Yeni dalğa nə vaxt və harada yaranacaq?

2013-cü il dünya iqtisadiyyatı üçün çətin başladı. Dünyanın bir nömrəli iqtisadiyyatına malik ABŞ-da siyasi zəmində partiyalar arasında yaranmış qarşıdurma az qala fiskal böhranla yekunlaşacaqdı. Avropada “kəmər sıxma” siyasəti də şirkətləri və sərmayədarları, eləcə də istehlakçıları nikbin düşünməyə vadar etmir. Aparıcı mütəxəssislər belə bir təklif irəli sürürlər ki, dünyanı “qara zolaq”dan çıxarmaq imkanına malik olacaq yeni dalğa baş verməlidir. Bəs bu dalğa nə zaman yaranacaq?

Bu gün heç kimə sirr deyil ki, hazırda dünyanın iki ən böyük iqtisadi güc mərkəzi olan ABŞ və Avropa Birliyində iqtisadi artım tempi arzuolunan səviyyədə deyil. Ümumilikdə dəyəri 30 trilyon dollar olan hər iki bazarda artım tempi olduqca ləng gedir. Daha böyük bazarlara malik Çin, Braziliya, Hindistan və Rusiyada iqtisadi artım cüzi də olsa var, lakin belə bir artım dünya iqtisadiyyatının 2013-cü ildə daha yüksək templə inkişaf edəcəyinə zəmin yaratmır. Bir çox analitik əmindir ki, belə bir xoşagəlməyən perspektivə “yaşıl işığı” siyasi proseslər “yandırır”.  Belə ki, avrozona məkanına daxil olan ölkələr arasında borc probleminin həllinə dair fikir ayrılığının dərinləşməsi ötən ilin yayında bazarlarda çaxnaşmaya səbəb olmuş və avrozonanın gələcəyini təhlükə altına salmışdı. Bu gün Avropa bazarlarında nisbi sakitlik hökm sürür, ancaq qeyd etmək yerinə düşərdi ki, hazırda təkcə “Köhnə Dünya”  dünya siyasətinin qeyri-müəyyən mənbəyini təşkil etmir. Siyasi mübarizəni ənənəvi olaraq bağlı qapılar arxasında həll etməyə üstünlük verən Çində də hakimiyyət uğrunda mübarizə gözlənilmədən açıq müstəvidə aparıldı. Dünyanın fabrikası halına gələn Çində siyasi qruplar arasında aparılan mübarizə də xarici sərmayədarları ehtiyatlı olmağa vadar etdi. Bu isə onsuz da iqtisadi artım tempi yavaşıyan Çin üçün əlavə narahatlıq mənbəyinə çevrildi.

Heç kimə sirr deyil ki, dünya iqtisadiyyatı 2008-2009-cu il böhranından hələ tam xilas ola bilmir və analitiklər belə bir vəziyyətin yaranmasını daha çox inkişaf etmiş  ölkələrdə iqtisadi siyasətin iflic olmasıyla izah edirlər. Əslində, iqtisadi artımın ləng bərpası böhrandan çıxmaqla bağlı irəli sürülən variantlar məsələsində fikir ayrılığının olmasına görə gözlənilən idi. Belə ki, mühafizəkarlar böhrana cavab addımı kimi, dövlət borcunun azaldılmasını və sürətli fiskal konsolidasiyasının (qısa müddətli öhdəliyin uzun müddətli öhdəliyə çevrilməsi) həyata keçirilməsini təklif edirdilər. Sol baxışlı iqtisadçılar isə “kəmər sıxma” siyasətinin iqtisadi artımın azalmasına, bərpanın yavaşımasına və sosial müdafiəsi az olan əhali təbəqəsinin durumuna ciddi zərbə vuracağına əmin olduqlarını açıqlayırdılar. Artan sosial və iqtisadi bərabərsizlik də aparılan iqtisadi-siyasi müzakirələrin daha da qızışmasına təkan verirdi. Səciyyəvi haldır ki, 2012-ci il Rusiyada, Fransada və ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlmiş namizədlərin seçki proqramlarında ya vergilərin və sosial xərclərin artırılması, ya da əksinə, yuxarıda qeyd etdiyimiz iqtisadi-siyasi müzakirələrdə önə sürülən müddəalar əksini tapmışdı.

Amma dünya iqtisadiyyatında ləng artımın müşahidə edilməsi təkcə fikir ayrılığı kimi faktorlardan asılı deyil. Tanınmış iqtisadçılar bunu həm də 1970-ci ilin əvvəlində texnoloji sistemə malik informasiyalı iqtisadiyyatın yaranmasıyla bağlı baş qaldırmış iqtisadi artım dalğasının başa çatmasıyla əlaqələndirirlər. Qeyd etmək vacibdir ki, texnoloji dövrlər uzun “Kondratyev dalğaları” (1892-1938-ci illərdə yaşamış Nikolay Kondratyevin şərəfinə belə adlandırılır) formalaşdırır və bu dalğaların “ömrü” 40-60 il çəkir. Doğrudur, N.Kondratyevin ideyaları müasir iqtisadi nəzəriyyənin bir hissəsinə çevrilmədi, lakin bu gün bir sıra mütəxəssis iqtisadi inkişaf modeliylə bağlı nəzəriyyələrin hazırlanmasında “Kondratyev dalğaları” anlayışına hələ də müraciət edirlər. Bunun nəticəsidir ki, bu gün müasir iqtisadçılar sənaye inqilabı, kömür və buxar, polad və elektrik, neft və avtomobil, elektronika və telekommunikasiya kimi sahələrin yaranması sayəsində yeni infrastrukturun formalaşdırılmasını tələb edən müəyyən texnologiyaların yayılmasıyla bağlı beş uzun dalğanın baş verdiyini bildirirlər.

İnformasiyaya və telekommunikasiyaya əsaslanan sonuncu dövr 1970-ci ildə start götürmüşdü. Britaniyanın Sakses Universitetinin professoru Karlota Peres “Texnoloji inqilablar və maliyyə kapitalı” adlı kitabında bununla bağlı belə yazır: “Elektronika hələ 1990-cu ilin əvvəlində meydana çıxmış və 1920-ci ildə bir neçə sahə üçün vacib amil olmuşdu. Tranzistorlar, yarımkeçiricilər, kompyuterlər və nəzarət cihazları 1960-cı ildə mühüm texnologiyaya çevrilmişdi. Bununla belə, yalnız 1970-ci ildə mikroprosessorun peyda olmasından sonra kütləvi mikroelektronikanın böyük yeni potensialı mühahidə edilmişdi”. K.Peresin fikrincə, istənilən dalğa ilk fazadan başlayır və bu mərhələ çərçivəsində yeni məhsullar, sürətli artım və innovasiyalara əsaslanan sənaye sahələri meydana çıxır. Paralel olaraq maliyyə inqilabı da baş verir:  yeni texnologiyalara fəal şəkildə sərmayə yatırılır və köhnə aktivlərdən imtina olunur. İnkişaf etmiş ölkələrin iqtisadi-siyasət tarixinə nəzər yetirən zaman müəyyən etmək olur ki, həmin ölkələrdə yeni texnoloji sənaye mərkəzlərinin yaradılması prosesi məhz 1970-ci ildə başlanmışdı.

(ardı var)

Hazırladı:

Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında