(əvvəli qəzetin 29 mart sayında)
Şamaxı qırğınları ilə paralel Quba şəhərinin əhalisinə qarşı da amansız divan tutulmuşdur. Ərzurum ermənisi olan və Türkiyədə əli saysız-hesabsız türkün qanına batmış, Hamazasp Quba qırğınlarına rəhbərlik edirdi. Onun qəddarlığı arxiv materiallarında öz təsdiqini tapan çıxışından da bəlli olur. Hamazasp şəhər məscidinin yanındakı meydanda toplaşmış müsəlmanlara müraciətlə bildirmişdi: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərə qarşı vuruşmuşam. Mən erməni mənafelərinin müdafiəçisiyəm. Mən Sovet hökuməti tərəfindən cəza dəstəsi ilə buraya göndərilmişəm ki, sizdən iki həftə bundan əvvəl burada öldürülmüş ermənilərin qisasını alım. (O, əlini üzərində toplar dayanmış dağa tərəf tutaraq) sizin müsibətiniz o vaxt başlayacaq ki, mən sabah o dağa qalxım. Sabah mən o dağa qalxaraq şəhəri topa tutduracaq və yerlə yeksan edəcəyəm. Hazırda mənim Didax və Alpan kəndlərində döyüşlərim gedir. Sonra Uçgün və Kilit kəndlərinə keçərək sizləri odlara yaxacaq və Şahdağa çatacağam. Onda başa düşərsiniz ki, erməniləri öldürmək nə deməkdir. Mən buraya qayda-qanun yaratmaq və Sovet hakimiyyəti qurmaq üçün deyil öldürülmüş ermənilərin qisasını almaq üçün göndərilmişəm”. Burada Hamazaspın on gün öncə öldürülən ermənilərin qisasını almağa gəlməsini qeyd etməsi sayca nisbətən az erməni dəstələrinin Qubaya gözlənilməz basqını və ləzgi silahlıları tərəfindən onların darmadağın edilməsini nəzərdə tuturdu. Bu dəfə onun rəhbərliyi ilə ermənilər daha yaxşı silahlanmış və nizami qoşun dəstələri ilə Qubaya gəlmişdi. Və kiçik özünümüdafiə dəstələrinin onların qarşısında duruş gətirməyi mümkünsüz idi. Hamazasp bu fürsəti əldən vermədi. Şaumyan və Korqanovun təşkilatçılığı ilə daşnak Hamazaspın dəstələri Quba şəhərində və qəzanın 122 kəndində vəhşiliklər törətmiş, qətliamın birinci günü şəhərdə 713 nəfəri, ikinci günü 1012 nəfər azərbaycanlını qətlə yetirmişlər. Quba şəhərində 3 minədək dinc sakin qətlə yetirilmiş, 105 ev və digər tikililər tamamilə yandırılmışdır. Ümumiyyətlə Quba faciəsi barədə rəqəmlər müxtəlifdir. Professor A. İskəndərov yazır: “Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olmuşdur. Ona görə də onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta bilmişdilər. Həmin azğınlığın miqyasını təsəvvür etmək üçün iki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir. Bu rəqəm Quba şəhər əhalisinin beşdə biri demək idi... Hamazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir.”
Qubaya ilk olaraq dəstə ilə göndərilən və ağır döyüşlərdən sonra qovulan David Gelovanin Fövqəladə İstintaq Komissiyasına verdiyi ifadəsindən də aydın olur ki, Hamazaspın silahlı dəstəsi siyasi məqsəd üçün deyil, sadəcə müsəlman xalqından intiqam almaq məqsədilə “Daşnaksütyun” partiyası tərəfindən göndərilmişdi.
Göründüyü kimi, mənfur Şaumyanın və onun əlaltıları olan Hamazasp, Lalayev, Əmirov və digərlərinin vəhşi əməlləri nəticəsində Azərbaycanda yerli əhali amansızcasına qırılır və insanların mal-mülkü qarət olunur, dağıdılır və yandırılırdı. Bütün bunlara sovet hakimiyyətinin qurulması adı verilməyə cəhd göstərilsə də, əslində faktlar da sübut edir ki, bu hadisələrin ən ümdə səbəbi “böyük Ermənistan” xülyasının gerçəyə çevrilməsi istəyi və türklərə olan qeyri-insani nifrətin nəticəsi idi.
Daşnaklar Azərbaycanın müxtəlif regionlarında etnik təmizləmə siyasətini xüsusi amansızlıqla həyata keçirirdi. Türk ordusunun zərbələrindən qaçan ermənilər başda quldur Andronik olmaqla İrəvan quberniyasının ərazisinə soxulmuş və Zəngəzur, Göyçə,Dərələyəz, Naxçıvan və Qarabağ mahallarında müsəlmanlara qarşı qəddar aktlar törətmişdilər. Zəngəzur qəzasında baş verən qırğınlar mart soyqırımılarının ən dəhşətli ssenarilərindən biri idi. Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzündən silindiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları sadalanır. Məruzədə göstərilən 115 kənd yandırılmış, əmlakı oğurlanıb aparılmış, ərazisi zəbt olunmuşdur. Bu kəndlər məhv edilərkən o qədər haqsızlıqlar, vəhşiliklər törədilmişdir ki, onları ayrı-ayrı kəndlər üzrə göstərməyə imkan yoxdur. Ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklər haqqında təhqiqat komissiyasının aktları, onlara əlavələrdə kifayət qədər məlumatlar vardır. Yuxarıda göstərilən 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə, tam olmayan məlumata görə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşilikləri haqqında tam məlumat vermir. Belə ki, erməni vəhşiliklərinin qurbanları daha çox olmuşdur. Ancaq indiki dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası parlamentinin üzvü Cəlil Sultanov yanvarın 23-də hərbi əməliyyat yerindən Parlamentə göndərdiyi üçüncü teleqramında yazırdı: “Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır. Hökumətin köməyinə ümidini itirən əhali bütün Azərbaycan türk xalqına müraciət edir. Aldığımız məlumata görə, sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə Naxçıvanla əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ və həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Artıq kağız üzərindəki etirazlara son qoymaq, iki yüz mindən yuxarı Zəngəzur müsəlman əhalisinin məhvinə gətirib çıxarmış xain ermənilərin iç üzünü açıb dünyaya çatdırmaq vaxtı gəlib çatmışdır. Xahiş edirəm təcili tədbir görün ki, heç olmasa, Şuşa və Cəbrayıl qəzaları xilas edilsin. Hər dəqiqə qiymətlidir. Yubanmaq xalq və Vətən qarşısında cinayət və satqınlığa bərabərdir”
Cəlil Sultanovun həyəcanla dolu teleqramlarına nəzər saldıqda həqiqətən o dövrdə vəziyyətin necə mürəkkəb və acınacaqlı olduğunu hiss etməmək olmur. Zəngəzur qırğınları, demək olar ki, Ermənistanın bu bölgəni öz tərkibinə qatmaq və Qarabağa daxil olmaq üçün yeganə dəhliz və ələdüşməz fürsət idi. Bu baxımdan ermənilər maksimum imkanlarından istifadə edərək Azərbaycanın bu qədim ərazisinə qarşı türksüzləşdirmə və erməniləşdirmə siyasətini yubanmadan və cəlladlıqla davam etdirirdilər. 1920-ci il yanvarın 24-də Cəbrayıldan C. Sultanovun Azərbaycan Parlamenti adına göndərdiyi son teleqramında deyilirdi: “Bütün teleqramlarıma əlavə olaraq hərbi əməliyyat yerindən məlum edirəm ki, Zəngəzur sarıdan başınız sağ olsun. Ermənilər öz qüvvələrini Cəbrayıl qəzasının sərhədlərində — Əkərə çayı ətrafında cəmləşdirirlər. Qarabağı xilas etmək lazımdır. Erməni xəyanəti və hiyləgərliyi qurbanlarının sayı hesaba gəlməzdir. Yalvarıram, təcili və qəti tədbirlər görün”. Məsələ burasındadır ki, erməni quldurları qırğınlarda bütün “sərhədlər”i keçərək yerli əhalini ən murdar metodlarla-qadın,qoca, uşaq, hamilə bilmədən qətlə yetirir, zorlayır, başlarını süngülərə keçirir, diri-diri damğalayır, döşlərini kəsir, dərilərini soyur və yandırırdı.
Onlar bu cür iyrənc əməllərini Zəngəzurla yanaşı Qarabağda da həyata keçirmişdilər. Şıxımlı, Kövşatlı, Divanlılar, Çaraküz, Mərzili, Təkli, Tuğ, Axullu, Məlikli, Məzrə, Eyvazlı, Dolanlar, Şıxlar və digər saysız hesabsız kəndlər ermənilərin amansız basqınlarına məruz qalmış minlərlə sakinləri qətlə yetirilmiş, təhqir olunmuş, əmlakları isə qarət edilmişdir. Konkret olaraq Cavanşir qəzası ərazisində ermənilər yaşına, cinsinə fərq qoymadan uşaqlara, qadınlara, qocalara və hətta şikəstlərə belə aman vermədən azərbaycanlılara qarşı çoxsaylı ölüm aktları həyata keçirmişlər. Bir çox hallarda isə onlar ağlasığmaz qətl formaları tətbiq etmişlər. Professor Ataxan Paşayev qeyd edir ki, Umudlu kəndində Süleyman Qazax Aslan oğlu, Məmməd Məşədi Paşa oğlu və Kazım Atam oğlu ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilmiş, sonra isə onların cəsədlərini doğrayaraq hər hissəsini bir yerdən asmışlar. Həmkəndliləri onları bu vəziyyətdə tapanda hansı hissəsinin kimə mənsub olduğunu belə ayırd edə bilməmişdilər. Hacı Qərvənd kəndində qətlə yetirilmiş Zeynəb Şirin qızının döşləri kəsilmişdir. Dovşanlı kəndinin bir hissəsi olan Korakor kəndinin sakinləri Ramazan Novruzəli oğlu, Qönçə Ocaqqulu qızı və şikəst Süleyman Həsənəli oğlu qəddarlıqla qətlə yetirilmiş və meyitləri yandırılmışdı. Sırxavənd-Ballıqaya kəndinin sakini Soltan Əli İmam oğlu Qazançı kəndi yaxınlığında saxlanılmış, vəhşiliklə öldürülmüş və yandırılmışdı. Güneyqaya-Sırxavənd kəndinin sakinləri Şərit İsmayıl oğlu və Rəcəb Novruzəli oğlunun meyitləri ermənilər tərəfindən başları kəsilib aparılmış şəkildə tapılmışdır. Ermənilərin Qarabağda törətdiyi ölçüyəgəlməz dağıntılar 100 milyonlarla hesablanmışdır. Azərbaycan hökuməti ermənilərə qarşı bütün bu etdikləri xəyanətlərə baxmayaraq, hər dəfə səbrlə yanaşmış və bölgədə sülh və əmin-amanlığı bərpa etməyə təşəbbüs göstərmişdir.
Qarabağın general-qubernatoru azərbaycanlıları ermənilərin mümkün təxribatlarına qarşı son dərəcə dözümlü olmağa çağırmış və buna şəxsən nəzarət etmişdir. Lakin bütün bu jestlərə baxmayaraq, Qarabağın erməni əhalisi Azərbaycan hökümətini tanımamış və o zaman “Ararat respublikası” adlanan Ermənistandan gələn göstərişlərlə hərəkət etmişlər. Qarabağ ərazisində ermənilərə Sokrat bəy MəlikŞahnazarov, Akop Veddiyev, Şamir Avakov, Armenak Xaçaturov, Eqiş İşxanov, Xosrov bəy, İşxan bəy və Tiqran bəy İşxanov qardaşları və başqaları rəhbərlik edirdilər. Ermənilər cidd-cəhdlə təxribat-pozuculuq hərəkətləri etməklə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə tabeçilikdən boyun qaçırırdılar. Lakin general-qubernator X. Sultanovun ciddi səyləri nəticəsində 1919-cu il avqust ayında Azərbaycan hökuməti ilə Qarabağ Erməni Milli Şurası arasında deklarasiya imzalanır. Bu deklarasiya ilə Qarabağ erməniləri Azərbaycan hökumətinin hakimiyyətini tanıyır, Azərbaycan hökuməti isə onlara mədəni -milli muxtariyyət hüququ verirdi. Şübhəsiz ki, ermənilər üçün yazılı sənəd və ya müqavilə, verilən söz heç bir əhəmiyyət daşımırdı, ona görə də bu tanıma qeyri-səmimi idi. Sonrakı hadisələr, bolşevik işğalı ilə paralel Qarabağda yenidən alovlanan erməni üsyanları da bunu sübut etdi.
Beləliklə, Azərbaycanın müxtəlif yerlərində — Bakı, Şamaxı, Quba, Zəngəzur, İrəvan, Naxçıvan, Salyan, Lənkəran, hətta Güney Azərbaycanın Urmiya, Salmas, Xoy, Mərənd və digər şəhərlərində baş verən türk-müsəlman soyqırımları nəticəsində xalqımız yüz minlərlə övladını itirdi. Əhalinin min bir əziyyətlə ərsəyə gətirdiyi ev-eşikləri yağmalandı, yerlə-yeksan edildi, tarixi abidələrimiz, məscidlərimiz, mədrəsələrimiz, qədim əlyazmalar saxlanılan kitabxanalarımız dağıdıldı, insanların inanc yerləri hesab olunan ziyarətgahlarımız, məscidlərimiz, müqəddəs kitablarımız yandırılaraq məhv edildi. Bir sözlə, başlanğıcını kütləvi surətdə 1918-ci il mart ayından etibarən götürən azərbaycanlıların soyqırımı xalqımıza həm fiziki, həm də mənəvi cəhətdən sarsıdıcı zərbə vurdu. Üstündən yüz ilə yaxın bir müddət keçməsinə baxmayaraq hələ də ermənilərin öz havadarlarının dəstəyi ilə xalqımızın başına gətirdiyi müsibətlər xatirələrdən silinmir.
Anar TURAN, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.