamilə qaçılmazdır. Qoy, onlar ermənilərin dəstəyi ilə müxtəlif qurumlar yaratsınlar.  Ermənilər kimisə aldadıb pulla ələ almağın ustasıdırlarsa, Azərbaycan xalqı da həmin qurumları tarixin arxivinə göndərməyin ustasıdır.

İttifaq MİRZƏBƏYLİ,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında