20 Yanvar – öz azadlığı uğrunda canından keçməyə hazır olan xalqın sınaq gecəsi

 

 

 

1980-ci illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşmişdi. Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb olmuşdu. Respublikamızda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, qondarma “Dağlıq Qarabağ problemi”nin ortaya atılması idi.

SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalq kütlələrinin hiddətinə səbəb olmuşdu. 1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi SSRİ rəhbərliyini qorxuya salmaya bilməzdi. Ona görə də SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Azərbaycanda xalq hərəkatının yatırılmasına əlverişli zəmin yaratmaq üçün Bakıda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribatlar törədərək ermənilərin və rusların talanını təşkil etdi. Kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı.

1990-cı il yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisinə söz verdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq olunmayacaq və belə tədbir nəzərdə tutulmayıb. Ancaq bu vaxt DTK diviziyasının və desant hissələrinin Bakıya atılması başa çatmaqda idi.

Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldı. Sonralar 20 Yanvar hadisələrini araşdıran dövlət komissiyası tərəfindən sübut edilmişdir ki, həmin partlayış DTK tərəfindən planlaşdırılıb və həyata keçirilib.

Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi.

20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar və 3 yəhudi də həlak olmuşdu. Həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.

Bakı şəhərinə 20 Yanvar tarixindən fövqəladə vəziyyət tətbiq olunması barədə SSRİ Ali Sovetinin 19 yanvar tarixli fərmanı isə yalnız bir gün sonra zirehli maşınlarda quraşdırılmış səsgücləndiricilərlə xalqa elan edildi. Elə həmin gün ərzində, yəni 20 yanvarda 5 nəfər dinc sakin imperiya ordusu tərəfindən güllələndi.

 Yanvarın 21-də isə o zaman Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev heç nədən çəkinmədən, həyatını təhlükə qarşısında qoyaraq ailəsi ilə birlikdə Azərbaycanın paytaxdakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Həmin tarixi cinayətin ört-basdır edildiyini görən Heydər Əliyev insanlığa qarşı bu vəhşiliyə etiraz əlaməti olaraq, sonradan Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi.

Sabiq SSRİ prezidenti M.Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə səfərdə olarkən 1990-cı il yanvar qırğınından bəhs edib, “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi”,- deyərək öz günahını etiraf etmişdir.

Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir.

20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda Azərbaycan tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin törətdiyi bu qanlı cinayət xalqı daha da birləşdirdi, onun mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra 1990-cı ilin bu hadisələrin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi siyasi-hüquqi qiymətini verdi. Həmin hadisələrin təşkilatçıları olan Mixail Qorbaçov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibovun və başqalarının cəzalandırılması tələb olundu.

Sonrakı illərdə qəbul olunmuş rəsmi sənədlərdə də 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti yüksək qiymətləndirilmişdir.

20 Yanvar faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyə bilərik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyin əldə olunmasından artıq 23 il keçmişdir. Müstəqil Azərbaycan Respublikası bütün dünyaya sübut etmişdir ki, müstəqilliyimiz əbədidir, dönməzdir.

Ancaq müstəqilliyimizin ilk illərində, 1991-1993-cü illərdə Ermənistanın Azərbaycana ədalətsiz ərazi iddiası və təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu və bu günə qədər respublikamızın ərazi bütövlüyü bərpa olunmamışdır. Ona görə də 20 Yanvar faciəsinin 24-cü ildönümü ərəfəsində hər bir Azərbaycan vətəndaşı, Milli Ordumuzun hər bir əsgəri, giziri və zabiti bir daha dərk etməlidir ki, şəhidlərimizin qanı bahasına müstəqil olmuş Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması sahəsində görülən işlərlə bağlı Azərbaycan dövlətinin rəsmi mövqeyini bəyan edərək demişdir: “Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

 Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil etmişdi.

Bakıya yeridilmiş qoşun kontingentinə, - bəzi məlumatlara görə, onun sayı 60 min nəfərə çatırdı, - “doyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçirilmişdi. “Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatında oxuyuruq: Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar".

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

“Şit” təşkilatı ekspertlərinin hesabatından:

-Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdu;

-xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;

-adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;

-"Kalaşnikov" avtomatlarında ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrdən istifadə edilmişdir.

Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qorbaçovun və ətrafındakıların “millətçi ekstremistlər” adlandırdıqları bunlar idimi?

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma görün, o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı:

“Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq-mühafizə orqanlarına qarşı qaldırmaqdır...”

20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 min kvadratkilometrdən 86,6 min kvadratkilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətəndaşlarımızın Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

Telman ƏLİYEV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında