Milli Təhlükəsizlik Nazirliyində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anma tədbirləri keçirilmişdir

 

20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı Milli Təhlükəsizlik Nazirliyində (MTN) anma tədbirləri keçirilmişdir.

General-leytenant Eldar Mahmudov başda olmaqla MTN-in əməkdaşları Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər. Vətənimizin azadlığı uğrunda canlarından keçmiş təhlükəsizlik orqanlarının şəhid olan əməkdaşlarının xatirəsi də ehtiramla yad olunmuşdur.

Sonra Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulmuşdur.

Anma mərasimi MTN-in Heydər Əliyev adına Akademiyasında davam etmişdir. Əvvəlcə tədbir iştirakçıları akademiyanın akt zalının foyesində 1990-cı ilin 20 Yanvar hadisələrini əks etdirən fotosərgi ilə tanış olmuşlar.

Mərasim açıq elan edildikdən sonra ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət himni səsləndirilmişdir.

Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışmışdır. Bildirilmişdir ki, 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Bu faciəni törətməklə totalitar sovet rejimi özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanlarımızın vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etdi. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan qısa müddət ərzində müstəqil, sürətlə inkişaf edən dövlət kimi dünya birliyində özünün layiqli yerini tutmağa nail oldu.

İ.Allahverdiyev baş vermiş qanlı olaylardan dərhal sonra Vətənini və xalqını sonsuz məhəbbətlə sevən ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətini xüsusi qeyd etmişdir. Ümummilli lider Heydər Əliyev heç bir təhlükə və hədədən çəkinməyərək bu faciəni törədənlərin adlarını açıq şəkildə çəkərək, onların cəzalandırılmasını tələb etmişdir. Natiq məhz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini, şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə hər cür yardım və kömək üçün imzaladığı sərəncamların Azərbaycanın azadlığı uğrunda canlarını qurban vermiş insanların xatirəsinə böyük ehtiram olduğunu bildirmişdir.

İ.Allahverdiyev demişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan böyük uğurlara imza atmışdır. Dövlət başçısı müdrik və çoxşaxəli fəaliyyətində tarixilik və müasirlik amilini əsas tutaraq milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Müstəqilliyimizin əldə olunmasında, qorunub saxlanılması və möhkəmləndirilməsində rolu olan insanlara qayğı ilə yanaşır. Gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir. Ordumuz gücləndikcə torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün yaxınlaşır. Bu gün Azərbaycan gənclərinin qarşısında duran vəzifələr bəllidir. Şəhidlərin müqəddəs qanının yerdə qalmaması üçün hər bir azərbaycanlı gənc öz üzərində daim çalışmalı, Vətənə layiqli övlad olmaq üçün bütün qüvvə və bacarığını əsirgəməməlidir. Yalnız bu halda əziz şəhidlərimizin ölməz ruhları qarşısındakı mənəvi borcunuzu yerinə yetirmiş olarsınız.

Tədbirdə çıxış edən dinləyicilər və kursantlar da 20 Yanvar faciəsi ilə bağlı öz fikirlərini bölüşmüş, Azərbaycanın müstəqilliyi, dövlətimizin daha da qüdrətli olması naminə bilik və bacarıqlarını əsirgəməyəcəklərini, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini dərhal və qüsursuz yerinə yetirməyə hazır olduqlarını bildirmişlər.

Mərasimin sonunda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında