20 Yanvar faciəsi xalqın iradəsini, azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi

 

 

 

 

 

 

 

 

 

 

 


Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı
hərbi təcavüzü  və cinayəti idi.

Heydər ƏLİYEV
Ümummilli lider


1990-cı ilin 20 Yanvar faciəsi. Bəzən buna  Qara Yanvar da deyirik. 28 il əvvəl baş vermiş bu dəhşətli faciə, daha dəqiq desək, azərbaycanlılara qarşı düşünülmüş şəkildə həyata keçirilən soyqırımı yaddaşımıza əbədi həkk olunub. Axı necə də unudulsun? Həmin gün küçə və meydanlar günahsız insanların qanına boyandı. Yanvarın 19-dan 20-nə keçən gecə baş verən qətliam Sovet Ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı idi. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq, buna etiraz səsini qaldıran geniş xalq kütləsinə qarşı imperiyanın döyüş hissələrinin yeridilməsi Azərbaycanda dəhşətli faciəyə gətirib çıxardı. O məşum gecədə öz ölkəsinin, Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd oğul və qızlarımız canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.

Hər il yanvar ayı başlayanda qeyri-ixtiyari olaraq, gözlərimiz önündə 20 Yanvar faciəsi canlanır. Həmin mücadilədə tərəflərdən biri əliyalın, digəri isə təpədən- dırnağa qədər ən müasir, hətta, qadağan olunmuş hərbi sursatlarla silahlanmış böyük bir ordudur. Əlləri dəfələrlə günahsız insan qanına batan bu silahlı quldur birləşməsi əliyalın insanları amansızlıqla qətlə yetirir, uşaq, ağsaqqal, tibb işçisi bilmədən qarşısına çıxanları güllələyir, ağır zirehli texnikanın altına salaraq, xıncım-xıncım edirdi.

O gecə şəhərimizdə tarixin hələ şahidi olmadığı müsibətlər yaşandı. Bu, nə film idi, nə də hansısa kino çəkilişi meydanı. Kommunist rejiminin özlərinə sərf edən tələblərə tabe olmaq istəməyən, azadlıq, istiqlaliyyət, müstəqillik arzusunda olan dinc əhaliyə – azərbaycanlılara tutulan qanlı divanı idi.

Bu dəhşətli mənzərələr 28 il əvvəl baş vermişdi. Keçmiş sovet dövlətinin hərb maşınının, cinayətkar rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olaraq, bəşər tarixinə qara səhifə kimi düşüb. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi, yaralanması, ömürlük şikəst olması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Hər dəfə yolum 20 Yanvar Meydanına düşəndə – bir vaxtlar XI ordunun abidəsi ucaldılan ərazini indi hamımız 20 Yanvar Meydanı kimi tanıyırıq – burada diqqətimi ilk cəlb edən 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə olur. Bu memorial hamımızın nifrətlə xatırladığımız XI ordunun abidəsini tamamilə yaddan çıxarıb. Nə yaxşı ki, yetişən gənc nəsil dinc, günahsız əhaliyə qan udduran, xalqları 70 il boyunduruqda, əsarətdə saxlayan bu ordunun abidəsini görməyib. İnsanların, xüsusilə, məktəblilərin ziyarətgahına çevrilmiş Şəhidlər xiyabanı, həmçinin 20 Yanvar meydanındakı möhtəşəm abidə qəhrəmanlıq simvoluna, and yerimizə çevrilib.

20 Yanvar meydanında ucaldılmış kompleks abidənin qarşısında hər gün tər gül-çiçək dəstələrini görürük. Bu çiçəklər həmin faciəli günlərdə şəhid olanların yaxınları tərəfindən düzülmür. Bunu məktəblilər, yetişən gənc nəslin nümayəndələri edirlər. Axı, bu şəhidlər müstəqilliyimizin yolunda canını qurban verənlərdir. Belə oğul və qızlarımızın xatirəsi həyat durduqca yaşayır və yaşayacaqlar. Onların yaxınları, əzizləri ilə görüşüb söhbətləşəndə də ağlamaqdan çox qürur duyduqları, fəxr etdikləri açıq-aydın hiss olunur. Faciənin, həm də şərəf günümüzün 28-ci ildönümü ərəfəsində həmin gün canını Vətən, istiqlaliyyət, azadlıq uğrunda qurban verənlərin bir neçəsinin əzizləri, yaxınları ilə elə kompleks abidə önündə görüşüb söhbətləşirik. İlk həmsöhbətim şəhid Aslan Ağaverdiyevin həyat yoldaşı Zərifə Allahverdiyevadır:

– Zərifə xanım, həyat yoldaşınız hər bir azərbaycanlının fəxridir. Aslanı itirmək sizin üçün nə qədər ağır olsa da, onun şərəfli bir yolda canını qurban verməyi öyünc doğurur.

Zərifə xanım yaşarmış gözlərini silərək deyir:

– Nə yaxşı ki, onun qanı yerdə qalmadı. Təəssüf ki, bu günümüzü–müstəqilliyimizi, suverenliyimizi görmədi. Həmişə deyirdi ki, istəyirəm ki, Azərbaycan müstəqil dövlət olsun. Bu imperiyadan, onun sərt rejimindən, müstəmləkəsindən azad olaq. 1988-ci ildə hadisələr başlananda, Sovet hökuməti torpaqlarımızı ermənilərə bağışlayanda, Dağlıq Qarabağı açıq şəkildə Ermənistana vermək istəyəndə Aslan hirsindən yerə-göyə sığmırdı. Deyirdim ki, səbirli ol, səni tutarlar. Azərbaycana Vəzirov kimi ermənipərəst rəhbər qoyublar. Bu adam Qorbaçovun dediklərini yerinə yetirməklə məşğuldur. Aslan isə dediyindən əl çəkmirdi. Deyirdi ki, belə dövlət olmaz. Torpaqdan da pay olar? Bu namus, qeyrət məsələsidir.

Vəziyyət gerdikcə ağırlaşırdı. Aslan o vaxt Milli Azadlıq hərəkatına qoşulmuşdu. Deyirdi ki, biz Qorbaçovun cavabını verməliyik. Ondan sonra görər ki, azərbaycanlılar namusunu, qeyrətini qorumaq üçün canından keçməyə hazırdır. Həmin gün səhər tezdən evdən çıxanda yalvardım ki, özündən muğayat ol. Dedi ki, qorxma. Silahsızıq. Bakıya gələn ordu görmürmü ki, hamımız əliyalınıq. Bizi qırmayacaqlar ki. Biz azadlıq, müstəqillik istəyirik.

Bu yerdə söhbətimizə daha bir xanım qoşulur. Elmira Qocamanova. Öyrənirik ki, onun həyat yoldaşı Əliyusif Qocamanov da həmin gecə şəhid olub. Elmira xanım o dəhşətli gecəni belə xatırladı:

– Əliyusif evdən çıxanda bərk-bərk tapşırdı ki, evdən bayıra çıxmayaq. Dedi ki, narahat olmayın, harada olsam, gecə qayıdacağam. Bir azdan eşitdik ki, şəhər dağılır. Güllələrin, tankların gurultusundan, dəhşətli qışqırıqdan qulaq tutulurdu. Sonradan öyrəndik ki, şəhərə yeridilən qoşun əhaliyə xəbərdarlıq etmədən atəş açıb. Əvvəl inanmadıq. Fikirləşdik ki, hökumət öz əhalisinə qarşı belə qəddar, amansız olarmı? Getdikcə səs-küy çoxalırdı. İşıqlar sönmüşdü. Hər tərəf zülmət qaranlıq idi. Yata bilmədik. Əliyusif gəlib çıxmamışdı. Öyrəndik ki, bizim tərəf (20 Yanvar ərazisini nəzərdə tutur- Ə.B.) qana bələnib. Silahlı əsgərlər bizə düşmən kimi baxırdılar. Hər tərəf meyit idi, əsgərlər bizi yaxınlaşmağa qoymurdular. Təcili yardım maşınları yaralıları xəstəxanalara daşıyırdı. Silahlı əsgərlər həkimlərin də üzərinə silah çəkirdilər.  Sonra eşitdik ki, Əliyusif şəhid olub.

Təsəllim odur ki, onun arzusu, istəyi həyata keçdi. SSRİ kimi nəhəng bir dövlət mərd, qorxmaz, Vətən uğrunda canını qurban verməyə hazır olan azərbaycanlılar qarşısında davam gətirə bilmədi. Biz indi müstəqil dövlətdə yaşayırıq. Hər şey Əliyusifin arzuladığı kimidir. Sağ olsun Prezidentimiz İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı. Şəhid ailələrindən diqqət və qayğılarını heç vaxt əsirgəmirlər. Problemlərimizin aradan qaldırılması üçün hər cür imkan yaradıb. Mən və yaxınlarım növbəti seçkilərdə də Prezident İlham Əliyevə səs verəcəyik.

Bir ağbirçək qadın bizə yaxınlaşaraq, Elmira xanımın dediklərinə qoşulur, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan razılıqla danışır. Öyrənirik ki, həmin ağbirçək xanım 20 Yanvar şəhidi Azər Ələkbərovun anası Sürəyya Ələkbərovadır:

– Oğlum Azərbaycanın ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda canından keçdi. Atası da, mən də deyirdik ki, vəziyyət getdikcə ağırlaşır. Görürsən ki, respublikamızın rəhbərliyi də Sovet hökuməti deyəni deyir. Topunuz-tüfənginiz yox, qoşununuz yox. Lap olsa da, Sovet hökumətinə neyləyə bilərsiniz? O isə deyirdi ki, torpaqlarımız əldən gedir. Qorbaçov bizim ərazilərimizi atasının malı kimi ermənilərə hədiyyə edir. Axı torpaq, Vətən anadır. Mən buna dözə bilmirəm. Sonra da bizə təsəlli verərək deyirdi ki, mən tək deyiləm. Bütün Azərbaycan ayağa qalxıb. Biz Vətənimizi qorumalıyıq. Atası deyirdi ki, Qorbaçov Azərbaycana qoşun yeridəcək. Ehtiyatlı ol. Kimə deyirdin? İnadından əl çəkmədi.

Yanvarın 19-da səhər evdən çıxanda dedi ki, küçələr, meydanlar adamla doludur. Bu qədər insanı qırmayacaqlar ki! Oğlum nə biləydi ki, Qorbaçov əlini günahsız insanların qanına batırmağa qarşısına məqsəd qoyub. Bizə qədər bir sıra respublikalarda da qətliam törətmişdi. Oğlum axşam gəlmədi. Ertəsi gün biz onun meyitini xəstəxanadan tapdıq. 28 ildir ki, bir gözümüz ağlayır, bir gözümüz isə gülür. Oğlumu itirsəm də, müstəqilliyimizi qazanmışıq. Fəxr edirəm ki, bu qələbədə mənim oğlumun da payı var. Onun xatirəsi əziz tutulur. Buna görə Prezidentimizə minnətdaram.

SON: 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

...Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanını  ziyarət edir. Nəsillər dəyişəcək, lakin 20 Yanvar şəhidlərinin xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında