Dünya artıq erməni yalanlarına inanmır

Bir qayda olaraq, aprel ayında saxta təbliğatla beynəlxalq ictimaiyyəti aldatmağa, süni ajiotaj yaratmağa çalışan erməni ideoloqlarının məkrli kampaniyası bu il daha geniş vüsət almışdır. Qondarma “erməni soyqırımının 100-cü ildönümü” ərəfəsində çirkin təbliğatlarını genişləndirən erməni şovinistləri ənənəvi olaraq Türkiyə və Azərbaycanı hədəf seçərək, özləri haqqında “məzlum,”  “qırğına məruz qalmış millət” imici yaratmağa səy göstərirlər.

Ötən əsrin əvvəllərində türklərin ermənilərə qarşı guya “soyqırımı” həyata keçirdiyini iddia edən erməni millətçiləri öz diaspor və lobbi təşkilatlarının köməyi ilə qondarma, tarixi əsasları olmayan bu məsələni müxtəlif ölkələrin parlamentlərinə çıxarmağa cəhd edirlər. Təəssüflə vurğulamaq lazımdır ki, Türkiyə və Azərbaycanın müstəqil siyasət yeritməsi, regionda iqtisadi-siyasi cəhətdən qüdrətlənməsi ilə heç cür barışa bilməyən, beynəlxaq hüquqdan sapınaraq, ikili standartlara yol verən müəyyən aparıcı dövlətlər və təşkilatlar bu məsələdə erməniləri şirnikləndirmək yolu tuturlar. Müşahidələr göstərir ki, ermənilərin bununla bağlı qeyri-hüquqi və cəfəng iddialarının müəyyən dövlətlərin qanunverici orqanlarında dəstəklənməsi əsasən geosiyasi amillərlə bağlı olub, onlara can yandırmaq məramından daha çox Türkiyəyə, eləcə də dolayısı ilə Azərbaycana haqlı mövqeyində təsir göstərmək məqsədi güdür. Getdikcə daha çox dövlət bu həqiqəti başa düşür, bütövlükdə Türk dünyasına qarşı yönəlmiş iftira kampaniyasını birmənalı rədd edir. Qondarma soyqırımının 100-cü ildönümü ilə bağlı bu il aprelin 24-də Ermənistanda təşkil olunacaq tədbirin bir çox ölkələr tərəfindən boykot edilməsi də deyilənlərin əyani təsdiqidir.

Xatırladaq ki, Türkiyənin məsələ ilə bağlı birgə komissiya yaratmaq, arxivləri açmaq, tarixi həqiqətləri üzə çıxarmaq təkliflərinə etinasız münasibəti Ermənistanın zaman-zaman gündəmə gətirdiyi “soyqırımı” kampaniyasının hansı çirkin məqsədlərə xidmət etdiyinə şübhə yeri qoymur. Yalnız bu məqam qardaş ölkəyə qarşı yönəlmiş saxta ittihamların sırf siyasi motivlərə əsaslandığını, ikili standartlardan qaynaqlandığını tam mahiyyəti ilə aşkara çıxarır.

Bu iftira kampaniyasının əsassızlığını tarixi faktlar da təsdiqləyir. Hələ 1813-cü və 1828-ci illərdə Rusiya və İran arasında imzalanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrı Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarının bölünməsinin əsasını qoymuşdur. 1849-cu ildə Rusiya ərazisində İrəvan quberniyası yaradılmış, ermənilərin İrandan və Türkiyədən kütləvi surətdə Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa köçürülməsinə başlanılmışdır. Beləliklə, soyqırımı, deportasiya və terrorizm Azərbaycan torpaqlarının işğalı üçün istifadə edilən əsas vasitələrdən birinə çevrilmişdir. Təkcə 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza İrandan 40, Türkiyədən 84 min erməni köçürülərək Şimali Azərbaycan ərazisində yaradılmış Yelizavetpol və İrəvan quberniyalarının ərzisində yerləşdirilmişdir. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsı altında 1828-ci il martın 21-də “Erməni vilayəti” adlandırılan süni inzibatı bölgünün yaradılmasına nail olmuşlar. Bununla da azərbaycanlıların əzəli torpaqlarından zorla çıxarılmasının və soyqırımı siyasətinin əsası qoyulmuşdur.

XIX əsrin ikinci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı aktları təşkilatlanmış və planlı siyasət kimi aparılmış, Azərbaycan, Türkiyə və Gürcüstan əraziləri hesabına “Böyük Ermənistan” dövləti qurmaq xülyasına düşmüş bu mənfur millət “Qnçaq”, “Daşnaksütyun”, “Erməni Vətənpərvərləri İttifaqı” kimi siyasi-terror təşkilatlarını həmin istiqamətə yönəltmişdir. Sözügedən təşkilatların fəaliyyət proqramında azərbaycanlılara ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək məramı əsas yer tutmuşdur.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənı qəsbkarları Birinci rus inqilabı dövründə - 1905-1907-ci illərdə azərbaycanlılara qarşı daha qanlı aksiyalar həyata keçirmişlər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki yaşayış məntəqələrini əhatə etmişdir. Yüzlərlə Azərbaycan kəndi dağıdılaraq yerlə-yeksan edilmiş, on minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bütün bu vəhşiliklər ermənilərin vaxtilə yerləşdirildikləri, lakin əhalinin milli tərkibində azlıq təşkil etdikləri Azərbaycan torpaqlarını zorla erməniləşdirmək, “azərbaycanlılarsız Ermənistan” kimi qeyri-insani planlarını azərbaycanlıların soyqırımı hesabına həyata keçirmək niyyətinin ifadəsi olmuşdur.

1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq, Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri faktiki başıpozuqluq şəraitindən istifadə edərək, yerli müsəlman əhaliyə qarşı soyqırımı siyasətinə başlamışlar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmış, 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilmiş, sağ qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşdur.

Tarixi sənədlərdə qeyd olunur ki, 1918-ci ilin martında erməni-daşnak ideoloqu S.Şaumyanın başçılıq etdiyi Bakı Kommunası “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən soyqırımı planını həyata keçirmişdir. Böyük qırğınlara başlamaq üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi olmuşdur. S.Şaumyanın göstərişi ilə ermənilər, guya bu zabitlərin Muğandakı rus-molokan kəndlərini dağıtmaq göstərişi aldıqları barədə şayiələr yaymış, bundan sonra isə həmin gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verilmişdir. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirmişdir. Vəziyyətin ciddi xarakter aldığını görən Azərbaycan milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gələrək alınmış silahları “Hümmət” müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərmişlər.

Martın 30-da N.Nərimanovun evində S.Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə baxmayaraq, bolşevik-daşnak koalisiyası vədinə əməl etməmişdir. Martın 30-da saat 16.40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açmış, beləliklə, dinc əhaliyə qarşı kütləvi qətliama start verilmişdir. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil almış, üç gün ərzində Bakıda 12 min insan qətlə yetirilmişdir. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, Təzəpir məscidini topa tutmuş, “Kaspi”, “Açıq söz” qəzetlərinin redaksiyasına, “İsmailiyyə” binasına od vurmuşdular.

1920-ci ilin aprelində AXC-nin süqutundan sonra bədnam qonşularımız adət etdikləri çirkin metodlarla azərbaycanlıları daimi yaşadıqları ərazilərdən çıxarmış, eləcə də qonşu respublikaların torpaqları hesabına “ərazilərini” böyütmüşlər. 1920-ci ildə Zəngəzuru və Azərbaycan torpaqlarının bir hissəsini Ermənistan SSR-in ərazisi elan etmişlər. 1923-cü ildə SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ “muxtar vilayət” elan edilmişdir.

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları II Dünya müharibəsindən sonra daha geniş miqyas almışdır. 1945-ci ilin noyabrında Ermənistan SSR rəhbərliyi heç bir ciddi əsaslı səbəb göstərmədən SSRİ hökuməti qarşısında Dağlıq Qarabağın bu respublikaya birləşdirilməsi məsələsini irəli sürsə də, niyyətinə nail olmamışdır. Bundan sonra onlar daha bir hiyləyə əl ataraq azərbaycanlıların deportasiyasına nail olmuşlar. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Q.Arutyunov Suriya, Yunanıstan, İran, Bolqarıstan, Rumıniya, Fələstin, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan bu ölkəyə köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət edərək, Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycanın pambıqçılıq rayonlarında yerləşdirilməsini təklif etmişdi. O, Kür-Araz ovalığında pambıqçılığı inkişaf etdirmək üçün guya işçi qüvvəsinin çatışmadığını, bu addımın həmin rayonlarda pambıq istehsalının artımına da əsaslı təsir göstərəcəyini iddia etmişdi. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından kütləvi surətdə deportasiyasını rəsmiləşdirmişdi.

Ötən əsrin 80-ci illərin sonlarında - SSRİ-nin süqutu zəminində cərəyan edən proseslərdən öz maraqlarına uyğun bəhrələnən erməni ideoloqları Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirdilər. Vətənpərvər və milli ideallara bağlı bir şəxsiyyətin - ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından dərhal sonra erməni separatizmi ilk hücumuna - informasiya savaşına başladı. Akademik A.Aqanbekyan 1987-ci ilin noyabr ayının 18-də Fransanın “Humanite” qəzetinə verdiyi müsahibəsində vurğulayırdı ki, “mən iqtisadçı kimi əmin edirəm ki, DQMV-nin coğrafi cəhətdən daha çox bağlı olduğu Ermənistana birləşdirilməsi düzgün olardı. Bu barədə mənim xüsusi təklifim var və onu artıq təqdim etmişəm. İnanıram ki, yenidənqurma və demokratiya şəraitində bu problem öz həllini tapacaq”.

Azərbaycana qarşı əsassız ərazi iddialarının irəli sürülməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması azərbaycanlıların növbəti dəfə kütləvi qırğını və əsrlər boyu yaşadığı tarixi ərazilərdən deportasiyası ilə nəticələndi. Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-dək 22 rayonda yalnız soydaşlarımızın yaşadığı 170, habelə 94 ermənilərlə qarışıq yaşayış məntəqələri azərbaycanlılardan tam təmizləndi. Nəticədə 200 mindən çox azərbaycanlı Azərbaycana pənah gətirdi.

1990-1993-cü illərdə Azərbaycana qarşı ərazi təcavüzünü genişləndirən Ermənistan bu məqsədlə terror və soyqırımı siyasətini də dövlət səviyyəsində dəstəklədi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsi isə iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm surətdə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsi olmuşdur. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti genosid - Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoymuşdur. 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi faciənin məhz soyqırımı olduğunu sübut edir.

Ümumiyyətlə, ermənilərin həm 1918-ci ilin martında, həm də 1992-ci ilin fevralında azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirdiyini və insanlığa qarşı yönəlmiş digər cinayətlərə əl atdığını beynəlxalq hüquq normaları da təsdiqləyir. İlk dəfə olaraq Nürnberq Hərbi Tribunalının Nizamnaməsinin 6-cı maddəsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilmişdir. Sənəddə beynəlxalq cinayətlərin üç növü - sülh, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri fərqləndirilir. Soyqırımı cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir. Soyqırımı da bəşəriyyət əleyhinə yönələn əməl olaraq ən ağır beynəlxalq cinayətlərdən sayılır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Təşkilatın Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci bəndində göstərilən şərtlər də 1918-ci ilin mart və 1992-ci ilin Xocalı faciələrinin soyqırımı kimi tövsif edilməsinə imkan yaradır.

Xüsusi vurğulamaq lazımdır ki, bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş saxta kampaniyasına qarşı mütəşəkkil müqavimət yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün oldu. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət idi.

1918-ci ilin mart və 1992-ci ilin Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Eyni zamanda, Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı aktının real mahiyyəti, üzləşdiyimiz qətliamların soyqırımı kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır.

Azərbaycan Prezidenti İlham Əliyevin mart soyqırımı ilə bağlı xalqa 2006-cı il 28 mart tarixli müraciətində də ermənilərin müxtəlif dövrlərdə həyata keçirdikləri terror siyasətinə geniş toxunulmuşdur. Müraciətdə soydaşlarımızın yurd-yuvalarından didərgin salınmaları, ərazilərimizin işğalı, erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzünün bu gün də davam etməsi qeyd olunmaqla yanaşı, belə bir zamanda dövlətin və hər bir vətəndaşın qarşısında duran başlıca vəzifələr göstərilir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamı əsasında Quba şəhərində kompleksin yaradılması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm addımlardan biri olmuşdur.

Azərbaycanın üzləşdiyi soyqırımı cinayətlərinin dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun da tarixi xidmətlərini xüsusi vurğulamaq lazımdır. Hələ 2010-cu il dekabrın 15-də Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumu və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasının online fəaliyyətlərinin təqdimatına həsr olunmuş tanıtma tədbiri keçiriblər. 10 dekabr İnsan Hüquqları Gününə həsr olunmuş tədbir çərçivəsində “Xocalıya ədalət!” kampaniyasının yeni internet saytı ictimaiyyətə təqdim edilmiş, kampaniyanın “Facebook”, “Twitter” və “Youtube” kimi sosial şəbəkələrdəki fəaliyyəti barədə məlumat verilmişdir.

Son illər bir çox dünya dövlətləri Xocalı həqiqətlərini qəbul etməyə başlamışlar. Məsələn, Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan İslam Respublikası, Bosniya və Herseqovina, Rumıniya, Çexiya və İordaniyanın parlamentləri Xocalı soyqırımını tanımışlar. ABŞ-ın Vest Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edilmişdir. Qətnamədə Xocalıda törədilmiş cinayətlərin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən təcavüzün tərkib hissəsi olduğu qeyd edilir. Bundan əvvəl isə Kaliforniya, Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi və digər ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuş, Xocalıda qırğın törədənlərin məsuliyyətə cəlb olunması tələb edilmişdir

Şahid ifadələri, istintaq materialları və beynəlxalq hüquq normaları 1918-ci ilin martında və 1992-ci ildə Xocalıda baş verənlərin soyqırımı olduğuna hansısa şübhə yeri qoymur. Ötən əsrin əvvəllərindən fərqli olaraq, Xocalı faciəsi müasir dünyanın gözü qarşısında baş vermişdir. Dünyanın ən müxtəlif nüfuzlu kütləvi informasiya vasitələri hələ 1992-ci ildə faciə ilə bağlı geniş reportajlar vermiş, yaxud yaymışlar. Lakin təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş mart və Xocalı soyqırımlarına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işğalçı əməllərə qarşı qəti tədbirlər görülməmişdir.

Əlbəttə, azərbaycanlıların soyqırımının dünyada tanıdılması bir-iki ilin işi deyildir. Bu istiqamətdə hələ uzun illər ərzində fəal iş aparmaq lazımdır. İnanırıq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hücum diplomatiyası nəticəsində biz öz həqiqətlərimizi dünyaya qəbul etdirə biləcəyik. Sadəcə, hər kəs bu sahədə üzərinə düşən vəzifəni də unutmamalıdır.

İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə və Hüquq  İnstitutunun direktoru,
fəlsəfə elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında