Azərbaycanda son üç il ərzində 361 min yeni, o cümlədən 275 min daimi iş yeri açılmışdır

 

Azərbaycanda insanların güzəranının daha da yaxşılaşdırılması yalnız maaşların, pensiya və müavinətlərin artırılması ilə yekunlaşmır. Bu istiqamətdə ən vacib məsələlərdən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Fərəhli haldır ki, son bir neçə ildə iqtisadiyyatın inkişafında əldə edilən misilsiz nailiyyətlər bu məqsədin də uğurla reallaşmasına şərait yaratmışdır. Azərbaycanda işsizliklə bağlı məsələlər uğurla həll olunur, bu istiqamətdə önəmli addımlar atılır. 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş müddəaların uğurla yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin edilmiş, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yüksəldilmiş, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və iş yerlərinin açılmasına səbəb olmuşdur.

Yuxarıda qeyd edilənlərlə bağlı bəzi göstəricilərə diqqət yetirək. Ötən il  ümumi daxili məhsulun istehsalı 2,2 faiz artmışdır. Prioritet təşkil edən qeyri-neft sektoru üzrə isə artım 9,7 faiz olmuşdur. İqtisadiyyata bütün maliyyə mənbələri hesabına 25,8 milyard ABŞ dolları məbləğində investisiya yönəldilmişdir. Onun 75 faizi qeyri-neft sektorunun payına düşür. İllik inflyasiyanın 1,1 faiz həddində saxlanılması sosialyönümlü siyasət üçün əlverişli zəmin yaratmışdır. Strateji valyuta ehtiyatları 46 milyard dollara qədər artaraq, xarici dövlət borcunu 8 dəfə üstələmişdir. İcmal büdcənin gəlirləri 22,1 milyard manat təşkil etmiş,  dövlət büdcəsinin gəlirləri isə artıqlaması ilə yerinə yetirilmişdir.

2012-ci ildə bank sisteminin maliyyə dayanıqlılığı təmin edilmiş, kredit qoyuluşları 27,8 faiz artmışdır. Ötən il uzun müddət cəmiyyəti narahat edən daha bir problem də öz həllini tapmışdır. Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsinə başlanılmışdır. İlin sonuna əmanətçilərə 550 milyon manatdan artıq vəsait ödənilmişdir və bu proses cari ildə başa çatdırılacaqdır.

Ənənəvi olaraq iqtisadi sahədə aparılan ardıcıl islahatlar güclü sosial siyasətlə müşayiət olunmuşdur. Keçən il orta aylıq əməkhaqqı 8,7 faiz artmış, əmək pensiyalarının orta aylıq məbləği isə artırılaraq 152 manata çatdırılmışdır.

Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirilmişdir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 2011-ci ildəkindən 2,2 dəfə artıq maliyyə vəsaiti xərclənmişdir. Nəticədə 23 minədək məcburi köçkün yeni mənzillə təmin edilmişdir. Ümumilikdə, məcburi köçkünlərin sosial ehtiyaclarının həllinə 600 milyon manatdan artıq vəsait sərf edilmişdir ki, bu da 2003-cü illə müqayisədə 5,5 dəfə çoxdur.

Bu prosesdə yaradılan biznes mühitinin və sahibkarlığa dövlət dəstəyi tədbirlərinin mühüm rolu olmuşdur. Keçən il təkcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 218 milyon manat güzəştli kredit verilmişdir. Son illər ərzində isə sahibkarlara bu mənbədən 1 milyard 200 milyon manat məbləğində kreditlər ayrılmışdır.

Dövlət büdcəsindən və Neft Fondundan ayrılan vəsaitlər hesabına meliorasiya və su təsərrüfatı kompleksində genişmiqyaslı meliorativ layihələr həyata keçirilir. Bunların sırasında ən iri layihələrdən olan Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisini və gələcək faydasını xüsusi qeyd etmək istərdim. Ölkə iqtisadiyyatının sürətlə inkişaf edən nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sektorlarında mühüm infrastruktur layihələri həyata keçirilmişdir.

Bakı-Tbilisi-Qars dəmir yolunun, beynəlxalq və respublika əhəmiyyətli, ölkədaxili avtomobil yollarının, körpülərin, yeni metro stansiyalarının, dəniz və hava limanlarının tikintisi davam etdirilmişdir.

Ölkədə informasiya cəmiyyətinin qurulması istiqamətində inamlı addımlar atılmış və informasiya-kommunikasiya texnologiyaları sektoruna irihəcmli investisiyalar qoyulmuşdur.

Azərbaycanda işsizlik probleminin ləğvi baxımından ötən ili də uğurlu mərhələ kimi dəyərləndirmək olar. Bunu belə bir fakt da təsdiqləyir: 2011-ci ilin yanvarında 5,6 faiz təşkil edən işsizik səviyyəsi ötən ilin yekunlarına görə 5,2 faizə enmişdir. Bu,bir daha təsdiqləyir ki, ölkədə əhalinin həyat səviyyəsi yüksəldilməsi üçün mövcud insan resurslarından, ilk növbədə əmək qabiliyyətli əhalinin potensialından səmərəli istifadə edilir. 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində respublikada məşğulluq probleminin həllində əsaslı dönüş yaranmışdır.

Əgər 2000-ci ildə məşğul əhalinin 33,2 faizi dövlət sektorunda çalışırdısa, 2012-ci ildə bu rəqəm 26,1 faizə enmişdir. Bu da ilk növbədə özəl sektorun inkişafı ilə əlaqədar qeyri-dövlət sektorunda məşğulluğun səviyyəsinin yüksəlməsinin göstəricisi sayıla bilər.

Ölkədə məşğulluq probleminin uğurla həlli yoxsulluğun minimuma enməsinin başlıca səbəbidir. Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına yönəldilmiş Dövlət proqramları nəticəsində yeni iş yerlərinin yaradılması məhz bu məqsədə xidmət edir.

Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: “Regional İnkişaf Proqramı uğurla icra edilib. Qeyd etdiyim kimi, 2004-cü ildə birinci Proqram, 2009-cu ildə ikinci Proqram qəbul edilmişdir. Artıq ikinci Proqram başa çatmaq üzrədir. Qarşıya qoyulmuş bütün vəzifələr icra edilib... Dövlət Proqramının icrasına başlanılandan  1 milyon 200 min yeni iş yeri açılmışdır ki, bu da öz növbəsində, işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərmişdir. İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür -  7,6 faizdən 6 faizə. Bu, hesab edirəm ki, hətta inkişaf etmiş ölkələr üçün çox gözəl göstəricidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə ərazisində ötən il ərzində yaradılmış 5417 yeni müəssisədən 60 faizi Bakı şəhərində, qalan hissəsi isə iqtisadi rayonlarda fəaliyyətə başlamışdır. Hesabat dövründə Azərbaycanda 120355 yeni, o cümlədən 95685 daimi iş yeri açılmışdır. Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2009-cu il tarixindən 1 yanvar 2013-cü il tarixinə qədər olan dövr ərzində isə cəmi 361088 olmaqla 275274 daimi iş yeri yaradılmışdır. Xatırladaq ki, ölkədə açılmış daimi iş yerlərinin 5,5 faizi tikinti sektorunun payına düşür.

2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının icrası ilə əlaqədar 2009-2012-ci illər ərzində ölkədə 361,1 min yeni, o cümlədən 275,3 min daimi iş yeri açılmışdır. Təkcə 2012-ci ildə 120,4 min, o cümlədən 95,7 min daimi iş yerləri yaradılmış, bu da işsizliyin səviyyəsinin aşağı salınmasını şərtləndirən əsas amillərdən biridir. İşsizlik səviyyəsi 0,2 faiz bəndi azalaraq 5,2 faizə enmişdir.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, özəl bölmənin inkişafı üçün yaradılmış azad rəqabət və əlverişli investisiya mühiti 2012-ci ildə ölkədə 5417 hüquqi şəxsin qeydiyyatdan keçməsi ilə nəticələnmişdir. Onlardan 154-ü dövlət mülkiyyətinə, 4653-ü xüsusi mülkiyyətə, 483-ü tam xarici investisiyalı müəssisələrə, 124-ü birgə müəssisələrə, 3-ü isə bələdiyyə mülkiyyətinə aiddir. 2012-ci ildə 66957 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmişdir. Şübhəsiz, bu göstəricilər də  ölkədə yeni iş yerlərinin yaradılmasının intensiv xarakter daşıdığının bariz ifadəsidir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında