Vladimir Kazimirovun məqaləsinin qısa şərhi

Moskvada yerləşən, əslində isə ermənilərin nəzarət etdiyi REGNUM informasiya agentliyinin saytında Ermənistan Xarici İşlər Nazirliyinin lobbiçisi Vladimir Kazimirovun “Dağlıq Qarabağa yeni yürüş olacaqmı?” adlı məqaləsi dərc edilmişdir (http://regnum.ru/news/polit/1610724.html).

Moskvada yerləşən, əslində isə ermənilərin nəzarət etdiyi REGNUM informasiya agentliyinin saytında Ermənistan Xarici İşlər Nazirliyinin lobbiçisi Vladimir Kazimirovun “Dağlıq Qarabağa yeni yürüş olacaqmı?” adlı məqaləsi dərc edilmişdir (http://regnum.ru/news/polit/1610724.html). Bu dəfə biz məqalə müəllifinə geniş həcmli yazı əvəzinə qısa, sətirlərarası şərhlərlə cavab verəcəyik.

Beləliklə:

“Bakı doğrudanmı yeni qırğın burulğanına atılmağa hazırdır?”

– Bəli.

“Bakını buna sövq edən nədir və ona mane olan nədir?”

– Sövq edən amil Vətən anlayışıdır - Kozma Minin və Dmitri Pojarskinin könüllü dəstələri, Denis Davıdovun, Aleksandr Seslavinin, Aleksandr Fiqnerin, Aleksey Fyodorovun, Aleksandr Saburovun, Sidor Kovpakın partizan dəstələri, milyonlarla rus və sovet xilaskar döyüşçülərinin rəhbər tutduğu amil! Nə mane olur? Artıq heç nə mane olmur.

“Beynəlxalq birliyin bu addımdan çəkindirmək üçün kifayət qədər vasitələri vardırmı?”

– Beynəlxalq birliyin çəkindirmə vasitələri həmişə olmuşdur və indi də vardır. Ermənistan Azərbaycan ərazisini işğal edəndə də, bu gün Azərbaycan öz gücü ilə bu işğala son qoymaq niyyətində olduğu vaxtda da. İstək yoxdur - o vaxt da yox idi, bu gün də yoxdur.

“Çoxdan məlumdur ki, tərəflərin Qarabağ barədə bir-birini qarşılıqlı istisna edən mövqe tutmasının, uzunsürən və hələlik az nəticə verən danışıqların əsas səbəblərindən biri tərəflərin bir-birinə dərin etimadsızlığıdır. Müharibənin yenidən başlanması ehtimalı isə bunu daha da kəskinləşdirir”.

– Bu, belə deyildir. Elə düşünmək olar ki, əgər etimad yaranarsa, bir-birini qarşılıqlı istisna edən mövqelər möcüzə sayəsində aradan qalxacaqdır. Tərəflərin bir-birini qarşılıqlı istisna edən mövqe tutmasının səbəbi başqadır. Ermənistan Qarabağı ələ keçirmək və bunun əvəzində özünün heç nəyini (məhz özünün, yəni öz ərazisinin bir hissəsini) verməmək, Azərbaycan isə Qarabağı qaytarmaq istəyir. Mövqelər həqiqətən bir-birini qarşılıqlı istisna edir və bu mövqelər dəyişməyəcəkdir - etimad olsa da, olmasa da.

Daha sonra:

“1991-1994-cü illər müharibəsində yol verilmiş səhvlər Azərbaycan rəhbərliyinə psixoloji baxımdan hələ uzun müddət əzab verəcəkdir. Axı, o vaxt da Azərbaycanın potensialı ermənilərdən xeyli artıq idi. Məsələ potensialın reallaşdırılmasındadır”.

– Doğrudan “artıqdır”? Bu gün tərəflərin qüvvələri arasında fərq o vaxtkı ilə müqayisədə  qat-qat artıqdır. O vaxt qüvvələr təxminən bərabər idi. Düzdür, ermənilərin əlində qənimət tanklar vardı. Lakin uğursuzluqların səbəbi başqa idi. Bu səbəbin məhz nədən ibarət olması başqa söhbətin mövzusudur.

“Yeddi rayonun ermənilər tərəfindən işğal edilməsi azərbaycanlıları qıcıqlandırır, onlara bir sıra ilkin səbəblər verir, lakin ermənilərin salamat qalmaq uğrunda mübarizə stimulu qat-qat güclüdür”.

– Bu “stimul” 1992-ci ilin yayında hələ az gözə çarpırdı, o vaxt ermənilər silahları atıb, sözün hərfi mənasında, qaçırdılar. Yeri gəlmişkən, azərbaycanlıların da əlində qənimət götürülmüş texnika az deyildi. Əgər Kazimirov Azərbaycan döyüşçülərinin mövqelərinə gedib onlarla söhbət etsəydi, özü üçün çox maraqlı şeylər “kəşf edərdi”, o cümlədən erməni tərəfin “stimulu” barədə. O, həm də xeyli qənimət görərdi.

“Salamat qalmaq” məsələsinə gəldikdə isə Qarabağ erməniləri Ermənistanda rahatca “salamat qala” bilər, Ermənistanın keçmiş azərbaycanlı əhalisinin bu gün Azərbaycanda “salamat qalması” kimi.

“Ermənilər tərəfindən Qarabağın ətrafında möhkəmlənmiş müdafiə xəttinin keçilməsi xeyli vaxt və qurban tələb edərdi. Dağlara çıxış yeni maneələrlə üzləşmək deməkdir. Bakı sürətli qələbəyə ümid bəsləyə bilməz”.

– Bu, doğrudur - yolumuza gül-çiçək döşənməyib. Çox zəhmət çəkmək lazım gələcək.

“... bu da fəal beynəlxalq müdaxilə üçün kifayət qədər vaxt imkanı yaradacaq”.

– Sağlıq olsun, baxarıq. DQMV-nin azərbaycanlı əhalisinə qarşı qırğın törədiləndə nəsə bu məsələyə heç bir müdaxilə edilmədi və döyüş əməliyyatları düz iki il davam etdi. Döyüş əməliyyatları zonasında heç bir “mavi dəbilqə” gözümüzə sataşmadı.

“Beynəlxalq baxımdan hərbi əməliyyatların yenidən başlanmasına nə cür məkrli don geyindirilsə də, bu məsələdə Bakının təqsirkar olması şübhə doğurmayacaq”.

– Doğrudan? Bakının öz ərazilərini azad etməkdə təqsiri Moskva və Stalinqrad ətrafında əks hücuma keçən Qızıl Ordunun təqsiri qədər olacaqdır.

“Onun (Bakının) əsas dəlili - Azərbaycan Respublikası rayonlarının işğal edilməsi çoxdan devalvasiyaya uğramışdır: işğalın genişlənməsi Bakıdakı rəhbərliyin qələbə qazanmaq ümidi ilə hədər yerə müharibəni uzatmasının bilavasitə nəticəsi olmuşdur. İşğalın mənşəyinin bundan ibarət olmasını yalnız o kəslər etiraf etmirlər ki, onlar bunu etiraf etmək istəmirlər”.

– Vladimir Nikolayeviç, deyəsən, hiyləyə əl atırsınız? İşğalın mənşəyi Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini ondan ayırmaq istəyidir, Azərbaycanın bunun qarşısını almaq istəyi yox.

“Ərazilərin qaytarılması isə Bakının Qarabağda sülhə təminat vermək istəməməsi səbəbindən ləngiyir”.

– Bakı Ermənistana sülh üçün zəmanət verə bilər, özü də yalnız onun işğal etdiyi bütün ərazilər - Dağlıq Qarabağ və yeddi rayon könüllü şəkildə azad ediləndən sonra. Qarabağa isə, Bakı nə qədər istəsə də, heç bir zəmanət verə bilməz, çünki o, özü-özünə zəmanət verə bilməz. Bu ona oxşayar ki, Stalin SSRİ-nin işğal edilmiş hissəsi üçün “sülhə təminat” verəydi.

“Gəlin unutmayaq ki, 1994-cü il mayın 12-də imzalanmış barışıq qeyd-şərtsiz müddətsiz rəsmiləşdirilmişdir, yəni öz hüquqi qüvvəsini saxlayır”.

– Doğrudan deyirsiniz “müddətsiz”? Bəs nə üçün “qeyd-şərtsiz” ifadəsi tərəflərdən birinin xeyrinə deyil, digərinin xeyrinə şərh edilməlidir. Eyni qayda ilə Bakı da cavab verə bilər ki, müqavilənin mətnində “müddətsiz” sözünün olmaması onun müddətsiz olmaması deməkdir.

“Elə münaqişələr vardır ki, onlar öz həllini daha çoxdan gözləyir (Kipr - 1974-cü ildən)”.

– Kiprlilərin səbrli olması bizim üçün nümunə deyildir.

“Barışığın pozulması bir sıra dövlətlər tərəfindən pislənəcəkdir”.

– Bu pisləmə 1987-ci ilin axırlarında münaqişə başlayarkən sülhün pozulmasından və 20 illik işğal faktının özündən güclü deyildir...

“Bu pisləmə sırasına başqa faktlar da əlavə olunacaq: Bakının qoşunları təmas xəttindən geri çəkməkdən inadla imtina etməsi...”

– O cümlədən Ermənistanın BMT-nin, Avropa Şurasının, Avropa Parlamentinin, Qoşulmama Hərəkatının, NATO-nun çoxsaylı qətnamələrinin, milli parlamentlərin çağırışlarının və bir sıra başqa sənədlərin tələb etdiyi kimi öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaqdan inadla imtina etməsi....

“Münaqişə həll edilərkən güc tətbiq edilməməsi haqqında saziş bağlamaq...”

– Azərbaycan buna tərəfdardır! Lakin güc tətbiqinin (eləcə də onun bütün nəticələri) qeyri-qanuni elan edilməsi “bundan sonra” yox, çünki ARTIQ güc tətbiq edilmişdir, “indiyə qədər” olmalıdır. Qanunsuz güc tətbiq edilməsinin nəticəsi olan işğala isə son qoyulmalıdır. Əks halda qəribə mənzərə yaranır: Hitler ölkənin yarısını işğal edir, sonra isə Stalinə Almaniya-sovet münaqişəsinin həlli zamanı güc tətbiq edilməməsi haqqında müqavilə bağlamaq təklif edir. Üstəlik, SSRİ-nin işğal edilmiş hissəsində almanların məskunlaşması siyasətinə başlayır. Çox rahatdır, eləmi?

Sülh müharibənin ortasında deyil, onun nəticələri aradan qaldırılandan sonra mümkündür. Sadəcə olaraq, daha zibilləməmək deyil, öz zibilini yığışdırmaq lazımdır! İşğal qanunsuz zibilləmə nəticəsində yaranmış zibildir. İlahi, axı biz nəyə görə tamamilə aşkar şeyləri barmaqhesabı izah etməliyik?! Yəni doğrudanmı dünyada azərbaycanlıları o dərəcədə sadəlövh hesab edirlər ki, onları beləcə asanlıqla aldatmaq fikrinə düşürlər?!

Odur ki, bir daha təkrar edirik, Azərbaycan buna tərəfdardır! Qoy Ermənistan öz qoşunlarını dövlət sərhədindən geri çəksin, onda güc tətbiq edilməsinə heç bir ehtiyac olmayacaqdır, çünki onda münaqişə olmayacaqdır.

“Snayperləri ön mövqelərdən geri çəkmək...”

– Bəs nəyə görə qoşunları yox, snayperləri? Özü də ön mövqelərdən yox, dövlət sərhədindən?

“İnsidentlər təhqiq edilsin...”

– O cümlədən Ermənistanın bugünkü rəhbərliyi və onun əlaltıları tərəfindən inkar edilən bütöv bir şəhərin dinc əhalisinin məhv edilməsini də, eləmi?

“İlham Əliyev komandasının qatil Səfərovu qəhrəman kimi qələmə verməsi ilə bağlı məlum səhvi də buraya əlavə edəcəklər”.

– Eləcə də Ermənistanda Qurgen Yanikyan, Varujan Qarabedyan, Ampik Sasunyan, Monte Melkonyan kimi mənfur qatil və terrorçuların, nasist generallar Qaregin Njdenin, Drastamat Kanayanın qəhrəman kimi qələmə verilməsini. Sözünüzü udmayın, Vladimir Nikolayeviç, axıracan deyin. Axı, sizin doğmalarınızdan da kimlərsə Böyük Vətən müharibəsi döyüşlərində qəhrəmancasına həlak olmuşdur. Bilin ki, Ermənistanda bu iki hitlerçi baş kəsənə abidələr ucaldılmış, hətta “Qaregin Njde” medalı təsis edilmişdir. Azərbaycanda isə nə “Ramil Səfərov” medalı var, nə də bir küçəyə onun adı verilmişdir. Odur ki, sözünüzü axıracan deyin.

“Beynəlxalq təşkilatlarda da Azərbaycan üçün əlverişsiz fon yaranacaqdır”.

– Azərbaycan xalqı öz ərazisini “beynəlxalq təşkilatlarda əlverişsiz fon”dan deyil, konkret düşmənin ordusundan xilas edəcəkdir. Əgər Ermənistan işğalın pislənməsinə dözmüşdürsə, biz də bu fona birtəhər dözərik.

“ATƏT-in sülhməramlı rolu praktiki olaraq inkar ediləcəkdir”.

– Bu rol çoxdan inkar edilmişdir, daha doğrusu, vasitəçilərin status-kvonu dəyişməkdə tam acizlik göstərməsi ilə ATƏT özü-özünü inkar etmişdir.

“Minsk qrupunun həmsədrləri hərbi əməliyyatların yenidən başlanmasını mütləq pisləyəcəklər”.

– Hərbi əməliyyatların yenidən başlanmasını deyil, bunun ilkin səbəbi kimi işğalın saxlanmasını pisləmək lazımdır.

“1994-cü ildə MDB Dövlət Başçıları Şurasının köməyi ilə barışığa nail olmuş Moskvanın mövqeyi xüsusilə sərt ola bilər”.

– Gəlin fal açmayaq.

“Azərbaycan tərəfinin bu münaqişəni dinc vasitələrlə həll etmək barədə Avropa Şurası qarşısında öhdəliyi pozulacaqdır”.

– Ermənistan Avropa Şurası qarşısında bu təşkilatın qətnamələrinə, o cümlədən AŞPA-nın 1416 nömrəli qətnaməsinə hörmət etmək və onu yerinə yetirmək öhdəliyini çoxdan pozmuşdur. Həmin qətnamənin 1-ci və 2-ci bəndlərini oxuyun.

“Onu da xatırladacaqlar ki, Bakı 1993-1994-cü illərdə hərbi əməliyyatlara son qoyulması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini uzun müddət yerinə yetirməmişdir”.

– Biz bu nağılı azı 20 dəfə eşitmiş və azı 20 dəfə ifşa etmişik. Bu gün yalnız Şavarş Koçaryan və Eduard Şarmazanov kimi siyasi cırtdanlar onu yada salır və ona istinad edirlər. Vladimir Nikolayeviç, bu dünyada sizin bu tezisinizi qəbul etmirlər, ondan imtina etməyinizin vaxtıdır.

“Çox ehtimal ki, BMT Təhlükəsizlik Şurasının döyüşlərə dərhal son qoymaq tələbi ilə yeni qətnaməsi qəbul ediləcəkdir”.

– Ermənistan belə qətnamələrin dördünü rahatca rədd etmişdir. Deyəsən, bir zərəri olmayıb, sağ-salamatdır.

“Nəticədə iri dövlətlərin və beynəlxalq təşkilatların təzyiqi Bakını hücuma tezliklə son qoymağa məcbur edəcəkdir”.

– Bakı öz ərazisinin azad edilməsi üzrə əməliyyat aparanda ona təzyiq olacaqmı? Nədənsə, Ermənistan BAŞQASININ ərazisində hücuma keçəndə ona heç bir təzyiq görmədik.

“Hadisələrin bu cür dönüşünü Azərbaycan ürək ağrısı ilə qarşılayacaqdır”.

– Əgər Azərbaycan xalqı ərazisinin iyirmiillik işğalına qarşı immunitet əldə edibsə, taleyin başqa dönüklüyünə də birtəhər dözər.

“İlham Əliyevin neft və qaz hesabına uğur qazanan hakim klanının işgüzar bumu karbohidrogenlər satışında fasilələr ilə əvəz etmək, bəlkə də bazarları müvəqqəti itirmək o qədər də ürəyincə olmayacaqdır”.

– Təkrar edirik: Azərbaycan xalqının neft çıxarmaq üçün torpağa ehtiyacı yoxdur, öz torpağını geri qaytarmaq üçün neftə ehtiyacı var. Neft alınır və satılır, torpaq - yox! Azərbaycan xalqı ermənilərə öz torpaqlarını yetərincə hədiyyə etmişdir. Azərbaycan Qarabağ üzərində faktiki suverenliyini bərpa edəcəkdir.

“Bakının döyüşkən kampaniyası həm də öz xalqını aldatmağa xidmət edir”.

– Əgər vətənin işğal edilmiş hissəsinin azad olunmasına istiqamətlənmiş “döyüşkən ritorika” “öz xalqını aldatmaq” deməkdirsə, onda, şair demişkən, xalqı aldatmaq çətin deyil, xalq özü də aldanmasına sevinir. Qoy bizi “aldatsınlar” və Vətənimizi bizə qaytarsınlar. Biz bu cür “aldanmağa” sevinərik.

“Bakının Dağlıq Qarabağ üzərinə yeni yürüş haqqında prinsipial qərar qəbul etməsi üçün onun öyrənməli olacağı müəmmaların heç də tam olmayan siyahısı belədir”.

– Təşəkkür edirik, hökmən öyrənərik.

“Rusiyada milyonlarla erməni və azərbaycanlı vardır. O, iki xalq arasında yeni qırğından kənarda və ya buna laqeyd qala bilməz. Buna şübhə ola bilməz”.

– Rusiyada həmişə, ən azı müharibənin ilk illərində xeyli erməni və azərbaycanlı yaşayırdı. Bütün bu illər ərzində heç bir yenilik baş verməmişdir. Bundan əlavə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri arasında heç vaxt heç bir “Qarabağ” olmamışdır, həmçinin bu ərazidə rusiyalı sülhməramlılar və Rusiya vətəndaşları yoxdur və olmamışdır. Odur ki, Cənubi Osetiya ssenarisi burada təkrar edilə bilməz.

“Sual edilir, nə üçün ATƏT-in fəaliyyətdə olan sədri bu münaqişənin həllində güc tətbiq edilməməsi haqqında saziş bağlanması ideyasını Bakının qarşısında birbaşa dəstəkləyə bilmir...”

– Bu mövzunu yuxarıda müzakirə etdik. Bakı güc tətbiq edilməməsinin qanun çərçivəsindən kənara çıxarılmasına tamamilə tərəfdardır. Lakin güc tətbiq edilməsini işğal başa çatandan sonra deyil, işğal başlayana qədər və ya ona son qoyulandan sonra qadağan etmək lazımdır. Heç kəs ərazini işğal edəndən sonra güc tətbiq edilməməsinin tərəfdarı kimi çıxış edə bilməz.

“Burada hərbi həll yolu yoxdur demək azdır - müharibənin yolverilməz olması vurğulanmalıdır. İfrat siyasi korrektlik xalqlara çox baha başa gələ bilər”.

– Düzdür! Müharibə prinsip etibarilə yolverilməzdir, amma həll edilməmiş münaqişənin ortasında yox! Qeyri-qanuni aksiya olan müharibənin nəticələrinin legitimləşdirilməsi yolverilməzdir. Bu yalnız Ermənistan ilə Azərbaycan arasında bütün dünya tərəfindən, o cümlədən Rusiya tərəfindən tanınmış dövlət sərhədi bərpa ediləndən sonra ola bilər.

Hər bir münaqişənin hərbi həlli isə həmişə vardır və olmuşdur (tarix boyu hələ heç kəs müharibəni qadağan edə bilməmişdir), lakin indi bu barədə danışmayaq.

“Minsk qrupunun həmsədrləri heç nədən çəkinmədən yeni iri insident baş verəcəyi, xüsusən hərbi əməliyyatların yenidən başlanacağı hal üçün qabaqcadan birgə bəyanat hazırlaya bilər və onun təqsirkar tərəfə dərhal təqdim edilməsini nəzərdə tuta bilər. Üç dövlətin hər biri eyni mətni həmin tərəfə ikitərəfli qaydada təqdim edərək onların kollektiv aksiyasının vacibliyini vurğulaya bilər”.

– Belə sənədi çoxdan hazırlamaq və onu özgəsinin ərazisini işğal edən tərəfə təqdim etmək vaxtıdır. Azərbaycan belə tərəf deyildir.

“Həmsədr dövlətlərin Qarabağda hadisələrin gedişinin sərt dəyişməsinə hazır olması faktının özü çılğın başları onların nəzərdə tutduğu tədbirlərin nəticələrini bir daha ölçüb-biçməyə məcbur edəcəkdir. Sənədlərin hazırlanmasını hadisələr başa çatana qədər təxirə salmayıb hadisələri qabaqlamaq çox vacibdir”.

– Gözəl təklifdir. Həmsədrlər gərək çoxdan qabaqlayıcı mövqe tutaraq Ermənistana belə sənəd təqdim edəydilər, ondan yenilənmiş Madrid prinsiplərini qəbul etməsini tələb edəydilər. Hətta ultimatum səviyyəsində.

“Azərbaycan tərəfin hərbi əməliyyatları bərpa etmək ehtimalına yönəlmiş məlum xətalarının yuxarıda göstərilən siyahısı ilə ictimaiyyətin geniş tanış edilməsi də mühüm rol oynaya bilərdi”.

– Azərbaycan birinci müharibənin səbəblərini yaxşı öyrənmişdir. O, ikinci dəfə bu cür səhvlərə yol verməyəcəkdir. Bu dəfə heç bir daxili çəkişmə ayrı-ayrı səhra komandirlərinin pərakəndə dəstələrini öz mövqelərini tərk edərək hakimiyyəti bölüşmək üçün Bakıya cummağa, müdafiəsiz qalmış şəhərlərə və kəndlərə maneəsiz hücum edilməsi üçün cəbhəni boş qoymağa məcbur etməyəcəkdir. YƏQİN bilin ki, bu dəfə belə olmayacaqdır. Odur ki, Vladimir Nikolayeviç, biz keçən müharibədən ibrət dərsi almışıq. Bu dəfə müharibə özümüzün salamat qalmağımız üçün deyil, düşməni məhv etmək üçün olacaqdır. Hətta həyatımız bahasına olsa belə. Deyəsən, birinci müharibə nəticəsində sizdə saxta stereotiplər yaranmışdır.

Qarabağ kim üçün vətəndir - ermənilər üçün, yoxsa azərbaycanlılar üçün - siz bunu bu dəfə biləcəksiniz.

Buna görə də sizə möhkəm cansağlığı arzu edirik ki, siz o günə qədər yaşayasınız və hər şeyi özünüz yəqin edəsiniz.   

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında