Azərbaycan - BMT əlaqələri yüksələn xətt üzrə inkişaf edir

 

 

 

Sürətlə inkişaf edən, müasir ölkəyə çevrilən Azərbaycan Respublikası  beynəlxalq arenada da böyük nüfuz sahibinə çevrilmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə diqqəti üzərinə cəlb etmişdir. Uzun illərdir dünyada ardıcıl olaraq sülh və tərəqqi siyasəti yürüdən ölkəmiz bu gün qlobal təhlükəsizlik sisteminin əsasında dayanan  regional təhlükəsizliyə mühüm töhfə verməkdədir.  Avropanın və ümumilikdə, dünyanın enerji təminatında ciddi faktora çevrilən Azərbaycan beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yürüdür.

Güclü və etibarlı tərəfdaş kimi bütün sahələrdə yeni təşəbbüslərə qoşulmaqla müasir dünyaya inteqrasiya siyasətini uğurla davam etdirir. Bu baxımdan  ölkəmizin dünyanın ən nəhəng beynəlxalq hökumətlərarası təşkilatı olan  Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələrinin inkişafı böyük əhəmiyyət kəsb edir.

Qeyd etmək yerinə düşər ki, beynəlxalq miqyasda müxtəlif fəaliyyət sahələri ilə bağlı məsələləri araşdırıb qərar qəbul etmək səlahiyyətinə malik olan BMT bu baxımdan dünyada yeganə təşkilatdır. Qurumun  əsas məramı isə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına, dövlətlər arasında dostluq münasibətlərinin inkişafına yardım etməkdir. BMT, həmçinin dünya siyasətinin aktual məsələlərinin müzakirəsi üçün bir meydandır. Ona görə də dünya birliyinin tamhüquqlu üzvü olmaq və beynəlxalq aləmdə  cərəyan edən proseslərdə fəal iştirak etmək üçün hər bir dövlət BMT-nin üzvlüyünə daxil olmağı və onunla əlaqələrini inkişaf etdirməyi əsas vəzifələrdən biri kimi qarşıya qoyur. Azərbaycan Respublikası da müstəqilliyini bərpa etdiyi gündən dünya dövlətləri ilə hərtərəfli qarşılıqlı əməkdaşlığın qurulması və müstəqilliyin möhkəmləndirilməsi məqsədilə BMT üzvlüyünə daxil olmaq üçün zəruri addımlar atmağa başladı. 1991-ci il oktyabrın 29-da Azərbaycan Respublikası BMT-yə və dünya dövlətlərinə müraciət ünvanladı. Müraciətdə demokratiya, azadlıq və bərabərlik yolu ilə getməyi qarşısına məqsəd qoyan ölkəmiz  BMT üzvlərindən bu nüfuzlu və mötəbər beynəlxalq təşkilatın üzvlüyünə qəbul olunması məsələsini nəzərdən keçirməyi xahiş edirdi. Beləliklə, BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının təşkilata  üzv qəbul olunması haqqında qətnamə qəbul edildi. 

Yeri gəlmişkən,  müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ almış bəzi qüvvələrin dövlət idarəçiliyindəki naşılığı və siyasi səbatsızlığı nəticəsində ölkəmizin beynəlxalq qurumlarla, o cümlədən BMT ilə əməkdaşlığı demək olar ki, yox dərəcəsində idi. Bu da yenicə bərpa olunmuş dövlət müstəqilliyimizin davamlı olmasına mənfi təsir göstərir, dünyaya inteqrasiyanın qarşısında ciddi maneəyə çevrilirdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişindən sonra yenidən hakimiyyətə gəlişi ilə bütün bunlara tədricən son qoyuldu. Böyük tarixi şəxsiyyətin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətləri və aparıcı ictimai təşkilatları ilə sıx əlaqələr yaratdı. Heydər Əliyev nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı xarici siyasətin prioriteti hesab edərək demişdir: “Respublika qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”.

Ulu öndər Heydər Əliyev BMT ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdi. Çünki bu mötəbər qurumla sıx əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqelərini gücləndirməklə yanaşı,  dünya dövlətləri ilə bərabərhüquqlu faydalı münasibətlər qurmasına da real imkanlar yaradırdı. Bununla müstəqilliyimizin ilk illərindən Ermənistan silahlı qüvvələrinin ərazi bütövlüyümüzü pozaraq torpaqlarımızı işğal etməsi faktını da mötəbər beynəlxalq təşkilatın tribunasından bütün dünyaya çatdırmaq imkanı əldə etmiş olurduq.  Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan — Azərbaycan münaqişəsinə cəlb etməyə çalışmış və həlledici məqamlarda öz məqsədinə nail olmuşdur.  Təsadüfi deyil ki, ölkəmizin təşəbbüsləri nəticəsində BMT-nin Təhlükəsizlik Şurası Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dörd qətnamə (822, 853, 874 və 884 saylı qətnamələr) qəbul etmişdir.  Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, işğalçı qüvvələrin ölkə ərazisindən dərhal çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir.

Azərbaycanın BMT ilə əməkdaşlığının dərinləşməsində BMT-nin Baş katibi  Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol  oynamışdır. Azərbaycanın ictimai-siyasi  və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanış olan Butros Qali mövcud problemlərin həllində Azərbaycana dəstək vermək üçün  BMT-nin  müxtəlif təsisatlarının öz səylərini artıracağını bildirmişdir.

Müstəqilliyimizin ilk illərində Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi və qaçqın və məcburi köçkünlərin sayının bir milyonu  keçməsi beynəlxalq aləmdə də böyük əks-səda doğurmuşdu. Bu səbəbdən BMT-nin Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” Qətnamə qəbul etmişdir. Ümumiyyətlə,  1996-cı ilədək  BMT-nin TŞ-nın sədri və BMT Baş katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyən bir sıra bəyanatlarla çıxış etmişlər.  1996-cı ildən başlayaraq BMT Baş Assambleyası “BMT və ATƏT arasında əməkdaşlıq haqqında” Qətnaməsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü  yenidən təsdiqləmişdir. 

Ölkəmiz  BMT Baş Assambleyasının çərçivəsində də fəal iştirak edir. Belə ki, 1994 və 1995-ci illərdə Assambleyanın 49-cu və 50-ci sessiyalarında ümummilli lider Heydər Əliyev Azərbaycan nümayəndə heyətinə başçılıq etmişdir. O, həmçinin, 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında iştirak etmişdir. Həm 1995-ci ilin oktyabrında Baş Assambleyanın 50-ci sessiyasında, həm də BMT-nin Minillik Zirvə Toplantısında çıxış edən ümummilli lider Heydər Əliyev qlobalizasiya mövzusuna toxunmuş, qlobalizasiyanın müsbət inkişafı, həmçinin Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasının əhəmiyyətini qeyd etmişdir.

2003-cü ilin sentyabrında isə o vaxt Azərbaycanın  Baş naziri olan  İlham Əliyev BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edərək bildirmişdir ki, BMT Təhlükəsizlik Şurası mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşmazlıqların meydana çıxması  şəraitində uyğun çevik və adekvat münasibət göstərə bilmir. O, mövcüd BMT mexanizmlərinin zamanın tələblərinə cavab vermədiyini və bununla bağlı təşkilatda islahatların aparılmasının vacib məsələyə çevrildiyini vurğulamışdır. Azərbaycan hökumətinin başçısının fikrincə, BMT TŞ-də  “həm bugünkü, həm də yarıməsirlik reallıqlar öz əksini tapmalıdır”.   2004-cü ilin sentyabrında keçirilən BMT  Baş  Assambleyasının 59-cu sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev yenidən BMT TŞ-nin fəaliyyətinə toxunaraq bu mötəbər qurumun Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırlatmış, onların hələ də həyata keçirilmədiyini və həyata keçirilməsinin işlək mexanizminin yaradılması zərurətini  ümdə məsələ kimi irəli sürmüşdür.

Azərbaycan - BMT əlaqələrinin inkişafı, möhkəmlənməsi və ölkəmizin bu təşkilatda böyük nüfüz qazanmasını göstərən ən əhəmiyyətli hadisə, şübhəsiz ki, 2011-ci  il oktyabrın 24-də Azərbaycan  Respublikasının  BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir quruma qeyri-daimi üzv seçilməsi faktıdır.  Bu, həm də 21 illik müstəqillik dövründə diplomatiyamızın qazandığı ən böyük uğurlardandır. Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətimizin möhtəşəm qələbəsi münasibəti ilə verdiyi bəyanatda da qeyd etmişdir ki,   BMT-nin Təhlükəsizlik Şurası  kimi  dünyanın ən mötəbər təşkilatına üzv olmaq böyük  uğur, möhtəşəm nailiyyətdir.

Məlumdur ki, Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizliyin təmin edilməsi üzrə BMT-nin məsul qurumu olaraq, 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir. Hər il BMT TŞ-nin 10 qeyri-daimi üzvündən 5-i yenilənir. 2011-ci ildə də 2012-2013-cü illər üşün Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvü seçilməli idi. BMT TŞ-nin qeyri-daimi üzvülüyünə seçkilərdə namizədlər regional qruplar adlandırılan qruplar tərəfindən irəli sürülür. Belə ki, Afrikadan və Asiya-Sakit okean regionundan dərhal beş ölkə öz namizədliyini irəli sürmüşdür. Bunlar Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqo olmuşdur. Onlar 2011-ci il dekabrın 31-də Qabon, Livan və Nigeriya tərəfindən azad olunan yerlər uğrunda mübarizə aparmışlar. İlin sonunadək Bosniya və Herseqovinanın tutduğu yerə Şərqi Avropa dövlətləri qrupundan üç ölkə — Azərbaycan, Macarıstan və Sloveniya iddia etmişdir. Reqlamentə görə, qeyri-daimi üzvlüyə seçkilər gizli səsvermə yolu ilə həyata keçirilir. Yalnız Azərbaycan, Qırğızıstan və Qvatemaladan başqa, doqquz namizəd ölkə artıq bundan əvvəl BMT TŞ-nin qeyri-daimi üzvü olmuşdu.

Fərəhləndirici haldır ki, mötəbər quruma qeyri-daimi üzv seçilmək üçün ölkəmiz çox gərgin bir mübarizəni, deyərdik ki, ölkələrin dünyadakı nüfuz mübarizəsi mərhələsini uğurla sona çatdırmışdı. Bu prosesi bir daha yada salmaq istərdik. Çünki məhz həmin səsvermə, dünya ölkələrinin seçim prosesi çox şeyi ifadə edir.  Belə ki, səsvermənin gedişində biz 116 səs topladıq, sona qalan digər namizəd — Sloveniya isə cəmi 77 səs ala bildi. Bu məqamda xatırlatmaq istərdik ki, Sloveniya həm Avropa Birliyinin, həm də NATO-nun üzvüdür. Buna rəğmən, yəni həm Avropa ölkələrinin, xüsusən, Fransanın dəstəyinə baxmayaraq hər dəfə səsvermə keçiriləndə Sloveniya daha az səs aldığı üçün Azərbaycan ilə sonadək rəqabət aparmaqdan imtina etdi. Ölkə BMT Təhlükəsizlik Şurasına  namizədliyini geri götürməli oldu. Məlumdur ki, sonuncu səsvermədə Azərbaycan daha bir uğura imza ataraq, ona dəstək verən ölkələrin sayını daha da artırdı, 155 səs topladı, 24 dövlət bitərəf qaldı, 13-ü isə əvvəlki kimi, yenə öz namizədliyini geri götürən Sloveniyaya səs verdi. Bütün bunlar ölkəmizin BMT-də böyük  nüfuza malik dövlətlər sırasına yüksəlməsindən xəbər verirdi.

Keçən ilin may ayında ölkəmizin müstəqillik, BMT ilə əlaqələr tarixində növbəti mühüm və əlamətdar hadisə baş verdi. Həmin ay Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etdi. Bu, bir daha göstərdi ki, Azərbaycan qlobal problemlərin həllində yaxından iştirak etmək, dünya səviyyəsində qəbul olunan qərarlara təsir göstərmək imkanı əldə etmişdir və buna qadirdir. Bu, həm də Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi qısa müddət ərzində artıq dünyanın təhlükəsizlik siyasətini müəyyən edən əhəmiyyətli ölkələrin birinə çevrildiyini bir daha sübut edirdi. Haqlı olaraq hər bir azərbaycanlı bundan qürur hissi keçirdi. Aparılan uğurlu xarici və daxili siyasətimiz belə deməyə əsas verir ki, Azərbaycan Respublikası bundan sonra da böyük uğurlara imza atacaqdır. 

Rauf  KƏNGƏRLİ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında