Milli yaddaşımızın şərəfli səhifəsi

Hər bir millətin tarixində faciəli və şərəfli günlər olur. Amma elə günlər, elə hadisələr var ki, onlar illərcə, əsrlərcə, bəzən də millətin tarixi və yaddaşı qədər yaşayır. Azərbaycan xalqının tarixi taleyində daim yaşayacaq və yad ediləcək belə günlərdən biri də 1990-cı ilin 20 yanvar gecəsidir. 20 Yanvar bizim milli yaddaşımızın həm qanlı və faciəli, həm də şərəfli və qürurverici bir səhifəsidir, xalqımızın milli birlik günüdür. 20 Yanvar Azərbaycan xalqının haqq-ədalət istəyinin, azadlıq və müstəqillik duyğularının çiçək açdığı müqəddəs bir tarixdir.

 

ƏRƏFƏ

 

XX əsrin 80-ci illəri Azərbaycanın da daxil olduğu Sovetlər imperiyasının ən mürəkkəb və tənəzzül illəridir. Artıq sosializm bir ideologiya və sosial-iqtisadi münasibətlər sistemi kimi öz süqutunu yaşayırdı. Sov. İKP MK-nın sonuncu baş katibi Mixail Qorbaçov və onun komandasının uğursuz siyasəti bu möhtəşəm imperiyanın çöküşünü daha da sürətləndirdi, ictimai və sosial ədalətsizliyi artırdı, millətlərarası münasibətlərin son dərəcə korlanaraq, milli münaqişələrə çevrilməsinə gətirib çıxartdı. Yaranmış siyasi boşluq və dövlət idarəçiliyinin zəifləməsindən məharətlə istifadə edən və M.Qorbaçovun yaxın ətrafında təmsil olunmağı bacaran erməni millətçiləri Azərbaycana qarşı düşmən və separatçı niyyətlərini həyata keçirərək, Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan ayıraraq Ermənistana birləşdirilməsi tələbi ilə çıxış etməyə başladılar. Xankəndində və İrəvanda başlayan antiazərbaycan əhval-ruhiyyəli mitinqlər tezliklə Ermənistan SSR-nin bir çox rayonlarını bürüdü. Ermənistan SSR-də yaşayan 250 min azərbaycanlı etnik ata-baba torpaqlarından zorla, silah gücünə deportasiya edildi. Xankəndinin və Dağlıq Qarabağın digər yaşayış məntəqələrinin azərbaycanlı əhalisinə qarşı təxribat və təcavüz başladı, insanlar döyüldü, təhqir olundu, öldürüldü və zorla köçüb getməyə məcbur edildi.

Təəssüf ki, nə SSRİ hökuməti, nə Azərbaycanın o vaxtkı kommunist rəhbərliyi belə ciddi, dövlətin əsasını sarsıdan, ictimai sabitliyi pozan, milli düşmənçiliyi alovlandıran təxribatçı hərəkətlərə adekvat reaksiya verdi, nə də vaxtında lazımi tədbirlər gördü. Bu ədalətsizliyə etiraz edən, torpağının bölünməsinə, ərazi bütövlüyünün pozulmasına qarşı çıxan Azərbaycan xalqı meydanlara toplaşaraq respublika və ölkə rəhbərliyindən qanun-qaydanın, haqq-ədalətin bərpa olunmasını tələb etdi.

Ancaq nə meydanda, nə də hökumət binasında öz xalqının haqlı tələblərini qarşılaya biləcək, xalqı axıra qədər öz arxasınca apararaq qanunun və ədalətin təntənəsini təmin edəcək yetkin lider olmadı. Meydanda xalqa rəhbərlik etmək iddiasında olan, o dövrün etiraz dalğası üzərində yaranan Azərbaycan Xalq Cəbhəsi liderləri ilə ölkənin kommunist rəhbərliyi arasında fikir və əqidə birliyinin olmaması, əksinə, ideoloji ziddiyyətin mövcudluğu, böyük tarixi, milli mücadilənin hakimiyyət uğrunda savaş müstəvisinə keçirilməsi bəzi təxribatçı qüvvələrin əl-qol açmasına rəvac verdi. SSRİ DTK-sının və bəzi gizli ermənipərəst missioner təşkilatların dəstəklədiyi və maliyyələşdiriyi təxribatçı qruplar meydana çıxdı.

Azərbaycan xalqı Əbdürrəhman Vəzirov başda olmaqla, ölkənin kommunist rəhbərliyinə antimilli mövqeyinə görə nifrət edir və ona inanmırdı. Buna görə də 1989-cu ilin sonlarında xalq Azadlıq meydanında davamlı etiraz aksiyasına başladı və Əbdürrəhman Vəzirovun istefasını tələb etdi. Xalqın etiraz mitinqləri artıq milli-azadlıq mübarizəsi müstəvisinə keçməkdə idi. Bundan ehtiyat edən, eləcə də digər xalqların və millətlərin gözünü qorxutmaq, milli-azadlıq arzularını boğmaq məqsədi ilə başında Mixail Qorbaçovun dayandığı SSRİ hökuməti bütün qanunları və hüquqları pozaraq, öz mülki vətəndaşlarının üzərinə silahlı qoşun yeritdi.

 

QİYAMƏT GECƏSİ

 

İctimai asayişin qorunması məqsədi ilə 1990-cı il yanvarın 14-də Dağlıq Qarabağda, Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarında və Gəncə şəhərlərində fövqəladə vəziyyət tətbiq olundu, lakin bu qərar Bakıya şamil edilmədi. O zaman M.Qorbaçovun yaxın silahdaşı Yevgeni Primakovun başçılıq etdiyi, SSRİ müdafiə naziri Dmitri Yazovun, daxili işlər naziri Vadim Bakatinin və digər yüksək rütbəli hərbçilərin daxil olduğu Siyasi Büronun üzvləri Bakıya gəldilər. Əhali qarşısında çıxış edən Yevgeni Primakov SSRİ rəhbərliyi adından bəyan etdi ki, Bakı şəhərində fövqəladə vəziyyət elan olunmayacaq və ordu şəhərə daxil olmayacaq. Lakin bu vədlərə baxmayaraq, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna yeridilərək  misli görünməmiş qanlı qətliam törətdi. Bu qətliamda Bakıda və respublika rayonlarında mülki vətəndaşlardan 132  nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edilərək ölkədən çıxarıldı. Bakıda hərbçilər tərəfindən talanlar başladı, 200 mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlak məhv edildi. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili tibbi yardım işçiləri və milis işçiləri də vardı. Bu qanlı qətliamın tərkib hissəsi olaraq əhalinin informasiya təminatını kəsmək məqsədi ilə yanvarın 19-da saat 19.27-də SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən Azərbaycan Televiziyasının enerji bloku partladıldı. Fövqəladə vəziyyət elan olunması barədə qərar isə yalnız qətliam gecəsinin səhəri əhaliyə çatdırıldı.

1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli 795 nömrəli qərarında qeyd olunduğu kimi, “20 Yanvara qədər partiya, dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərin, eləcə də Bakıda gedən ziddiyyətli proseslərin təhlili göstərir ki, yanvar faciəsi qabaqcadan planlaşdırılmış hərbi əməliyyatın nəticəsi olmuşdur. 1989-cu ilin axırından yanvar hadisələrinə kimi respublika rəhbərləri Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun imzaları ilə Moskvaya ünvanlanan şifroqramlar buna əsaslı sübutdur. Şifroqramlarda Bakıya əlavə daxili qoşun və Sovet ordusu qüvvələrinin göndərilməsi tələb olunmuşdur. Bu səbəbdən Bakıda hərbi qüvvələrin yerləşdirilməsi və təminatı ilə əlaqədar müxtəlif hazırlıq işləri aparılmış, hadisələrə bir neçə gün qalmış Bakı şəhərinin xəstəxanaları tələsik boşaldılmış, çoxlu miqdarda yaralıların yerləşdirilməsi üçün hazırlıq görülmüş, Sovet ordusu hərbi qulluqçularının ailə üzvləri təcili surətdə Bakı şəhərindən köçürülmüşdür. Beləliklə, hərbi təcavüz və qoşunların yeridilməsi üçün hər cür şərait yaradılmışdır.”

 

SINAQ

 

20 Yanvar --Bakı faciəsi həm də tarixin məhək daşı, sınaq günü kimi əhəmiyyətlidir. Məhz bu hadisədən sonra xalq həqiqi liderin də, yalançı rəhbərin də kimliyini bir daha açıq-aşkar şəkildə gördü və özü üçün yəqinləşdirdi. Bu dəhşətli gecədə xalq sarsıldı, matəmə batdı, dövlətə, Kommunist Partiyasına, hərəkat liderlərinə az- çox olan inamını birdəfəlik itirdi. Belə bir faciəli gündə Azərbaycanın o vaxtki kommunist rəhbərləri də, Xalq Cəbhəsinin liderləri də xalqın yanında olmaq, ona təsəlli vermək, iradəsini və mübarizə əzmini yüksəltmək əvəzinə qaçıb gizləndilər. Yanvarın 19-dan 20-ə keçən gecəni Azərbaycanın DTK-nın binasında keçirən Əbdürrəhman Vəzirov yanvarın 21-də hərbi təyyarə ilə Moskvaya qaçdı.

“Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında respublikanın əksər siyasi və dövlət rəhbərləri iştirak etməmişlər. Azərbaycanın həyatında baş vermiş dəhşətli yanvar faciəsi ilə bağlı sessiyaya respublika rəhbərlərinin gəlməmələri onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini göstərmişdir.” (1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında Azərbaycan Respublikası Milli Məclisinin 795 nömrəli, 29 mart 1994-cü il tarixli qərarından).

Xalqı qırğına vermiş Rəhim Qazıyev və Nemət Pənahlı İrana qaçdılar, AXC sədri Ə.Elçibəy İsmayıllıda, İsa Qənbərov və Pənah Hüseynov isə Bakıətrafı kəndlərdə gizləndilər.

Belə bir zamanda, Heydər Əliyevin gur, qəzəbli, əzəmətli, hiddətindən mis kimi cingildəyən ittihamedici səsi bütün dünyaya yayıldı: “Bakıda Sovet qoşunları tərəfindən Azərbaycan xalqına qarşı törədilən qanlı hadisə hüquqa, əxlaqa, mənəviyyata ziddir, xalqa qarşı tarixi cinayətdir”.

Həyatını risk altında qoyaraq, oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedən Heydər Əliyev mətbuat konfransında çıxış edərək, Azərbaycanda qan axıdılmasına, günahsız insanların qətlə yetirilməsinə görə Sovet rəhbərliyini və ilk növbədə M. Qorbaçovu kəskin ittiham etmişdir. H. Əliyev qətiyyətlə və əsaslandırılmış surətdə göstərdi ki, məsələnin siyasi yolla nizama salınması, xalqla dialoq üçün real imkanlar olsa da, onlardan istifadə edilməmişdir.

 

QİYMƏT

 

1990-cı il 20 Yanvar Bakı qətliamına ən doğru qiyməti tarix özü verdi. Şəhidlərin qanı yerdə qalmadı, şər imperiyası dağıldı, Azərbaycan öz müstəqilliyinə qovuşdu, milli birlik və azadlıq arzusu qalıb gəldi. Lakin zamanında bu hadisəyə məsuliyyət daşıyan və qiymət verməli olan səlahiyyət sahiblərinin heç də hamısı ədalətin sınağından üzüağ çıxa bilmədi. Faciədən iki gün sonra ­toplaşmış Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası Bakı şəhərində törədilmiş faciəli hadisələrin tədqiqi üçün deputat istintaq komissiyası yaratsa da , bu komissiyanın rəyi əsasında hadisəyə hüquqi-siyasi qiymət verilmədi. Həmin sessiyada Bakıda fövqəladə vəziyyətin ləğv edilməsi tələbi ilə çıxış edən, hərbi canilərin əməllərini pisləyən Ali Sovetin sədri Elmira Qafarova Moskvaya gedib M.Qorbaçovla görüşəndən sonra fövqalədə vəziyyətin uzadılması fikrini dəstəkləmişdi:

“1991-ci il fevralın 9-da keçirilmiş Azərbaycan SSR Ali Sovetinin sessiyasında onun Rəyasət Heyətinin sədri Elmira Qafarova deputatların tələblərinə cavab olaraq demişdir: ­­
“...bu qərar martın 5-də İttifaq sessiyasında müzakirə olunduqda biz Qorbaçov yoldaşla görüşdük. Bu məsələni onun qarşısında qaldırdım. O, bizə cavab verdi ki, sabahdan mən fövqəladə vəziyyəti Bakıdan götürürəm. Mən dedim ki, bizə vaxt verin. Ayaz Niyazoviçə zəng çaldım, sonra da Bakıya qayıtdıqda bu məsələni müzakirə etdik. Elə bilirəm ki, biz fövqəladə vəziyyəti Bakıdan götürə bilməzdik. Çünki vətəndaş müharibəsi baş verə bilərdi”. Fövqəladə vəziyyət yalnız 1991-ci il avqustun 30-da Ayaz Mütəllibovun prezident seçkiləri ərəfəsində ləğv olunmuşdur. Beləliklə, hakimiyyəti qan bahasına əlində saxlayan iqtidar yalnız fövqəladə vəziyyət mexanizmi vasitəsilə respublikanı idarə edə biləcəyini başa düşərək, onu son anlara qədər saxlamağa cəhd göstərmişdir.” (1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında Azərbaycan Respublikası Milli Məclisinin 795 nömrəli, 29 mart 1994-cü il tarixli qərarından).

Çox təəssüf ki, Azərbaycanın o vaxtkı kommunist rəhbərliyi də 20 Yanvar faciəsinə qiymət verməyi bacarmamış, Moskvanın təsiri altında bu tarixi cinayəti ört -basdır etməyə çalışmışdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1990-cı il yanvarın 24-də keçirilən plenumunda Bakı şəhərində 1990-cı il yanvarın 19-20-də fövqəladə vəziyyətin tətbiqinin səbəblərini tədqiq etmək üçün Əfrand Daşdəmirovun sədrliyi ilə komissiya yaradılsa da, plenum bu faciəyə siyasi qiymət verməmiş, ümumiyyətlə bu məsələ ilə bağlı heç bir bəyanatla çıxış etməmişdir. Həmin il martın 31-də keçirilən plenumunda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Əfrand Daşdəmirovun məlumatını dinləmiş, lakin Qanlı Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verməmişdir. Təəssüf ki, 20 Yanvar faciəsinə prezident Əbülfəz Elçibəyin dövründə də heç bir siyasi və hüquqi qiymət verilməmişdir.

Yalnız ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra onun tövsiyəsi ilə faciəni araşdıran Deputat İstintaq Komissiyasının, Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikasi Prokurorluğunun, Daxili İşlər Nazirliyinin bu faciə ilə bağlı materialları yenidən müzakirə olunmuş və bu ağır cinayətə hüquqi qiymət verilməsi üçün müzakirələr aparılmışdır. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin “20 Yanvar faciəsinin 4-cü ildönümü keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli fərmanında bu hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi Milli Məclisə tövsiyə olunmuşdur. Bu tövsiyə əsasında Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli qərarı ilə 20 Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət verilmişdir. Milli Məclisin bu qərarı ilə 1990-cı il yanvarın 20-də Sovet silahlı qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilmiş, Mixail Qorbaçov başda olmaqla cinayətin törədilməsinə məsuliyyət daşıyan mərkəzin və respublikanın kommunist rəhbərliyinin hüquqi-siyasi məsuliyyəti qeyd olunmuş, 20 Yanvar faciəsində şəhid olanların xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə xatirə kompleksinin yaradılması və digər tədbirlərin həyata keçirilməsi qərara alınmışdır.

20 Yanvar şəhidlərinin və bu faciədə yaralanan, itkin düşən insanların sosial müdafiəsinin təmin olunması da ümummilli lider Heydər Əliyevin azadlıq və haqq -ədalət uğrunda mübarizəyə qalxmış soydaşlarımıza qayğısının ifadəsidir. Prezident Heydər Əliyevin 1998-ci il 31 mart tarixli fərmanı ilə 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədi ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edilmişdir. Prezidentin digər fərmanı ilə 2000-ci ildə 20 Yanvar hadisələrində zərər çəkmiş ailələrə 1 milyon manat məbləğində birdəfəlik yardım verilmişdir.

20 Yanvar faciəsində şəhid olanların ailələrinə və əlil olanlara dövlət qayğısı bu gün də davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və tapşırıqları ilə 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə pensiya, müavinət və dövlət təqaüdləri müəyyən edilmiş, onlar dövlət vəsaiti hesabına mənzillər və minik avtomobilləri ilə təmin olunmuş, bu kateqoriyadan olan insanlara lazımi güzəşt və imtiyazlar verilmişdir.

 

DƏRS

 

Hər bir tarixi hadisə özündən sonrakı dövr üçün o zaman əhəmiyyətli olur ki, həmin hadisəyə düzgün qiymət verilməklə yanaşı, onun nəticələrindən ibrət götürülsün və lazımi tədbirlər görülsün.

1990-cı ilin 20 ,Yanvar faciəsi bir daha onu göstərdi ki, silahla, zorla xalqın iradəsini qırmaq mümkün deyildir.

20 Yanvar faciəsi bir daha sübut etdi ki, azadlıq, haqq-ədalət, müstəqillik üçün mübarizə aparmaq lazımdır. Və bu mübarizədə tökülən qanlar yerdə qalmır.

20 Yanvar faciəsinin dərslərindən danışarkən ümummilli lider Heydər Əliyev çox haqlı olaraq qeyd edirdi: “Azərbaycan xalqı 20 yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.”

20 Yanvar faciəsi qurbanlarının xatirəsinin əziz tutulması, şəhidlərin unudulmaması, onların ailə üzvlərinə, yaralananlara və əlil olanlara dövlətin qayğı, cəmiyyətin diqqət və hörmət göstərməsi həm də gənc nəslin dövlətçilik ruhunda böyüməsi üçün bir örnək və vətənpərvərlik dərsidir.

20 Yanvar həm də qəhrəmanlıq dərsi, ölümü öldürməklə əbədiyaşarlıq nümunəsidir. Bu qəhrəmanlara şeirlər, mahnılar həsr olunması, onların hünərlərinin dram əsərlərində, rəsmlərdə, povest və romanlarda əbədiləşməsi, şəhidliyi ölməzliyə qovuşduran bədii sənət nümunələrinin yaradılması 1990-cı ilin 20 Yanvar gününü təqvimin adi bir günündən qəhrəmanlıq salnaməsinə çevirən mənəvi dəyərlərdir.

...Hər bir insanın Tanrıdan müəyyən ömür payı vardır. Hər kəs doğulur, böyüyür, müəyyən fəaliyyət göstərir və dünyadan köçür.

...Xoşbəxt o kəslərdir ki, onların fəaliyyəti qəhrəmanlıq meyarı ilə ölçülür, millətin və tarixin yaddaşında əbədiləşir!

...Qəhrəmanlıq insan ömrünün bir anıdır. Lakin elə bir an ki, ondan sonrakı həyat əbədiyyət qədər sonsuzdur!

...Qəhrəmanlığın ömrü qəhrəmanın ömründən qat-qat uzundur. Qəhrəmanını öz ömründə yaşadan xalq müdrik və böyük xalqdır!

...Xalqının yaddaşında yaşayan qəhrəmanlar xoşbəxt və ölməzdirlər!

Musa Urud,
Milli Məclisin deputatı,
şair-publisist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında