Əkrəm Əylislinin “Daş yuxular” romanına haqq qazandıranlar milli ləyaqət hissini itirmişlər

 

Yazıçı Əkrəm Əylislinin  “Drucba narodov” curnalında dərc olunan “Daş yuxular” romanı ictimaiyyət tərəfindən nifrətlə qarşılanıb. Moskvada nəşr olunan bu romanda yazıçı dünyada qəddar, amansız, qatı terrorçu  kimi tanınan erməniləri məzlum, əzilən, millət kimi təqdim etmiş, onlara olan sevgisini və məhəbbətini açıq şəkildə büruzə vermişdir.

Hazırda dünyanın əksər dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tarixi faktlara istinad edərək Ermənistan silahlı qüvvələrinin  Azərbaycan torpaqlarının 20 faizini işğal etmələrini və bu işğal nəticəsində bir milyondan artq soydaşımızın öz ata - baba torpaqlarından didərgin salınmalarını rəsmən etiraf etmişlər. Ermənistan silahlı qüvvələri tərəfindən dünyada misli olmayan Xocalı qətliamının törədilməsi  beynəlxalq aləmdə   kəskin pislənildiyi bir vaxtda azərbaycanlı yazıçının bütün bunları inkar edən “roman” yazması soydaşlarımızın hiddətinə səbəb olub.

 Təəssüf edirik ki, Əkrəm Əylislinin “Daş yuxular” romanına  haqq qazandıranlar da var. Kimdir onlar? Əsasən ermənilər və bir də erməni xislətli,  milli  mənliyini  və ləyaqət hissini itirənlər. “Daş yuxular” romanı   nəşr olunan gündən Ermənistanda toy-bayramdır. Əkrəm Əylisli nəhayət, imkan tapıb öz  kimliyini ortaya qoydu. Mənəviyyatımızı, milliliyimizi, xalqımızı aşağılayan bu “əsər”ə “Azərbaycanın xeyrinədir” deyənlər də var. Elə onlar da Əkrəm Əylisli kimi  əqidəsizlərdir.

“Azadlıq” qəzetinin 31 yanvar 2013-cü il tarixli sayında fəlsəfə doktoru Etibar Əliyevin “Əkrəm Əylislinin o romanı Azərbaycanın xeyrinədir...” sərlövhəli məqaləsini oxuyanda təəccübümü gizlədə bilmədim. Özünü Nobel mükafatçılarının tədqiqatçısı kimi təqdim edən E.Əliyevin görünür qulağına səs dəyib ki, Ə.Əylislinin bu romanından sonra erməni lobbisi onun Nobel mükafatına təqdim olunması üçün  canfəşanlıq edəcək və həmin mükafatdan ermənipərəst yazıçıya haqq qazandıranlara da pay düşəcək.  Yer üzərində qəddar, zalım, terrorçu kimi ad qazanmış bir milləti Əkrəm Əylisli mədəni, sülhpərvər kimi tanıtmağa çalışır. E.Əliyev adlı fəlsəfə doktoru da onu tərifləyir və AXCP-nin ruporu olan “Azadlıq” qəzeti həmin tərifə öz səhifəsində yer ayırıb. İndi siz deyin, belələrinin Ə.Əylislidən nəyi əskikdir?

Mən həm E.Əliyevə,  həm də onun məqaləsinin  “Azadlıq” qəzetində dərc olunmasına şərait yaradanlara Xocalı qətliamının icraçılarından biri olan David Xeyriyanın Beyrutda nəşr etdirdiyi “Xaç naminə” kitabındakı  xatirələrindən bir epizodu  xatırlatmaq istərdim. Erməni yazır: “Fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid - körpü düzəltdilər. Mən ölülərin üstündən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi:“Qorxma, ürəkli keç! Bu hal müharibənin qanunlarından biridir”. Mən qana bulaşmış 9-11 yaşlı uşağın və digər meyitlərin üstündən adlayıb bataqlığı keçdim...Ayaqlarım və fotokameram qana batmışdı...”

Həmin kitabın başqa bir səhifəsində yazılır: “Martın 2-də meyitlərin yandırılması işini həyata keçirən “Qaflan” adlı erməni qrupu yüzdən çox azərbaycanlı meyiti toplamışdı. Həmin meyitləri Xocalıdan təxminən 1 kilometr aralıda  yandırdılar. Meyitləri  gətirən axırıncı maşında  alnından güllə yarası almış, qolları qırılmış təxminən 10 yaşlarında  bir qız gördüm. Aclığa, şaxtaya göyərmiş sifətinə, yaralarına baxmayaraq, qızcığazda hələ də həyat əlaməti vardı, o nəfəs alırdı... Bu anda Tiqranyan familiyalı erməni həmin qızı götürüb digər meyitlərin üstünə atdı. Sonra meyitləri yandırdılar. Bir anlıq  yanan meyitlərin içindən  birinin çığırdığını eşidən kimi oldum, sanki biri yardım və mərhəmət diləyirdi...

Həm Əkrəm Əylisliyə, həm də onun romanını tərifləyən E.Əliyevə  və “Azadlıq” qəzetinin himayədarlarına xatırlatmaq istərdim ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamdan dəhşətə gələn bu adam milliyyyətcə  ermənidir. Bu sizə ibrət dərsi deyilmi? Üstəlik “Tayms” curnalının 3 mart 1992-ci il tarixli sayında Anatoli Livenin imzası ilə dərc olunmuş məqalədən bir hissəni də antimilli ruhda olanların diqqətinə çatdırmaq istərdim. Müəllif  ermənilərin Xocalıda törətdikləri qətliamla əlaqədar yazır: “Dağlıq Qarabağın təpələrində qadın və uşaqlar daxil olmaqla 60-dan  çox meyit səpələnmişdi və bunlar erməni qoşunlarının azərbaycanlı qaçqınlara qarşı törətdiyi qırğını təsdiq edir. Yüzlərlə adam itkin düşüb, təpə və dərələr erməni qüvvələrinin azərbaycanlı qaçqınlara qarşı ötən çərşənbə  axşamı törətdiyi  soyqırımı nəticəsində öldürülmüş insanların meyitləri ilə dolu idi." Həmin vaxt erməni qəddarlığını, vəhşiliyini, zalımlığını əks etdirən məqalələr “BBC Morninq Nyus”, “Vaşinqton Tayms”,  “Röyters”, “İndependent London” və digər xarici mətbuat orqanlarında da dərc olunurdu. Bütün dünya ermənilərin bu qəddarlığından dəhşətə gəlmişdi. Əkrəm Əylisli isə ermənilərə haqq qazandıraraq onların rəhimli olduğunu sübut etməyə çalışır. E.Əliyev və radikal müxalifət xəyanətkar yazçının müdafiəsinə qalxır.

Fəlsəfə doktoru E. Əliyevin  “Əkrəm Əylislinin o romanı  Azərbaycanın xeyrinədir...” deməsinə cavab olaraq həmin romandan bir neçə cümləni xatırlatmaq istərdim:

 - Əgər zorla öldürülmüş hər bir erməniyə bir şam yandırmış olsaydıq bu şamların işığı ayın işığından daha parlaq olardı;

 - Doktor Abasəliyevin söylədiyinə görə, vaxtilə Əylisdə bütöv 12 kilsə olmuşdur. Saday Sadıqlı onlardan səkkizinin yerini bilirdi... onlardan ən qədimini əylislilər İstazın adlandırırdı. Hətta indi belə Əylisdə kimsəni inandıra bilməzsən ki, həqiqətdə onun adı İstazın deyil, Astvastatundur ki, bu da erməni dilində “Allahın evi” deməkdir...

- Əylisdə ikinci gözəçarpan və tanınan erməni Aniko idi... Aniko 1919-cu ilin qara payız günündə, içərisində valideynlərinin, qardaş və bacılarının olduğu kiçikdən-böyüyə qədər türk əsgərlərinin güllə ilə, qılıncla qan gölündə məhv edilənləri görmüşdü;

- Həqiqi sözümdür, sizin sadəlövhlüyünüz məni öldürür! Bəyəm sən görmürsən ki, hər yerdə “Qarabağ”, “Qarabağ” qışqıran bu fokusçu- “cəbhəçilər” nələr törədirlər? Görünür ki, Qarabağ heç onların vecinə də deyil. Onların məqsədi iqtidarı yıxıb hakimiyyəti ələ keçirməkdir.

Belə faktlar onlarladır. İndi fəlsəfə doktorundan soruşmaq istərdik: - Bunun nəyi və harası Azərbaycanın xeyrinədir? Yoxsa, iz azdırmağa, Əkrəm Əylisliyə haqq qazandırmağa çalışırsınız? Yəqin ki, sizin bu canfəşanlığınızın arxasında nəsə var. Yoxsa əbəs yerə erməni xislətli birisinin müdafiəsinə qalxıb ağa qara deməzdiniz. Görünür “məqalənizin” yol tapdığı “Azadlıq” qəzetinin  də umacağı var. Yoxsa bu qəzetin təmsilçiləri olan cəbhəçilərin də  Ə.Əylisli tərəfindən kəskin tənqid olunması sükutla qarşlanmazdı və üstəlik onu tərifləyən məqaləyə yer verilməzdi.

Onu da qeyd edək ki, Ə.Əylislinin romanı  E.Əliyevə nə qədər xoş təsir bağışlayıbsa, erməniləri də bir o qədər sevindirib. Qeyd edək ki, “Daş yuxular” əsəri artıq erməni mətbuatının da gündəmindədir. “Ermənistanın səsi” azərbaycanlı yazıçının əsəri ilə bağlı  geniş məqalə dərc etmiş və  romandan hissələrə yer  ayırmışdır. Həmin məqalədən bəzi hissələri təqdim edirik.   “Azadlıq” qəzetinin təsisçilərinin  rəhbərliyinin və fəlsəfə doktoru E.Əliyevin oxuması vacibdir: “Drucba narodov” curnalının dekabr nömrəsində roman-rekvyem - azərbaycanlı yazıçının tövbəsi dərc olunub. Əsərdə yazıçı Anadolu və Zaqafqaziya türkləri üçün zəruri olan həqiqəti cəsarətlə söyləyir... Dörd il əvvəl, 2009-cu ilin fevralında mən “Open Armenia” istifadəçiləri ilə online müsahibəmdə bizim həqiqətləri tamamilə adekvat qəbul edən, o vaxtlar Milli Məclisin deputatı olan azərbaycanlı yazıçını müdrik və düşüncəli adlandıraraq onunla bağlı səmimiyyətlə danışdım. Bu gün isə mənə xoşdur xəbər verim ki, “Drucba narodov” curnalının dekabr nömrəsində bu görkəmli yazıçının “Kamenniye snı” roman-rekvyemi dərc olunub. Roman Azərbaycan SSR-də yaşayan ermənilərə həsr olunub və “Özlərindən sonra yas tutulmayan ağrı qoyan həmyerlilərimə həsr olunub” girişi ilə təqdim olunub. Bu təkcə rekvyem deyil, bu tövbədir.

Əkrəm Əylisli artıq 100 ildən artıqdır ki, Türkiyənin, iki onillikdir ki, Azərbaycanın həll edə bilmədiyini etdi. O, həqiqəti dedi”.

Rusiyada çap olunan “Daş yuxular” romanı qardaş Türkiyədə də ciddi narazılıq yaradıb. Hətta uzun illər Türkiyənin ölkəmizdəki səfirliyində mətbuat attaşesi kimi çalışan, sonradan isə hakimiyyətə qarşı böhtan və şər yağdıran, bu gün də Azərbaycanın radikal müxalifətinin əlində alətə çevrilmiş, onların sifarişlərini yerinə yetirən, yalan və qərəzlə dolu məqalələr yazan  Turqut Ər də   Əkrəm Əylislinin  romanında səslənən iddialara  ciddi etirazını bildirib. O, bu romanı “Azadlıq” qəzeti vasitəsi ilə tərifləyən və millətinə xəyanət etmiş  ermənipərəst  yazıçıya haqq qazandırmaq istəyən  etibar əliyevlərə və onun məqaləsini dərc edən kütləvi informasiya vasitələrinə  sərt mesac göndərərək yazır: “Əkrəm və onun romanı Ermənistanda da təriflənir, Azərbaycanda özünü demokratik düşüncə tərzinin aparıcısı sayan media orqanlarında da. Bu, necə baş verə bilər?” O, müxalifətin bu vaxta qədər Ə.Əylislinin erməni sevgisinə münasibət bildirməməsinə də təəccübünü gizlədə bilməyərək deyib: “Müxalifət liderlərinin, eləcə də özünü milli düşüncənin daşıyıcısı sayan bir sıra media orqanlarının bu məsələdə tutduğu mövqe anlaşılan deyil”.  Təəssüflər olsun ki, Əkrəm Əylisli kimi üzüdönük, belə xəyanətkar yazıçının romanı radikal müxalifəti sevindirmişdir. “Zavallı ermənilərə ” haqq qazandıran antimilli ruhlu bu romanı “yazıçı Elçin, Aqil Abbas  və Çingiz Əlioğlunun bütün əsərlərindən üstün sayılmalıdır” (“Azadlıq” qəzeti, 31 yanvar 2013-cü il)- deyən fəlsəfə doktoru Etibar Əliyevin düşüncə tərzinə, vətənpərvərlik hissinə və millət, xalq sevgisinə  artıq hər birimizdə şübhələr var.

E.Əliyev Əkrəm Əylislini müdafiə etmək üçün dəridən - qabıqdan çıxır və “Türkiyədə bir milyon erməni və üç yüz min kürd öldürülmüşdür.”- deyən türkiyəli yazıçı Orxan Pamuku nümunə göstərir. Guya O.Pamuka bu iddialarına görə Türkiyədə “gözün üstündə qaşın var” deyən olmayıb. Bu iddiada olan E.Əliyevə Azərbaycan iqtidarına qarşı  heç də yaxşı mövqedə dayanmayan Turqut Ərin dedikləri ilə cavab vermək istərdik. O yazır:  “Azərbaycan torpaqlarına erməni təcavüzünün hələ də başa çatmadığı bugünlərdə belə bir roman yazmaq öz xalqına xəyanətdən başqa bir şey deyil. Orxan Pamuk xalqına qarşı cəmi bir cümlə yazmışdı - Türkiyədə insanların üzünə baxa bilmədi, baş götürüb getməyə məcbur oldu. Əkrəm Əylisli isə öz xalqına qarşı böyük bir roman yazıb. Anlaya bilmirəm, ağlı başında bir insan yaşadığı, çörəyini yediyi torpaqlara, o torpaqlarda yaşayan insanlara necə saxtakarlıq edə bilər? Orxan Pamuk o əsərdən sonra Türkiyə üçün bitdi. Çünki o, şöhrəti öz xalqına qarşı olan qüvvələrin felinə satdı. Nobel aldı, ancaq vətənini, dəyərlərini, həyatının qalan hissəsini itirdi. Heç şübhə etmirəm - Əkrəm Əylisliyə belə bir romanı türk düşmənləri sifariş veriblər. Ancaq mən dərk edə bilmirəm, Əkrəm Əylisli türk dünyasına qarşı erməni vəhşiliyinin simvoluna çevrilən Xocalı soyqırımını, yüz minlərlə Azərbaycan türkünün min illik yurdundan necə bir vəhşiliklə qovulması faktları görə-görə necə belə bir əsər yaza bilər? O, Azərbaycanın, Bakının küçələrində o faciə qurbanlarının övladları, ataları, anaları, qohumları ilə necə bərabər addımlaya biləcək? O, Bakının hər qəbristanında uyuyan şəhid məzarlarına necə baxa biləcək?”   Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdikəri terror aktları və dəhşətli soyqırımı barəsində artıq əksər nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi məlumatlıdır. Əkrəm Əylisi kimi ermənipərəst birisinin Nobel mükafatına hərisliyi hesabına yazdığı yalan və böhtanlar  Azərbaycan həqiqətlərinin qarşısını ala bilməyəcək. Onun ermənilərin müdafiəsinə qalxması ilk növbədə soykökünün bu millətə mənsubluğundan da xəbər verir. Kim bilir, bəlkə də o, ulu babalarının müdafiəsinə qalxıb. Ona görə də bu yolu seçib və  ayağının biri burda, birinin isə o dünyada olduğu bir vaxtda kimliyini bəyan etməyinin vaxtı çatdığını duyaraq erməni sevgisini açıq şəkildə bəyan edib. Özlərini  müxalifət liderləri hesab edən AXCP sədri Ə.Kərimli, Müsavat Partiyasının başqanı İ.Qəmbər və başqalarının erməni vəhşiliyinə haqq qazandırmaq istəyən Əkrəm Əylisliyə cavab  verməmələri onunla həmrəy olmalarından xəbər verir. Belə bir adamın Azərbaycanda yaşamağa, bu ölkənin torpağına ayaq basmağa və “xalq yazıçısı” kimi fəxri adı, həmçinin dövlət mükafatlarını daşımağa haqqı yoxdur.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında