20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsidir

 

1990-cı ilin qanlı 20 Yanvar hadisələrindən 23 il keçir. İyirmi üç  il əvvəl sovet imperiyasının Azərbaycan xalqına, eyni zamanda bəşəriyyətə qarşı törətdiyi misli görünməmiş vəhşilik bu gün də unudulmayıb.Vətənin azadlığı və  müstəqilliyi naminə öz haqq səsini qaldırmış dinc, əliyalın insanların gülləbaran olunması və  hərbi zirehli maşınların altında xıncım-xıncım edilməsi 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər çoxsaylı beynəlxalq aktların müddəalarının kobud şəkildə pozulması demək idi.

1990-cı il yanvarın 20-də sovet rejimi Azərbaycan xalqına qarşı əvvəlcədən düşünülmüş və planlaşdırılmış dəhşətli qırğın aktı həyata keçirdi. Dinc əhaliyə qarşı tarixdə misli görünməmiş cinayət törədildi. Dövlət öz vətəndaşlarına - əliyalın mülki əhaliyə, o cümlədən uşaqlara, qadınlara, qocalara silah qaldırdı. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın zorla qoparılıb alınmasına dinc yolla etiraz edən əhaliyə imperiya ordusu tərəfindən qəddarcasına divan tutuldu. Bakıda və respublikanın digər rayonlarında qan su yerinə axdı.

1988-ci ildən başlayan hadisələr sovet rejiminin süqutundan  xəbər verirdi. Hadisələrin getdikcə daha da gərginləşməsindən qorxuya düşmüş SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçov çürüməkdə olan sovet imperiyasını qoruyub saxlamaq üçün ən çirkin vasitələrə əl atırdı.  Hətta bu yolda sovet ordusunun gücündən də yararlanmaqdan çəkinmirdi.  Dinc əhaliyə qanlı divan tutulması ilk dəfə 1989-cu ildə Tbilisidə baş verdi. Ölkədə baş verən hadisələrə etiraz edən əhali gülləbaran edildi. Əslində M.Qorbaçov bu qəddarlığı ilə digər xalqlara “ibrət dərsi” vermək istəyirdi.  Bir il sonra isə–1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə M. Qorbaçovun rəhbərliyi ilə  sovet ordusu  erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı dəhşətli terror aktı  həyata keçirdi. Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkib hissəsinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyə alınan erməni əsgər  və zabitləri, Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən  ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Rus imperiyasının  və çarizmin milli münaqişələr  və  qırğınlar törətmək sahəsindəki “zəngin” tarixi təcrübəsi  də 1990-cı ilin 20 yanvarında  Azərbaycan xalqına  qarşı törədilən  qırğın zamanı bütünlüklə nəzərə alınmışdı.  Keçmiş SSRİ rəhbəri Azərbaycandakı azadlıq aşiqlərini bu yolla susdurmağa  cəhd etdi.  

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələri tərəfindən qanlı divan tutulması tarixdə analoqu olmayan hadisədir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet hərbi hissələrinin Azərbaycana təcavüzü, dinc, əliyalın insanların kütləvi surətdə, faciəli şəkildə qətlə yetirilmələri artıq təkcə məhvə doğru gedən sovet rejiminin dağılmasının əlaməti deyildi. Bu, həm də azərbaycanlıları öz əzəli və tarixi dədə-baba torpaqlarından sıxışdırıb çıxarmaq barədə qabaqcadan hazırlanmış məqsədyönlü siyasətin tərkib hissəsi idi. Bu qanlı faciə SSRİ rəhbərliyinin beynəlmiləlçilik adı ilə bütün vasitələrlə ört-basdır etməyə cəhd göstərdiyi siyasətin həyata keçirilməsini bir daha təsdiqlədi. Xalq soydaşlarımızın öz isti ocaqlarından, əzəli və tarixi torpaqlarından, yurd-yuvalarından kütləvi surətdə, qəddarlıqla çıxarılmasına, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə ciddi etirazını bildirir, buna yol verməməyi tələb edirdi.

Həmin dövrdə Azərbaycan Ermənistanın təcavüzünə məruz qalmışdı. Təbii ki, SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun millətlər arasında ayrı-seçkilik salması və Ermənistana açıq-aşkar himayədarlıq etməsi respublikamızda  dözülməz vəziyyət yaratmışdı. Belə bir şəraitdə sovet ittifaqının rəhbərliyi ədalətli, qanuni qərar qəbul etmək əvəzinə, ordunun gücündən istifadə etdi. Qəddarlıq və xüsusi amansızlıqla insanlara divan tutan sovet ordusunun Bakıya və regionlara girməsi və fövqəladə vəziyyətin elan edilməsi Azərbaycanın o vaxtkı rəhbərliyinin razılığı, istəyi və SSRİ Ali Sovetinin 19 yanvar 1990-cı il tarixli qərarı, eləcə də M.Qorbaçovun razılığı ilə olmuşdur. 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Xalqın istiqlaliyyət və azadlıq arzusunu gözündə qoymaq üçün Bakıya təxminən 35 minlik ordu yeridilmişdi. Bu   qanlı əməliyyatın yerinə yetirilməsində SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi əməliyyatda xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları əsas rol oynamışlar. Sonradan isə öz qanlı əməllərini ört - basdır etmək üçün   demişdilər ki, guya Bakıya yeridilən sovet ordusu şəhərdəki hərbi qulluqçuların ailələrini qoruyacaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını alacaqmış. Təbii ki, bu, ittifaq rəhbərliyinin öz qanlı əməllərini həyata keçirmək, azadlıq, müstəqillik istəyi ilə etiraz səsini qaldırmış bir xalqın səsini boğmaq üçün uydurulduğu bəhanə idi. 

“Millətçi ekstremistlər”in hakimiyyətin zorakılıqla ələ keçirilməsindən söhbət düşmüşkən burada bir məqamı qeyd etmək mütləq vacibdir. Adlarını xalq hərəkatının liderləri qoyan bəzi vəzifə hərisləri həmin dövrdə respublikada yaranmış qarışıqlıqdan istifadə edərək hakimiyyəti ələ keçirməyə çalışırdılar. Əslində isə “meydan qəhrəmanları” kimi tanınan  belələri 20 Yanvar faciəsinə görə bilavasitə siyasi və mənəvi məsuliyyət daşıyırlar. Silahsız insanları təpədən-dırnağadək silahlanmış sovet ordusunun üstünə göndərən üzdəniraq xalq hərəkatının liderləri faciəli nəticələr üçün məsuliyyət hiss etməli idilər. 

 Bakının imperiyanın nəzarəti altına alınması planı DİN-in, DTK-nın və sovet ordusunun hissələri ilə, müdafiə naziri Yazovun komandanlığı altında həyata keçirildi. Azərbaycanın o vaxtkı rəhbəri Əbdürrəhman Vəzirovun cəsarətsiz, qətiyyətsiz addımları, siyasi təslimçilik nümayiş etdirməsi qanlı faciənin üstünün ört-basdır edilməsinə, cinayətin baş verməsində əsas günahkarın Azərbaycan xalqında olmasını sübut etməyə istiqamətlənmişdi. O vaxt informasiya blokadasında boğulan Azərbaycan bu qanlı hadisə barəsində dünya ictimaiyyətinə ətraflı məlumat verməkdə aciz idi. SSRİ DTK-nın “ALFA” qrupunun yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji blokunu partlatması nəticəsində bu dəhşətli hadisə barəsində hətta yerli əhali, regionlarda yaşayanlar da ətraflı məlumat ala bilməmişdilər. 20 Yanvar faciəsi barəsində  beynəlxalq aləmə ilk məlumat ulu öndər Heydər Əliyev tərəfindən  verildi. 1987-ci ildə Kremldə tutduğu vəzifədən uzaqlaşdırılan, lakin bundan sonra da təqib və təzyiqlərə məruz qalan ümummilli lider Heydər Əliyev Bakıda törədilən faciənin ertəsi günü - yanvarın 21-də həyatını riskə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və dünyanın aparıcı kütləvi informasiya vasitələri təmsilçiləri qarşısında sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüzünü açıq şəkildə pisləyən bəyanat verdi və bu dəhşətli faciəyə siyasi qiymət verilməsini tələb etdi. Ümummilli lider dünyanın tanınmış kütləvi informasiya vasitələri qarşısındakı çıxışında demişdir: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, Desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, Daxili İşlər Nazirliyinin daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət daşımalıdırlar, zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır”.

Ulu öndərin etiraz səsi bütün dünyaya yayıldı və böyük rezonans doğurdu. Təəssüflər olsun ki, Azərbaycanın o vaxtkı rəhbərləri əks mövqe tutdular və ümidlərini yenə də Moskvaya bağladılar. Həm SSRİ, həm də Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçıları və iştirakçıları nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmüş, əksinə törədilmiş cinayətləri ört-basdır etmək üçün əllərindən gələni etmişdilər. 20 Yanvar faciəsinə ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də öz siyasi-hüquqi qiymətini vermişdir. Bu tarixi sənəddə qeyd olunmuşdur ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.S.Qorbaçov, Sov.İKP MK katibi A.Girenko, SSRİ müdafiə naziri D.Yazov, SSRİ daxili işlər naziri V.Bakatin, Sov.İKP MK -nın məsul işçisi A.Mixaylov, Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, Nazirlər Sovetinin sədri A.Mütəllibov, Azərbaycan KP MK-nın büro üzvləri V.Polyaniçko, M.Məmmədov, DTK-nın sədri V.Hüseynov xalqımıza qarşı törədilən bu siyasi və hərbi qəsd üçün cavabdehdirlər və birbaşa məsuliyyət daşıyırlar.

Ulu öndər Heydər Əliyev 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyalarında dəfələrlə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı məsələ qaldırmışdır. Həmin il avqust ayının 29-da böyük öndər parlamentdəki çıxışında bir daha bu məsələyə münasibət bildirmiş və qətiyyətlə demişdir: “20 Yanvar faciəsindən il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda da cürbəcür söhbətlər gedir...Mən sual verirəm Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan Prezidenti Ayaz Mütəllibova. Nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib ? Bu məsələnin həm siyasi, həm də hüquqi tərəfləri var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. 20 Yanvar hadisəsini törədənlər xalqımıza xəyanət ediblər. Ancaq ondan sonrakı işlərdə də bu hadisənin üstünü ört-basdır edənlər ikiqat xəyanət ediblər”.

Sonradan hakimiyyəti ələ keçirmiş AXC-Müsavat birliyi  dövründə də Qanlı Yanvar faciəsi öz həqiqi qiymətini ala bilmədi. Yalnız ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldikdən sonra bu dəhşətli cinayət əməlinə obyektiv qiymət verildi. Ulu öndərin təşəbbüsü və təklifi ilə 1994-cü ildə 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilir: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, bu 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir.

Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının bu barədə müvafiq qərarı olmuşdur. Lakin 1992-ci il 19 yanvar tarixli bu qərarda yanvar hadisələrinin əsil səbəbləri açıqlanmamış, həqiqi günahkarları aşkar edilməmişdir. Bununla belə həmin qərarın özü də qəbul edildiyi 2 il ərzində yerinə yetirilməmişdir”.

Məhz bu fərmanla Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur ki, 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilsin.  Bundan sonra Milli Məclis 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi sessiya keçirmiş və 1994-cü il martın 29-da qərar qəbul etmişdir. Həmin qərarın ayrı-ayrı bəndlərinə diqqət yetirdikdə bu dəhşətli faciənin təşkilatçılarının kimlər olduğu tam dəqiqliklə müəyyənləşir.

Qərarın 2-ci bəndində deyiyir: “İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunsun”.

3-cü bənd: “Xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyət eyni zamanda Azərbaycan Kommunist Partiyası rəhbərliyinin üzərinə düşür. Xalqın azadlıq hərəkatını boğmaq məqsədilə sovet qoşunlarının Azərbaycana çağırılmasına və xalqa qarşı yönəldilməsinə razılıq verən, vətəndaşların əmin-amanlığını təmin etməyən, hakim mövqelərini qorumaq naminə öz xalqının qanının axıdılmasına yol verən Əbdürrəhman Vəzirovun təcavüzün birbaşa təşkilatçısı və iştirakçısı olduğu, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun bu cinayətdə bilavasitə iştirak etdikləri, bununla da Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunsun”.

Qərarda həmçinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədovun sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi məsuliyyət daşıdıqları qeyd edilir.

Ulu öndərin daxili və xarici siyasətini ləyaqətlə davam etdirən möhtərəm  Prezidentimiz İlham Əliyev bütün sahələrdə olduğu kimim 20Yanvar faciəsinin qurbanlarının əziz xatirəsinin yad edilməsini daim diqqət mərkəzində saxlayır. Bakının ən yüksək yerində  hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanı hər bir soydaşımız üçün ən ülvi ziyarətgahdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Şəhidlər Xiyabanı  abadlaşdırılmış, faciə qurbanlarının ailələrinin sosial problemlərinin aradan qaldırılması istiqamətində daha təsirli tədbirlər görülmüşdür. Dövlətimizin başçısı bu faciəni xalqımıza qarşı qəsd adlandıraraq demişdir: “Bu qanlı faciə, deyə bilərəm ki, Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi. O vaxtadək sovet ordusu dinc əhaliyə qarşı heç vaxt bu qədər qəddarlıqla, vəhşiliklə cəlb edilməmişdi. Yüzlərlə insan həlak oldu, itkin düşdü, yaralandı. Bu cinayəti törədənlər Sovet İttifaqının o vaxtkı rəhbərliyi və Azərbaycanın o vaxtkı yerli rəhbərliyi idi... Həyat göstərir ki, bu faciəni heç kim unutmur, Azərbaycan xalqı unutmur. Baxmayaraq ki, bu illər ərzində yeni nəsil yetişir, uşaqlar, yeniyetmələr, hansılar ki, o günləri görməyiblər, yəni o vaxt yaşamayıblar. Amma onlar da bu ağır günlərdə bizim kimi, sizin kimi, öz doğmalarını itirən adamlar kimi eyni hissləri keçirirlər. Onlar da daim tariximizin bu həm faciəvi, həm qəhrəmanlıq səhifəsini qəlblərində yaşatmalıdırlar”.

20 Yanvar faciəsi bir daha təsdiqlədi ki, Azərbaycanın mərd oğul və qızları torpağımızın hər bir qarışının azadlığı uğrunda canlarını qurban verməyə hazırdırlar. Bu faciə Azərbaycanın dövlət müstəqilliyinin qazanılması yolunda dönüş məqamı oldu. Mərd oğul və qızlarımızın qəhrəmanlığı və qanı bahasına qazanılmış müstəqillik dönməz və əbədidir.

Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında