20 Yanvar hadisələri Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunub

1990 -cı il yanvarın 20-də  Azərbaycan xalqına qarşı törədilmiş müdhiş cinayətdən 26 il ötür. Bu illər ərzində o dəhşətli  faciə bir an da olsa, unudulmamış, Vətənimizin istiqlaliyyəti, azadlığı, müstəqilliyi uğrunda canlarından keçmiş mərd oğul və qızlarımızın – şəhidlərimizin uyuduqları Şəhidlər xiyabanı hər bir azərbaycanlı üçün əsl ziyarətgaha çevrilmişdir. Hətta, xarici ölkələrdən republikamıza gələn qonaqlar da Şəhidlər xiyabanına gedərək, Vətən yolunda canlarını qurban verənlərin məzarları üzərinə tər çiçəklər düzür, onlara ehtiramlarını bildirirlər. Qəhrəmanlar unudulmur, həyat durduqca onlar yaşayır, gələcək nəsillərə örnək olurlar. 1990 -cı il Yanvarın 20-də şəhid olanlar da beləcə yetişən gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir.

O məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycanın müstəqillik  tarixinə qanla yazılmış bir səhifədir, ancaq  təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizdəki azadlıq istəyinin oyanış günü idi. 1990 - cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi, ərazi bütövlüyü  uğrunda  qəhrəmanlıq  nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Hər il 20 Yanvar faciəsinin  ildönümünün respublikamızın bütün ərazilərində kütləvi şəkildə qeyd  olunması, anım mərasimlərinin keçirilməsi, şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi ilə əlaqədar tədbirlər planı təsdiqlənir. Bu il də həmin ənənəyə sadiq olaraq, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi planlaşdırılıb. Bunların kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs aparılacaq. Belə dərslər böyük əhəmiyyət kəsb edir.  Yetişən  gənc nəslin hərbi vətənpərvərlik ruhunda böyüməsində, Vətənə, xalqa, millətə  sonsuz məhəbbət  hisslərinin oyanmasında böyük rol oynayır. Gələcək nəsillər  qədirbilənlik ruhunda  yetişir, torpaq, ərazi bötövlüyümüz uğrunda canlarını qurban verənlərin yolunu davam etdirmək hissləri baş qaldırır.

Planda, həmçinin 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım verilməsi, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılması, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil edilməsi də nəzərdə tutulub.

Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq, dövlət bayraqlarının endirilməsi və digər tədbirlər də nəzərdə tutulub.

Bütün bunlar bir daha təsdiqləyir ki, Vətən yolunda, istiqlaliyyət, azadlıq, suverenlik uğrunda canını qurban verənlər hər birimizin qəlbində öz heykəllərini qoyublar.

20 Yanvar faciəsi  barədə söz açarkən qeyd etməliyik ki, 1988-ci ildən başlayaraq, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan  Dağlıq Qarabağ Muxtar Vilayətində güclənən erməni separatizminə keçmiş sovet dövləti tərəfindən rəvac verilirdi. Azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından, ata-baba yurdlarından, isti ocaqlarından zorla köçürülməsi, vəhşicəsinə qovulması xalqımızın səbrini tükəndirmişdi. Keçmiş imperiya rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları nəticə etibarilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsinə yeni  impulslar verdi. Xalqımız ölkəmizin ərazi bütövlüyünu qoruyub saxlamaq üçün 1988-ci ildə öz iradəsini ortaya qoydu. Respublika vətəndaşları İttifaq mərkəzinin Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etiraz edir, Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını istəyirdi. Ərazisinin ilhaq edilməsi cəhdlərinə qarşı qətiyyətlə çıxan xalqımızın milli ruhu, özünüdərk hissi yüksəlmiş, müqavimət əzmi artmışdı. Həmin dövrdən başlanan ümumxalq hərəkatı meydan epopeyası kimi yüksək zirvəyə yüksəlmişdi. Rejimin həyata keçirdiyi repressiv tədbirlər Azərbaycanda meydan hərəkatının qarşısını müəyyən qədər alsa da, xalqın içində olan narazılığı qətiyyən boğa bilmədi.

O vaxtkı SSRİ rəhbərliyinin əmri ilə, xalqımızın etirazına cavab olaraq, Azərbaycanda genişlənən milli azadlıq hərəkatının qarşısını almaq və xalqın haqq səsini boğmaq üçün  cəza tədbirləri  hazırlanırdı. Həmin vaxt Bakıda və Sumqayıtda ermənilərə qarşı törədilən təxribatlar – tarixdə “erməni talanları” adı ilə qalmış olaylar Azərbaycana qarşı SSRİ DTK-sının  qurduğu məkrli planların növbəti tərkib hissəsi idi. O vaxt respublikamız hələ SSRİ adlı imperiyanın tərkibində idi. Amma o imperiya ömrünün son günlərini yaşayırdı. Azərbaycanı və digər postsovet respublikaları kimi dərhal qarmağına keçirmək istəyən digər “sivil” imperiyaların və düşmən dövlətlərin kəşfiyyatları da öz işini görməkdə idi. Odur ki, Bakı casuslar, təxribatçılar məkanına çevrilmişdi. Dağlıq Qarabağ və ətraf bölgələrimizdə erməni terrorçuların dinc soydaşlarımıza hücum və qətliamları, Bakıda və bölgələrdə  yaşayan ermənilərə qarşı hücumlar, DİN-in bir addımlığındakı erməni kilsəsinin yandırılması sanki gözlənilən faciəni daha da yaxınlaşdırırdı. O zaman qəlbləri imperiyaya, erməni işğalçılarına qarşı nifrətlə dolu olan soydaşlarımızın, xüsusən gənclərimizin çoxu bu cür hadisələrə sevinir, özlərini sanki düşmən üzərində qələbə çaldıqları kimi hiss edirdilər. Əslində  isə, bütün bunlar Azərbaycanı Qara Yanvara, sonra da bütün Qarabağın yandırılaraq əlimizdən alınmasına aparan yolun məkrli planı idi.

 Keçmiş SSRİ rəhbəri, Azərbaycana qarşı törədilən bu qətliamın ssenari müəllifi və təşkilatçısı Mixail Qorbaçov 1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin iclasında da bu planını dilə gətirmişdi. Onun erməni deputatlara “Siz Bakıdakı 200 min erməninin başına nə gələcəyi barədə düşünmüsünüzmü?” – sualı  da buna işarə idi. Bunun ardınca həm erməni, həm də azərbaycanlıları qızışdıran təxribatçı qərar qəbul edildi və  aksiyalar təşkil olundu. 1988-ci ilin sonunda Ermənistandan bütün soydaşlarımızın vəhşicəsinə deportasiyası, 1989-cu ilin martında Moskvanın qərarı ilə DQMV-nin Azərbaycandan ayrılaraq ermənipərəst Volskinin rəhbəri olduğu xüsusi idarənin tabeçiliyinə verilməsi  SSRİ rəhbərliyinin Azərbaycana qarşı xüsusi məkrinin tərkib hissəsi idi. Təəssüf ki, Azərbaycanın o vaxtkı rəhbərliyi və xüsusi xidmət orqanları bu planların, o cümlədən, Bakıdakı “erməni talanları”nın qarşısını almaq üçün hər hansı bir tədbir görmədi və M.Qorbaçovun tapşırıqlarını can-başla yerinə yetirdilər.

Həmin dövrdə adlarını Azərbaycan Xalq Cəbhəsinin liderləri qoyan və hakimiyyəti ələ keçirmək üçün min oyundan çıxan  bir qrup şəxs də “erməni talanları”nın olacağını bilirdi. Lakin onlar səslərini çıxarmır, yaranmış vəziyyətdən öz məqsədləri üçün yararlanmağa çalışırdılar. Sanki pusquda dayanıb məqam gözləyirdilər. Həmin vaxt Bakıda 40-a yaxın təxribat qrupu var idi. Onlar  “erməni talanları” törədərək vəziyyəti daha da gərginləşdirirdilər. O dövrdə Bakıda SSRİ daxili qoşunlarının 60-70 minlik kontingenti var idi.  Sonradan yayılan məlumatlarda bildirilirdi ki, həmin günlər talan törədənlər arasında həmin qoşunların mülki forma geyinmiş əməkdaşları da olub. Bu təxribatlar 20 Yanvar faciəsini sürətlə yaxınlaşdırdı və SSRİ rəhbərliyi guya Bakıda yaşayan dinc əhalinin və müxtəlif millətlərin nümayəndələrinin təhlükəsizliyini təmin etmək məqsədilə Bakıya qoşun yeritdi. Özlərinin demələrinə görə, guya Azərbaycan xalqının qayğısına qalırmış və “ekstremist qüvvələri” zərərsizləşdirmək istəyirlərmiş.

Yanvarın 16-dan başlayaraq Bakıda xaotik proseslər baş verir, AXC fəallarının təkidi ilə insanlar müxtəlif yerlərdə istehkamlar qururdular. Hətta paytaxtda imperiyaya məxsus hərbi texnikanın yerdəyişməsinə və hərəkətinə də rast gəlinirdi. Belə bir ağır vəziyyətdə AXC-nin yerləşdiyi qərargahda ikitirəlik hökm sürürdü. Bir hissə xalqı sovet ordusu ilə üz-üzə qoymağa çalışır, digər qrup isə hadisələrə biganə yanaşmaqda davam edirdi. AXC fəalları insanlar arasında təbliğat işi aparmaq, əliyalın vətəndaşları silahlı ordu ilə üz-üzə gəlməkdən çəkindirmək əvəzinə, “azadlıq yalnız qanla alınmalıdır” kimi populist şüarlar irəli sürürdülər. Bunun isə nəticəsi çox ağır oldu.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridildi. Erməni əsilli zabit və əsgərlər də bu əməliyyatlara cəlb edilmişdi. Hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçmiş, ağır hərbi texnika dinc əhalinin qurduğu barrikadaları asanlıqla dağıtmışdı.  Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, öz torpaqlarının,  milli mənliyinin müdafiəsinə  qalxmış çoxmillətli xalqımıza vəhşicəsinə divan tutulmuşdu. Sovet qoşunlarının təcavüzü nəticəsində  milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, silahsız mülki şəxslər amansızcasına öldürülmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda dinc, günahsız insanlar yaralanmış, yüzlərlə adam itkin düşmüş və qanunsuz həbs edilmişdi. Yanvarın 20-də  fövqəladə vəziyyət elan edildikdən sonra isə daha 21 nəfər öldürülmüşdü. Yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, tibb işçiləri də yaralanmış, şəhid olmuşdu.

Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edilmişdi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, erməni kursantlar da daxil edilmişdi.

Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ümummilli liderimiz Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadim oldu. Ulu öndərin qətiyyətli mövqeyi respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə endirdi.

 Heydər Əliyev çıxışında kommunist rejiminin gerçək simasını açmış, xalqımızın suveren hüquqlarına qəsd olunduğunu bildirmiş, bu siyasətə qəti etirazını ifadə etmişdi. Ulu öndər üzləşdiyi təzyiqlərə məhəl qoymadan, öz cəsarəti, yenilməzliyi ilə Azərbaycana sədaqətini bir daha nümayiş etdirmişdi. Psixoloji və ruhi sarsıntı, qorxu, xof içərisində yaşayan azərbaycanlılar 1990-cı il yanvarın 21-də qüdrətli şəxsiyyət Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı eşitdilər. Bununla da sanki təsəlli tapdılar və bir qədər rahatlandılar. Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham edirdi.

1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis həmin tarixi  Ümumxalq Hüzn Günü  elan etmiş və həmin gün respublikamızda hər il  qeyd edilir.  Qanlı hadisə zamanı hünər nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin fərmanına əsasən “20 Yanvar şəhidi” fəxri adı verilmişdir. Eləcə də “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” sərəncama əsasən müxtəlif tədbirlər həyata keçirilir. Bu şəxslərə müvafiq müavinət, həmçinin həmin ailələrə ölkə başçısının fərmanı ilə  Prezident təqaüdü verilir. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması dövlətimizin diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir. 

Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 26 il ötür. Bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulliminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu.

Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında