Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyası: dünən və bu gün

 

Ötən əsrin sonlarında dünyada baş verən siyasi çəkişmələr bir sıra gözlənilməz hadisələrlə yadda qaldı. Təkcə SSRİ kimi nəhəng dövlətin dağılması  hadisələrin qlobal miqyasda necə cərəyan etdiyindən xəbər verir. Vaxtilə Qərb üçün ən böyük təhlükə hesab edilən, dünyanın quru səthinin altıda birini əhatə edən Sovetlər Birliyi inzibati-amirlik sisteminin çürüməsi, sosializmin düzgün qurulmaması, üstəlik, diktatura rejiminə qarşı kütləvi çıxışlar, milli qarşıdurmalar və mərkəzdənqaçma meyilləri nəticəsində müstəqil dövlətlərə parçalandı.  Digər müttəfiq respublikalar kimi Azərbaycan da sovet sistemindən imtina edərək 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini bəyan etdi. Daha doğrusu, bu, vaxtilə 1920-ci ildə itirilmiş müstəqilliyin siyasi davamı kimi qiymətləndirildi və dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edildi.

Postsovet məkanında meydana çıxan yeni müstəqil dövlətlərin bilavasitə beynəlxalq münasibətlər sisteminə qatılması və öz maraqlarına uyğun xarici siyasət kursunu həyata keçirməyə başlaması dövlətlərarası münasibətlərin yeni inkişaf dinamikasını müəyyən etdi. Beynəlxalq aləmdə baş verən dəyişikliklər Azərbaycan Respublikasının milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşması və həyata keçirilməsinin ən vacib məsələsi kimi ön plana çəkildi. Qısa müddət ərzində dünyanın bir sıra dövlətləri tərəfindən rəsmi surətdə tanınmış Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT üzvlüyünə qəbul edildi. Müstəqillik əldə edən dövlətlər özlərinin gələcək inkişaf yolunu müəyyənləşdirmək üçün dünyada mövcud olan mürəkkəb beynəlxalq və regional şəraiti düzgün qiymətləndirməli, dünya siyasətinin güc mərkəzləri olan ABŞ, Rusiya, Avropa Birliyi, Cənub-Şərqi Asiya ölkələri arasında mənafe və maraq çəkişmələrində özlərinin suverenliyini qoruyub saxlamaq məqsədilə düşünülmüş xarici siyasət yürütməli idilər. Məhz bu dövrdə xarici siyasətin konturlarını müəyyən edən  Azərbaycan Respublikasının sonradan dünya dövlətləri tərəfindən ardıcıl şəkildə tanınması və diplomatik münasibətlərin yaradılması onun dünya birliyinə sistemli surətdə inteqrasiyasına geniş yol açdı.

Avropaya inteqrasiya Azərbaycanın öz tarixi seçimi idi. Vaxtilə AXC hökuməti də müstəqilliyini elan etdikdən dərhal sonra dövlətimizin de-fakto və de-yure tanınması üçün  Avropa dövlətləri ilə siyasi və mədəni əlaqələrin qurulması və inkişafı üçün xarici işlər nazirimiz, görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına öz nümayəndə heyətini göndərmişdi. 1919-cu ilin 1 sentyabrında AXC parlamentinin xaricə təhsil almaq üçün yüz tələbənin göndərilməsi barədə qəbul etdiyi qərar ölkəmizin Qərbə böyük dəyər verdiyini və inkişaf səmtini dünyanın bu qütbünə tutmağı dəyərləndirirdi. 1920 - ci il bolşevik işğalı bu siyasi istiqamətin inkişaf etdirilməsinə mane oldu. 70 il sonra müstəqilliyini bərpa edən dövlətimiz yenidən öz  siyasi kursuna sadiq qalaraq bu yolu seçdi. Sözsüz ki, bu yol Qərb sivilizasiyasına yaxınlaşmaq və ölkəmizi dünyanın ən öndə gedən dövlətləri səviyyəsinə yüksəltməkdən keçirdi. Məlum olduğu kimi, dünyanın ən inkişaf etmiş dövlətləri Qərbdə yerləşir. Hüquqi-demokratik dövlət quruculuğu və elmi-texniki tərəqqinin nailiyyətlərinin mənimsənilməsi baxımından Qərbə inteqrasiya həm tarixi zərurət, həm də geostrateji uzaqgörənliyin göstəricisi idi. Həmin dövrdə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü bu siyasi kursun icrasını daha da sürətləndirirdi. Respublikanın qarşısında duran əsas prioritet məsələlərindən biri də beynəlxalq və regional təşkilatlara bərabərhüquqlu üzv qəbul olunmaq məsələsi idi. Çünki taleyüklü Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin Avropanın mötəbər tribunalarında güclü dövlətlər qarşısında səsləndirilməsi Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə doğru- dürüst çatdırmağa yardımçı oldu. 1993- cü ildə MDB və Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatına üzv qəbul olunmaqla Azərbaycan Avropa ailəsinin bir üzvünə çevrilmişdi.

Avropada yerləşən beynəlxalq əhəmiyyətli təşkilatlara üzvlük, dünyada mövcud olan təhlükələrə qarşı birgə fəaliyyət, bir sıra iqtisadi layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin reallaşması, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və digər qlobal layihələrin həyata keçirilməsi istiqamətində əldə edilən uğurlar da onu göstərdi ki, Azərbaycan artıq Qərb sivilizasiyasına qoşulmaqda israrlıdır.  Bu, bütün sahələrdə, eyni zamanda, mədəniyyət və təhsildə də özünü göstərir. Mədəniyyət və təhsil sahəsində YUNESKO ilə əməkdaşlıq, Azərbaycan təhsilinin Bolonya prosesinə qoşulması bunun bariz nümunəsidir. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla - Avropa Birliyi (AB), Avropa Şurası (AŞ), o cümlədən Avropa Şurası Parlament Assambleyası (AŞ PA), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və NATO ilə sıx əməkdaşlıq edir. 2001-ci ilin 17 yanvarında Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunmağımız dövlətimizin ciddi siyasi uğuru kimi qiymətləndirilməlidir.  Bütün bunlar sübut edir ki, Azərbaycan artıq Qərb dunyasının, xüsusilə Avropa sivilizasiyasının ayrılmaz tərkib hissəsinə çevrilir. Bu nöqteyi-nəzərdən, Avropa Şurası ilə Azərbaycan arasında əlaqələr dövlətimizin bu yöndə atdığı addımlardan biri kimi, Qərb dəyərlərinin milli dəyərlərimizlə birləşməsində özünü göstərir.  1992 - ci ilin 30 yanvarında ölkəmiz ATƏM-in üzvlüyünə qəbul edilmişdir. Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10 da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır.

Azərbaycan 20 dekabr 1993-cü ildə ATƏM-in Paris Xartiyasına qoşulmuşdur. Budapeşt sammitində ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilasiyalı birgəyaşayış qaydalarınını müəyyən edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmləri olan ümumavropa təşkilatına— ATƏT-ə çevrilmişdir.

Budapeşt sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə biləcək sülhməramlı qüvvələrinin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alınmışdır.  Bundan başqa, Budapeştdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə  əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qətnamə qəbul edilmişdir.

ATƏT-dən sonra Azərbaycan Avropa Şurası ilə intensiv əlaqələrə start vermişdir. Uzun müzakirələrdən və Qərb dövlətçilik modelinə keçid şərtlərinin bir çoxunun ölkəmizdə tətbiqindən sonra 17 yanvar 2001 -ci ildə Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir.

Azərbaycanın Avropa Şurasına daxil olması, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakimiyyət dairələri ilə danışıqların intensivləşdirilməsi,  əməkdaşlıq proqramları formasında yardımın edilməsini nəzərdə tuturdu.

Strasburqda Avropa Şurasının Parlament Assambleyasının sessiyalarında müzakirə olunan mövzular əsasən Cənubi Qafqaz münaqişələri ilə  əlaqədar olaraq sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı nəzərdə tutulur. Bütün  əlaqədar tərəflər arasında danışıqlardan sonra Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsiplərin əks olunduğu çoxsaylı qətnamələr qəbul edilmişdir.

Ümumiyyətlə, Avropa Şurasına üzvlüyümüzə doğru addımlar ölkəmiz üçün bir sıra yeniliklər gətirdi. Bunlardan 25 aprel 1997-ci ildə Avropa Mədəniyyət Konvensiyasına qoşulmağımızı, Avropa ölkələri ilə əməkdaşlığımızın dərinləşdirilməsi, ölüm hökmünün ləğvi, Ermənistan- Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli çərçivəsində qəbul edilən qətnamələr respublikamızın diplomatik uğurları hesab olunur.

Azərbaycanın Qərb ölkələrinin təmsil olunduğu sistemlərə inteqrasiyasında  Avropa Birliyi (iqtisadi, siyasi, sosial, mədəni sahələrdə) mühüm yer tutur. Bu sistemə daxil olmaqla Azərbaycan həm özünün mövcud resurslarından xalqının firavan həyatının təmin edilməsi istiqamətində daha səmərəli, təhlükəsiz və itkisiz istifadə etmək imkanı  əldə edir. Həm də qabaqcıl dünya texnologiyalarından, investisiya və xarici kapitalın ölkə iqtisadiyyatına daha sürətlə daxil olması, qeyri - neft sektorunun inkişafına nail olunması imkanı qazanır. Çünki ölkəmiz Avropa İttifaqı və ABŞ-ın imkanlarından istifadə edərək ölkənin daxili iqtisadi, sosial və digər strukturlarının islahatını aparmaq və dünya standartları səviyyəsinə qaldırmaq imkanı da əldə edir.

Ümumiyyətlə, Avropa İttifaqı ilə Azərbaycan əlaqələrində əsas mərhələləri xronoloji cəhətdən xarakterizə etmək olar:

1992- ci ildə TACİS proqramının başlanması

1993- cü ildə Avropa İttifaqının  Avropaya Dövlətlərarası Neft və Qaz nəqliyyatı (İNOGATE) proqramında iştirakı

1999-cu ildə Avropa İttifaqı ilə Tərəfdaşlıq Sazişinin, qüvvəyə minməsi

2004-cü ildə Azərbaycanın Avropa Qonşuluq Siyasətinə daxil olması

2006-cı ildə Aİ ilə enerji tərəfdaşlığını quran Anlaşma Memorandumuna qoşulması

2006-cı ildə Aİ  ilə  Avropa Qonşuluq Siyasəti (AQS)  Fəaliyyət  Planının  qəbul edilməsi

2007-ci ildə Azərbaycanın Aİ-nın Qara Dəniz Sinerjisi təşəbbüsünə qoşulması

2008-ci ildə Azərbaycanda Avropa İttifaqının nümayəndəliyinin açılması

2009-cu ildə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Təşəbbüsündə iştirakı

2010-cu ildə Assosasiya Sazişi ətrafında danışıqların başlanması...

Lakin Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli münasibətlərin hüquqi əsasını 22 aprel 1996-cı ildə Lüksemburqda  imzalanmış  “Bir  tərəfdən  Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” (TƏS) təşkil edir. Bu saziş 1 iyul 1999-cu ildə bütün tərəflərin parlament orqanlarında ratifikasiya olunduqdan sonra qüvvəyə minmişdir.

Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsasən, Azərbaycanla Avropa  İttifaqı arasında üç əsas qurum yaradılmışdır ki, bunlara da Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi və Parlament əməkdaşlığı Komitəsi aiddir. Bunlarla birlikdə ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə alt komitə və  enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə  alt  komitə  kimi strukturlar yaradılmışdır.

Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın yeni səviyyəyə keçməsi isə Avropa  Qonşuluq Siyasəti ilə başlanmışdı. Ölkəmizi Avropa Qonşuluq Siyasətinə daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü  il  tarixli qərarı  ikitərəfli  əməkdaşlıqda  irəliyə doğru mühüm  addım olmuşdu. Burada əsas məqsəd genişlənən Avropa İttifaqı ilə qonşu ölkələr arasında yeni parçalanma hallarının qarşısını almaq,  təhlükəsizlik və firavanlığı təmin etməkdir. Bu, Avropa İttifaqı ilə ölkəmiz arasında ikitərəfli dialoqun yüksələn xətlə inkişaf etməsi üçün baza rolunu oynayır. Hər il bu sahədə çoxsaylı görüşlər, iclaslar keçirilməklə Azərbaycanın Avro-Atlantik məkana sürətli inteqrasiyasında daha bir addım atılır. İclaslarda insan haqlarının, siyasi, iqtisadi, sosial və mədəni hüquqların qorunması ilə bağlı mexanizm, beynəlxalq arenada əməkdaşlıq müzakirə edilir. Bundan əlavə, iclasda Azərbaycanda qanuni və qanunsuz miqrasiyaya nəzarət, sərhəd nəzarəti, mütəşəkkil cinayətkarlıq və qanunların tətbiqi, terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə, hüquq sahəsində əməkdaşlıq və qanunvericilik prosesləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılılır, tövsiyələr qəbul olunur. Bütün bunlar dövlətimizin  əsas xarici siyasət strategiyalarından biridir.

 

Azərbaycan Respublikasının Avropa və Avro-Atlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında hərbiləşdirilmiş struktur olan NATO ilə birgə işləməsi Milli Təhlükəsizlik Konsepsiyamızda öz əksini tapmışdır. NATO-nun dünyanın nəhəng hərbi bloku olaraq beynəlxalq siyasətdə iştirak etməsi, xüsusilə Avropa və ABŞ-ın təhlükəsizlik maraqlarını ifadə etməsi onu istər-istəməz bölgə dövlətləri ilə də yaxınlaşdırmış, xüsusilə Avropa Şurasına üzv olan dövlətlərlə əməkdaşlığını sürətləndirmişdir. Şübhəsiz ki, NATO kimi ciddi və təhlükəsizliyin tam təmin olunduğu bir blokda olmaq əksər dövlətlərin marağındadır. Azərbaycan birbaşa olaraq xarici siyasətini bu qurumda təmsil olunmağa yönəltməsə də təşkilatla etibarlı tərəfdaşlıq edən ölkələrdəndir. Bu baxımdan hüquqi-demokratik dövlət kimi inkişaf istiqamətlərindən birini Qərbə inteqrasiya olaraq götürən ölkəmiz bu qütbün təhlükəsizlik sistemində də təmsil olunmağı vacib görür və bunun üçün nəhəng hərbi blok olan NATO ilə əməkdaşlıqlarını sürətləndirir.

Azərbaycan Qərbə özünün Avrasiya məkanındakı əhəmiyyətli geosiyasi vəziyyətini və zəngin enerji resurslarını lazımi səviyyədə təqdim etməklə  Cənubi Qafqazın lider dövləti statusunu öz əlində saxlayır. Qərbin köməyi və davamlı dəstəyi ilə iqtisadiyyatda struktur islahatlarını müvəffəqiyyətlə başa çatdırmaq, dünyanın liberal ticarət-biznes məkanına daxil olmaq üçün  əlverişli beynəlxalq dəstək almaq və dinamik inkişaf yoluna çıxmaq xarici siyasətin mühüm prioriteti olaraq qalır.

Bu gün Azərbaycan transmilli dünya siyasətində yaxından iştirak edir. Müasir beynəlxalq münasibətlər sistemində baş verən bütün hadisələr və cərəyan edən tendensiyalar dövlətin daxili və xarici vəziyyətinə bilavasitə təsir göstərir. Qloballaşma və dünya siyasətinin transmilliləşməsi, regional inteqrasiya, transmilli demokratikləşmə, liberallaşma və s. kimi proseslərdə ölkənin vahid strateji yanaşma nümayiş etdirməsi və iştirakı bütün dünyada izlənir və qiymətləndirilir. Odur ki, həm bu yöndə atılan praktik addımlar, həm də görülən işlərin beynəlxalq aləmdə düzgün təqdim olunması xarici siyasətin  əsas prioritetlərindən birini təşkil edir. Nəzərə alınsa ki, ABŞ və Avropa  İttifaqı dövlətləri müasir dövrdə öz xarici siyasətlərini dünya ölkələrinin demokratik transformasiyası üzərində qurur və hər bir dövlət beynəlxalq münasibətlər sistemində demokratik dəyərlərə münasibətinə görə qiymətləndirilir, onda bu işin nə qədər əhəmiyyətli olduğunu anlamaq olar.

 

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında