20 Yanvar: etnobirliyə və suverenliyə qayıdış

 

20 Yanvar faciəsindən doğan məfkurəvi düşüncə milli müstəqilliyin mənəvi, hüquqi əsasını yaratmışdır. Eyni zamanda, bu faciəvi  qəhrəmanlıq hadisəsi,  dövlət- millət epoxasına keçidlə bağlı kardinal dəyişiklikləri, geosiyasi arealda dalğa-dalğa yayılan milli özünəməxsusluq hissini gücləndirmişdir. 

  Azərbaycanın  ideologiya  tarixində fövqəladə önəmli bir prosesin,  milli özünüdərkin və milli iftixar hissinin mərhələ-mərhələ inkişafı və milli özünəməxsusluğun ümumxalq obrazında ifadəsi, nəhayət, 1988-ci ildən başlayan və  1990-cı il 20 Yanvar hadisələri də daxil olmaqla milyonlarla insanın,  müstəqillik ideyaları ətrafında sıx  birləşməsi, Azərbaycanda milli müstəqillik ideyalarının əsasını qoymuşdur.  Bu tarixi prosesin  yayılma arealı isə indi də davam edir. Hazırda böyük bir regionda geosiyasi imkanlarının böyüklüyü ilə özünü təsdiq edən gənc respublika bu prosesin daha geniş  coğrafi areala yayılmasını təşkil etməkdədir. Milli özünüdərk və mədəni üstünlük hissi Azərbaycan türklərini   yenidən tarixin səhnəsinə qaytarmışdır. Bu fövqəladə tarixi prosesdir.

Şübhəsiz, 20 Yanvar  faciəsi Azərbaycan  xalqının  qəhrəmanlıq tarixidir. Bu tarixi faciə,  milli iftixar hissinin və milli müstəqillik ideylarının formalaşmasına tarixi  şərait baxımından güclü   zəmin yaratmışdır. Çünki 20 Yanvar faciəsindən sonra ölkənin milli müstəqilliyinin dönməzliyi birmənalı şəkildə dərk olunmuşdur. Bu  tarixi proses xalqın qarşısında taleyüklü məsələləri müəyyən etmiş,  ağıllı geosiyasi nəzəriyyələrin həyata keçirilməsini şərtləndirmişdir.

Sadə insanlar üçün 20 Yanvar daha çox milli hissləri alovlandıran  faciəvi qəhrəmanlıq hadisəsidirsə,  şübhəsiz, böyük siyasətdə bu faciə yeni tarixi prosesin başlanğıcı kimi xarakterizə edilir.  Azərbycanın siyasi müstəqilliyi isə bütün hallarda ölkənin gələcək taleyinə həssaslığı gücləndirmişdir.   Mürəkkəb geosiyasi şərait və daxili təhlükəsizlik mühitinin təşkili məsələləri  praqmatik təfəkkürlə dərk edilir. Bu cür geosiyasət daxili təhlükəsizlik mühitinin təşkilinə də öz töhfəsini verməkdədir. Belə bir şəraitdə daxili və    xarici  vasitələrin  harmoniyasını yaratmaq, milli təhlükəsizlik mühitini təşkil etmək mühüm amillərdəndir. 

Bütün bunlarla bərabər, xarici aləmlə münasibətlərdə ölkənin müstəqilliyinin realizəsini təmin etmək əsas vəzifə hesab edilir.

Müstəqil xarici siyasət həyata keçirən Azərbaycan son illərdə   beynəlxalq sistemdə nüfuzlu siyasi subyekt  kimi qiymətləndirilir. Deməli, 20 Yanvar faciəsi həm də milli ideologiya tarixinin təkanverici amili kimi dərk edilməlidir.

Müasir Azərbaycanın  daxili və xarici siyasi vasitələrinin dinamikliyi və geosiyasi proseslərə təsir etmək imkanları onun milli müstəqilliyinin dönməzliyini xarakterizə edir.  Demək olar ki, böyük bir regionda yayılan, mərkəzləşən və lokal  geosiyasi amillərə təsir edən etnobirlik və ya  tarixi epoxaya qayıdış hissi imkanlarımızı genişləndirmişdir. Bütün bunların əsası, etiraf edilməlidir ki,  məhz 20 Yanvar tarixində qoyulmuşdur.

Biz bu tarixi qəhrəmanlıq səhifəsinə çoxmənalı paradiqmalarla baxmalıyıq. Bununla da milli mədəniyyətin,  bütövlüyün  pasionarlıq mərhələsinə qədəm qoya bilərik. Politologiyada belə tarixi proseslərin mənbəyi həddindən çox önəmlidir. Hər halda, sadə insanlar bu böyük prosesin fərqində olmasa da dövlət siyasəti ilə əlaqəli olan hər bir milli subyekt 20 Yanvar faciəsini dövlətçiliyin əsasının qoyulduğu tarixi-siyasi proses çevrəsində qiymətləndrməkdədir.

 Nəhayət, 20 Yanvar fenomeni qəhrəmanlıq tarixinin bir səhifəsi kimi sistemli şəkildə öyrənilməli və gələcək nəsillər üçün istiqamətlər müəyyən edilməlidir. Bizim imkanlarımızın böyüklüyü bu imkanların mərkəzləşdirilməsi və koordinasiyası zamanı mümkün olacaqdır. Bu prosesi düzgün dərk etməyin yeganə yolu millətin tarixini dərindən öyrənməklə mümkün ola bilər. Üfüqdə aydın gələcəyi görmək üçün 20 Yanvar hadisəsinə faciəvi qəhrəmanlıq  nöqtəsi kimi baxmalıyıq.

Bu tarixi fonda işğal altında olan torpaqları azad etmək dövlətin qarşısında duran əsas vəzifədir. Çünki taleyüklü məsələləri həll etmədən, ölkənin iqtisadi-siyasi və inzibati sistemində davamlı  islahatlar həyata keçirmədən,  hüquq sistemini milli maraqlar və demokratiya konteksində qurmadan milli ideologiyanı coğrafi areala yaymaq mümkün olmaz. Hazırda bu istiqamətdə aparılan dövlət siyasəti milli maraqlarımızı ifadə edir.

 Zamin AXUNDOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında