Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir (əvvəli qəzetin 6 mart 2013-cü il tarixli sayında)

 

(əvvəli qəzetin 6 mart 2013-cü il tarixli sayında)

2003-2011-ci illər ərzində ölkədə əsas kapitala yönəldilən investisiyaların həcmi əhəmiyyətli şəkildə artmış, 2010-cu ildə 2003-cü illə müqayisədə 2,9 dəfə, o cümlədən daxili investisiyalar üzrə 7,7 dəfə artmışdır. Təhlil olunan dövrdə daxili investisiyaların ümumi investisiyalarda xüsusi çəkisi 24,8 faizdən 75,7 faizə qədər artmış, xarici investisiyaların payı isə müvafiq olaraq 75,2 faizdən 24,3 faizə qədər azalmışdır. Yalnız 2003-2010-cu illər ərzində Azərbaycan iqtisadiyyatına yönəldilmiş 84,3 milyard ABŞ dollarının 45,1 milyard dolları xarici sərmayələr olmuş və bunun üçdə iki hissəsini birbaşa xarici investisiyalar təşkil etmişdir. İnvestisiyaları cəlb etməklə yanaşı, Azərbaycan, eyni zamanda, onları ixrac edən ölkəyə çevrilmiş və son səkkiz ildə başqa dövlətlərə 5,7 milyard dollarlıq və ya hər il orta hesabla 711 milyon ABŞ dolları həcmində Azərbaycan sərmayəsi yatırılmışdır. Bu müddət ərzində ölkəmizdə 161 sənaye müəssisəsi və obyekti, Bakı-Tbilisi-Ceyhan neft boru və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin Azərbaycan hissəsi, 490 kilometr uzunluğunda avtomobil yolları, 4 beynəlxalq hava limanı, 3 metro stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi, 737 kilometr uzunluğunda qaz kəmərləri istifadəyə verilmiş, 1,3 milyon nömrəlik avtomat telefon stansiyaları tikilmiş və ya yenidən qurularaq istismara verilmişdir. Eyni zamanda, bu dövr ərzində ümumi sahəsi 13,2 milyon kvadratmetr olan 101,3 min yeni mənzil, 3,9 min çarpayılıq xəstəxana, növbədə 5,1 min xəstəni qəbul edən ambulatoriya-poliklinika müəssisələri, 323,2 min şagird yerlik ümumtəhsil məktəbi, 7,9 min yerlik məktəbəqədər uşaq müəssisələri, 23 Olimpiya İdman Kompleksi və digər mühüm sosial-mədəni obyektlər tikilib istifadəyə verilmişdir.

Aparılan təhlil və araşdırmalardan aydın olur ki, 2003-2011-ci illərdə büdcə və vergi (fiskal) siyasətinin əsas məqsədi əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, əhalinin gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsinə, ölkə iqtisadiyyatının idarə olunmasına, neft sektorundan yüksək gəlirlilik əldə edildiyi orta və uzunmüddətli perspektivdə vəsaitlərdən maksimum səmərəli istifadə edilməsinə, maliyyə intizamının gücləndirilməsinə, həmçinin, qeyri-neft sektorunun dayanıqlı inkişaf tempinə, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, maliyyə və iqtisadi böhranın həmçinin, inflyasiya təzyiqlərinin mümkün qədər azaldılmasına yönədilmişdir.

Fiskal siyasətin yuxarıda qeyd olunan hədəflərinin reallaşdırılması nəticəsində 2003-2010-cu illərdə dövlət büdcəsinin gəlirləri və müvafiq olaraq xərcləri əhəmiyyətli şəkildə artmışdır. Təhlili aparılan dövrdə büdcə gəlirlərinin orta artım tempi 40,4 faiz, xərcləri isə 40,1 faiz təşkil etmişdir. Dövlət büdcəsi gəlirlərinin ÜDM-ə faiz nisbəti 2003-cü ildə 17,1 faiz, xərclərinin isə 17,3 faiz təşkil etdiyi halda, 2010-cu ildə müvafiq olaraq bu nisbət 27,4 faiz və 28,3 faizə bərabər olmuşdur. 2003-cü illə müqayisədə gəlirlər 9,3 dəfə, xərclər isə 9,5 dəfə artmışdır. Büdcə göstəricilərinin ÜDM-ə faiz nisbətinin və əvvəlki dövrlərlə müqayisədə artımı 2003-2011-ci illər üzrə Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin əsas istiqamətləri son nəticədə əhalinin maddi rifah halının yaxşılaşdırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının stimullaşdırılmasına xidmət etmişdir. Büdcənin əsas gəlir mənbəyi olan vergilərin vaxtında və tam ödənilməsinin təmin edilməsi, vergi bazasının genişləndirilməsi, vergi ödəyicilərinə xidmətin beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin daha da təkmilləşdirilməsi məqsədi ilə qəbul edilmiş, 2005-2007-ci illəri əhatə edən “Vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövlət büdcəsi gəlirlərinin əhəmiyyətli artımı təmin edilmişdir. Eyni zamanda, büdcə gəlirlərinin artmasını şərtləndirən səbəblərdən biri də “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi və uğurla reallaşdırılması olmuşdur.

Büdcə gəlirlərinin artımı sosial proqramların da maliyyələşdirilməsində öz bəhrəsini vermişdir. Eyni zamanda, sosial xarakterli proqramlarla yanaşı, ölkə iqtisadiyyatı üçün əhəmiyyətli hesab edilən digər mühüm sənədlər qəbul edilmişdir ki, həmin sənədlərin maliyyə mənbəyi kimi dövlət büdcəsi çıxış etmişdir. Bu sənədlərdən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası məqsədilə dövlət büdcəsindən 2009-cu ildə 22,7, 2010-cu ildə isə 106 milyon manat vəsait ayrılmışdır. O cümlədən, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondundan 2003-cü ildə 10,7, 2004- cü ildə 18,5, 2005-ci ildə 36,3, 2008-ci ildə 87,8, 2009-cu ildə 129,5, 2010-cu ildə 44 milyon manat həcmində vəsait ayrılmışdır. Ümumilikdə, 2003-2010-cu illərdə ayrı-ayrı xərc komponentləri üzrə götürdükdə ümumi dövlət xidmətləri orta hesabla 31 faiz, müdafiəyə 38,4 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 28,4 faiz, təhsilə 26,2 faiz, səhiyyəyə 33,8 faiz, sosial müdafiə və sosial təminata 26,4 faiz  artmışdır.

Bütün bunlarla yanaşı, ölkədə kredit sisteminin və kreditləşdirmə prosesinin təkmilləşdirilməsi, əhalinin banklara olan inamının bərpa edilməsi istiqamətində atılan addımlar və həyata keçirilən islahatlar nəticəsində kredit təşkilatları tərəfindən qoyulan kreditlərin həcmi 2003-cü ildəki 670 milyon manatdan, 2010-cu ildəki 9163,4 milyon manatadək və ya 13,7 dəfə artmışdır. Əhalinin bank sektoruna olan inamının artmasının əsas göstəricisi kimi 2003- cü ildə bank sektoruna 644,4 milyon manat depozit qoyulmuşdusa, 2010-cu ilin sonuna bu rəqəm 5448,8 milyon manat təşkil etmişdir ki, bu da 8,5 dəfə artım deməkdir.

Aydındır ki, həyata keçirilən bütün tədbirlərin başlıca məqsədini ölkədə insanların yaşayış şəraitinin yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi kimi sosial məsələlər təşkil edir. 2003-cü ildən etibarən bu istiqamətlərdə çoxsaylı tədbirlər həyata keçirilmiş, normativ-hüquqi sənədlər qəbul edilmişdir. Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər davam etdirilmiş, yoxsulluq səviyyəsinin daha da azaldılması, habelə bununla bağlı BMT-nin qəbul etdiyi “Minilliyin İnkişaf Məqsədləri”ndən irəli gələn vəzifələrin ölkə xüsusiyyətləri nəzərə alınmaqla yerinə yetirilməsinin təmin olunması məqsədi ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” (YADİDP) qəbul edilmişdir. Proqramda əsas strateji məqsədlər müəyyənləşdirilmiş və məqsədlər üzrə konkret müsbət nəticələr əldə edilmişdir. Məsələn, makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi istiqaməti üzrə 2009-cu ildə ümumi daxili məhsulun (ÜDM) artım tempi 9,3 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 3,7 faiz təşkil etmiş, adambaşına ÜDM-in həcmi 4033,2 manata (5018,2 ABŞ dolları) bərabər olmuşdur. 2010-cu ildə ölkə üzrə ÜDM-in həcmi 41,6 milyard manat olmaqla əvvəlki ilə nisbətən 5 faiz və ya müqayisəli qiymətlərlə 1,8 milyard manat artmışdır. İl ərzində ÜDM-in adambaşına düşən həcmi isə 3,7 faiz artaraq 4653,3 manat (5797,8 ABŞ dolları) təşkil etmişdir. 2010-cu ildə qeyri-neft sektoru üzrə ÜDM-in həcmi 18,4 milyard manat təşkil etmiş və ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artmışdır, eləcə də ÜDM-də sahənin xüsusi çəkisi 44,4 faiz təşkil etmişdir. Bütün bunlarla yanaşı, 2009-cu ildə əhalinin nominal gəlirləri 9 faiz artmış və 22,6 milyard manat təşkil etmişdir. 2010-cu ildə isə əhalinin nominal gəlirləri 13,3 faiz artaraq 25,6 milyard manata çatmışdır. Əhalinin sərəncamında qalan gəlirlər adambaşına 2619,6 manat təşkil etmiş və 2009-cu ilə nisbətən 12,9 faiz artmışdır.

Təbii ki, yoxsulluğu yaradan əsas amillərdən birinin işsizlik olduğunu nəzərə alaraq, yoxsulluqla mübarizədə ölkədə əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin olunması sahəsində tədbirlərin həyata keçirilməsi önəmli yer tutur. 2009-cu ildə ölkə üzrə 73,6 min, 2010- cu ildə 52,7 min daimi olmaqla 73 mindən çox yeni iş yeri açılmışdır. Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən 2003-2010-cu illər ərzində yaşa görə əmək pensiyasının baza hissəsi və sosial müavinətlərin məbləği bir neçə dəfə  artırılmışdır. Bu sahədə daha sistemli tədbirlərin reallaşdırılması, ölkədəki pensiyaçıların pensiya təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008- ci il tarixli sərəncamı ilə “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” qəbul edilmişdir.

Təhlil edilən müddət ərzində ölkədə məşğulluğun təmin edilməsi istiqamətində də mühüm addımlar atılmışdır. Eyni zamanda, atılan ən mühüm addımlar ölkə başçısı tərəfindən qəbul edilmiş bir sıra mühüm sənədlərin icrası nəticəsində mümkün olmuşdur. Belə ki, 2003-2011-ci illər ərzində əməkqabiliyyətli əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 may tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)” təsdiq edilmiş və proqram çərçivəsində əmək bazarının təkmilləşdirilməsi, onun institusional inkişafı, məşğulluq sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi tədbirləri həyata keçirilmişdir. Bu istiqamətdə  “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” kimi iki mühüm sənədin reallaşdırılması da öz müsbət nəticəsini vermişdir.  Araşdırmalar göstərir ki, uyğun strategiya və proqramların icrası nəticəsində 2004-2010-cu illər ərzində ölkə üzrə 912,9 min yeni iş yeri açılmışdır.

 Sosial sahələrin inkişafında Heydər Əliyev Fondu tərəfindən təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirilən proqram və layihələr müstəsna əhəmiyyət kəsb edir. Fondun əldə etdiyi nəticələr beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilmişdir. Ümumiyyətlə, ölkəmizdə bu istiqamətdə əldə edilən uğurlara görə BMT-nin İnkişaf Proqramı əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatına əsasən, Azərbaycan 2005-2010-cu illərdə 34 pillə irəliləyərək 169 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. 2000-2010- cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülmüş və “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna keçmişdir.

Bu gün elm və təhsil müəssisələrinin kompyuterləşdirilməsi, beləliklə də gənclərin müasir texnologiyalardan istifadə vərdişlərinə yiyələnməsinə şərait yaradılması, onların virtual dünyaya çıxışının təmin edilməsi ölkədə müasir intellektual səviyyəyə malik gənclərin formalaşdırılması istiqamətində atılmış məqsədyönlü addımlardır. “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də əlbəttə ki, təbii ehtiyatlar var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir,” - deyən ölkə başçısının əsas məqsədi neft kapitalını insan kapitalına çevirməklə Azərbaycan Respublikasında dayanıqlı və sabit sosial-iqtisadi inkişafa nail olmaqdan ibarətdir. Məhz bu baxımdan cənab İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı” xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının da vurğuladığı kimi, bu proqram 5-10 ildən sonra, bəlkə də daha gec bəhrə verəcəkdir, amma intellektual gələcəyə yönəldilən investisiya kimi mütləq özünü doğruldacaqdır. 2011-ci ilin aprel ayının məlumatlarına görə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 740 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilmişdir.

Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (22,3 faiz), Türkiyə (16,9 faiz), Almaniya (15,1 faiz) və Fransanın (9,1 faiz) universitetlərində təhsil alır. Proqram çərçivəsində xarici ölkələrdə təhsil alanların 309 nəfəri bakalavr, 307 nəfəri isə magistratura pilləsində oxuyurlar. Xarici ölkələrin universitetlərində bakalavr (mütəxəssis) pilləsində təhsil alan tələbələrin əksər hissəsi idarəetmə (91 nəfər), tibb (70 nəfər) və informasiya və kommunikasiya texnologiyaları (52 nəfər) sahələrində, magistratura pilləsində təhsil alanların əksəriyyəti bakalavr pilləsində olduğu kimi əsasən iqtisadiyyat və idarəetmə (184 nəfər) sahəsində təhsil alır. Ali təhsilli kadrların hazırlanması istiqamətində atılan bu məqsədyönlü addımlar, həm də elm sahəsində görülən işlərlə, həyata keçirilən islahatlarla müşayiət edilir. Məhz bunun bariz nümunəsidir ki, Azərbaycan Respublikasında elmin inkişaf etdirilməsi məqsədilə 4 may 2009-cu ildə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və bu strategiyanın həyata keçirilməsi ilə bağlı proqram” qəbul edilmişdir. Bu əsasda, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılmışdır. Fond elmin müxtəlif sahələri ilə bağlı qrant müsabiqələri keçirir ki, bu da ölkəmizdə elmin maliyyələşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

2003-2011-ci illərdə təmin edilmiş müsbət dinamika, 2012-ci ildə də davam etdirilmişdir. Başqa sözlə desək, Azərbaycan Respublikası sosial-iqtisadi, siyasi və s. sahələrdə daha uğurlu bir ili arxada qoydu. 2012-ci ilin iqtisadi nəticələri sadəcə müsbət göstəricilərlə müşahidə edilən artım deyil, həm də milli iqtisadiyyatın dayanıqlı inkişafının sübutudur.  Həm də, 2012-ci ilin nəticələri ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması baxımından da xüsusilə diqqəti cəlb edir.

Statistik araşdırmalar göstərir ki, 2012-ci il əhalinin gəlirlərində 7,4 faiz, orta aylıq əmək haqqında 5,7 faiz həcmində real artımın olması və bu zaman inflyasiyanın təxminən 1,1 faiz  mövcudluğu milli rifahın yüksələcəyini deməyə əsas verir. Bununla da əhalinin gəlirləri 34,5 milyard manata qədər artıb. Digər tərəfdən, ÜDM-də gözlənilən 2,2 faizlik artımın faktiki olaraq neft hasilatının azalması fonunda baş verməsi qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatların, layihə və proqramların uğurlarıdır. Belə ki, 2012-ci ildə qeyri-neft sektorunda 10 faizə yaxın real artım əldə edilib. Nəzərə almaq lazımdır ki, 2012-ci  ilin on bir ayı ərzində qeyri-neft sektoru üzrə ÜDM-in həcmi təxminən 24,665 milyard manat olmaqla 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz  artıb. Ümumiyyətlə, 2005-ci ildən etibarən qeyri-neft sektorunun bir qayda olaraq artdığını görmək olar.Məhz bu prizmadan yanaşdıqda, sektorun 2020-ci ilə qədər ÜDM-dəki payının 75 faizə yüksələcəyini proqnozlaşdırmaq olar. 2012-ci ildə isə 2011-ci illə müqayisədə təqribən bu sektorda 7 milyard manat əlavə ÜDM-in yaradılıb ki, bu tempi saxlamaq ölkənin gələcəyi baxımından çox mühümdür.

Bütün bunlarla yanaşı, Cənubi Qafqaz dövlətlərinin 2012-ci il üçün ümumi büdcə gəlirləri 26,6 milyard manat, büdcə xərcləri isə 26,7 milyard manat proqnozlaşdırılıb. Azərbaycanın Qafqaz dövlətlərinin ümumi büdcə gəlirlərindəki payı 19,9 milyard manat və yaxud 74,8 faiz, ümumi büdcə xərclərindəki payı isə 19,5 milyard manat və yaxud 73 faizdir.  Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2012-ci ilin 11 ayı ərzində ölkənin ümumi ticarət dövriyyəsi 30,538 milyard dollar, o cümlədən  ixracın məbləği 22,094 milyard dollar olub və idxal-ixrac əməliyyatları 154 ölkə ilə həyata keçirilib. 2012-ci ilin ən mühüm hadisələrindən biri Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz kəməri (TANAP) üzrə müqavilənin imzalanması olub. İlkin olaraq 16 milyard kubmetr qazın Türkiyə və Avropa bazarlarına ixrac edilməsinə imkan verən, dəyəri 7 milyard dollar qiymətləndirilən TANAP  2018-ci ilin ortalarında istifadəyə veriləcək ki, nəticədə ölkəmiz neft ilə paralel olaraq qaz ixracatçısına da çevriləcək.

Ötən il qeyri-neft sektorunda 9,7 faizlik artım, yeni iş yerlərinin açılması və əhalinin gəlirlərinin çoxalması ilə müşayət olundu. Belə ki, 2012-ci il də 100 mindən artıq yeni iş yerləri açılıb. Həmçinin yanvar-noyabr ayları ərzində əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 29,9 milyard manat, adambaşına düşən gəlir 12,2 faiz artaraq 3260 manat, orta aylıq nominal əmək haqqı isə 9 faiz artaraq 390,2 manat olub. 2012-ci ildə əhalinin gəlirlərinin 8,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarına, 1,6 faizi isə kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. 27,4 milyard manat isə əhalinin sərəncamında qalıb ki, bu da əvvəlki  illə müqayisədə 14 faiz artıqdır. Nəzərə alsaq ki, bu il istehlak mallarında inflyasiya cəmi 1,1 faiz olub, bu zaman demək olar ki, adambaşına düşən gəlir, yəni 3260 manat əvvəlki illə müqayisədə  təxminən 11 faiz daha çox olub. Eyni zamanda, orta aylıq əmək haqqının səviyyəsinə görə, Azərbaycan Qafqazda  birinci yerdədir ki, bu da onu deməyə əsas verir ki, ölkəmizdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər öz səmərəsini verməkdədir.

Mərkəzi Bankın 2012-ci il üçün əsas pul-kredit siyasəti əvvəlki illərdəki kimi, inflyasiyanın birrəqəmli olmasının təmin edilməsi, manatın məzənnəsinin möhkəmləndirilməsi, həmçinin banklar və digər maliyyə-kredit təşkilatlarının fəaliyyət mexanizmlərinin daha da təkmilləşdirilməsidir. Görülən tədbirlər nəticəsində Azərbaycan manatı 0,2 faiz   möhkəmlənərək 1,283 ABŞ dolları olub. Bu isə manata inamı daha da artırıb və milli valyutamızın yığıma yönləndirilməsini sürətləndirib.

 2012-ci  il inflyasiya 1,1 faiz qiymətləndirilir ki, nəticədə Mərkəzi Bank uçot dərəcələrində 0,25 faizlik azaltma etməklə pul-kredit siyasətini yumşaltmaq istiqamətində addım atıb. Həmçinin 2011-ci  ildə Mərkəzi Bank bank sisteminin daha dayanıqlı və kapitaltutumlu olması məqsədi ilə 2014-cü il yanvarın birindən etibarən nizamnamə kapitalının 50 milyon manata çatdırılması haqqında qərar verdi. Beləliklə, Azərbaycanda bank sektorunun daha güvənli olması və sağlam təməlinin təmin edilməsi istiqamətində vacib olan daha bir addım atılıb.

2012-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi təxminən 6 milyard dollar və yaxud da 14,7 faiz artıb. Hazırda ölkəmizin valyuta ehtiyatları 46,5 milyard dollardır. Qeyd edək ki, ARDNF-nin valyuta ehtiyatları strateji valyuta ehtiyatlarının əsasını təşkil edir və fondun təsis edildiyi 2001-ci ildən bu günədək fondun aktivləri 70 dəfə artıb. Strateji valyuta ehtiyatı nə qədər çox olarsa, əlbəttə, ölkəmizin maliyyə dayanıqlığı və xarici investisiyaların cəlb edilməsində etibarlı tərəfdaş statusu güclənir. Həmçinin ölkəmizin müharibə şəraitində olması valyuta ehtiyatlarının əhəmiyyətini daha da önəmli edir. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-in 70 faizinə bərabər olmaqla ölkənin xarici borcundan 9 dəfə artıqdır. O cümlədən, Azərbaycan dövlət ehtiyatlarının ÜDM-də payına görə, MDB-də ən yaxşı göstəriciyə malikdir.

Avropa Birliyində böhranın müşahidə olunmasına baxmayaraq, 2012-ci ildə ÜDM-in təxminən 2 faiz  artması və ən əsası qeyri-neft sektorunda 9,7 faizlik artımın olması, həmçinin inflyasiyanın 1,1 faiz təşkil etməsi, büdcənin kəsirlə proqnozlaşdırıldığı halda profisitlə yerinə yetirilməsi, strateji valyuta ehtiyatlarının 46,5 milyard dollara kimi artması, əhalinin gəlirlərində 13,7 faiz  və orta aylıq əmək haqqında 9 faizlik artımın müşahidə edilməsi, 20 ildən sonra SSRİ dövründən qalan əmanətlərin qaytarılmasına start verilməsi belə deməyə əsas verir ki, Azərbaycan istənilən şəraitdə özünün strateji məqsədlərini reallaşdırmaq imkanı olan, seçdiyi hədəfə çatmağa qadir bir ölkədir.

Beləliklə, qeyd edilənlərdən aydın olur ki, artıq cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası təbii-iqtisadi imkanlardan istifadə etməklə çox güclü və dayanıqlı bir iqtisadiyyatını formalaşdırmışdır. İstər ümumi iqtisadi göstəricilərdə, istərsə də sənaye, kənd təsərrüfatı, sosial və s. sahələrə dair göstəricilərin dinamik formada dəyişməsi, ilbəil artması ölkəmizin iqtisadi qüdrətini və inkişaf tempini xarakterızə edir.  Eyni zamanda, dünyada davam edən iqtisadi böhran nəticəsində ayrı-ayrı ölkələrin iqtisadi vəziyyətinin pisləşdiyini, ÜDM həcminin azaldığını, investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi imkanlarının məhdudlaşdığını, bir çox ölkələrin milli pul vahidlərinin devalvasiya edildiyini, işsizlik səviyyəsinin artdığını və bütün bunların Azərbaycanda ciddi formada hiss edilmədiyini nəzərə alsaq, ölkəmizin iqtisadi qüdrətini təsəvvür etmək olar. Uzağa getmədən, MDB ölkələrinin timsalında iqtisadi böhranın ümumi mənzərəsi ilə tanışlıqdan aydın olur ki, bir çox qonşu respublikalarda iqtisadi vəziyyət kəskin pisləşmiş və 2009-cu ilin əvvəlindən, onların iqtisadi durumunu xarakterizə edən makroiqtisadi göstəricilər aşağı düşmüşdür. Konkret olaraq bu ölkələrdə ÜDM 9 faiz, sənaye istehsalı 14 faiz, o cümlədən, Rusiyada 14 faiz, Qazaxıstanda 1,5 faiz, Belarusda 4,6 faiz, Qırğızıstanda 12,7 faiz, Ukraynada 29,6 faiz və s. azalmışdır. Təsadüfi deyil ki, artıq öz iqtisadi inkişaf yolu olan, qlobal maliyyə böhranının təsirini minimum həddə endirməyi bacaran Azərbaycanın uğurları bütün dünyada diqqətlə izlənilir və ölkəmızin inkişaf tempini təmin edən şərtlər geniş təhlil obyektinə çevrilir. Bunu son vaxtlar dünyanın aparıcı mətbu orqanlarında Azərbaycanın iqtisadi artımına dair dərc olunan yazılardan, beynəlxalq reytinq agentliklərinin ölkəmizə verdiyi qiymətlərdən də əyani görmək mümkündür.

Böyük Britaniyada nəşr edilən “Financial Times” qəzeti Azərbaycanın investisiya imkanlarını şərh edərək yazır ki, qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir göstərməyib. Ölkə iqtisadiyyatında son on ildə 900 faiz artım olduğunu qeyd edən qəzet, bu inkişafda özəl sektorun böyük rol oynadığını xüsusi vurğulayıb. Məqalədə o da qeyd edilir ki, Mərkəzi Asiya regionunun digər ölkələri böhrandan çıxmaq üçün səylər göstərdiyi halda, Azərbaycanda sürətli dinamik iqtisadi artım müşahidə olunur. Ölkəmizdə əlverişli investisiya mühitinin olduğuna qeyd edən “Financial Times”in beynəlxalq ekspertlərin fikirlərinə əsaslanaraq qarşıdakı illərdə Azərbaycana daha çox investisiyanın cəlb ediləcəyini qeyd edir. Eyni zamanda, nüfuzlu “The Ekonomist”də yazır ki, beynəlxalq maliyyə böhranı davam etsə də, Azərbaycan sürətlə inkişaf edərək lider dövlətlər sırasında yer alacaqdır.  Bütün bunlar cənab İlham Əliyevin prezidentliyi dövründə  əldə edilən uğurların kiçicik bir hissəsidir. Təbii ki, bu müddətdə əldə edilən uğurları bir məqalədə əhatə etmək qeyri-mümkündür. Yekun olaraq bir faktı qeyd etmək kifayətdir ki, nəinki müstəqilliyini yeni qazanmış MDB respublikalarında, hətta dünyanın uzun illər ərzində sürətlə inkişaf etmiş ölkələrində ciddi tənəzzülün baş verdiyi bir vaxtda  Azərbaycan iqtisadiyyatının böhran “küləyindən” məharətlə qorunması, artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatlarını, aparıcı dünya universitetlərinin iqtisadçı alimlərini təəccübləndirməkdədir. Bu alimlər və təşkilatlar Azərbaycan Respublikasının iqtisadi inkişaf modelini öyrənmək və digər ölkələrdə də tətbiq etmək istiqamətində düşünürlər. Təbii ki, bütün bunlar, azərbaycanlı alimlər qarşısında da mühüm vəzifələr qoyur.

 

 İsa ALIYEV,

AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor,

Aqil ƏSƏDOV,

institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında