Rüstəm İbrahimbəyov nə istəyir: sabitlik, əmin-amanlıq, yoxsa xaos, anarxiya, dərəbəylik?

 

 

 

 

Ötən əsrin 60-cı illəri. Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında “Bir cənub şəhərində” filmi çəkilmişdi. Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissoru isə Eldar Quliyev idi. Film çəkilib qurtarsa da ekranlara buraxılmırdı.

 

Çünki filmdə sovet quruluşunun müsbət cəhətləri yox, daha çox nəinki kapitalizm, hətta feodalizm dövrünü əks etdirən adət-ənənələr, qanunlar önə çəkilirdi. Filmdə təsvir edilən adamlar adam öldürməyi, həbsdə yatmağı, içkiyə, narkotikə aludəliyi qəhrəmanlıq sayır, savadlı və ziyalı adamları ələ salırdılar. Filmdə hüquq-mühafizə orqanlarının əfəlliyi də qabarıq verilmişdi. O vaxtkı Sovet rəhbərliyi bu filmin yaradıcılarının, o cümlədən ssenari müəllifi Rüstəm İbrahimbəyovun cavab verməsini tələb edirdilər. Onu çox ciddi cəza gözləyirdi. Belə çətin anda o vaxt respublika Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) rəhbərlik edən ümummilli lider Heydər Əliyev filmə baxdı və bildirdi ki, hər bir ölkədə və hər bir cəmiyyətdə belə neqativ hallar olur. Film ekranlara buraxıldı. Heydər Əliyevin göstərişi ilə Mərkəz  R. İbrahimbəyovdan əl çəkdi.

Bir neçə il sonra isə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında “Ad günü” filmi ekranlara çıxdı. O vaxt yenə Azərbaycan KP MK-nın birinci katibi işləyən ulu öndərin təklifi ilə bu film Dövlət mükafatına layiq görüldü. Artıq Rüstəm İbrahimbəyovun qarşısında yaşıl işıq yanırdı. Bütün bunlara səbəb isə ümummilli liderin qətiyyətli mövqeyi idi. Rüstəm İbrahimbəyovun növbəti ssenarisi əsasında “İstintaq” filmi çəkildi. Bu film nəinki Azərbaycanda, bütün Sovetlər Birliyində böyük əks-səda doğurdu. Əslində, film ümummilli lider Heydər Əliyevə həsr edilmişdi. Filmdəki hadisələr Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi dövrü və gördüyü işləri əks etdirirdi. Filmdə müstəntiq cinayətkara deyir: “ Görürsünüzmü respublikamızda necə plenumlar keçirilir... Ona görə də rəhbər vəzifədə işləyən cinayətkarların adlarını deyin. Respublikaya qətiyyəli, əqidəli  və qorxmaz bir adam rəhbərlik edir...” Bu film də Dövlət mükafatına layiq görüldü.

O zamandan xeyli vaxt keçib. İndi Rüstəm İbrahimbəyov dünya səviyyəli kino-dramaturq hesab edilir, digər ölkələrdə də yaxşı tanınır. Hər mövzuda yazır, ssenarilərinə müxtəlif ölkələrdə filimlər çəkilir, əsərləri tamaşaya qoyulur. Ancaq Dağlıq Qarabağ problemi və erməni təcavüzü başlanandan bəri “hörmətli” kino-dramaturq bu barədə bir kəlmə də söz deməyib. Azərbaycan ərazisinin 20 faiz  işğalı  və bir milyondan çox qaçqın və məcburi köçkünün acınacaqlı taleyi barədə dünya ictimaiyyətinə heç bir məlumat verməyib.

Başqa xalqların öndə gedən ziyalıları yaşa dolduqca müdrikləşir, özlərinin sözü, əməli, ağsaqqal nəsihətləri ilə xalqa yol göstərir, nümunə olurlar. Bizim bəzi ziyalılarımız isə əksinə, yaşlaşdıqca xərifləyirlər. Məsələn, elə Əkrəm Naibov, Rüstəm İbrahimbəyov... kimi. Belələrinin səbəbi yozulmayan hərəkətləri olanda deyirlər ki, “həştaddandı”. Ömrünün səkkizinci onilliyini xırdalayan Rüstəm İbrahimbəyovun hərəkətlərini götür-qoy edəndə də fikirləşirsən ki, xərifləyib, görünür “həştaddandı”. Məsələn,  Rüstəm İbrahimbəyov yeni Milli Şura yaradıb. Bu şuraya İsa Qəmbəri, Əli Kərimlini, Arif Hacılını, Eldar Namazovu, Rəsul Quliyevi, bir sözlə indiki iqtidara düşmən və müxalif olan şəxsləri daxil edib.

 Buradan belə bir sual doğur: Məgər Rüstəm İbrahimbəyov bilmir ki, AXC-Müsavat hakimiyyəti dövründə ölkə nə vəziyyətdə idi? Bilmirsə, yadına salaq. AXC-Müsavat hakimiyyəti dövründə, yəni 1992-1993-cü illərdə Azərbaycan dağılmaq, parçalanmaq və məhv olmaq təhlükəsi qarşısında idi. Savadlı kadrlar işdən çıxarılmış, alimlər və ziyalılar isə pis günə düşmüşdü. Ölkədə hərc-məçrclik hökm sürürdü. Qanunsuz silahlı dəstələr talançılıqla məşğul idi. Dərəbəylik baş alıb gedirdi. İş o yerə çatdı ki, Azərbaycan vətəndaş müharibəsi ərəfəsinə gəldi. Savadsız bir adam, o dövrdə milli qəhrəman və polkovnik rütbəsi verilmiş Surət Hüseynov dövlət çevrilişinə cəhd etdi. Belə bir vaxtda xalq üzünü ulu öndər, dünya şöhrətli siyasətçi, müdrik insan Heydər Əliyevə tutdu. Heydər Əliyev 1993-cü ildə Naxçıvandan Bakıya gələrək vətəndaş qarşıdurmasının, qardaş qırğınının qarşısını aldı. Ulu öndər həmçinin AXC-Müsavat hakimiyyətinin üzvlərini də ölümdən qurtardı. Çünki Sürət Hüseynov demişdi ki, İsa Qəmbəri, Əli Kərimlini, Arif Hacılını, Pənah Hüseynovu və digərlərini məhv edəcək. Məgər “hörmətli” ssenarist bunları bilmir. Ümummilli lider ikinci dəfə hakimiyyət sükanının arxasına keçərkən  ölkə olduqca pis vəziyyətdə idi. Dövlət büdcəsi, demək olar ki, dağıdılmışdı. Azərbaycanda hərc-mərclik hökm sürürdü. Respublikanın Konstitusiyası (Əsas Qanun) yox idi. Qısa bir vaxt ərzində ölkənin dövlət büdcəsi formalaşdırıldı. Respublikada siyasi sabitlik yaradıldı, ictimai asayiş bərpa olundu. Ölkədə iqtisadi inkişaf sürətləndi. Xarici dövlət və şirkətlərlə neft kontraktı— “Əsrin müqaviləsi” imzalandı. Cəbhə bölgəsində atəşkəs əldə olundu. 1995-ci ildə isə ümummilli liderin sədrliyi ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası (Əsas Qanun) hazırlandı və referendum yolu ilə qəbul edildi. Azərbaycan inkişaf etmiş dövlətlər sırasına çıxdı.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan daha da sürətlə inkişaf edir. Ölkəmizdə yenə də siyasi sabitlik və ictimai asayiş hökm sürür. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bir sıra beynəlxalq tədbirlər Bakıda keçirildi. Böyük İyirmiliyin iclasına Azərbaycan da çağırıldı. Öz çıxışlarında ölkə Prezidenti İlham Əliyev dəfələrlə bu sözləri deyib: “Prezidentdən tutmuş ən kiçik məmuradək hamı xalqın xidmətində durmalıdır. Biz elə etməliyik ki, bir nəfər də işsiz qalmasın. Hamı yaxşı yaşasın”. Prezident İlham Əliyev çalışır ki, işğal olunmuş torpaqlarımız azad edilsin. Dağlıq Qarabağ problemi sülh yolu ilə həll edilsin. Məgər Rüstəm İbrahimbəyov bunları bilmir? Görünür, ona sabitlik yox, anarxiya, dərəbəylik, özbaşınalıq lazımdır. Xalq isə əmin-amanlıq, sabitlik və sülh istəyir.

 

Qəzənfər  QASIMOV,
 “Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında