Vətən, millət, xalq təəssübü çəkməyən siyasi qüvvə uğursuzluğa məhkumdur

 

 

 

 

 

Hakimiyyət uğrunda mübarizə bəşər tarixinin danılmaz reallıqlarından biridir. Siyasi hakimiyyətin sivil yolla, demokratik üsulla dəyişdirilməsi, bu mübarizənin neçə minillik tarixi ərzində insan övladının nail olduğu ən uğurlu nəticələrdən hesab olunur. Hər bir ölkədə siyasi mübarizənin demokratik tələblər çərçivəsində aparılması proseslərin iştirakçılarının qarşılıqlı münasibətlərindən xeyli dərəcədə asılıdır. Bu münasibətlər hər şeydən öncə siyasi qüvvələrin və liderlərin xalq və Vətən qarşısında öz məsuliyyətini dərk etməsindən başlayır. “Haradan başlayır Vətən?” – sualının cavabı siyasətçilər üçün məhz belədir: məsuliyyətdən, xalqa sədaqətdən başlayır.

Siyasətçinin öz vəzifəsinə məsuliyyətlə və ya məsuliyyətsiz yanaşması onun niyyətindən asılıdır. Məsuliyyət nisbi anlayış olduğu halda niyyət konkret formada - fikir, söz, əməl şəklində təzahür edir və nisbi qiymətləndirilə bilməz. Bu fikirlərin Azərbaycanın bugünkü siyasi müstəvisində əksi kifayət qədər rəngarəngdir. AXCP-nin, Müsavatın, reneqat Eldar Namazov və onun yeni yaradılan “El” adlı qondarma hərəkatında toplaşan dəstəsinin hakimiyyət iddiası məsuliyyət hissindən o qədər güclüdür ki,  onların fəalliyəti təkcə ətrafları üçün deyil, bütünlüklə xalq və dövlət üçün arzuolunmaz nəticələr doğura bilər. Azərbaycan ictimaiyyəti adıçəkilən siyasətçilərin məsuliyyətsiz və cinayətkar xarakterli davranışları haqqında geniş məlumata malikdir.  Bunlar əvvəldən belə olublar. Məsələn, başqa dövlətlər atom silahı və digər silahlar barədə məlumatları gizli saxladıqları halda,  AXC-Müsavat iqtidarının nümayəndələri olmayan yerdə iddia etmişdilər ki, bizim atom silahımız var. 1992-ci ildə silahlı dəstələrinin çiyinlərində hakimiyyətə gələn bu binəvalar yeni yaradılmış müstəqil dövləti təmsil etdiklərini unudaraq  türk bayrağını Çinə və İrana taxmaq haqqında populist olduğu qədər də, məsuliyyətsiz bəyanatlar verirdilər. Həmin dövrlərdə Pənah Hüseynov  deyirdi ki, torpaq islahatını aparmaq üçün 30-40 il vaxt lazımdır. Ulu öndər Heydər Əliyev torpaq islahatlarını cəmi üç ilə apararaq göstərdi ki, işə məsuliyyətlə yanaşmaq və düzgün yol tutmaqla istənilən nəticəni əldə etmək olar. Məhz AXC-Müsavat hakimiyyətinin məsuliyyətsiz idarəçilik üsulları nəinki ölkəmizdə insanları bir-birinə qarşı qoymuşdu, hətta bütün dünyanın Azərbaycandan üz döndərməsinə səbəb olmuşdu.

Azərbaycan kiçik ölkədir və burada hamı bir-birini tanıyır. Hamının hər şeydən az-çox xəbəri olduğu üçün heç nəyi gizlətmək mümkün deyil. Bu gün özlərini millət fədaisi, qəhrəman kimi qələmə verməyə çalışanların iç üzünü də hər kəs yaxşı bilir. Xalqımız Müsavat başqanı İsa Qəmbərin prezident səlahiyyətlərini icra etdiyi ilk gündə tələm-tələsik 9 nəfər məhkumun güllələnməsi barədə səlahiyyətsiz fərman verməsini də yaxşı xatırlayır, həmin günlərdə mitinqlərin qadağan edilməsinə dair antidemokratik əmri də unutmur. Yəni bunların demokrat qiyafəsinə girmiş fürsətçilər və antidemokratlar olduğunu cəmiyyət yaxşı bilir. Xatırlayırsınızsa, 3-4 oktyabr 1994-cü ildə Sürət Hüseynovun, 17 mart 1995-ci ildə Rövşən Cavadovun rəhbərliyi ilə həyata keçirilən dövlət çevrilişinə cəhdə, qiyama qarşı bu gün sinəsinə döyən heç bir dağıdıcı müxalifət partiyasının lideri səsini çıxarmamış, etiraz etməmişdi. Gözləyirdilər ki, silahlı dəstələr hakimiyyəti devirsin və bundan istifadə edərək müxtəlif yollarla vəzifələr əldə etsinlər. Onlar yaxşı bilirdilər ki, nə Sürət Hüseynov, nə də Rövşən Cavadov siyasi fiqurlar deyillər. Bu insanlar həm dağıdıcı müxalifət, həm də xaricdəki antiazərbaycan dairələr tərəfindən ortaya atılmış və yalnız güc tətbiqi üçün vasitəyə çevrilmiş binəvalar idi.

Belələri hakimiyyətə gəlsələr də onu əllərində saxlamaq iqtidarında ola bilməzdilər. Ona görə də həmin günlərdə radikal müxalifət partiyaları yalnız boş-boş bəyanatlar verərək cinayətkarlarla iqtidarı danışıqlara dəvət edirdi. Mənasını belə anlamadıqları demokratiyadan dəm vuran radikal müxalifətin Vətənin, dövlətin və xalqın taleyinin həlledici məqamlarında tutduqları bu çirkin mövqe gözlənildiyi kimi heç vaxt onlara baş ucalığı gətirmədi. Əksinə, qiyamçılarla birlikdə özləri də rüsvayçılıqla məğlub oldular və bu məğlubiyyət “xalqın cəza tədbiri kimi”, onların yaxasını buraxmır. Radikalların dövlət çevrilişlərində iştirakı, bu gün də bu cür çevrilişlərin hazırlanmasına cəhd göstərmələrinə dair müntəzəm olaraq məlumatlar yayılır.

Üzərlərinə müxalif missiyası kimi önəmli bir məsuliyyəti götürdüklərini zənn edən bəzi dağıdıcı və kriminallaşmış siyasi qruplar ölkədə siyasi sabitliyi pozmaq üçün səfərbər olmuşlar. Və bu mübarizədə “düşmənimin düşməni mənim dostumdur” kimi axmaq bir prinsipi əsas götürüblər. Elə buna görə də, ermənipərəstlərlə və antimilli, antiazərbaycan dairələrlə birlikdə xorla “xaos” mahnısını oxumaq istəyirlər.  Xorun uğursuz alınacağı isə şübhəsizdir. Çünki dəfələrlə deyildiyi kimi, onun drijorları çox, ifaçıları isə qeyri-peşəkardır. Bunlar hər bir addımı qeyri-peşakar və çox səviyyəsiz bir şəkildə atır, elementar etik normalara belə əhəmiyyət vermirlər. Ölkədə dayanıqlı sabitliyi pozmaqda maraqlı olan bəzi qüvvələrin ayrı-ayrı ailələrin faciəsindən öz siyasi maraqları üçün istifadə etmələri, həmin qüvvələrin təhriki ilə bir qrup gəncin “facebook” sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciət edərək onları qeyri-qanuni aksiyalara qoşulmağa çağırmaları və zaman-zaman bunu təkrarlamaları cəmiyyətlə ordu, vətəndaşla dövlət arasında süni qarşıdurma yaratmağa yönələn uğursuz cəhddir. Bütün bunlar birbaşa Azərbaycan Respublikasının qüdrətli və etibarlı təhlükəsizlik sisteminə qarşı məlum dairələr tərəfindən hazırlanan çirkin təxribat xarakterli planın tərkib hissəsidir.

 

“Yeni Müsavat” qəzetinin  bu ayın 9-u və 10-da işıq üzü görən nömrələrində qeyd olunduğu kimi, müxalifyönümlü gənclərin təmsil olunduğu “Nida” təşkilatının fəalları daxili siyasi vəziyyəti gərginləşdirmək, qarşıdurma yaratmaq məqsədi ilə insanları zorakılığa və vətəndaş qarşıdurmasına təhrik edəcək məlumatlar yaymış, radikal metodlardan istifadə etməyi planlaşdırmışlar. Onlar ölkədə sabitliyi pozmaq və hakimiyyət çevrilişinə şərait yaratmaq üçün təlimat aldıqlarını və fəaliyyətlərini bu təlimatlar əsasında qurduqlarını etiraf etmişlər. Müxalifət  başçılarının, müxtəlif xarici təşkilatların və KİV-lərin “Nida” təşkilatına dəstəyi, bu məsələnin arxasında həm də onların durduğu barədə şübhələrə əsas yaradır.  “Yeni Müsavat” yazır: “Siyasi gündəmə yeni versiya atılır - “inqilab” olacaq. Heç bir zəmin hazırlamadan inqilab barədə danışanlar, sosial şəbəkələrdə yazanlar  mahiyyət etibarı ilə “xaricdən maliyyə dəstəyi alanlar inqilab etmək niyyətindədirlər” fikrini irəli sürməyə şərait yaradırlar. İnsanları avantürist tezislərlə aldadıb, ideyanı isə dəfn etmək el arasında başqa  cür adlanır".

Reallıq budur ki, xaricdəki antiazərbaycan, antimilli dairələr tərəfindən idarə olunan radikal müxalifət düşərgəsində hazırda müvəqqəti dostluq edən qüvvələrin sarsılmaz birliyindən söhbət gedə bilməz. Onlardan hər biri hakimiyyət xatirinə digərini tapdalamağa, məhv etməyə hazırdır.  Məhz buna görə də daim qarşıdurma, toqquşma şəraitində yaşayırlar. Bu yaxınlarda “El” adlı qondarma hərəkatın yaranması ilə bağlı keçirilən tədbirdə, guya, hərəkatın “təqdimatına” toplaşan dağıdıcı düşərgənin liderlərinin bir-birinin uğursuzluğuna eyhamla dolu çıxışları da bunu sübut edir. Təsadüfi deyil ki, müxalifət düşərgəsindəki funksionerlər də  bugünlərdə dağıdıcı müxalifət liderlərinin ABŞ səfiri Riçard Morninqstarla görüşdən çox məyus ayrılmalarının səbəbkarı kimi Eldar Namazovu tənqid hədəfinə çeviriblər.  “Bakı-xəbər” qəzeti yazır ki, Morninqstar hazırkı vəziyyətdə xalqı arxasınca apara biləcək “parlaq” müxalifət liderinin olmamasını, müxalifət başçılarının pərakəndə halda fəaliyyət göstərməsini və heç bir birləşdirici model ortaya qoya bilməmələrini, onların siyasi təsir və elektorat baxımından bir-biriləri ilə o qədər fərqli olmadığını, mövcud vəziyyətdə hakimiyyətin resurslarının daha üstün olduğunu və həmin dairənin qalib gələ biləcəyinə heç bir şübhə olmadığını bildirmişdi.

Bu məqamda sual oluna bilər ki, ABŞ səfirinin söylədikləri ilə reneqat Eldar Namazovun nə əlaqəsi var ki, radikal düşərgənin funksionerləri onu günahlandırırlar? Təbii ki, ilk baxışdan heç bir əlaqə qurmaq mümkün deyil. Ancaq hörmətli oxucularımıza bir daha xatırladırıq ki, 2003-cü il prezident seçkiləri ərəfəsində reneqat Eldar Namazov nüfuzlu bir beynəlxalq təşkilatın nümayəndələri ilə görüşündə radikal müxalifət düşərgəsini “keçmişin qalıqları” adlandıraraq,  vaxtilə cəmiyyəti uçuruma yuvarlamış həmin qüvvələrin yenidən hakimiyyətə qayıdışına xalqın razı olmayacağını bildirmişdi. İndi eyni məna daşıyan cümlələrin ABŞ səfiri Riçard Morninqstarın dilindən eşidilməsi haqlı olaraq dağıdıcı müxalifət düşərgəsinin liderlərində müəyyən şübhələr yaranmasına səbəb olur. Onlar yəqin edirlər ki, reneqat bugün də xarici ölkələrin müxtəlif təmsilçiləri ilə keçirdiyi görüşdə özünə alternativ gördüyü, xüsusən, AXCP lideri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər haqqında hədyanlar yağdırır, onlara qarşı çox sərt təbliğat üsullarından istifadə edir. Yəqin ki, 2003-cü ildə olduğu kimi, hər dəfəsində də özünə işarə edərək yeni “lider”in siyasi meydana gəlməsinin zəruriliyi barədə uzun-uzadı danışır və Əli Kərimlinin, İsa Qəmbərin deyil, məhz özünün şanslı namizəd olduğunu deyir. Yəni reneqat xaricdəki bəzi dairələr tərəfindən radikal düşərgənin “vahid namizədi” kimi qəbul olunmaq üçün hər cür vasitəyə əl atır.   “İctimai Palata”, “Ziyalılar Forumu”  dura-dura, “El” adlı hərəkatın yaradılmasına başqa nə ad vermək olar?

Ancaq yuxarıda qeyd etdiyimiz kimi, siyasətçi üçün ən əhəmiyyətli xüsusiyyət hesab olunan Vətən, xalq, millət, dövlət qarşısında məsuliyyət daşımaq hissi reneqat Eldar Namazovda varmı? Birmənalı şəkildə demək olar ki, buqələmun siyasətçi, necə deyərlər,  məsuluyyətsizliyin, üzüdönüklüyün, xəyanətin simvolu kimi yaddaşlarda yer alıb. Bir vaxtlar vəzifədə olarkən, ona əmanət edilən bir-iki sənədi belə nəyinsə müqabilində, sağa-sola paylayaraq dövlət məmuruna yaraşmayan çox şərəfsiz hərəkətlər edən, vəzifədən qovulduqdan sonra ona sahib çıxan Əli Kərimliyə və İsa Qəmbərə bu gün arxadan zərbə vurmağa çalışan, onları siyasət səhnəsindən uzaqlaşdırmağa cəhd göstərən siyasətçidə məsuliyyət, sədaqət  hissini axtarmaq, necə deyərlər, gecə vaxtı çıraqla samanlıqda iynə axtarmaq mənasına gəlir.

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında