Rusiyanın “Komsomolskaya pravda” nəşri: “Azərbaycan xalqına, humanizmə və insanlığa qarşı törədilmiş dəhşətli cinayət”

 

Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımov 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar “Komsomolskaya pravda” qəzetinin müxbiri Aleksandr Sergeyevə müsahibə vermişdir. Müsahibə məşhur nəşrin 17 yanvar tarixli nömrəsində “Azərbaycan xalqına, humanizmə və insanlığa qarşı törədilmiş dəhşətli cinayət” başlığı altında dərc edilmişdir.

AzərTAc həmin materialı təqdim edir.

Bakıya Sovet qoşunlarının yeridilməsi nəticəsində dinc əhali kütləvi şəkildə qırıldı – sovet vətəndaşları elə sovet əsgərlərinin atdığı güllələrin, onların süngü zərbələrinin qurbanı oldu. O vaxtdan, bütün dünya azərbaycanlıları bu faciənin qurbanlarının xatirəsini hər il ehtiramla yad edir və belə halların bir daha təkrarlanmasına yol verməyəcəklərinə and içirlər.

İyirmi üç il bundan əvvəl Bakıya Sovet qoşunlarının yeridilməsi keçmiş Sovet İttifaqı ərazisində istər o günə qədər, istərsə də ondan sonra  görünməmiş faciə ilə nəticələndi.

Hər şey ondan başlandı ki, Bakı sakinləri SSRİ-nin ali rəhbərliyinin və Mixail Qorbaçovun siyasətinə arxalanan erməni millətçilərinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə birləşdirilməsi tələbinə etiraz əlaməti olaraq bu siyasətə qarşı mitinqlərə çıxdılar. Amma bu etiraza cavab tamamilə qeyri-adekvat oldu – sovet qoşunları Bakıda hərbi əməliyyata başladı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu Azərbaycanda Kommunist Partiyasının hakimiyyətini xilas etmək üçün Bakıya hücum etdi.

Bakıya qoşun yeridilməsi görünməmiş qəddarlıqla müşayiət olunurdu – əsgərlər hərəkət edən hər bir hədəfə, sadəcə qaranlıq döngələrə və evlərin pəncərələrinə güllə atırdılar. Tanklar minik maşınlarını içərisindəki sərnişinlərlə birlikdə tapdalayıb keçirdi. O hadisələrin şahidlərinin sözlərinə görə, əməliyyatda iştirak edənlər çağırışçı əsgərlər deyil, muzdlu qatillərə oxşayan yekəpər kişilər idi. O hadisələrin kino xronikasında əynində hərbi forma olan bircə nəfər də cavan oğlan yoxdur.

Bir gecə ərzində 147 nəfər öldürülmüş, 700-dən çox adam yaralanmışdı. Zərərçəkənlər arasında uşaqlar və qocalar da vardı. Hətta “təcili yardım” maşınlarına da atəş açırdılar. Bu, miqyasına görə, Vilnüsdə, Tbilisidə, Alma-Atada, yaxud başqa müttəfiq respublikaların paytaxtlarında törədilmiş hadisələrlə müqayisəedilməz dərəcədə dəhşətli faciə idi.

Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov tankın altında əzilmiş “Jiquli”nin fotoşəklini göstərərək deyir:

- Bu hadisəni öz gözlərimlə görmüşəm, həmin maşında Elmlər Akademiyasında çalışan üç professor işə gedirdi, onlardan biri qadın idi. İndiyə qədər hər dəfə bu fotoşəklə baxanda dəhşətə gəlirəm.

Dövlət Təhlükəsizliyi Komitəsinin xüsusi təyinatlı dəstəsinin təxribatçıları əməliyyat ərəfəsində Bakı televiziya studiyasında partlayış törədərək yayımı kəsmişdilər.

Bakıya qoşun yeridilən günün sabahı Azərbaycan KP MK-nın binasının üzərində belə yazılar görünürdü: “Rədd olsun sovet imperiyası!”, “Rədd olsun Sov. İKP!”, “Sovet ordusu - faşist ordusudur”. Daxili İşlər Nazirliyinin binası üstündə isə “Sov.İKP-yə eşq olsun!” şüarı cırılmışdı. Yanvarın 21-də axşam Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası açıldı. Sessiya Bakıda qoşun yeridilməsini qanunsuz elan etdi və şəhərdə fövqəladə vəziyyət haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanının qüvvəsini dayandıraraq bəyan etdi ki, əgər mərkəzi hakimiyyət bu qərara əhəmiyyət verməsə, Azərbaycanın SSRİ-nin tərkibindən çıxması haqqında məsələ qoyulacaqdır.

Keçmiş SSRİ-nin rəhbərliyi o gecə dinc əhalinin üstünə qoşun göndərməklə, BMT-nin Nizamnaməsini və beynəlxalq hüquq normalarını pozmuşdu. Respublikanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərləri isə öz xalqının yanında olmaq üçün özlərində cəsarət tapmayıb, sovet rəhbərliyinə qulluq göstərməkdə davam edirdilər.

O zaman Moskvada yaşayan ümummilli lider Heydər Əliyev faciənin ertəsi günü həyatını və azadlığını riskə məruz qoyaraq, ailəsi ilə birlikdə Azərbaycanın daimi nümayəndəliyinə gəlmiş, Qorbaçovu və bu qanlı qırğını törədənləri ittiham edən kəskin bəyanatla çıxış etmişdi. O, öz xalqına sədaqət, cəsarət və mərdlik nümayiş etdirmiş, bu xalqa divan tutulmasını bütün dünyaya bəyan etmişdi.

Sonralar Heydər Əliyev həlak olmuş həmyerlilərinin ailə üzvləri ilə görüşdə demişdi:

- O qanlı gündə xalqımız öz dəyərli vətəndaşlarını itirsə də, öz şərəf və ləyaqətini qoruyub saxlaya bildi. Xalqımız sübut etdi ki, onun iradəsini qırmaq olmaz. Azadlıq uğrunda, müstəqillik uğrunda mübarizə davam etdirildi və indi Azərbaycan Respublikası artıq müstəqil dövlətdir, azadlığa və suverenliyə nail olmuşdur.

O hadisələr haqqında xatirələr bu gün də yaşayır.

Xalq o dəhşətli gecəni unutmur, baş vermiş faciənin ağrısı ilə yaşayır, bu mənfur əməli törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının nurlu xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını (faciə qurbanlarının dəfn edildiyi qəbiristan - red.) ziyarət edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında