Sosial bazası olmayan müxalifətin siyasi ambisiyaları gerçəkləşə bilməz

 

 Reneqat Eldar Namazovun qondarma “El” hərəkatı yarandığı gündən iflasa məhkumdur!

Bir zamanlar regionun ən görkəmli siyasətçisinin qovluqlarını daşımaqla fəxr edən, bu gün isə öz xalqına və dövlətinə qarşı çıxmış bir yazıçının papkasını daşımaq məcburiyyətində qalan, xislətcə reneqat, xasiyyətcə dönük, xaraktercə hərdəmxəyal olan Eldar Namazovun yeni yaratdığı dəstə, sözün həqiqi mənasında, kütləvi informasiya vasitələri üçün növbəti mövzu oldu. Çox yazdılar, çox danışdılar. Biri dedi ki, müxalifətin indiyədək doğulub ölmüş təşkilatlarının hamısı kimi bu qurum da ən yaxşı halda prezident seçkiləri başa çatanadək yaşaya bilər.

Biri yazdı ki, “El” hərəkatı yel çərşənbəsi günlərində dünyaya gəldiyinə görə onun bütün səs-sorağını yellər süpürüb atacaq. O biri gileyləndi ki, Eldar Namazov gərək bu təşkilatı yaradıb el adına xələl gətirməyəydi. “El”in yaranması faktiki olaraq “Ziyalılar Forumu”nu parçaladı. Amma Eldar Namazovun bu “forumu” necə parçalaması məsələsi laübalıdır, çünki olmayan nəsnə parçalanmaz. Biz də Eldarın nəyisə parçalaya biləcək bir zat olmadığını çox yaxşı bilirik.

Məlum oldu ki, “Ziyalılar Forumu”nun “elin dayağı” – deyib ətəyindən əl çəkmədiyi alim Rafiq Əliyev “El” hərəkatının yaradılmasını istəmirmiş və bu mövqeyini artıq açıq şəkildə elan edib: “El” hərəkatı bizim forumun məramına və məqsədinə zidd olaraq siyasi partiya platformasında formalaşdırılıb. Ona görə də mən və dostlarım orada yoxuq”. Xatırlatmağa ehtiyac var ki, “Ziyalılar Forumu” ərsəyə gələndə həmin qurumdakı adamlara yaxın olan mətbuat vasitələri yazmışdılar ki, bu foruma toplaşanların böyük əksəriyyəti professor Rafiq Əliyevin başına yığışanlardır. Əgər biz müxalifət mətbuatının həmin tezislərini qəbul etsək və Rafiq Əliyevin “El” yaradılandan sonra söylədiklərinin səmimiyyətinə inansaq, onda belə çıxır ki, yeni yaradılan hərəkatda Rüstəm İbrahimbəyovla Eldar Namazovdan və onların papkalarından başqa heç kəs yoxdur. Rüstəm müəllim də hələ ki Marseldə “Marselyoza” oxuyur. Qəzetlər xəbər verirlər ki, “böyük ədib” Eldar Namazovun ərsəyə gətirdiyi hərəkatın ilk “addımlarını” bilavasitə Fransadan – Marseldən zəng edərək alqışlayıb. Amma ekspertlərin fikrincə, bu yazıçının ssenari qurmaq peşəkarlığı artıq xeyli korşalıb. Belə ki, o, “El”in yaranmasıyla “Ziyalılar Forumu”nun əvvəllər doğulub ölmüş çoxsaylı müxalif qurumların taleyini yaşayacağını dəqiq hesablaya bilməyib.

Ümumiyyətlə, bu gün ölkə ictimaiyyəti haqlı olaraq belə bir qənaətə gəlib ki, özünü müxalifət adlandıran insanların önündə getmək missiyasını üzərinə götürmüş İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov, Rüstəm İbrahimbəyov, Gültəkin Hacıyeva və başqalarının ən ağır olan bir bəlası var – atdıqları addımın sonrasını hesablaya bilməmək problemi. Hərgah bu adamlar hansısa addımı normal məntiqlə hesablasaydılar, götür-qoy etməyi bacarsaydılar, onda heç müxalif düşərgəyə yaxın da getməzdilər Diqqət yetirin, İsa Qəmbər xalq azadlıq hərəkatının dalğasında hakimiyyətə gəlmiş AXC- Müsavat iqtidarında ikinci adam idi. Onun da təmsil olunduğu iqtidarın ölkəyə bəlalar, məhrumiyyətlər gətirməsi bir yana, İsa Qəmbərin özü də xalqa və dövlətə çoxsaylı problemlər yaratmışdı. Elə iqtidardaxili ziddiyyətlərin bir çoxunun təməlini bilavasitə İsa Qəmbər qoymuşdu. Əgər İsa Qəmbər öz prezidenti Əbülfəz Elçibəyin ayağının altını qazmaqla məşğul idisə, həmin iqtidarda mühüm mövqelərdən birini tutan Əli Kərimli həm İsa Qəmbərə badalaq gəlməklə məşğul idi, həm də prezident Əbülfəz Elçibəyin fiziki cəhətdən yox edilməsi üçün yollar aramaqla. Bu yolların ən bariz nəticələri artıq hamıya məlumdur. Hər ikisi ciddi-cəhdlə çalışsalar da, heç biri bu addımların sonrasını düşünə bilmirdi. Nəticə isə göz qabağındadır - onların qazancı ümumxalq qınağı, ölkə əhalisinin nifrəti oldu. Maraqlıdır ki, indi – həmin qınaq və nifrət yükündən azad olmaq üçün fitnə-fəsadlar törədəndə də kifayət qədər hesablama səhflərinə yol verirlər. Hələ də elə bilirlər ki, prezidentliyə namizəd olsalar istədikləri qədər səs toplayacaqlar. Halbuki, ən yaxşı halda bir və ya iki faiz səs toplayacaqları hamıya məlum olan bir həqiqətdir.

Reneqat Eldar Namazovla Rüstəm İbrahimbəyovun dərdi isə daha böyükdür. Eldar Namazov nəhəng bir çinarın kölgəsindən bəhrələnən cılız bir canlı idi. Bu cılız canlının çınarın kökünü gəmirmək istəyən gəmiricilərlə xəlvəti əməkdaşlıq etməsi bir tərəfdən bağışlanılacaq səhf deyildi, bir tərəfdən də onun korafəhimliyindən xəbər verirdi. Heç kəs bilməsə də, o bilməli idi ki, kölgəsinə sığındığı çinar tarixin çox sınaqlarından çıxmışdı. Bunu anlaya bilmədi. Daha doğrusu, öz hesablamalarında çoxsaylı səhflərə yol verdi ki, bu da son nəticədə onun özünü rüsvayçı vəziyyətə saldı. Elə Rüstəm İbrahimbəyov da həmçinin. O, Azərbaycan xalqının, dövlətimizin və şəxsən ulu öndərimizin qayğısı sayəsində çoxsaylı beynəlxalq uğurlara nail olmuşdu. Ancaq bədnam qonşularımızın məlum xəyanətindən sonra Azərbaycan paytaxtında yaşayan ermənilər köçüb getmək məcburiyyətində qaldılar və bu məsələ birbaşa Rüstəm İbrahimbəyovun probleminə çevrildi. Hətta iş o yerə çatdı ki, Rüstəm İbrahimbəyov ermənilərsiz Bakıda yaşamağın mümkünsüzlüyünü dilə gətirdi. Kimsə bu yazıçıya başa salmaq istədi ki, düşmən dəyirmanına su tökmək bizim ümumi işimizə ziyan vura bilər. Belə olanda isə Rüstəm İbrahimbəyov öz yerini müxalifət düşərgəsində gördü. Unutdu ki, bu addımı ona heç zaman təmizlənməsi mümkün olmayacaq bir üz qaralığı gətirir. Görünür, bu adam üz qaralığını özü üçün elə bir problem saymır.

Sonda bir daha Eldar Namazovun “El”hərəkatının cəmiyyətdə yaratdığı əks-sədaya qayıdaq. Ölkə əhalisinin mütləq əksəriyyəti bu reneqat siyasətbazın tamamilə əbəs yerə əziyyət çəkdiyini söyləyir. Çünki Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədovun dediyi kimi “Azərbaycanın müasir tarixində dəfələrlə belə uğursuz təşkilatlar yaradılıb, nəticəsi hər kəsə məlumdur... “El” hərəkatı adı qoyulan layihənin taleyi də müxalifətin ondan əvvəl yaradılmış təşkilatlarından heç nə ilə fərqlənməyəcək... Müxalifətin azsaylı bəlli nümayəndələrinin hansı konstruksiyada olur-olsun, birləşmələri, onların nə nüfuzunu, nə də gücünü artırır. Necə deyərlər, simalar bəlli, niyyətlər aydındır. Bir də ki, toplananların yerinin dəyişməsi cəmə təsir etmir”.

Xatırladaq ki, ictimaiyyət nümayəndələrinin fikrincə, qondarma “El” hərəkatında toplaşanlar Azərbaycanın bu gününü deyil, keçmişini təmsil edirlər. Həmin adamlar illər uzunu siyasi ambisiyalarını gerçəkləşdirmək üçün çox təşkilatlar yaradıb, nəyəsə nail ola bilməyiblər, hər dəfə uğursuzluğa düçar olublar. Uğursuz simalar kimi tarixə düşənlər isə heç zaman siyasi faktora çevrilə bilməzlər. Əgər onlar cəmiyyət həyatının o qədər də nəzərə çarpmayan azlığı şəkilində mövcuddurlarsa, onda daha pis. Adlarının “El” olmasına baxmayaraq, həmin təşkilatın ictimai dəstəyə ümid etməsi mənasız və gülüncdür. Əli Əhmədov qeyd edib ki, nə bu təşkilatın, nə də ənənəvi müxalifətin Azərbaycanın siyasi mühitinə təsir etmək resursları yoxdur.

Yeri gəlmişkən, “El” hərəkatının təsis olunması barədə kütləvi informasiya vasitələrində verilmiş xəbərlərə nəzər salan istənilən oxucu çox maraqlı bir məqamla tanış olur. Orada təmsil olunanların hamısı – təbii ki, Eldar Namazov başda olmaqla - vaxtilə yarıtmaz fəaliyyətinə görə tutduğu vəzifədən kənarlaşdırılmış insanlardır. Azərbaycan coğrafi baxımdan o qədər də böyük ölkə deyil və az qala hamı bir-birini tanıyır. Belə olan halətdə reneqat Eldar Namazov, İsa Qəmbər və Əli Kərimli kimi “məşhur” simaların yenidən hakimiyyətə gəlmək istəyi təkcə ironiya yaratmır, həm də xalqın onlara olan ikrahını artırır. Çünki bir qədim hind məsəlində deyildiyi kimi, bir nəfəri və ya beş-on adamı iki-üç dəfə aldatmaq olar. Bütöv xalqı isə iki dəfə aldatmaq mümkün deyil. Adını çəkdiyimiz “məşhurlar” isə məhz buna – xalqı ikinci, üçüncü dəfə aldatmağa çalışırlar. Bir soydaş kimi xatırlatmaq bizim borcumuzdur: əbəs yerə əziyyət çəkir, tamamilə məzmunsuz bir iş üçün vaxt sərf edirsiniz. Bu xalq sizi bir də nəinki hakimiyyətə gəlməyə qoymayacaq, hətta hakimiyyətin yaxınlığına belə buraxmayacaq.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında