31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə ölkəmizdə silsilə tədbirlər keçirilmişdir

Sumqayıt

Gənclik şəhərindəki  Heydər Əliyev Mərkəzində keçirilən  konfransda icra hakimiyyətinin başçısı  Zakir Fərəcov, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri  iştirak ediblər.  

Tədbirin əvvəlində azərbaycanlıların soyqırımına həsr olunmuş sərgiyə və filmə baxış keçirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmi-praktik konfransda Sumqayıt Dövlət Universitetinin tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “31 mart 1918-ci il soyqırımı: Bakıda törədilən qırğınlar”, Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi Aytən Əsədova “1918 –ci ildə ermənilər tərəfindən Azərbaycanın bölgələrində törədilən qırğınlar”, Folklorşünaslıq Elmi Tədqiqat laboratoriyasının müdiri professor Astan Bayramov “Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası”, Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nofəl Abdullayev “ Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanının tarixi əhəmiyyəti  haqqında”, Sumqayıt şəhər 31 saylı orta məktəbin tarix müəllimi Raqif Şirinov “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamından irəli gələn vəzifələr” adlı məruzələri dinlənilib.

Natiqlər  qeyd ediblər ki, tarix boyu təcavüzkar siyasət yeridən, “dənizdən-dənizə böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoymuş, havadarlarının köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. 1918-ci ilin mart soyqırımı zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmiş, Şamaxı, Quba və digər yerlərdə on minlərlə azərbaycanlı qəddarlıqla öldürülmüş, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilmişdir. 1918-1920-ci illərdə Qarabağ, Qərbi Azərbaycan və digər bölgələrdə on minlərlə soydaşımız amansızlıqla öldürülmüşdür. 1988-ci ildə ermənilərin başladığı müharibə nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı reallaşdırdığı soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanaraq ifşa olunmuşdur. Erməni cəlladlarının həyata keçirdikləri işğalçılıq siyasəti ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda tam əksini tapmış və bunun sayəsində soyqırımına siyasi və hüquqi qiymət vermək imkanı yaranmışdır. Bu günsə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyü vurğulanıb. Əminliklə qeyd edilib ki, müstəqil Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət ermənilərin “böyük Ermənistan” xülyasını alt-üst edəcək və xalqımız tezliklə öz əzəli torpaqlarına qovuşacaq.

      

         Xətai rayonu

 

Xətai Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, müharibə veteranları və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbir  31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmişdi.

Ümumrayon toplantısını icra başçısının müavini Jalə Abdıyeva açaraq,  qeyd etdi ki, məkrli erməni millətçilərinin xalqımıza qarşı soyqırımı XIX əsrin əvvəllərindən, onların Qafqazda kütləvi şəkildə məskunlaşdırılmasından sonra başlamışdır. Türklərin qanına susamış ermənilər əzəli torpaqlarımızda məskən salar-salmaz bölgəni sözün əsil mənasında “qan çanağı”na çevirmişlər. “Böyük Ermənistan” yaratmaq xülyalarını gerçəkləşdirmək üçün, ilk növbədə, azərbaycanlılara qarşı kütləvi qətllər, amansız soyqırımı aktları və deportasiya siyasəti həyata keçirmişlər. Dünyanın gözü qarşısında baş vermiş bu qanlı tarix qısa fasilələrlə bütün XX əsr boyu dönə-dönə təkrarlansa da, artıq 100 ildir ki, bəşəriyyət onu tanımaq, erməni vandalizmini ittiham etmək istəmir.

J.Abdıyeva bildirdi ki, uzun illər xalqın yaddaşından silməyə çalışdıqları və bir çox hallarda buna nail olduqları, tarixin müxtəlif mərhələlərində daşnak erməni millətçilərinin Azərbaycan xalqına qarşı kütləvi qətlləri ulu öndər Heydər Əliyevin siyasi qərarları ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi tariximizə yazılmışdır. Bu tarixi unutmamaq və nəsillərin qan yaddaşına çevirmək Azərbaycan dövlətinin, rəsmi qurumlarının, ictimai təşkilatlarının vəzifəsindən çox, bəlkə də borcudur.

Toplantıda çıxış edən natiqlər ümummilli lider Heydər Əliyevin erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən, bunun dünya ictimaiyyətinə tanıdılması üçün müvafiq tədbirlərlə bağlı imzaladığı sərəncamlardan geniş söhbət açaraq bidirmişlər ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələrin əsl mahiyyəti və gerçək faktlar xalqa çatdırıldı. Ümummilli lider Heydər Əliyev 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan etməsi ilə bağlı 1998-ci il martın 26-da imzaladığı fərmanının mühüm əhəmiyyəti ondadır ki, o, Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni milli strategiya müəyyənləşdirdi.

Toplantıda bu dəhşətli tarixin araşdırılması, gerçəkliklərin konkret sənədlər, tarixi mənbələr və sübutlarla xalqımıza və dünyaya çatdırılması sahəsində dövlətimizin, xüsusilə Heydər Əliyev Fondunun  müstəsna xidmətləri haqqında da geniş məlumat verilmişdir. Qeyd edilmişdir ki, azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Ona görə də Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş bu faciəli soyqırımı hadisələri milli yaddaşımızın hər gün xatırlanan faktına çevrilməlidir.

Xüsusi vurğulandı ki, bir əsr boyu qətlə yetirilənlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ulu öndərin Prezidentliyi dövründən başlayaraq dövlətimizin və Heydər Əliyev Fondunun atdığı addımlar, tarixçilərimizin, arxeoloqlarımızın apardığı araşdırmalar dövlətçiliyimizin möhkəmlənməsində çox böyük tarixi əhəmiyyətə malikdir və bu missiya haqlı olaraq xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Natiqlər qeyd etdilər ki, azərbaycanlıların soyqırımı faktları təkcə hər il martın 31-i deyil, tez-tez xatırlanmalı, bu qətliyamları törədən erməni millətçilərinin niyyətləri, məram və məqsədləri heç vaxt tarixin arxivinə qoyulmamalı, dönə-dönə gənc nəslə çatdırılmalıdır.

Tədbirin sonunda iştirakçılar gənclərin hazırladıqları “Susmaram” ədəbi-bədii kompozisiyaya və azərbaycanlıların soyqırımı faktlarını əks etdirən sənədli filmə tamaşa etdilər.

 

Suraxanı rayonu

 

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyəti, AMEA-nın Tarix İnstitutu və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib.

Rayon icra hakimiyyətinin başçısı yanında şuranın üzvləri, Milli Məclisin deputatları Ağacan Abiyev, Sevinc Fətəliyeva, Tarix İnstitutunun bir qrup nümayəndəsi, YAP rayon təşkilatının fəalları, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Bir dəqiqəlik sükutla soyqırımı şəhidlərinin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş igid oğul və qızlarımızın əziz xatirəsi yad edilib. 

Sonra azərbaycanlıların soyqırımı haqqında  Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanan film  nümayiş olunub.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, hər il mart ayının 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü  dövlət səviyyəsində  qeyd olunur. Suraxanıda da bununla bağlı silsilə tədbirlər keçirilir.

Rayon rəhbəri çıxışında azərbaycanlıların kütləvi şəkildə öldürülməsi, repressiyalara məruz qalması faktını XX yüzilliyin ən qanlı səhifələrindən biri kimi vurğulayıb. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistlərinin Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atdıqlarını diqqətə çatdırıb.

Başçı bildirib ki, 1998-ci il martın 26-da  ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olub. Həmin vaxtdan indiyədək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edilib. Dövlətimizin başçısının bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən ermənilər ifşa edilib, bu cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid edib, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırıb. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu bu faciələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönümündə çox ciddi layihələr reallaşdırıb.

İlqar Abbasov xüsusi vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyası da bu məsələdə önəmli rol oynayıb. Faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönələn kampaniya dünyanın əksər ölkələrində uğurla həyata keçirilib və hazırda da davam etdirilir.

Tədbirdə məruzə ilə çıxış edən AMEA-nın Tarix İnstitunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov bildirib ki, son illərdə institutun alimləri müxtəlif arxivlərdə araşdırmalar aparıb və soyqırımı ilə bağlı mühüm sənədlər, faktlar tapıb, bütün bunları dünya ictimaiyyətinə çatdırmaqla bağlı müəyyən işlər görüblər.

Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Xocalı rayonundan məcburi köçkün Xəlil Vəliyev ermənilərin Xocalıda törətdiyi vəhşiliklərdən danışıblar. 

 

Zaqatala rayonu


    Zaqatala rayonunda “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.       

İlk öncə tədbir iştirakçıları “Azərbaycanlıların soyqırımı” xatirə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.            

Xatirə kompleksinin önündə keçirilən tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə “100 illik tarix” adlı geniş məruzə ilə çıxış etmişdir. Məruzədə azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını ətraflı təhlil etmiş, etnogenezi və ilkin məskunlaşma arealı dəqiq bilinməyən, hər yerə səpələnən, yalnız bəd əməllər hesabına bir yerə cəmləşən ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiasını xüsusi qeyd etmişdir. Daha sonra natiq ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində ilk dəfə olaraq 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamaqla xalqımıza qarşı törədilən bu cinayətə siyasi və hüquqi qiymət vermək imkanı yaratdığını bildirmiş, ümummilli liderin qətiyyətli və məqsədyönlü siyasətinin hal-hazırda Azərbaycan hökuməti tərəfindən prinsipiallıqla davam etdirildiyini vurğulamışdır.    

Daha sonra tədbirdə çıxış edən rayon hərbi prokuroru Mustafa Əsgərov, Tala kənd 1 saylı tam orta məktəbin direktoru Mehnurə İsmayılova erməni millətçilərinin xalqımıza qarşı apardıqları soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi olduğunu qeyd etmiş, ötən əsrin əvvəllərində xalqımıza qarşı yürüdülən bu siyasət nəticəsində azərbaycanlıların öz əzəli torpaqları olan İrəvan, Göyçə və Zəngəzuru itirdiklərini xüsusi vurğulamışlar.

Çıxış edən natiqlər insanlarımızda vətənpərvərliyi və mütəşəkkilliyi, Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti, siyasi iradəsi sayəsində qarşımızda duran bütün problemlərin həllinə, o cümlədən ərazi bütövlüyü və suverenliyimizin bərpasına, xalqımıza qarşı əsl soyqırımı siyasəti həyata keçirənlərin, başqa xalqlara düşmənçilik və nifrət ideologiyasının daşıyıcılarının ifşa edilməsinə nail olacağımıza əminliklərini bildirmişlər.

Əli NƏCƏFXANLI,
İlqar RÜSTƏMOV, 
V. BAYRAMOV,
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında