31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

Bəşəriyyət soyqırımı faktlarına göz yummamalıdır

Azərbaycan xalqına qarşı erməni vəhşiliyinin tarixi 200 ildən də əvvələ gedib çıxır. Bu müddət ərzində ermənilər xalqımıza qarşı dəfələrlə soyqırımları törətmiş, şəhərlərimizi, kəndlərimizi xarabalığa çevirmişlər. Qarşılarına çıxan azərbaycanlıları qanına qəltan edən, uşaqlara, yaşlılara belə rəhm etmədən ağlasığmaz işgəncələr verən erməni qaniçənləri vəhşicəsinə öldürdükləri insanların meyitlərini təhqir etməkdən, azyaşlı uşaqları və körpələri diri-diri tonqala atmaqdan və ya torpağa basdırmaqdan belə çəkinməmişlər.

Təəssüflər olsun ki, bu insan qatillərinin bənzəri olmayan vəhşilikləri obyektiv və ya subyektiv səbəblərdən zaman-zaman unutdurulmuş, tarixi məqamlar təhrif olunmuşdur. Bu məsələyə böyük ürək ağrısı, vətəndaş yanğısı ilə yanaşan ümummilli lider Heydər Əliyev deyirdi: “Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.

Təsadüfi deyil ki, ulu öndər 1997-ci il dekabrın 15-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya edilməsi haqqında” və 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlar imzalamışdır. Ermənilərin Azərbaycan xalqının başına gətirdikləri bəlaların, törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında məhz həmin fərmanlar əhəmiyyətli rol oynamış, dövlət səviyyəsində sistemli tədbirlər hazırlanıb həyata keçirilmişdir.

Beynəlxalq səviyyədə heç bir sanksiyaya məruz qalmayan erməni qəsbkarlarının törətdikləri  kütləvi insan qırğını Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü siyasətin bir mərhələsi kimi, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində oxşarı olmayan vəhşilik, birmənalı olaraq, soyqırımı kimi dəyərləndirilməlidir.

Tarixi mənbələrdən də bəllidir ki, azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın digər bölgələrində analoqu olmayan qəddarlıqla həyata keçirilmişdir. Həmin ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Vətənimizin füsunkar güşələrindən olan Şamaxı da ermənilərin soyqırımına məruz qalmış, 1918-ci ilin mart-aprel aylarında Şamaxıda və onun ətraf kəndlərində kütləvi cinayətlər törədilmiş, həmvətənlərimiz vəhşicəsinə qətlə yetirilmişdir.

Şamaxılıların ən çox qətlə yetirildikləri ərazidə 2002-ci ildə soyqırımı abidəsi ucaldılıb. Hər il martın 31-də bu abidə önünə gələn şamaxılılar erməni soyqırımına məruz qalmış həmvətənlərimizin xatirəsini ehtiramla yad edirlər.

Soyqırımı faciəsinin tədqiqatçılarından olan ehtiyyatda olan polkovnik, filologiya elmləri doktoru Mustafa Məhərrəmov söhbət zamanı bildirdi ki, ötən əsrin 60-cı illərində Şamaxı arxivi yenidən yandırılanda 1918-ci ilin qırğınına aid tək-tük sənədlər də məhv edilib. O vaxt hamı bildi ki, özlərini təmizə çıxarmaq üçün arxivi ermənilər yandırmışlar...

Tarixi mənbələrdən və şahid ifadələrindən bəlli olur ki, 1918-ci ilin soyqırımı zamanı Şamaxı qəzasının 90-a yaxın, rayonun özünün isə 40-dan artıq kəndi faciəyə məruz qalmışdır. Şamaxı şəhərində təqribən 14-16 min, bugünkü Şamaxı və Qobustan ərazilərindəki kəndlərdə isə 6-8 min insan qətlə yetirilmiş, 18 min nəfərdən çox yerli sakin qaçqın olmuşdur. Mənbələrdə həmçinin Şamaxı qəzasında 58 kəndin yandırılaraq yerlə-yeksan edildiyi barədə məlumat verilir.

Məşədi Maqsud Behbud oğlunun xatirələrindən: “Mən onda uşaq idim. On yaşım olardı. Biz evimizin zirzəmisində gizləndik. Gözlərimlə gördüm ki, adamları güllələyir, sonra küçəyə yığır, üstlərinə xalça-palaz atıb yandırırlar. Hətta körpə uşaqları diri-diri həmin odun üstünə atırdılar”.

Umud İsrafilov: “Anam danışırdı ki, ermənilər uşaqlı qadınları bir yerə yığır, gözlərinin qabağında körpələrini öldürür, balaca uşaqların cəsədini nizəyə taxırdılar. Vəhşiliyə dözməyib ürəyi gedən anaları yerindəcə qətlə yetirib körpələrini nizə ilə onların sinələrinə sancırdılar”.

Bəli, o dövrü gözləri ilə görmüş insanların xatirələrini həyəcansız dinləmək olmur. Dəhşətə gəlirsən, inana bilmirsən ki, bütün bu vəhşilikləri törədənləri də nə vaxtsa ana doğub!..

Sənədlərdən və xatirələrdən o da bəlli olur ki, ermənilər istər şəhəri, istərsə də Şamaxının müsəlman kəndlərini müqavimətsiz tuta bilməmişlər. Yurd-torpaq qədri bilən oğullar silahlanıb düşmənlə ölüm-dirim savaşına çıxmışlar. Belə oğullardan ibarət dəstələrin birinə Şamaxı qəzasının rəisi olmuş Azad bəy Rüstəmbəyov başçılıq edirmiş...

Nəhayət, iyul ayının 20-də Nuru Paşanın ordusu Şamaxını azad edir. Təxminən dörd ay ərzində erməni daşnaklarının ayağı dəydiyi hər yer xarabalığa dönmüş, Şamaxının quruca adı qalmışdı.

Ehtiyyatda olan polkovnik, filologiya elmləri doktoru Mustafa Məhərrəmov onu da qeyd etdi ki, törədilən soyqırımında başlıca məqsəd mənfur Şaumyanın və Andronikin məkirli planlarına uyğun olaraq Şamaxıya göz dağı çəkməklə buranı işğal edərək “müsəlmanlardan təmizləmək” və daşnakları bu torpaqlarda məskunlaşdırmaq olub.

31 Mart soyqırımının statistikası bu bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır. Belə ki, hadisələr zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur. Təkcə Bakıda erməni terrorçuları tərəfindən öldürülənlərin sayı 30 minə çatmışdır. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində isə 92 kənd tamamilə yerlə-yeksan edilmişdir. Şamaxı qəzasında 7 min nəfər öldürülmüşdür ki, onlardan 1653 nəfəri qadın, 965-i uşaq olmuşdur. Azərbaycanın tarixi ərazisi olan İrəvan quberniyasında 1824 ev yandırılmış, 139 min 900 nəfər isə qətlə yetirilub.

Bütün bu cinayətlərə beynəlxalq ictimaiyyətin laqeyd münasibəti, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı növbəti soyqırımı və deportasiya aktlarının törədilməsinə stimul verən əsas amillərdən biri olmuşdur. 1917-22-ci illər ərzində təkcə İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayının 375 min nəfərdən 70 min nəfərə qədər azalması, 1948-ci ildə yüz min nəfərdən çox azərbaycanlının Ermənistandan deportasiya edilməsi dünyanın bütöv bir xalqa qarşı həyata keçirilən zorakılıq siyasətinə biganəliyinin nəticəsidir

Bu məsələyə bir də Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra qayıtmaq mümkün oldu. 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı sərəncam erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət oldu. 1998-ci il 26 mart tarixli bu sərəncam Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının formalaşdırılması üçün bir növ proqram sənədidir. 31 Mart yenə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir və dünya ictimaiyyətinin diqqətini xalqımızın başına gətirilən qanlı faciələrə cəlb edir.

Biz Bakıdakı mart hadisələrini yada salarkən yenə o günlərdə icra olunan vəhşətə, zülmə, yaxılan xanimanlara, parçalanıb da divarlara mıxlanan yavrulara, həlak olunan (parçalanan), irz – namuslar tapdanan zavallıları göz önünə gətirir və  insanın bir anda dönüb canavardan da betər hala düşməsinə heyrətlənməyə bilmirsən.

Bu nöqteyi-nəzərdən şaumyanların Azərbaycanda törətdikləri soyqrımını leninlərin Petroqrad və Moskvadakı hərəkətlərinə qətiyyən bənzəməzdi. Orada sinfi mübarizə gedirdisə, burada sinfi mübarizə adı altında milli qətliam icra olunurdu. 

İllər ötsə də, tarix boyu nahaq qanlar tökən ermənilər öz mənfur xislətlərindən, məkirli niyyətlərindən əl çəkə bilmirlər. Gözü onun-bunun torpağında, süfrəsində qalan erməni işğalçıları bəlli həqiqətlər önündə cilddən-cildə, dondan-dona girir. Ancaq son dövrlər daha artıq hiss edirlər ki, özgə torpaqlarında xam xəyallara düşməyin, xülyalarla yaşamağın sonu çatmaq üzrədir.

Nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıram, ədalətin tezliklə öz yerini tapacağına, soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanıram.

Dünya birliyinə, aidiyyəti beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına dəstək veriləcəyinə, zəbt olunmuş torpaqların qaytarılacağına, yüz minlərlə qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönəcəyinə, onların konstitusion hüquqlarının bərpa ediləcəyinə inanıram. Ölkəmizə qarşı təcavüzü, soyqırımını törədən erməni terrorçuları və onların havadarları cinayət məsuliyyətinə cəlb edilməlidir. Beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun həyata keçirilməli, Ermənistan işğalçı, təcavüzkar siyasətdən, ərazi iddialarından əl çəkərək, bu münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilərək öz doğma yurdlarına dönməli, əsir və girovlar azad olunmalı, terrorçu siyasətini aparan Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq edilməlidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində  beynəlxalq səviyyədə keçirilən görüşlərdə və aparılan müzakirələrdə Azərbaycanın ədalətli mövqeyinin daha çox dəstəklənməsi, dövlətimizin başçısı cənab İlham Əliyevin qətiyyətli sözünün beynəlxalq aləmdə daha çox eşidilməsi iqtisadi çətinliklər məngənəsində sıxılan Ermənistanın çaşqınlığını və inamsızlığını artırmaqdadır.

Amma bu gün 2014-cü ilin mart günlərində, bu qanlı faciədən 96 il keçəndən sonra xalqıma onu demək istərdim ki, 1918-ci ilin martında tökülən qanlar azərbaycanlılardakı milliyyət və hürriyyət fikrini, Azərbaycanın müqəddəs alovunu söndürə bilmədi! Əksinə artırdı və yüksəltdi...

Getdikcə təklənən, məkrli düşmən tərəfin bircə yolu qalır: Nə qədər ki, gec deyil, tarixin dərslərindən birdəfəlik ibrət götürmək!

 

Kamran BEHBUDOV,

Azərbaycan Diplomatik Akademiyasının baş müəllimi

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında